Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-386/2025 30.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Məmmədova Günel Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1425/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə göndəriş rəsmiləşdirilmiş, həmin göndərişdə ona qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: -Əsas diaqnoz – C73 – Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, Qalxanabənzər vəzin xərçəngi. PT1NOMO1 mərhələ. Histoloji müayinə: MOM: N 7828/13. Qalxanabənzər vəzin papilar karsinoması. Tireoidektomiya c/əməliyyatından və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət; -Ağırlaşma - E89.2 – Tibbi prosedurlardan sonra əmələ gələn hipoparatiroidizm, Hipoparattiroidizm. Hipokalsemiya.
2. Tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişindəki diaqnozlar üzrə DTSERA İddiaçı əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirmiş və “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina etmişdir.
İşdə olan sənədlər:
3. İddiaçı xx.xx.2014-cü il tarixdə 1 il, xx.xx.2015-ci il tarixdə 1 il, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.
4. xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə iddiaçının əlilliyi qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
5. Xəstəlik tarixindən çıxarışlardan və xx.xx.2023-cü il tarixli göndərişdən görünür ki, İddiaçı “C73 Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi” diaqnozu ilə xx.xx.2013cü il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023- cü il tarixdən xx.xx.2023cü il tarixədək Milli Onkologiya İnstitutunda, “J90 Başqa rubrikalarda təsnif edilməyən plevral eksuda” diaqnozu ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X1 İnstitutunda və “D25 Uşaqlığın leyomiyası” diaqnozu ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək X4-də stasionar müalicələr almışdır.
6. Milli Onkologiya Mərkəzinin epikrizində (X/t № 5439/13. A/k № 4602/13) diaqnoz “Qalxanabənzər vəzin karsinoması.pT1N0M0” kimi qeyd edilmişdir.
7. Milli Onkologiya İnstitutunun Ambulator kartdan arayışında əsas diaqnoz: “C73- Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT1N0M0 mərhələ 1 G1. Diaqnoz qeydi: Qalxanabənzər vəzin papillyar karsinoması. Kombinə olunmuş müalicədən sonrakı vəziyyət, Ağırlaşma: E89.2 – Tibbi prosedurlardan sonra əmələ gələn hipoparatiroidizm, Diaqnoz qeydi: Hipoparatiroidizm. Hipokalsemiya. Ağırlaşma: E89.0 – Tibbi prosedurlardan sonra meydana çıxan hipotiroidizm” kimi qeyd edilmişdir.
8. Milli Onkologiya İnstitutunun Ambulator kartdan arayışında əsas diaqnoz: “C73- Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT1N0M0 mərhələ 1 G2. Diaqnoz qeydi: Qalxanabənzər vəzin papillyar karsinoması. C/Ə+RAİ S/V, Hipotireoz. Hipokalsemiya. P T1N0M0, C-yanaşı gedən xəstəliklər: E89.0 – Tibbi prosedurlardan sonra meydana çıxan hipotiroidizm vəziyyətləri” kimi qeyd edilmişdir.
9. Səhiyyə Nazirliyi 5 saylı Şəhər Kliniki Xəstəxanasının Ultrasonografiyasında İddiaçı barəsində nəticə olaraq “Sol VSM proksimalda, orta və distalda Grade İİİ reflü izlənilir. Sağ SFJ-də VSM proksimalda, orta və distalda Grade İİİ reflü izlənilir” kimi qeyd edilmişdir.
10. Milli Onkologiya Mərkəzinin raportunda İddiaçı barəsində nəticə “Tireoid yatağına uyğun gələn sahədə fokal yoğun toplanma göstərən ablasiya müalicəsindən sonrakı bütün bədən İ-131 sintigrafiyası” kimi qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xəstəliklərinə əsasən əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildən xəstədir, əməliyyat olunmuşdur və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiziya və Reabilitasiya Xidmətindən komissiyadan keçərək xəstəlik dərəcəsi müəyyən olunduqdan sonra 2014-cü ilin mart ayından başlayaraq ona ikinci qrup əlillik dərəcəsi verilmiş və həmin vaxtdan da pensiya almağa başlamışdır. Keçən müddət ərzində müxtəlif vaxtlarda müayinədən keçmiş, xəstəliyinin vəziyyəti nəzarətdə saxlanılmaqla 2021-ci ilin mart ayına kimi əlilliyə uyğun olaraq pensiyasını almışdır. Xəstəliyi ilə əlaqədar olaraq heç yerdə işləyə bilmir və aldığı pensiyanı müalicə olunmaq üçün sərf etmişdir. 2021-ci ilin mart ayından etibarən onun əlillik dərəcəsi ləğv edilmiş və pensiya ödənilməsi dayandırılmışdır. Dəfələrlə məsələ ilə bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciətinə baxmamışlar və bu gün imkansızlıqdan xəstəliyinin müalicəsi ilə məşğul ola bilmir.
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6173/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
14. Cavabdeh orqanın iddiaya qarşı təqdim etdiyi yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu xx.xx.2023 tarixdə poliklinika vasitəsi ilə forma 88 göndərmişdir. Əlavə müalicəyə ehtiyacın olması - Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik başlanma tarixi ilə alınan müalicələr tarixi arasında uyğunsuzluq var. Dəqiqləşdirilsin.. Bu səbəbdən iddia ərizəsinin qeyri mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. “Diaqnozun mətni: Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, Qalxanabənzər vəzin xərçəngi.PT1N0M0 İ mərhələ.Histoloji müayinə:MOM: N 7828/13 Qalxanabənzər vəzin papilyar karsinoması.Tireoidektomiya c/əməliyyatından və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q21 - Ürək ara... Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik başlanma tarixi ilə alınan müalicələr tarixi arasında uyğunsuzluq var.Dəqiqləşdirilsin. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən - Q21.3 Fallo tetradası, AÜQ.Fallo tetradası.Total korreksiyası (xx.xx.2007) əməliyyatından sonrakı vəziyyət.. diaqnozu təyin edilsə belə müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2023-cü il tarixdən iddiaçıya orqanizmin funksiyalarının pozulmasına görə xəstəliyinə müvafiq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1425/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizminin funksiyalarının 40-60 faiz pozulması ilə bağlı 1 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
17. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının göndərişində əks olunmuş “C73 Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, Qalxanabənzər vəzin xərçəngi. PT1NOMO1 mərhələ. Histoloji müayinə: MOM: N 7828/13. Qalxanabənzər vəzin papilar karsinoması. Tireoidektomiya c/əməliyyatından və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət” diaqnozu üzrə orqanizminin funksiyalarının pozulması faizi 40-60 faiz aralığındadır və bu da iddiaçıya üçüncü dərəcə əlilliyin 1 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, müvafiq əlamətlərin iddiaçıda olub-olmamasının yoxlanılması üçün əyani müayinə qərardadı qəbul edilməlidir. Bundan başqa TSEK-in mübahisələndirilən qərarı xx.xx.2023-cü il tarixində qəbul edilməsinə baxmayaraq iddiaçı iddia müddətini ötürmüşdür. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi.
22. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, TSEK-in mübahisələndirilən qərarının SMS xəbərdarlıq və ya poçt vasitəsilə çatdırılmasına dair hər hansı sənəd mövcud deyildir.
23. Cavabdeh hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
14. Yenitörəmələr Qeyd. Törəmələr zamanı orqanizmin funksiyalarının davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən törəmənin orqan və orqanizmlərdə lokalizasiyasına (törəmənin ölçüsü-diaqnozda T (tumor) simvolu ilə işarələnir), böyümənin anatomik formasına (endofit, ekzofit, qarışıq), böyümə sürətinə, orqan divarına siraətetmə dərəcəsinə (invaziya dərəcəsi), xərçəngin histoloji quruluşuna və diferensiasiya dərəcəsinə, bədxassəliyin histoloji dərəcəsinə, regionar limfatik düyünlərin zədələnməsi xüsusiyyətinə əsaslanır. Uzaq metastazların olub olmaması (yuxarıda qeyd edilmiş meyarlar TNMGP sistemi üzrə təsnifatda öz əksini tapmışdır), adaptasiya və kompensasiya imkanı, fəsadlaşmaların olması nəzərə alınır. 14.9. Qalxanabənzər vəzinin və digər endokrin vəzilərinin bədxassəli yenitörəmələri 14.9.1. qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi - C73 Qiymətləndirmə 14.9.1.1. -İİ mərhələ limfatik düyünün zədələnməsi olmadan papillyar və ya follikulyar törəmənin spesifik müalicəsindən sonra - 40-60% - 1 il
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
28. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. İşin hallarından görünür ki, iddiaçıya xx.xx.2014-cü və xx.xx.2015-ci il tarixlərdə 1 il, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmiş, əlilliyi xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina edilmiş, sonuncu dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü tarixdə göndəriş rəsmiləşdirilmiş, həmin göndərişdə təyin edilmiş diaqnozlar “Əsas diaqnoz – C73 – Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, Qalxanabənzər vəzin xərçəngi. PT1NOMO1 mərhələ. Histoloji müayinə: MOM: N 7828/13. Qalxanabənzər vəzin papilar karsinoması. Tireoidektomiya c/əməliyyatından və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət; Ağırlaşma - E89.2 – Tibbi prosedurlardan sonra əmələ gələn hipoparatiroidizm, Hipoparattiroidizm. Hipokalsemiya” kimi olmuş və göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirərək “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina etmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli göndərişdə qeyd olunan diaqnozlardan əsas diaqnoz - “C73 Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, Qalxanabənzər vəzin xərçəngi. PT1NOMO1 mərhələ. Histoloji müayinə: MOM: N 7828/13. Qalxanabənzər vəzin papilar karsinoması. Tireoidektomiya c/əməliyyatından və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət” diaqnozu iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 1 il müddətinə 40-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
32. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 14.9. Qalxanabənzər vəzinin və digər endokrin vəzilərinin bədxassəli yenitörəmələri 14.9.1. qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi - C73 Qiymətləndirmə 14.9.1.1. -İİ mərhələ limfatik düyünün zədələnməsi olmadan papillyar və ya follikulyar törəmənin spesifik müalicəsindən sonra - 40-60% - 1 il
33. Həmçinin, Milli Onkologiya Mərkəzinin epikrizində (X/t № 5439/13. A/k № 4602/13) iddiaçı barəsində diaqnoz “Qalxanabənzər vəzin karsinoması.pT1N0M0” kimi, Milli Onkologiya İnstitutunun Ambulator kartdan arayışlarında isə əsas diaqnoz: “C73- Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT1N0M0 mərhələ 1 G1. Diaqnoz qeydi: Qalxanabənzər vəzin papillyar karsinoması. Kombinə olunmuş müalicədən sonrakı vəziyyət, Ağırlaşma: E89.2 – Tibbi prosedurlardan sonra əmələ gələn hipoparatiroidizm, Diaqnoz qeydi: Hipoparatiroidizm. Hipokalsemiya. Ağırlaşma: E89.0 – Tibbi prosedurlardan sonra meydana çıxan hipotiroidizm” kimi qeyd edilmişdir.
34. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsindən imtinanın səbəbi “Göndərişin natamam doldurulması” olmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir (“Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndi). Normanın məzmunundan aydın olur ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatı sonlandıra bilməz. Buna baxmayaraq, hazırki iş üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün sonuncu rəsmiləşdirilmiş göndərişin natamam doldurulması qənaətinə gəlsə də, həmin natamamlığın aradan qaldırılması üçün göndərişi onu rəsmiləşdirmiş Komissiyaya göndərməmiş, icraatı yekunlaşdıraraq iddiaçıya əlillik təyinatından imtina etmişdir.
35. Məhkəmə kollegiyası onu da qeyd edir ki, səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam doldurulması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. Belə ki, inzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Yalnız bundan sonra şəxsə münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilər.
36. Məhkəmə kollegiyası xatırladır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
37. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
39. Məhkəmə tərkibi cavabdehin “göndərişdəki natamamlığın xəstəliyin başlanma tarixi ilə alınan müalicələr tarixi arasında uyğunsuzluq olması ilə bağlı olması” dəlilinə münasibətdə qeyd edir ki, bu hal göndərişin natamam doldurulmasının əsası deyil. Bundan başqa, iş materiallarına əlavə edilmiş Xəstəlik tarixindən çıxarışlar və xx.xx.2023cü il tarixli göndəriş ilə iddiaçının “C73 Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi” diaqnozu ilə xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2021ci il tarixdə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixədək Milli Onkologiya İnstitutunda müalicələr alması öz təsdiqini tapır.
40. Apellyasiya şikayətinin “iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürməsi” dəlilinə münasibətdə qeyd olunmalıdır ki, cavabdeh bu halı sübut edən sənədləri məhkəməyə təqdim etməmiş, məhkəmənin sorğusu ilə TSEK-in xx.xx.2023-cü il tarixli qərarının iddiaçıya çatdırılmasına dair məlumatın məhkəməyə təqdim edilməsi tələb olunsa da, sorğuya cavab verilməmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında mübahisələndirilən qərarın SMS xəbərdarlıq və ya poçt vasitəsilə çatdırılmasına dair hər hansı sənədin mövcud olmamasını bildirmişdir.
41. Əyani müayinə keçirilməsinə dair dəlilə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, inzibati orqanın əlillik təyinatından imtinaya yönələn hərəkətləri inzibati icraat haqqında qanunvericiliyin əsas prinsip və tələblərinə uyğun olmadığından, iddiaçının müayinə nəticələrinə dair sənədlər əsasında göndəriş rəsmiləşdirildiyindən şəxsin yenidən əyani müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmışdır.
42. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1425/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov