Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-390/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «aylıq müavinətin bərpa olunması, dayandırıldığı vaxtdan hazırki vaxta qədər ödənilməmiş müavinətin hesablanaraq ödənilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-395/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh xx.xx.2022-ci il tarixli, C-10-073 nömrəli məktubundan görünür ki, iddiaçı məcburi köçkün statusu olmayan şəxsə ərə getdiyinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş « Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydası »nın 2.4 maddəsinə uyğun olaraq ona verilən vahid aylıq müavinətin ödənişinin dayandırılmışdır.
2. xx.xx.2015-ci il tarixli, AA seriyalı, 336948 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu var.
3. “Atalığın müəyyən edilməsi haqqında” xx.xx.2016-cı il tarixli, AZ-İ 278208 nömrəli şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2011-ci ildə vətəndaş İddiaçı doğulmuş X4 atası hesab edilmişdir.
4. “Ölüm haqqında” xx.xx.2016-cı il tarixli, AZ-İ 787803 nömrəli şəhadətnamənin surətindən görünür ki, X3 03 fevral 2016-cı il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 42 nömrə ilə qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat: 5.İddiaçı Cavabdehnə qarşı ona dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa olunması, dayandırıldığı vaxtdan hazırki vaxta qədər ona ödənilməmiş aylıq yemək xərci pulunun hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Daşkəsən rayonunun Dəstəfur kəndində doğulmuşdur. Bundan sonra anası Kəlbəcər rayonunun Qanlıkənd kəndinə ərinin evinə qayıtmış və onlarla birlikdə Kəlbəcər rayonunun Qanlıkənd kəndində böyüyüb boya-başa çatmışdır. 1993-cü il tarixdə o da ailəsilə birlikdə Kəlbəcər rayonundan məcburi köçkündüşərək Daşkəsən rayonunun Zəylik kəndində məskunlaşmış və hal-hazıradək ailəsilə orada yaşamaqdadır. O, 2010-cu il tarixdə Goranboy rayonunun Qaradağlı kənd sakini X3 ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Onların qeyri-rəsmi ailə münasibətlərindən xx.xx.2011-ci il tarixdə Ülvi adlı oğlan övladları doğulmuşdur. xx.xx.2006-cı il tarixdə əri X3 cəza çəkdiyi cəzaçəkmə müəssisəsində özünü asaraq öldürmüşdür. İddiaçı hazırki tələblə cavabdehə dəfələrlə müraciət etsə də cavabdeh əsassız bəhanələr gətirərək onun yemək xərci pulunun ödənilməsindən imtina etmişdir. Qeyd olunanlarla əsasən cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edir.
7. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, Cəfərova X2 rayonu, Qanlıkənd kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, AA seriyalı 336948 nömrəli məcburi köçkün vəsiqəsinə malikdir. Lakin Komitədə yaradılmış məcburi köçkünlər haqqında elektron məlumat bazasına əsasən, X1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsi aşkarlanmamışdır. İddiaçı məcburi köçkün statusuna malik olmayan X3 ilə ailə həyatı qurduğundan, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə, kommunal, və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinin tələblərinə uyğun olaraq iddiaçıya vahid aylıq müavinət verilməmişdir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-395/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəfin izahatlarını qiymətləndirib hesab etmişdir ki, mübahisə üzrə iddiaçının yemək xərci üçün aylıq müavinət alan zaman Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" qüvvədə olduğundan, hazırki münasibətlərə də həmin dövrün qanunvericilik aktları tətbiq edilməlidir. Başqa sözlə iddiaçıya həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətin ona ödənilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur və işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması qanuni deyildir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
10. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-395/2023 nömrəli qərarında qüvvədən düşmüş akta istinad edərək iddia tələbinin təmin olunmasını əsaslandırması yolverilməzdir. Belə ki, “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat” Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 nömrəli əmri ilə təsdiq olunmuş, sonradan Komitənin 2010-cu il 10 dekabr tarixli, 127 nömrəli əmri ilə yeni redaksiyada verilmişdir. Daha sonra isə, Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2014-cü il 10 dekabr tarixli, 1 nömrəli qərarı ilə “Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2010-cu il 10 dekabr tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2010cu il 17 dekabr tarixli 4076 nömrə şəhadətnamə verilməklə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" ləğv edilərək, “Məcburi köçkünlərə yəmək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" yeni redaksiyada təsdiq edilmişdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli, 1206 nömrəli Fərmanı ilə dövlət büdcəsindən məcburi köçkünlər və onlara bərabər tutular şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət təyin edilmiş və həmin Fərmanın 2.1 -ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Hazırda məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir. Qüvvədən düşmüş Təlimatlarla yalnız məcburi köçkünlərə yemək xərci üçün müavinətin ödənilməsi nəzərdə tutulurdusa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalarla isə nəinki yemək xərci həmçinin kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə yeni vahid aylıq müavinətin ödənilməsi nəzərdə tutulur. Məzmunundan da göründüyü kimi, hal-hazırda məcbur köçkünlərə verilən vahid aylıq müavinət, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin davamçısı qismində çıxış etmir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinin tələbinə əsasən, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət verilmir. İddiaçı məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan X3 ilə ailə münasibəti qurmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçı şəxsin məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurması ona vahid aylıq müavinətin verilməsinin dayandırılması üçün əsasdır. İş materiallarından da göründüyü kimi Cavabdeh məktubu ilə iddiaçıya vahid aylıq müavinətin verilməsi Qaydanın 2.4-cü bəndinin tələbinə əsasən dayandırılmışdır.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. İddiaçı apellyasiya şikayətinə etiraz ərizəsində qeyd etmişdir ki, üçüncü şəxs qərardan apellyasiya şikayətini vaxtında verməmiş, prosessual müddəti ötürmüşdür. birinci instansiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlansın.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
13. İddiaçı məhkəmə kollegiyası iclasında izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
14. Cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyası:
25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin 3-cü hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
16.“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun:
6. Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: (...) dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; ...
17. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”: (...) V. Yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: 5.4. Məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və onun himayəsi altında yaşayan, lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə;
18. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 10 dekabr 2014-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”: (...) 6.1. Yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: (...) 6.1.4. məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə;
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.
1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2- ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); (...) 2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: (...) 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara...
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İşin hallarından müəyyən olunur ki, İddiaçı həqiqətən məcburi köçkün statusuna malikdir və həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı qəbul edilənədək almışdır. Lakin, iddiaçının məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə faktiki nikahda olması əsas gətirilərək, cavabdeh inzibati orqan tərəfindən ona verilən müavinət dayandırılmışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşarkən, həmçinin aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
24. Belə ki, iddiaçıya Kəlbəcər rayonundan məcburi köçkün olduğuna görə əvvəllər məcburi köçkün statusuna malik şəxslər üçün nəzərdə tutulan aylıq müavinətin verilməsi, onun məcburi köçkün olmayan şəxslə rəsmi nikaha daxil olmadan ailə münasibətləri qurması, sonradan münasibətlərinin pozulması, həmçinin hazırda məcburi köçkün statusunda olması işin mübahisə olunmayan hallarıdır.
25. İddiaçıya "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"a əsasən, (qüvvədə olduğu müddətdə) aylıq müavinət ödənilmişdir. Belə ki, həmin Təlimata əsasən "məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərin (4.1-ci bənd) aylıq müavinət almaq hüquq var idi.
26. Daha sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir.
27. Həmin Qaydalarda isə məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınların (2.4-cü bənd) aylıq müavinət almaq hüququ istisna edilmişdir.
28. İş üzrə cavabdehin və üçüncü şəxsin mövqeyinə görə, sözügedən Qaydalara əsasən, iddiaçının aylıq müavinət almaq hüququ yoxdur. Belə ki, iddiaçı məcburi köçkün statusu olmayan şəxslə qeyri-rəsmi nikah münasibətində olmuşdur (nikaha daxil olmadan). Bu əsasla da aylıq müavinətin ödənişinin dayandırılması qanuna müvafiq olmuşdur.
29. Məhkəmə kollegiyası bildirir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsaslanmaqla aylıq müavinətin verilməsinin dayandırılması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir.
30. Belə ki, sözügedən Qaydaların 2.4-cü bəndində yalnız məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınların aylıq müavinət almaq hüququ məhdudlaşdırılmışdır.
31. Başqa sözlə, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurmuş kişilərin aylıq müavinət almaq hüququ məhdudlaşdırılmamışdır ki, bu da eyni vəziyyətdə olan şəxslər barəsində cinsi fərqliliyə görə ayrı-seçkilik hesab olunmalıdır.
32. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir.
33. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
34. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
35. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2-ci bəndində təsbit edilmiş müddəalardan göründüyü kimi, qanunvericilikdə eyni statusda olan şəxslərə (“məcburi köçkün” statusu olmayan şəxslə ailə həyatı quranlara) aylıq müavinətin verilməsi məsələsində fərqli yanaşmalara yol verilmiş və bunun hər hansı bir qanuni əsası olmamışdır.
36. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, “məcburi köçkün” statusu olmayan şəxslə nikahda olan qadınlara aylıq müavinətin verilməsi ilə əlaqədar qanuni əsası olmayan fərqli yanaşmalar nəticəsində iddiaçının Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur.
37. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı).
38. Məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır.
39. Beləliklə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə istinad etməklə iddiaçıya aylıq müavinətin verilməsinin dayandırılması onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan qanunsuz olmuşdur.
40. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-395/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-395/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov