Məhkəmə qərarları › İş №2-1(104)-384/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-384/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-384/2025 17.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizmin funksiyalarının 65-80% pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əliliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1222/2025 saylı qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “Ağır stresə və adaptasiya pozğunluğuna qarşı reaksiya, Postravmatik stress pozuntusu. Psixotik simptomlarla gedən psixogen depressiv psixoz” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə şikayətə əsasən, əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Psixogen simptomlarla müşahidə olunan ağır dərəcəli depressiya, depressiv psixoz. Posttravmatik stress pozuntusu” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə şikayətə əsasən, əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 2872 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, Məmmədov X4 tərəfindən müayinə olunub. Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı, kəskin şəxsiyyət dəyişikliyi. Üzvi patologiyanı təsdiq etmək məqsədilə ətraflı müayinə tövsiyə olunur. F62.0 Mərkəzi Hərbi Həkim Komissiyasının 09 fevral 2024-cü il tarixli 1216 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu. Sol baldırın yuxarı 1/3-ni dəlib keçən güllə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapığı” diaqnozu “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. Gəncə Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Həkim müayinəsinin nəticəsi: F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, danışıq əlaqəsinə əsəbi qoşulur, verilən suallara acıqlı cavablar verir. Söhbət zamanı daha da qəzəblənir, səbəbsiz mübahisə edir. Emosional dayanıqsızıdır. Ətrafdakılarla yola getmir, daima münaqişələr, konfliktlər yaradır. Hövsələsiz, aqressivdir. Əhval ruhiyyə fonu enikdir, ruh düşkünlüyü müşahidə edilir. Həyatdan bezdiyini, yaşamaq istəmədiyini deyir. Depressivdir. Meyl və maraq dairəsi sıxılıb, ətrafda baş verənlərlə maraqlanmır, ailəsinə qarşı laqeyd, biganədir. Diqqəti öz daxili həyəcanlarına yönəlib. Özünə qapanıqdır, günlərlə çarpayıdan durmur, bəzən öz özünə danışır. Yaddaşı zəifləyib, yeni məlumatları yadında saxlamaqda çətinlik çəkir. Yuxusu pozulub, gecələr yatmır. (müayinə tarixi xx.xx.2024) TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz F62, Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan, Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan şəxsiyyətin davamlı dəyişiklikləri; Ağırlaşma F62.0, Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət ( İİ Qarabağ müharibəsi) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu; xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan şəxsiyyətin davamlı dəyişiklikləri Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu” Diaqnozu ilə diaqnoz öz təsdiqini tapmaması (diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə şikayətə əsasən, əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2024cü il tarixdə “İddiaçı üçün verilmiş 18.03.24-cü il tarixli göndərişə Diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iddiasının təmin edilməsi və ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1998-ci ildə Gəncə şəhərində anadan olmuş, ali təhsilli və subaydır, həmçinin, işləmir. xx.xx.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən hərbi xidmətə çağrılmışdır. xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 44 günlük “Vətən müharibəsi”nin iştirakçısıdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin birində döyüş tapşırığını yerinə yetirərkən, “Sol baldırın dəlib keçən güllə yaralanması” xəsarəti almışdır. İlkin tibbi yardım göstərildikdən sonra Fizuli Rayon Mərkəzi Xəstəxanasına göndərilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək burada “Sol baldırın dəlib keçən güllə yarası” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. O, hərbi xidmətini davam etdirmiş, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən evə buraxılmışdır. Hərbi xidmətdən tərxis olunandan çox keçməmiş iddiaçının psixoloji durumunda ciddi dəyişikliklər yaranmağa başlamışdır. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Gəncə Şəhər Psixiatriya Xəstəxanasında “Posttravmatik stress pozuntusu, psixogen simptomla müşahidə olunan psixogen depressiv psixoz” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ona “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, psixogen simptomlarla müşahidə olunan psixogen depressiv psixoz” diaqnozu qoyulmuş və onun sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olduğu bilinmişdir. Eləcə də MHHK-nın qərarında müşayiətçiyə zərurətin olduğu bildirilmişdir. Bu minvalla iddiaçının sənədləri ona müvafiq əlillik dərəcəsinin təyin olunması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə göndərilmiş, DTSERA sənədlərin əlillik dərəcəsi təyin etməkdə yetərli olmadığını bildirərək, iddiaçıya əlillik dərəcəsi təyinatından imtina etmişdir. 11 oktyabr 2022-ci ildə iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi publik hüquqi şəxsin direktoru, tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş və ona “Üzvi mənşəli (müharibə zamanı alınmış kəllə-beyin travması nəticəsində) dissosiativ pozuntu F06.5, Posttravmatik stress pozuntusu” F43.1 diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 23955 nömrəli Xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilmişdir. MHHK-nın iddiaçı barəsində 21 oktyabr 2022-ci il tarixli yeni Qərarı verilmişdir. Onun xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Gəncə Şəhər Psixiatriya Xəstəxanasında növbəti stasionar müalicə kursundan sonra sənədləri əlillik dərəcəsinin təyin olunması üçün yenidən DTSERA-ya göndərilmiş, DTSERA yenidən ona əlillik dərəcəsi təyin etməkdən imtina etmişdir. İddiaçının sağlamlıq durumu getdikcə pisləşdiyindən, onda yeni psixoloji təzahürlər əmələ gəldiyi üçün müayinə və müalicələrini davam etdirmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X6 Komissiyasında müayinə olunmuş və ona “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra davamlı, kəskin şəxsiyyət dəyişikliyi” diaqnozu qoyulmuşdur. O, Gəncə şəhər Psixiatriya Xəstəxanasında xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə yenidən müalicə olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası bu dəfə Nazirliyin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 12573 №-İi Xəstəlik haqqında Şəhadətnaməni qüvvədən düşmüş hesab etmiş, əvəzinə xəstəliyi yenidən şəhadətləndirilmiş və bu dəfə MHHK tərəfindən onun barəsində növbəti 09 fevral 2024-cü il tarixli Qərar verilmişdir. İddiaçının tibbi sənədləri, “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra kəskin ağır dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu, Sol baldırın yuxarı 3/1-nin dəlib keçən güllə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapığı” diaqnozu ilə əlillik dərəcəsi təyinatı üçün yenidən, bu dəfə artıq 3-cü dəfə DTSERA göndərilmişdir. Çox keçmədən imtina yenidən təkrar olunmuş, səbəb isə diaqnozun əlillik təyin etməməsi ilə əsaslandırılmışdır. Müayinə və müalicə sənədlərindən asanlıqla müşahidə etmək olar ki, iddiaçının durumunda baş verən psixi pozuntular bir neçə ildir ki, artan dinamika ilə inkişaf edir. Bu psixoloji pozuntular stress mənşəli olub müalicəyə çətin tabe olan xəstəliklər sırasına aiddir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi xəstəliyin, pozuntuların yüksələn dinamika ilə inkişaf edərək daha kəskin hədd aldığına diqqət yetirməli və xəstəliyin irsiyyət-əsəb xəstəlikləri fonunda yaranmadığını nəzərə almalı idi. İddiaçı hesab edir ki, cavabdehin ona əlillik dərəcəsi təyin etməkdən imtinası əsassızdır və onun sağlamlıq durumu ilə bağlı əsl mənzərəni əks etdirmir. İddiaçını müayinə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin direktoru Tibb elmləri doktoru, professor Fuad İsmayılov, Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyası və eləcə də onun barəsində əvvəlcə verdiyi üst-üstə 2 Qərarını qüvvədən düşmüş hesab edən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası psixi xəstəliklərin artan dinamikasını, onun yeni təzahürlərini müşahidə etmiş və öz mövqelərini bildirmişlər. Əvəzində isə Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Ekspert Komissiyası bu dəyişiklikləri, xəstəliyin inkişaf dinamikasını müşahidə etmədilər. İddiaçı hesab edir ki, o, bir vətəndaş kimi sosial müdafiə hüququna malikdir. Bu hüquqlar onun normal şəraitdə yaşamaq, işləmək və gələcək təminatı ilə bağlı hüquqlarıdır. Bu gün onun sağlamlıq durumu işə götürülməsinə imkan vermir. Heç bir fiziki və hüquqi şəxs onunla əmək müqaviləsi bağlamır. Onun sosial təminatı 80 manat məbləğində olan veteran puludur. İddiaçının xəstəliyi onu nə ixtisası nə də ki, təhsili üzrə işə düzəlməsinə heç bir təminat vermir. İddiaçıya qoyulan “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarında əlillik təyin edilən xəstəlik kimi yer almışdır. Eləcə də MHHK-nın onun barəsində verdiyi hər 3 qərarında müşayiətçiyə ehtiyacın olduğu bildirilir. İddiaçı hazırda X2 müalicəsini davam etdirir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1222/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1222/2025 nömrəli qərardadı ilə İddiaçı vəsatəti təmin edilmiş, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1222/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizmin funksiyalarının 65-80% pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, Diaqnoz: Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan şəxsiyyətin davamlı dəyişiklikləri Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu. Ağırlaşma ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, sol ayağın İ, İİ barmaqlarının əsas falanqadan, İİİ barmağın proksimal falanqadan, İV barmağın orta falanqadan travmatik amputasiyasından sonrakı vəziyyət. Oynaqların kontrakturası, sol aşıq daban oynağının kontrakturası. Hipertrofik çapıq, sol aşıq daban oynağı nahiyəsində ağrılı kelloid çapığı Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1222/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Mirqamət Sadıq oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.7.1-ci yarımbəndində fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi- F62.0 nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması – orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.7.1.2-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 1216 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, İddiaçı “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı, kəskin şəxsiyyət dəyişikliyi. F62.0” diaqnozu qoyulmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının 09 fevral 2024-cü il tarixli 1216 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu. Sol baldırın yuxarı 1/3-ni dəlib keçən güllə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapığı” diaqnozu qoyulmuşdur. Gəncə Psixiatriya xəstəxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli göndəriş üzrə iddiaçıya “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət ( İİ Qarabağ müharibəsi) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu F62.0” ağırlaşma diaqnozu qoyulmuşdur. Qeyd olunan Forma 88 haqqında məlumat üzrə xx.xx.2024-cü il tarixli həkim müayinəsinin nəticəsindən müəyyən olunur ki, F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, danışıq əlaqəsinə əsəbi qoşulur, verilən suallara acıqlı cavablar verir. Söhbət zamanı daha da qəzəblənir, səbəbsiz mübahisə edir. Emosional dayanıqsızıdır. Ətrafdakılarla yola getmir, daima münaqişələr, konfliktlər yaradır. Hövsələsiz, aqressivdir. Əhval ruhiyyə fonu enikdir, ruh düşkünlüyü müşahidə edilir. Həyatdan bezdiyini, yaşamaq istəmədiyini deyir. Depressivdir. Meyl və maraq dairəsi sıxılıb, ətrafda baş verənlərlə maraqlanmır, ailəsinə qarşı laqeyd, biganədir. Diqqəti öz daxili həyəcanlarına yönəlib. Özünə qapanıqdır, günlərlə çarpayıdan durmur, bəzən öz özünə danışır. Yaddaşı zəifləyib, yeni məlumatları yadında saxlamaqda çətinlik çəkir. Yuxusu pozulub, gecələr yatmır. Məhkəmə hesab edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının şəxsiyyətin davamlı dəyişikliyi- F62.0 meyarı üzrə son bir il ərzində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və stasionar müalicə almasına baxmayaraq, onun orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit psixi pozuntusu qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının 09 fevral 2024- cü il tarixli 1216 nömrəli qərarına əsasən, İddiaçı qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən olunmuşdur. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.2-ci bəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 1222/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kəlbəcər rayon sakini xx.xx.1998-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024cü il tarixli 1216 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu. Sol baldırın yuxarı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2872 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı, kəskin şəxsiyyət dəyişikliyi. Üzvi patologiyanı təsdiq etmək məqsədilə ətraflı müayinə tövsiyə olunur” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2024-cü il tarixli 11802338 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Posttravmatik stress pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, gərginlikdən, əsəbilikdən, yuxunun, yaddaşın pozulmasından, sol baldırda olan ağrıdan şikayətlənmişdir. Müayinəyə demonstrativ şəkildə daxil olmuşdur. Qeyri-ciddi, nümayişkar tərzdə danışmış, puerilistik davranışlar sərgiləmişdir. İnstrumental müayinə nəticələri təqdim edilməmişdir. Mühakimə və analiz qabiliyyəti adaptiv olmuşdur. Anamnezində İncəsənət Universitetini bitirdiyini söyləmişdir. ƏMAS-da vətəndaşa dair xx.xx.2024-cü il tarixindən Metal döyən usta, motonəqliyyat vasitələrinin panelləri kimi aktiv əmək müqaviləsi olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra şəxsiyyətin sərhədyanı tip dəyişikliyi, kompensasiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Nazirlər Kabinetinin Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 12 nömrəli qərarının 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ödənilmədiyi halda məhkəmə iddianı təmin etmişdir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasan işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:

7. Psixi və davranış pozuntuları 7.7. Spesifik şəxsiyyət pozuntuları 7.7.1. fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi - F62.0 Qiymətləndirmə: 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması - 65-80% - 2 il

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iddiaçının tələbi cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Gəncə Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında iddiaçının əlilliyi qiymətləndirilmiş və xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan şəxsiyyətin davamlı dəyişiklikləri Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu” Diaqnozu ilə diaqnoz öz təsdiqini tapmaması (diaqnozun təsdiqlənməməsi barədə qərar qəul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçıya TSEK-ə göndəriş zamanı qoyulan diaqnoz: Əsas diaqnoz F62, Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan, Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan şəxsiyyətin davamlı dəyişiklikləri; Ağırlaşma F62.0, Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət ( İİ Qarabağ müharibəsi) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu kimi müəyyən edilmişdir. Həmin Forma-88 haqqında məlumat qrafikində iddiaçının həkim müayinəsinin nəticəsi olaraq qeyd edilmişdir: F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, danışıq əlaqəsinə əsəbi qoşulur, verilən suallara acıqlı cavablar verir. Söhbət zamanı daha da qəzəblənir, səbəbsiz mübahisə edir. Emosional dayanıqsızıdır. Ətrafdakılarla yola getmir, daima münaqişələr, konfliktlər yaradır. Hövsələsiz, aqressivdir. Əhval ruhiyyə fonu enikdir, ruh düşkünlüyü müşahidə edilir. Həyatdan bezdiyini, yaşamaq istəmədiyini deyir. Depressivdir. Meyl və maraq dairəsi sıxılıb, ətrafda baş verənlərlə maraqlanmır, ailəsinə qarşı laqeyd, biganədir. Diqqəti öz daxili həyəcanlarına yönəlib. Özünə qapanıqdır, günlərlə çarpayıdan durmur, bəzən öz özünə danışır. Yaddaşı zəifləyib, yeni məlumatları yadında saxlamaqda çətinlik çəkir. Yuxusu pozulub, gecələr yatmır. (müayinə tarixi xx.xx.2024) Bundan əlavə “Respublika Psixiatrik Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2872 nömrəli rəyində İddiaçı diaqnozu “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı, kəskin şəxsiyyət dəyişikliyi. Üzvi patologiyanı təsdiq etmək məqsədilə ətraflı müayinə tövsiyyə olunur. F62.0” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.7.1. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” XBT-10 kodu “F62.0” kimi təsbit olunmuş və həmin Əlavənin 7.7.1. bəndinin 7.7.1.2. yarımbəndinə əsasən “bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması” ilə orqanizminin funksiyalarının pozulması faizi 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. İş materiallarında olan sənədlərdən və yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz, həkim müayinəsinin nəticəsi də nəzərə alınmaqla əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapmışdır. Həmçinin xx.xx.2024-cü il tarixli 1216 nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən olunmuşdur. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. Bundan başqa cavabdeh apellyasiya şikayətinin dəlilində qeyd etmişdir ki, “Nazirlər Kabinetinin Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 12 nömrəli qərarının 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ödənilmədiyi halda məhkəmə iddianı təmin etmişdir.” Bu dəlilə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;... Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilində əsaslandığı Qaydanın 1.5.1-ci yarımbəndi şəxsə göndərişin verilməsi üçün əsas şərtlərdən birini özündə əks etdirir. Hazırda isə iddiaçıya Gəncə Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi verilmişdir. Belə ki, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1222/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar