Məhkəmə qərarları › İş №2-1(104)-383/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-383/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-383/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, “birdəfəlik pul müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-192/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin üzərinə birdəfəlik müavinətin təkrar təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Tovuz Rayon Məhkəməsinin hökmü ilə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə həbs olunmuşdur. Cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 16 saylı Cəzaçəkmə müəsissəsində çəkmiş, xx.xx.2022-ci il tarixdə cəzasını həmin müəsisədə bitirmişdir. Halhazırda dövlətin təyin etdiyi məhkumluq pulunu əldə edə bilmir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, ona birdəfəlik müavinətin təkrar təyin edilərək ödənilməsindən imtina olunması qanunsuz və əsassızdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Tovuz rayon üzrə 20 saylı regional ərazi filialının 3- cü şəxs siyahısından çıxarılmasını və cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəza çəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəza növünü çəkmişdir. Cəza çəkməkdən azad edilməsi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə birdəfəlik müavinət təyin olunaraq ödənilmişdir. İddiaçının azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunması ilə əlaqədar birdəfəlik müavinətin təkrar təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-192/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi sayla məhdudlaşmamışdır. Sözügedən birdəfəlik pul müavinətinin verilmə məqsədi cəza çəkməkdən azad olunmuş şəxsin və ya şəxslərin sosial adaptasiyasına nail olunmaqdır. Qanunun 1.0.2-ci maddəsində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər-qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər olduğu qeyd edilmişdir. Azadlıqdan məhrumetmə ilə bağlı cəza çəkən şəxslər isə birmənalı olaraq cəmiyyətdən təcrid olunurlar. Yəni həmin şəxslərin hər cəza çəkdikdən sonra sosial adaptasiya olunmalarına ehtiyac olur. Odur ki, inzibati orqanın hazırki imtinası həm qanunvericilik, həm də hüququn müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edir. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası ilə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, işə əlavə edilmiş ərizədən görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən 10 aprel 2023-cü il tarixli, 3-17-1/1-91679/2023 nömrəli qərarı ilə iddiaçıya 1200 manat məbləğində birdəfəlik müavinət təyin edilməsi qərara alınmışdır. Göründüyü kimi məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının tələbinin təmin edilməsi ilə bağlı yeni inzibati akt qəbul edilmişdir. Nəticədə iddiaçı tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan, bu məsələ ilə bağlı mübahisə aradan qalxdığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1, 67.3-cü maddələrinə əsasən, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı birdəfəlik pul müavinətin ödənilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar