Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-39/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi ilə əlaqədar elektron məlumat bazasından adların çıxarılması və iddiaçının adının həmin elektron baza məlumatlarına daxil edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(114)-1201/1201 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-1201/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim E.Axundov) İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi ilə əlaqədar elektron məlumat bazasından adların çıxarılması və iddiaçının adının həmin elektron baza məlumatlarına daxil edilməsi barədə iddiası rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-197/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər: A.İsgəndərova - sədrlik edən və məruzəçi, A.Bayramov və R.Mamedov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-545/2024 saylı qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-197/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehə (üçüncü şəxslər: X20, X8, X25, X21, X22 və X26) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndində mərhum valideynləri – ataları X12, anaları X18 və onun (İddiaçı1) adına verilmiş JN-029B, KOD 61019028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 1.86 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi ilə əlaqəli elektron məlumat bazasından Bərdə rayonu, Xanərəb kənd sakinləri X9, X2, X13, X10, X11 və X14 adlarının çıxarılmalarına, onların yerinə həmin elektron baza məlumatlarına İddiaçı1 daxil edilməsinə və bu vəzifələrin icrasının cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı olaraq iş üzrə İddiaçı1 tanınması, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndində mərhum valideynləri – ataları X12, anaları X18 və onun (İddiaçı1) adına verilmiş JN-029B, KOD 61019028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 1.86 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi ilə əlaqəli elektron məlumat bazasından Bərdə rayonu, Xanərəb kənd sakinləri X9, X2, X13, X10, X11 və X14 adlarının çıxarılmalarına, onların yerinə həmin elektron baza məlumatlarına İddiaçı1 daxil edilməsinə və bu vəzifələrin icrasının cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndində mərhum valideynləri-ataları X12, anaları X18 və onun adına verilmiş JN-029B, KOD 61019028 olan torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 1.86 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi ayrılmışdır. Lakin şəhadətnamədə 3 nəfərin adı qeyd olunmasına baxmayaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş elektron baza məlumatlarında sözügedən 1.86 ha torpaq sahəsinin üç nəfərə deyil, səkkiz nəfərə məxsus olması qeyd olunmuşdur. Tərəflərindən cavabdeh orqana ərizə ilə müraciət edərək əsassız olaraq qeydiyyatda olan altı nəfər şəxslərin adları elektron baza məlumatlarından çıxarılması, onların yerinə onun (İddiaçı1) adının həmin elektron bazaya daxil edilməsi qeyd edilmişdir. Adları əsassız olaraq onlara aid torpaq sənədi ilə əlaqəli elektron məlumat bazasına daxil edilmiş şəxslər onların qardaşı arvadının və onun uşaqlarının adlarıdır. Lakin təəssüf ki, cavabdeh orqan onlara verdiyi 10 mart 2022-ci il tarixli, **********53 saylı məktubla mübahisə ilə bağlı məhkəməyə müraciət etmələrini tövsiyyə etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bərdə rayonu, Şərəfli kəndi ərazisində yerləşən 1.86 ha həyətyanı torpaq sahəsi JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X27, X32 və İddiaçı1 adına işlənib hazırlanmışdır. Lakin aparılan araşdırma zamanı məlum olmuşdur ki, JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən hüquq sahibləri üç nəfər olmasına baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunan elektron baza məlumatlarında sözügedən 1.86 ha torpaq sahəsinin səkkiz nəfərə məxsus olması qeyd olunmuşdur. Azərbaycan Respublikasında aqrar islahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. İddiaçının mərhum atası X27 və ailə üzvlərinə məxsus Bərdə rayonu, Şərəfli kəndi ərazisində yerləşən 1.86 ha həyətyanı torpaq sahəsinin JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə elektron baza məlumatları arasında hansı səbəbdən mövcud uyğunsuzluğun olması, eyni zamanda JN-029B saylı şəhadətnamədə İddiaçı1 adının olmasına baxmayaraq elektron baza məlumatlarında onun adının qeyd olunmaması Ərazi İdarəsinə məlum deyildir. Həmin sənədin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin uyğunsuzluğun düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, X5 adına Bərdə rayonu, Şərəfli kəndində JN-72A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,40 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir, lakin məhkəmə buna hüquqi qiymət verməmiş, qərarında bəhs etməmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən, işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüququi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, habelə kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(114)- 1201/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İPM-in 82-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, , Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndi üzrə pay torpaq sahəsi almaq hüququ olan şəxslərin siyahısında iddiaçı və ailə üzvləri ilə birlikdə X9, X2, X13, X10, X11 və X14 da adları yazılmışdır. Belə olan halda həmin şəxslərin adlarının elektron baza məlumatlarından çıxarılması istisna olunur. Başqa sözlə elektron baza məlumatları ilkin sənəd olan Bərdə Rayon Aqrar İslahat Komissiyasının siyahısındakı məlumatlar əsasında yazılmışdır və ilkin sənəddə həmin şəxslərin adları olduğu halda elektron baza məlumatlarından adların çıxarılması yolverilməzdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 07 saylı Bərdə Ərazi İdarəsinin 10 mart 2022-ci il tarixli, **********53 nömrəli və 17 iyun 2022-ci il tarixli, **********40 nömrəli məktublarından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə elektron baza məlumatlarında mövcud uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə müraciət edilən Bərdə rayonu, Şərəfli kəndi ərazisində yerləşən 1,86 ha həyətyanı torpaq sahəsi JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X27, X32 və İddiaçı1 adına işlənib hazırlanmış, lakin aparılan araşdırma zamanı şəhadətnamədə üç nəfər olmasına baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunan elektron baza məlumatlarında 1,86 ha həyətyanı torpaq sahəsinin səkkiz nəfərə məxsus olması qeyd olunmuşdur. Azərbaycan Respublikasında aqrar islahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. X4 və ailə üzvlərinə məxsus Bərdə rayonu Şərəfli kəndi ərazisində yerləşən 1,86 ha həyətyanı torpaq sahəsinin JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi ilə elektron baza məlumatlara arasında hansı səbəbdən mövcud uyğunsuzluğun olması məlum olmamışdır, həmin sənədin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda uyğunsuzluğun düzəldilməsi Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 07 saylı Bərdə Ərazi İdarəsinin 4957 nömrəli, 31 avqust 2021-ci il tarixli “məlumatın təqdim edilməsi barədə” ərizəsində qeyd olunmuşdur ki, X5 adına Bərdə rayonu, Şərəfli kəndində JN-72A Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,40 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. X5 adına 5 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayon, Xanərəb kəndində JN-0058 Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 3,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmiş, 26 oktyabr 2013-cü il tarixli, 4ə-930 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 adına özəlləşdirilmişdir İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-029B, KOD 61090028 nömrəli şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kənd sakinləri X27, X23, X6 1,86 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bərdə rayonu Şərəfli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldən görünür ki, X27 və ailə üzvləri X24, X19, X20, X15, X33, X28, X29, X16 qanuni istifadəsində 0,27 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin 05 oktyabr 2023-cü il tarixli, **********22 nömrəli məktubu ilə təqdim edilən Bərdə RİHB Xanərəb kənd İƏD nümayəndəliyinin Şəhriyar kolxozunun islahat ilə əlaqədar Xanərəb kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşlarının siyahısında X27, X18, İddiaçı1 adının qarşısında 0,27 ha torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan Bərdə RİHB-nın Xanərəb İƏD üzrə nümayəndəliyinin 10 noyabr 2022-ci il tarixli, 09 nömrəli arayışında qeyd olunur ki, Xanərəb kənd sakini X27, X18, İddiaçı1 torpaq islahatı zamanı həyətyanı torpaq sahəsində zəbt torpağı artıq olduğuna görə pay torpağı sahədən deyil, həyətyanı sahədən verilmişdir. Onlara verilən torpaq sahəsi Şərəfli kəndində olmaqla 1,86 ha təşkil edir. İş materiallarında olan Bərdə rayon Dövlət arxivinin 30 yanvar 2023-cü il tarixli, 18 nömrəli arayşından görünür ki, Xanərəb kənd İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illər üzrə 5 saylı təsərrüfatbaşına kitabın 366 saylı şəxsi hesabına əsasən X12 ailə başçısı kimi olduğu, həyat yoldaşı kimi X32 qeyd edilmişdir İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin 10 fevral 2023-cü il tarixli, 3-21-3-60/2- 330/2023 nömrəli məktubu ilə təqdim olunan subyektlərin siyahısından görünür ki, X27 və 7 nəfər ailə üzvünün adının qarşısına 0,27 ha həyətyanı torpaq sahəsi və 1,8675 ha faktiki torpaq sahəsi, X5 adının qarşısına 0,08 ha həyətyanı və 0,40 ha faktiki torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********92-10301 daşınmaz əmlakın reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Şərəfli kəndində 0,23 ha torpaq sahəsi və üzərində 88,70 kv metr fərdi yaşayış evi X12 fərdi yaşayış evi 1/6 hissə, torpaq sahəsi 1/36 ha hissədə; İddiaçı2 fərdi yaşayış evi 5/6 hissədə, torpaq sahəsi 35/36 hissədə olmaqla mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İş materiallarında olan 21 oktyabr 2017-ci il tarixli qanun üzrə vəsiyyətnamədən görünür ki, X27 bütün daşınar və daşınmaz əmlakını qızı İddiaçı2 vəsiyyət etmişdir. İş materiallarında olan 12 mart 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı1 İddiaçı2 Bərdə rayonu, Şərəfli kəndində yerləşən 0,23 ha torpaq sahəsinin pay üzrə ona məxsus hissəsini bağışlamışdır. İş materiallarında olan AN-İ ******* seriya və nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 Sahibə Gəncəli qızına Bərdə rayonu, Şərəfli kəndində ümumi sahəsi 88,7 kv metr olan fərdi yaşayış evinin ona aid pay hissəsini satmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək, elektron baza məlumtlarında yazılmış ailə üzvü olmayan X9, X2, X13, X10, X11 və X14 adlarının elektron baza məlumatlarından çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********3 nömrəli imtina məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasında aqrar islahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və dövlət aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. JN-029B saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən hüquq sahibləri üç nəfər olmasına baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunan elekton baza məlumatlarında sözügedən 1.86 ha torpaq sahəsinin səkkiz nəfərə məxsus olması qeyd olunmuşdur. Həmin sənədin iddiaçının ailə üzvlərinə məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda ailə üzvü olmayan şəxslərin adlarının elektron baza məlumatlarından çıxarılması 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçıda, yeganə qanuni hüquqmüəyyənedici sənəd sayılan mübahisəli 1,86 hektar torpağın mülkiyyətə verilməsinə dair (JN-029B, KOD ********) şəhadətnamə (şəhadətnamə 1943 nömrə ilə Bərdə rayon torpaq şöbəsində qeydə alınmışdır) mövcuddur. İddiaçının anası və atasının vəfat etdikdən sonra, onun şəhadətnamədə adının tək qaldığı halda, cavabdehin elektron baza məlumatlarında torpaq sahəsinin qanuni mülkiyyətçisi olan iddiaçının adı yoxdur, amma başqa 6 (altı) nəfər şəxsin adları vardır. Həmin xüsusatlarların dəqiqləşdirilməsi ilə əlaqədar məhkəmə kollegiyası tərəfindən ƏMDX DƏKR PHŞ "xxxx" MMC-yə və Bərdə rayon Dövlət Arxivinə sorğu edilmişdir. ƏMDX DƏKR PHŞ "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubu ilə arxivdə aparılmış araşdərma zamanı Şərəfli kəndi üzrə Bərdə AİK xx.xx.1998-ci il qərarı və həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı1 adı aşkar edilməmişdir. Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 164 nömrəli məktubundan görünür ki, Bərdə rayon X39 rayon AİK-nın fondu mühafizə olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən zəruri araşdırmalar aparılmış lakin Bərdə rayonu, Şərəfli kəndi üzrə pay torpaq sahəsi almaq hüququ olan şəxslərin siyahısında iddiaçı və ailə üzvləri ilə birlikdə X9, X2, X13, X10, X11 və X14 da adlarının yazılmasının səbəbini müəyyən etmək mümkün olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, hazırki halda JN-029B, KOD 61019028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 1.86 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsinə dair elektron məlumat bazasında Bərdə rayonu, Xanərəb kənd sakinləri X9, X2, X13, X10, X11 və X14 adları qeyd edildiyindən, onların adlarının həmin məlumat bazasından çıxarılması və yerinə İddiaçı1 daxil edilməsi mümkün olmadığından birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etmiş, məhkəmənin qərarında göstərdiyi nəticələr işin hallarına uyğun olmaqla, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(83)-28/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(83)-1201/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilməzsə və ya o geri götürülməzsə, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-39/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-39/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver