Məhkəmə qərarları › İş №2-1(104)-389/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-389/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-389/2025 24.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1639/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, pensiyasının müddətsiz olmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhər sakinidir, xx.xx.1991-cu il təvəllüdlüdür. Atası X2 şəhər sakinidir, xx.xx.1961-ci il təvəllüdlü, 1986-cı ildə Çernobıl AES qəzasının ləğvi işlərində dərindən iştirak etmişdir və qəzanın ləğvi işlərində əlil olmuşdur. O, atasının Çernobılda olması ilə əlaqədar 2-ci dərəcəli əilliklə qiymətləndirilmişdir. Uzun illərdir əlillikdən (ümumu əlillikdən) və astma bronxit xəsdəliyindən tez-tez tutmalarla əziyyət çəkir. Uzun illərdir xəstəliyilə əlaqədar aldığı təqaüd hesabına daima müalicə olunmuşdur. Atası xx.xx.2006-cı ildə Çernobıldan aldığı xəstəliklərdən uzun illər əziyyət çəkdikdən sonra vəfat etmişdir. O, uzun illərdir təqaüd almasına baxmayaraq 2021-ci il fevral ayında Gəncə şəhər ərazi poliklinikasında yoxlanış təyin edərək əlilliyini ləğv etmişlər. Əlilliyin ləğvini onunla əsaslandırmışlar ki, astma-bronxit xəstəliyi ilə əlaqədar Bakı şəhər X5 müyinə olunmalıdr. Müayinə olunduqdan sonra sənədləri toplayaraq yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Bütün bunlara baxmayaraq əlilliyini yenidən ləğv etdilər. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kobud şəkildə onun hüquqlarını pozmuşdur və dəfələrlə həmin orqana və digər səlahiyyətli orqanlara yazılı və şifahi müraciətlərinə baxmayaraq əlilliyin bərpasından müəyyən əsassız bəhanələrlə imtina etmişlər. Həmçinin birinci instansiya məhkəməsinin qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya birliyində ekspertdən əyani müayinədən keçmişdir. Bildirir ki, onun narazılığı həmin nazirlikdən ola-ola həmin nazirliyin eksperti onun müayinədən keçirmiş və sadəcə əyani baxışla əsassız rəy vermişdir. İkinci dəfə Gəncə Apellyasya Məhkəməsinin göndərişi ilə bir daha Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya birliyində ekspertdən əyani müayinədən keçmişdir. Yenə də eyni qayda ilə həmin orqanın eksperti tərəfindən müayinə olunmuşdur. Necə ola bilər ki, o, həmin nazirlikdən şikayət edir, həmin nazirliyin eksperti onun müayinə etsin. Həm də əyani baxışla. Hansı ki, Çernobılda xəsarət almış və xəsarət almış şəxsdən olan uşaqların indiyə kimi hansı vaxt səhhətlərində hansı fəsadların yaranması dünya alimlərinə hələ də məlum deyil. Sonradan iddiaçının etibarnamə üzrə nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarında iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi barədə düzəliş edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, digər oğluna X6 məhkəmə qərarı əsasında müddətsiz əlillik təyin edildiyi halda iddiaçıya 5 il müddətinə əlillik təyin edilmişdir. Halbuki hər iki övladı uşaqlıqdan əlildirlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1639/2025 saylı qərardadı ilə (hakim Z.Quliyev) İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli qərarında iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi barədə düzəliş edilməsi barədə qərarın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1639/2025 saylı qərardadının ləğv edilməsi və iddianın mümkün sayılaraq icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, verilmiş iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab verməlidir. İddia tələbinin mümkünlük şərtləri yoxlanılarkən, həmçinin iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlilliyin bərpa edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-107/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh inzibati orqan apellyasiya şikayəti vermiş, apellyasiya icraatı zamanı iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona müddətsiz əlilliyin təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)- 328/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2-1(104)-328/2023 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçıya 03 mart 2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş və iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1778/2024 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-328/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərarından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Qeyd olunan məhkəmə qərarlarına əsasən iddiaçıya cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdən 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. Bu barədə qərar xx.xx.2024-cü il tarixdə Sistemə daxil edilmişdir Hazırkı tələbində iddiaçı ona təyin edilmiş əlilliyə düzəliş edilərək, müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə, məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə, məhkəmə qərarlarının icrası qaydasında xx.xx.2024-cü il tarixdə iddiaçıya cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdən beş il müddətinə ümumi xəstəlik səbəbi ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı isə əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı hazırkı iddianı qaldırır, halbuki bu məsələyə qanuni qüvvəyə minmiş məhkəmə qərarında hüquqi qiymət verilmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2-1(104)-328/2023 nömrəli qərarının qeyd olunmuşdur ki, “İddiaçının tələbinin tərkib hissəsi olaraq ona müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına qiymət verərkən kollegiya qeyd edir ki, qeyd olunan Əsasnamənin 4.2-ci bəndində əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Hazırki halda İddiaçı 2007-cı il tarixdən sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilmiş, 17 fevral 2016-cı il tarixdə isə 5 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin edilmiş növbəti qiymətləndirlmə tarixi 2021-ci il müəyyən edilmiş, bundan sonra sonuncunun əlilliyi qiymətləndirilərkən əlavə müalicəyə ehtiyacın olunması səbəbindən imtina edilmişdir. Göründüyü kimi iddiaçıya ikinci dərəcəli əlillik fasiləsiz olaraq 10 ildən artıq müddətə təyin edilməmiş, bu səbəbdən də tətbiq edilən normanın tələblərinə uyğun olaraq ona müddətsiz əlillik dərəcəsinin təyin edilməsi istisna edilir.” Həmin məhkəmə qərarının mövcudluğu MPM-nin 233.3-cü və İPM-in 78-ci maddələrinin mahiyyəti və tənzimləmənin məqsədi baxımından iddianın mümkünlüyünü istisna edən hal kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının əvvəlki və hazırkı tələbinin ifadə tərzi fərqli olsa belə, onun hüquqi marağı və nail olmaq istədiyi məqsəd hər iki halda müddətsiz əlilliyin təyininə yönəlmişdir. Bu mənada tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq yekun qərar qəbul edildiyi və qərarın qanuni qüvvəsini aldığı nəzərə alınmalıdır. Tərəflər, o cümlədən iddiaçı da ona münasibətdə məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır və iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə eyni əsasla yenidən baxılmasını tələb etməkdə MPM-nin 233.3-cü maddəsi baxımından haqlı sayıla bilməz. Ona görə də məhkəmə kollegiyası hazırkı tələbə yenidən mahiyyəti üzrə baxılmasının mümkünsüzlüyünə dair birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni düzgün sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin hazırkı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1639/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar