Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-383/2025 17.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona F07.0 diaqnozu ilə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1517/2025 saylı qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 28 yanvar 2023-cü il tarixli 642 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı “Fəlakət (müharibə) keçirdikdən sonra mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv əlamətlərlə və intihar cəhdləri ilə. Odlu silah yaralanması (xx.xx.2020), sol oturaq sinirin posttravmatik neyropatiyasının sensor-motor pozulmalarla olan nəticəsi, ətraf funksiyasının mülayim dərəcədə pozulması ilə. Sol bud nahiyəsinin yuxarı 1/3-nin dəlib-keçən güllə yaralanmasına (xx.xx.2020), sol oturaq sümüyünün açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı sol qasıq və sağrı nahiyəsinin kobud dartıcı çapıq toxuması, bud-çanaq əzələ mənşəli və neyrogen kontrakturası, sol aşağı ətraf əzələlərinin atrofiyası, ağrı sindromu, yerişin pozulması ilə” diaqnozu “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 3828 nömrəli Həkim Psixiatr Komissiyasının Rəyinə əsasən, İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar cəhdləri, cəngolma tutmaları, kognitiv funksiyaların enməsi ilə F07.0 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Həkim müayinəsinin nəticəsi: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Xarici görünüşü səliqəlidir. Zahirən gərgin narahatdır. Huşu aydındır. Bələdliyi bütün növlər üzrə saxlanılıb. Ünsiyyətə həvəsiz narazı daxil olur. Verilən suallara əsəbi qısa cavablar verir. Əhval-ruhiyyəsi dəyişkəndir. Emosional davamsızdır. Davranışı qeyri-adekvatdır. İntellekti aldığı təhsilə uyğundur. Maraq dairəsi məhduddur. Yaddaşı pozulub. Qavrama pozuntuları və sayıqlama fikirləri qeyd edilmir. Zehni inkişaf səviyyəsi yaşına və keçirdiyi həyat tərzinə uyğundur.yuxusu pozulub, yaddaşı zəifdir. Mütəmadi müalicə qəbul edir. (müayinə tarixi xx.xx.2024) TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyaları, intihar cəhdləri, cəng olma tutmaları. Koqnitiv funksiyaların enməsi ilə. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Kəllədaxili travmaların nəticələri. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Tez-tez baş verən dekompensasiyalar, intihar cəhdləri, cəngolma tutmaları, kognitiv funksiyaların enməsi ilə. Şəxsiyyət və davranış pozuntuları. Gərginlik baş ağrısı ilə təzahür edən posttravmatik ensefolatiya. Onurğanın bel-oma şöbəsinin və çanaq sümüklərinin sınığı. Sol oturaq sinirinin posttravmatik neyropatiyası. L2-L3-L4-L5 Fəqərə arası disklərin pozulması. Sol gözün pteriqiumu, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2024cü il tarixdə “İddiaçı üçün verilmiş 29.07.24-cü il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 140 nömrəli Həkim Psixiatr Komissiyasının Rəyinə əsasən, İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, özünə xəsarət yetirmələrlə F07.0 Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, barəsində əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspert müayinəsinə təqdim edilmiş P00209121QAİ göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq (31-81 faiz arası) ona əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Vətən müharibəsində iştirak etmişdir. xx.xx.2020-ci ilə tarixdə Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatında yaralanmışdır. “Sol qasıq və sağrı nahiyəsinin dəlib-keçən qəlpə yarası, sol sağrının geniş toxuma defektli yarası. Sol oturaq sümüyünün kənari sınığı diaqnozu ilə ağır yaralandıqdan sonra Müdafiə Nazirliyinin hərbi hospitalında müalicə almışdır. Daha sonra isə o, Hərbi Həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. İddiaçı ona əlillik dərəcəsinin təyin edilməsi üçün dörd dəfə müraciət etmiş, lakin cavabdeh əlillik dərəcəsinin verilməsindən imtina etmişdir. O, əlillik dərəcəsinin təyin edilməsi və qanunsuz qərarların ləğv edilməsi üçün dəfələrlə qəbullarda olmuşdur. “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Mütəmadi olaraq “Respublika Psixiatriya xəstəxanasında” stasionar müalicələr alır. İddiaçı bir neçə dəfə intihara cəhd etdiyinə görə barəsində rayon polis şöbəsi və rayon prokurorluğunda toplanmış materiallar mövcuddur. Möhürlü reseptlər əsasında aldığı güclü ağrıkəsici psixi və qıcolma əleyhinə olan dərmanlardan istifadə edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 642 qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə aldığı “Fəlakət (müharibə) keçirdikdən sonra mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv əlamətlərlə və intihar cəhdləri ilə. Odlu silah yaralaması (xx.xx.2024) sol oturaq sinirin posttravmatik neyropatiyasının sensor-motor pozulmalarla olan nəticəsi, ətraf funksiyanın mülayim dərəcədə pozulması ilə. Sol bud nahiyəsinin yuxarı 1/3-ni dəlib keçən güllə yaralanmasına sol oturaq sümüyünün açıq sınığına görə aparılmış yaraların birinci-cərrahi işlənməsindən sonrakı sol qasıq və sağrı nahiyəsinin kobud dartıcı çapıq toxuması, bud-çanaq əzələ mənşəli və neyrogen kontrakturası, sol aşağı ətraf əzələlərinin atrofiyası ağrı sindromu yerişin pozulması ilə” səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” “Neyrosirkulyator asteniya hipertenziv tip. Sol gözün pteriqiumu, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün pozulması ilə. Hipertrofik rinit. 16,26,27,36-cı dişlərin ikincili adentiyası səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1517/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona F07.0 diaqnozu ilə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1989-cu il təvəllüdlü X3 (FİN:6FPG20C) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, M.Rzayevə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 761 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Kəskin (ağır) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, psixotik daxilolmalarla müşahidə olunan depressiv epizodlar. Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, postkommosion sindrom, vegetativ damar davamsızlığı, kəkələmə və davranış pozuntuları ilə təzahür edən nəticəsi. Partlayış travması (xx.xx.2022) nəticəsində sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşidir” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün hipermetropiyası, M 0,75D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10008574 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 2492/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, kəkələmə ilə, anamnezində qıcolma tutmaları ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4783 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, anamnezində qıcolma tutmaları, nitq qüsuru ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 7478/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, anamnezində qıcolma tutmaları, nitq qüsuru ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024- xx.xx.2024-cü il tarixli, 13748520 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 715 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, tez-tez baş verən qıcolma tutmaları, nitq qüsuru ilə. Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolmadan şikayətlənmiş, lakin heç bir xarakterik məlumat verə bilməmişdir. Dərmanlarının adlarını bilməmişdir. Zahirən geyimi köhnə və səliqəsiz, saçı dağınıq olmuşdur. Otağa nümayişkarcasına əsə-əsə, asta addımlarla daxil olmuş, simulyativ olaraq özünü əsdirmiş və başı silkələnirmiş kimi hərəkət etmiş, sanki eşitmirmiş kimi ətrafı izləmiş, kəkələmə və yeriş simulyasiyası etmişdir. İnstrumental müayinələrində (KT) patologiya qeyd edilməmişdir. Sol saiddə bir ədəd köhnə səthi kəsik izi olmuşdur. Müayinədə huşu aydın olmamış, hazırda 2022-ci il olduğunu söyləmiş, verilən suallara “sənədlərdə yazılmışdır” deyə cavablar vermişdir. Sudan qorxduğunu və bu səbəblə həyat yoldaşının ona qulluq etdiyini (hətta şəxsi gigiyenasına) söyləmişdir. Müayinə zamanı vətəndaşın boyu 180 sm, çəkisi isə 80 kq olmuşdur. Ailəli, 2 qız və 1 oğlan olmaqla üç övladı, övladlarından birinin 3 yaşında olduğunu, digərlərinin isə yaşını bilmədiyini söyləmişdir. 12 il Hərbi xidməti olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli (barotravma) yüngül ifadəli şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar. Simulyativ davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçının forma-88 göndərişləri natamam doldurulma səbəbindən geri qaytarılmışdır. Çünki xəstənin müalicə müddəti yetərli deyildir. Bu səbəbdən yeni forma-88 vurulmasını və stasionar, ambulator yatışlarını davam etdirməyi məqsədə müvafiqdir. Eyni zamanda xəstənin əlilliyinin olub-olmamasının dəqiqləşdirilməsi məqsədiylə DTSERA-da əyani müayinədə iştirak etməyi zəruridir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1517/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməsi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Xaliq Dərgah oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 3828 nömrəli və xx.xx.2024-cü il tarixli, 140 nömrəli Həkim Psixiatr Komissiyasının Rəylərinə əsasən, İddiaçı müvafiq olaraq, Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar cəhdləri, cəngolma tutmaları, kognitiv funksiyaların enməsi ilə F07.0 və baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, teztez baş verən dekompensasiyalar, özünə xəsarət yetirmələrlə F07.0 diaqnozu qoyulmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 28 yanvar 2023-cü il tarixli 642 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı “Fəlakət (müharibə) keçirdikdən sonra mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv əlamətlərlə və intihar cəhdləri ilə və digər” diaqnoz qoyulmuşdur. Ağdam RƏD tərəfindən verilən xx.xx.2024-cü il tarixli göndəriş üzrə iddiaçıya F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyaları, intihar cəhdləri, cəng olma tutmaları. Koqnitiv funksiyaların enməsi ilə əsas diaqnoz qoyulmuşdur.Qeyd olunan Forma 88 haqqında məlumatdan müəyyən olunur ki, iddiaçı 2023-2024-cü illər ərzində üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyindən ambulator və stasionar müalicələr almışdır. Həkim müayinəsinin nəticəsi olaraq müəyyən edilmişdir ki, F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Xarici görünüşü səliqəlidir. Zahirən gərgin narahatdır. Huşu aydındır. Bələdliyi bütün növlər üzrə saxlanılıb. Ünsiyyətə həvəsiz narazı daxil olur. Verilən suallara əsəbi qısa cavablar verir. Əhvalruhiyyəsi dəyişkəndir. Emosional davamsızdır. Davranışı qeyri-adekvatdır. İntellekti aldığı təhsilə uyğundur. Maraq dairəsi məhduddur. Yaddaşı pozulub. Qavrama pozuntuları və sayıqlama fikirləri qeyd edilmir. Zehni inkişaf səviyyəsi yaşına və keçirdiyi həyat tərzinə uyğundur.yuxusu pozulub, yaddaşı zəifdir. Mütəmadi müalicə qəbul edir. Məhkəmə hesab edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyindən- F07.0 meyar üzrə 2023-2024-cü il ərzində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və stasionar müalicə almasına baxmayaraq, onun orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki və psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, ona qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən olunmuşdur. Həmçinin iddiaçının xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1517/2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 12 nömrəli qərarının 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ödənilmədiyi halda məhkəmə iddianı təmin etmişdir. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Gəncə İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasan işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:
7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0 Qiymətləndirmə: 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iddiaçının tələbi cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona F07.0 diaqnozu ilə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Ağdam RƏD-nin xx.xx.2024-cü il tarixli göndərişi əsasında iddiaçının əlilliyi qiymətləndirilmiş və xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Kəllədaxili travmaların nəticələri. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Tez-tez baş verən dekompensasiyalar, intihar cəhdləri, cəngolma tutmaları, kognitiv funksiyaların enməsi ilə. Şəxsiyyət və davranış pozuntuları. Gərginlik baş ağrısı ilə təzahür edən posttravmatik ensefolatiya. Onurğanın bel-oma şöbəsinin və çanaq sümüklərinin sınığı. Sol oturaq sinirinin posttravmatik neyropatiyası. L2-L3-L4-L5 Fəqərə arası disklərin pozulması. Sol gözün pteriqiumu, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçıya TSEK-ə göndəriş zamanı qoyulan diaqnoz: Əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyaları, intihar cəhdləri, cəng olma tutmaları. Koqnitiv funksiyaların enməsi ilə.” kimi müəyyən edilmişdir. Həmin Forma-88 haqqında məlumat qrafikində iddiaçının həkim müayinəsinin nəticəsi olaraq qeyd edilmişdir: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Xarici görünüşü səliqəlidir. Zahirən gərgin narahatdır. Huşu aydındır. Bələdliyi bütün növlər üzrə saxlanılıb. Ünsiyyətə həvəsiz narazı daxil olur. Verilən suallara əsəbi qısa cavablar verir. Əhvalruhiyyəsi dəyişkəndir. Emosional davamsızdır. Davranışı qeyri-adekvatdır. İntellekti aldığı təhsilə uyğundur. Maraq dairəsi məhduddur. Yaddaşı pozulub. Qavrama pozuntuları və sayıqlama fikirləri qeyd edilmir. Zehni inkişaf səviyyəsi yaşına və keçirdiyi həyat tərzinə uyğundur.yuxusu pozulub, yaddaşı zəifdir. Mütəmadi müalicə qəbul edir. (müayinə tarixi xx.xx.2024) Bundan əlavə “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli, 3828 nömrəli Həkim Psixiatr Komissiyasının rəyində İddiaçı diaqnozu “Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar cəhdləri, cəngolma tutmaları, kognitiv funksiyaların enməsi ilə F07.0 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.6.2. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “üzvi mənşəli şəxsiyyət pozuntusu” XBT-10 kodu “F07.0” kimi təsbit olunmuş və həmin Əlavənin 7.6.2. bəndin 7.6.2.2. yarımbəndinə əsasən “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” ilə orqanizminin funksiyalarının pozulması faizi 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. İş materiallarında olan sənədlərdən və yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz, həkim müayinəsinin nəticəsi də nəzərə alınmaqla əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapmışdır. Həmçinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 28 yanvar 2023-cü il tarixli 642 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən olunmuşdur. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. Bundan başqa cavabdeh apellyasiya şikayətinin dəlilində qeyd etmişdir ki, “Nazirlər Kabinetinin Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 12 nömrəli qərarının 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ödənilmədiyi halda məhkəmə iddianı təmin etmişdir.” Bu dəlilə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;... Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilində əsaslandığı Qaydanın 1.5.1-ci yarımbəndi şəxsə göndərişin verilməsi üçün əsas şərtlərdən birini özündə əks etdirir. Hazırda isə iddiaçıya Ağdam RƏD-nin xx.xx.2024-cü il tarixli göndərişi verilmişdir. Belə ki, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1517/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.