Məhkəmə qərarları › İş №2-1(104)-387/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-387/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-387/2025 02.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı firmasının Cavabdehnə (üçüncü şəxs Yüzbaşıyev İsrayıl Qənbər oğlu) qarşı iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndələri X1 və Nümayəndə, cavabdehin nümayəndəsi X2 və üçüncü şəxs Yüzbaşıyev İsrayıl Qənbər oğlunun iştirakları ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2468/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. xx.xx.2006-cı il tarixli, 001098 nömrəli texniki pasporta əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı firmasıdır. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 2949.6 kv.m (əsas sahə: 1449.6 kv.m və köməkçi sahə: 1455.0 kv.m), tikintialtı sahə isə 2503.8 kv.m-dir.

2. Özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrindən istifadə hüququnu təsdiq edən xx.xx.1997-ci il tarixli, 000020 nömrəli (qeydiyyat №20) şəhadətnaməyə əsasən, mərkəzi bazarın Tovuz rayonu, Sabir küçəsində yerləşdiyi torpaq sahəsindən 49353.0 kv.m Tovuz rayonu mərkəzi bazarın əmək kollektivi tərəfindən vəkil edilmiş şəxs X3 istifadə üçün verilmişdir.

3. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışına əsasən İddiaçı firması xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmışdır, dövlət qeydiyyat nömrəsi (VÖEN) – **********, təşkilati hüquqi forması – tam ortaqlıqdır.

4. Tovuz bələdiyyəsinin 30 iyun 2003-cü il tarixli, 7/1 nömrəli qərarına əsasən, Tovuz bələdiyyəsinin torpaq fondundan alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız olan torpaq sahəsindən sahibkarlıq məqsədi ilə 201 kv.m torpaq sahəsi Yüzbaşov İsrayıl Qənbər oğluna satılmışdır.

5. Torpağa mülkiyyət hüququna dair xx.xx.2003-cü il tarixli, JN – 0007, KOD 50300001 nömrəli dövlət aktından görünür ki, Cavabdeh 30 iyun 2003-cü il tarixli, 7/1 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində - 0.02 hektar torpaq sahəsi sahibkarlıq məqsədi ilə Tovuz rayonu Əlibəyli kənd sakini Yüzbaşov İsrayıl Qənbər oğluna satılıb. Dövlət aktı qeydiyyat kitabında 0007 nömrə ilə qeydiyyata alınıb.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli çıxarışdan (reyestr nömrəsi: **********78-06301; qeydiyyat nömrəsi: 260600575; qeydiyyat tarixi: xx.xx.2006) görünür ki, Tovuz şəhəri, Musa Musayev küçəsində Yüzbaşov İsrayıl Qənbər oğlunun mülkiyyətində olan 0.02 ha torpaq sahəsində yerləşən 4 girişli, 102.5 kv.m ümumi, 50.1 kv.m əsas, 52.4 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə Yüzbaşov İsrayıl Qənbər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır.

7. Nümayəndə Tovuz şəhər bələdiyyəsinin qərarlarının Bələdiyyələrlə İş Baş İdarəsinə təqdim olunub-olunmaması ilə bağlı təkrar müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-9/2-S-27710/2-35/2024-C-8858 nömrəli məktubla bildirilmişdir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2003-cü il tarixdə qəbul olunmuş və yalnız bələdiyyə aktları qeyd olunan tarixdən sonra inzibati nəzarət icraatı qaydasında baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Həmçinin qanunvericilikdə bələdiyyə aktlarının vətəndaşların adlarına görə qeydiyyatının aparılması nəzərdə tutulmamışdır. Tovuz şəhər bələdiyyəsinin xx.xx.2003-cü. il tarixli 7/1 nömrəli, xx.xx.2003cü il tarixli 10/2 nömrəli, xx.xx.2003-cü il tarixli 10/1 nömrəli, xx.xx.2004-cü il.tarixli 1/2 nömrəli, xx.xx.2004-cü il tarixli 3/8 nömrəli, xx.xx.2004-cü il tarixli 3/10 nömrəli, xx.xx.2004cü il tarixli 3/17 nömrəli, xx.xx.2004-cü il tarixli 29-04/12 nömrəli, xx.xx.2005-ci il tarixli 31/04 nömrəli, xx.xx.2005-ci il tarixli 30/04 nömrəli, xx.xx.2005-ci il tarixli 30/08 nömrəli, xx.xx.2005-ci il tarixli 30-07/03 nömrəli, xx.xx.2006-cı il tarixli 28-07-00/02-03/02 nömrəli, xx.xx.2006-cı il tarixli 30-05/05-01 nömrəli, xx.xx.2006-cı il tarixli 31-05/05-08 nömrəli, xx.xx.2006-cı il tarixli 31-05/05-01 nömrəli, xx.xx.2006-cı il tarixli 31-08/08-05 nömrəli, xx.xx.2006-cı il tarixli 29-09-06/09-02 nömrəli, xx.xx.2006-cı il tarixli 29.09/09-09 nömrəli, xx.xx.2006-cı il tarixli 30-11/13-1 nömrəli və xx.xx.2009-cu il tarixli 06 nömrəli qərarlar Bələdiyyələrlə iş baş idarəsində qeydiyyatda alınmamışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(102)-687/2016 nömrəli qərarı ilə İddiaçı firmasının 115 sərəncamın ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır.

9. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-44RA/2-29/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Tovuz bələdiyyəsinin Tovuz rayon Dövlət Arxivində saxlanılan sənədlərində Tovuz bələdiyyəsinin 30 iyun 2003-cü il tarixli 7/1№-li qərarı Tovuz rayon Dövlət Arxivinə təhvil verilməyib. Belə ki, Tovuz bələdiyyəsinin protokol kitabına Tovuz bələdiyyəsinin 30 may 2003-cü il tarixli 6/6 saylı qərarından sonra xx.xx.2003-cü il tarixli 10 saylı qərar tikilmişdir.

10. Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 21-2-20/2-64258/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, uçot məlumat bazasında İddiaçı hüquqi şəxs kimi xx.xx.2004-cü il tarixdə Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış, ona ********** VÖEN verilmiş və uçot məlumat bazasına əsasən fəaliyyəti aktivdir.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-3949/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən ünvan 1ndə yerləşən qeyri-yaşayış binasına dair İddiaçı firmasının adına xx.xx.2006-cı il tarixdə tərtib edilmiş, 001098 nömrəli texniki pasport 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən tərtib edilmədiyi üçün texniki pasportun tərtib edilməsi zamanı toplanmış sənədlər aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

12. İddiaçı firması Cavabdehnə (üçüncü şəxs Yuzbaşıyev İsrayıl Qənbər oğlu) qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2003-cü il tarixli, 7/1 saylı qərarın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmlak komitəsi tərəfindən Tovuz rayon mərkəzi bazarının 1997-ci il 03 noyabr tarixli 948 saylı sərəncamı ilə özəlləşdirilməsi qərara alınmış, 20 noyabr 1997-ci il tarixli, 7178 saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin bazarın bazasında 26 noyabr 1997-ci ildə "Nəsimi" firması təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrindən istifadə hüququnu təsdiq edən 13 noyabr 1997-ci il tarixli 000020 saylı şəhadətnaməsinə əsasən, mərkəzi bazarın Tovuz rayonu Sabir küçəsində (X7 küçəsi) yerləşən torpaq sahəsi 49353 (qırx doqquz min üç yüz əlli üç) kv.m. torpaq sahəsi də "Nəsimi" firmasının istifadəsinə verilmişdir. "Nəsimi" firmasının istifadəsində olan torpaq sahəsinə aid bütün sənədlər olduğu və məhkəmə qərarları ilə təsdiqini tapdığı halda Tovuz bələdiyyəsinin sədrləri vəzifə səlahiyyətlərini aşaraq Tovuz Bələdiyyəsinin mülkiyyətində olmayan, bələdiyyə torpağı kimi ayrılmayan, bələdiyyədə adı keçməyən torpaq sahələrini əvəzi ödənilməklə vətəndaşlara satmış, nəticədə "Nəsimi" firmasının hüquqlanına və qanuni manafeyinə mühüm zərər vurmuşlar. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, 49353,0 kv.m torpaq sahəsi Azərbaycan Respublikası yerli özünüidarə orqanları, yəni bələdiyyələr formalaşanadək "Nəsimi” firmasının (Tovuz rayonu Mərkəzi Bazarının qanuni istifadəsində olmuş va həmin torpaq sahəsi Tovuz Bələdiyyəsinin mülkiyyətinə ayrılmamış, verilməmiş, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada həmin torpaq sahəsi "Nəsimi” firmasından geri alınmamış, bu və ya başqa şəkildə torpaq sahəsi Tovuz Bələdiyyəsinə keçməmişdir. Daha sonra məlum olmuşdur ki, 15 oktyabr 1996-cı il tarixində Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhər nümayəndəsinin sərəncamı ilə Yüzbaşov İsrayıl Qənbər oğlunun Mərkəzi Bazarın yaxınlığında 15m x 8.5m ölçüdə, yəni sahəsi 15m x 8.5m = 127.5 kv.m olan tikdirmiş olduğu ticarət obyekti onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Tovuz rayon Bələdiyyəsinin 30 iyun 2003-cü il tarixli 7/1 saylı qərarı ilə Yüzbaşov İsrail Qənbər oğluna 0.02 ha toraq sahəsinin satılmasını qərara almışdır.

14. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 30 iyun 2003-cü il tarixli, 7/1 nömrəli qərarının ləğv edilməsini xahiş etmiş, həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir.

15. Ərizənin məzmunu iddia və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrin məzmunu ilə eynilik təşkil edir.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2468/2025 nömrəli qərardadı (hakim E.Axundov) ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır.

17. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilir ki, iddiaçı sözügedən qərarı – inzibati aktları qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək təqribən 22 il ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı tərəf qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2468/2025 nömrəli qərardadının ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpa edilməsi və iddianın mümkün sayılaraq aidiyyəti üzrə baxılmasının təmin olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətinin məzmunu iddia və prosessual müddətin bərpasına dair ərizələrin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla xx.xx.2024-cü il tarixdə tanış olarkən ilk dəfə məlum olmuşdur ki, İddiaçı firmasının istifadəsində olan torpaq sahəsi üzrə qanunsuz özəlləşdirilmiş ərazi var. Odur ki, iddia vermək müddəti də həmin vaxtdan hesablanmalı idi.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

20. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və buraxılmış prosessual müddətin bərpa edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdilər.

22. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək illərdir mübahisəli torpaq sahəsindən istifadə etdiyini, iddiaçının qərardan məlumatlı olmaqla illərdir aralarında müxtəlif məhkəmə çəkişmələrinin olduğunu bildirdi. Birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlınılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

26. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

28. Göründüyü kimi birinci instansiya məhkəməsinin mövqeyinə əsasən iddia tələbi mübahisələndirilən aktdan şikayət verilməsi ilə bağlı müddətin ötürülməsi əsası ilə qeyrimümkün sayılmış, apellyasiya şikayətində iddiaçı tərəf tələb üzrə buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

29. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

30. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (Qərarın 1.1, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndləri).

32. Hazırki halda iddiaçı tərəf cavabdeh orqanın 30 iyun 2003-cü il tarixli, 7/1 nömrəli qərarının ləğv edilməsini xahiş edir və hesab edir ki, qərar barədə məlumatlı olmadığından iddia ərizəsi ilə müraciət etmək üçün prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür və bu əsasla müddət bərpa edilməlidir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin mübahisələndirdiyi inzibati akt- Cavabdeh 7/1 nömrəli qərarı 30 iyun 2003-cü il tarixində qəbul olunmuş, həmin qərara əsasən Tovuz bələdiyyəsinin torpaq fondundan alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız olan torpaq sahəsindən sahibkarlıq məqsədi ilə 201 kv.m torpaq sahəsi Yüzbaşov İsrayıl Qənbər oğluna satılmış, iddiaçı tərəf isə məhkəməyə həmin qərarın ləğvinə dair iddia ərizəsi ilə təxminən 22 il sonra- xx.xx.2024-cü il tarixində müraciət etmişdir.

34. Buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı tərəf müddətin buraxılmasını mübahisələndirilən inzibati akt barədə məlumatsız olmaları ilə əsaslandırır.

35. İşin hallarından görünür ki, Tovuz Rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər nümayəndəsi 22 dekabr 1992-ci il tarixdən başlayaraq 2000-ci ilin aprel ayının 4-nə kimi müxtəlif hüquqi və fiziki şəxslərə 100-dən çox sərəncam vermişdir ki, həmin sərəncamlar müxtəlif məzmunda olmaqla, əsasən mərkəzi bazarın ərazisində ayrı-ayrı şəxslərə müxtəlif ölçüdə köşk qoyulmasının rəsmiləşdirilməsi ilə bağlı olmuşdur.

36. Qeyd olunan 115 sərəncam iddiaçı tərəfindən 12 avqust 2013-cü il tarixində məhkəmə qaydasında mübahisələndirilmiş, yekunda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(102)-687/2016 nömrəli qərarı ilə İddiaçı firmasının 115 sərəncamın ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, həmin vaxtda iddiaçı tərəfin hazırda mübahisələndirilən qərardan məlumatsız olması inandırıcı deyil. Belə ki, Cavabdeh 30 iyun 2003-cü il tarixli, 7/1 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində - 0.02 hektar torpaq sahəsi sahibkarlıq məqsədi ilə Tovuz rayonu Əlibəyli kənd sakini Yüzbaşov İsrayıl Qənbər oğluna satıldıqdan sonra onun adına xx.xx.2006-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarış tərtib olunmuş, həmin dövr ərzində və sonra mübahisəli ərazi Yüzbaşov İsrayıl Qənbər oğlu tərəfindən mağaza kimi istifadə edilmişdir.

38. Tovuz Rayon İcra Hakimiyyətinin 15 oktyabr 1996-cı il tarixli, 137 nömrəli sərəncamı ilə Tovuz rayonu Əlibəyli kənd sakini Yüzbaşıyev İsrayıl Qənbər oğlunun mərkəzi bazarın yaxınlığında 15m x 3.5 m ölçüdə tikdirmiş olduğu ticarət obyektinin onun adına rəsmiləşdirilməsi qərara alınmışdır.

39. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

40. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

41. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.

42. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.

43. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2468/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar