Məhkəmə qərarları › İş №2-1(104)-382/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-382/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-382/2025 17.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3588/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyinin tabeliyində X5 Xidməti Daşkəsən Su X1 İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmrin ləğvi, işə bərpa edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanıb ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2024-cü ilin oktyabr ayının 15-dən Daşkəsən Su X1 İdarəsinin (əvvəliki adı Daşkəsən birləşmiş su kanal idarəsi) 1-ci nasosxanasının maşinisti vəzifəsində işləmişdir. İdarənin rəisi Kənan Qənbərli ona və atasına bildirmişdir ki, onlar Daşkəsən rayonunda çilingər kimi işləməlidir, onlar Kənan Qənbərliyə bildirmişdir ki, onların gedib gəlməyi mümkün deyil, çünki heç birinin avtomobili yoxdur, həmçinin işə vaxtında gəlib getməyi üçün kənddən rayona marşurut və ya taksi yoxdur. Bundan sonra Kənan onlara bildirmişdir ki, onda gəlin ərizənizi yazın işdən çıxın. Kənan əlavə olaraq qeyd etdi ki, onlara rayonda ehtiyac var çünki çilingəri çatmır, onlar isə Kənana dedi ki, əgər çilingərə ehtiyac var idisə niyə beş nəfər çilingəri işdən çıxardınız, lakin Kənan buna heç bir cavab vermədi. Bundan sonra Kənan onları işə buraxmadı. Kənan Qənbərli onu işə götürən zaman özü şəxsən bildirmişdir ki, o, həmin nasosxanada işləyəcək, onu başqa yerə verməyəcək, əlavə olaraq qeyd edir ki, heç bir əmək şəraiti dəyişmədiyi halda Kənan Qənbərli öz şəxsi maraqları üçün onun iş yerini dəyişmək qərarına gəlmişdir. X2 yazıları buna nümunədir. Onun işdən çıxarılmağı ilə bağlı izahatı alınmamış, ona heç bir məlumat verilməmiş, ona əmrinin sürəti və əmək kitabaçası verilməmiş, özü xx.xx.2025-ci il tarixdə şəxsən idarəyə yaxınlaşıb əmrinin surətini və əmək kitabçasını çətinliklədə olsa almışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3588/2025 saylı qərardadı ilə (hakim E.Axundov) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3588/2025 saylı qərardadının ləğv edilməsi və iddianın mümkün sayılaraq icraata qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 2024-cü ilin oktyabr ayının 15dən Daşkəsən Su X1 İdarəsinin (əvvəliki adı Daşkəsən birləşmiş su kanal idarəsi) 1-ci nasosxanasının maşinisti vəzifəsində işləmişdir. İdarənin rəisi Kənan Qənbərli ona və atasına bildirmişdir ki, onlar Daşkəsən rayonunda çilingər kimi işləməlidir, onlar Kənan Qənbərliyə bildirmişdir ki, onların gedib gəlməyi mümkün deyil, çünki heç birinin avtomobili yoxdur, həmçinin işə vaxtında gəlib getməyi üçün kənddən rayona marşurut və ya taksi yoxdur. Bundan sonra Kənan onlara bildirmişdir ki, onda gəlin ərizənizi yazın işdən çıxın. Kənan əlavə olaraq qeyd etdi ki, onlara rayonda ehtiyac var çünki çilingəri çatmır, onlar isə Kənana dedilər ki, əgər çilingərə ehtiyac var idisə niyə beş nəfər çilingəri işdən çıxardınız, lakin Kənan buna heç bir cavab vermədi. Bundan sonra Kənan onları işə buraxmadı. Kənan Qənbərli onu işə götürən zaman özü şəxsən bildirmişdir ki, o, həmin nasosxanada işləyəcək, onu başqa yerə verməyəcək, əlavə olaraq qeyd edir ki, heç bir əmək şəraiti dəyişmədiyi halda Kənan Qənbərli öz şəxsi maraqları üçün onun iş yerini dəyişmək qərarına gəlmişdir. X2 yazıları buna nümunədir. Onun işdən çıxarılmağı ilə bağlı izahatı alınmamış, ona heç bir məlumat verilməmiş, ona əmrinin sürəti və əmək kitabaçası verilməmiş, özü xx.xx.2025-ci il tarixdə şəxsən idarəyə yaxınlaşıb əmrinin surətini və əmək kitabçasını çətinliklədə olsa almışdır. Bununla bağlı iddiaçı və atası X7 İnzibati Məhkəməsinə müraciət etmiş, atası Kamandar Əhmədovun müraciəti qeydə alınaraq xx.xx.2025-ci il saat 12:10-da məhkəmə hazırlıq iclası təyin edilsə də, onun müraciəti ilə bağlı Gəncə İnzibati Məhkəməsi qərardad qəbul edərək iddianı mümkün saymamışdır. Buradan açıq aydın görünür ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 79-1-ci bəndi ilə ziddiyyət yaranmışdır. Məhkəmə qərardadında qeyd edir ki, MPM-in 25.1-ci maddəsinə əsasən onun iddiasına ümumi məhkəmədə baxılmalıdır. Həmçinin məhkəmə qərardadında qeyd edir ki, o, dövlət qulluqçusu olmadığına görə iddiası özəl hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 17 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında yerüstü yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların (Xəzər dənizinin- (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları, onların saxlanılmasını və qorunmasını təmin edən əsas və köməkçi avadanlıq istisna olmaqla), su təchizatı sistemlərinin monitorinqinin aparılması sahələrində (bundan sonra müvafiq sahə) vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan idarənin tərəflərinin mübahisəsi özəl hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınması düzgün deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib iddiasının mümkün sayılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, Daşkəsən Su X1 İdarəsində nasos qurğularının maşinisti vəzifəsində işləmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyinin tabeliyində X5 Xidməti Daşkəsən Su X1 İdarəsinin xx.xx.2025-ci il tarixli, 112/k nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 05 mart 2025-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında da məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyinin tabeliyində X5 Xidməti Daşkəsən Su X1 İdarəsində əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Onun tutduğu vəzifə dövlət qulluğu vəzifəsi deyildir. Belə olan halda isə iddiaçı tərəfindən əmrin ləğvi, işə bərpa edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanıb ödənilməsinə dair tələbinə inzibati məhkəmə icraatı qadasında baxıla bilməz. Həmçinin iddiaçıya bir daha izah edilir ki, cavabdehə qarşı hazırkı iddia tələbi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müstəqil iddia ərizəsi ilə müraciət edə bilər. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3588/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar