Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-392/2023 17.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1611/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-1992-ci illərdə Kərkicahan özünümüdafiə batalyonunda erməni qəsbkarlarına qarşı döyüşlərdə iştirak etmiş və döyüşlər zamanı xəsarətlər almışdır. Həmin dövrdə aldığı xəsarətlər yüngül olduğundan xəstaxanaya müraciət etməmişdir. Buna baxmayaraq onun özünümüdafiə batalyonunda döyüşlərdə iştirakını keçmiş 816 saylı Şuşa batalyonunun İV Kərkicahan rotasının adlı siyahısında 157-ci sırada adının olması bir daha təsdiq edir. İddiaçı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1611/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmiş, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xocalı Rayon İcra Hakimiyyəti başçısı və Xocalı Rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş «Keçmiş 816 saylı Şuşa batalyonunun İV Kərkicahan rotasının ümumi adlı siyahısı» ilə təsdiq olunur ki, İddiaçı həqiqətən 1991-1992-ci illərdə özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Bu hal “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq bəndinin tələblərinə əsasən iddiaçıya müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilməsi üçün əsasdır. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası və şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamə ilə tənzimlənir. Qeyd olunan qanunvericilik aktında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin adı qeyd olunmamışdır. Yəni, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən səxsə "müharibə veteranı adı və vəsiqəsi" verilməsi onun səlahiyyətləri çərçivəsində deyildir. "İnzibati orqanların təsnifatı"nın tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 28 avqust tarixli, 136 nömrəli qərarının 4-1.1 və 4-1.1.1-ci yarım bəndlərinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqanlardır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, teleqram ünvanlayaraq üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qərar ləğv edilməli, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (qərarın 2.3 və 8.6. bəndiləri). İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, H/4652 saylı məktubundan görünür ki, iddiaçının “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsi ilə bağlı müvafiq tələbinin təmin edilməsindən imtina edilmişdir. Ancaq iddiaçı sonradan iddia tələbi üzrə məhkəməyə müraciət edərkən cavabdeh inzibati orqan kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan cavabdehə qarşı yönələn iddia üzrə yekun nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası vəşərtləri haqqında” Əsasnaməyə görə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2016-cı il tarixli 25 №-li əmri ilə təsdiq edilmiş Təlimatın 4.2, 4.3 və 4.5-ci bəndlərində təsbit edilmişdir ki, vəsiqələrin verilməsi üçün tələb olunan sənədlərin toplanması (hazırlanması) işinin təşkili müvafiq olaraq Xidmətin yerli idarə, şöbə və bölmələrinin rəislərinə həvalə edilir. Vəsiqə almaq üçün müraciət etmiş şəxslərin ərizələri əsasında onların qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən digər sənədləri toplanır. Adlı siyahılar, ərizə və veteran adı almaq üçün əsas verən sənədlərin təsdiq olunmuş surətləri baxılmasıüçün müşayiət məktubu ilə Xidmətin Aparatına təqdim edilir. Göründüyü kimi qanunvericiliyə görə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məxsus səlahiyyətdir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu İPMin 13-cü maddəsinin hansı instansiya məhkəməsində tətbiqi ilə bağlı göstərişin olmamasını qanunverici tərəfindən apellyasiya məhkəmələrinə apellyasiya icraatı ilə yanaşı, bir sıra kateqoriyadan olan inzibati mübahisələrə birinci instansiya məhkəməsi kimi baxmaq səlahiyyətinin verilməsi ilə əlaqələndirir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən plenum qərarında əksini tapan tərəfə yardım etmək vəzifəsinin geniş mənada birinci instansiya məhkəməsinin üzərinə vəzifə kimi qoyulması hazırki halda əsas verir ki, birinci instansiya məhkəməsinin yalnış cavabdehi əvəz etməsinin aradan qaldırılması apellyasiya icraatı zamanı deyil, iş üzrə yenidən birinci instansiya məhkəməsində işə baxılması zamanı mümkün olsun. Belə ki, apellyasiya icraatı zamanı cavabehin dəyişdirilməsi proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. Hazırki halda cavabdehin əsl cavabdehlə əvəzlənməsi əsl cavabdehin birinci instansiya üzrə məhkəmə müdafiə hüquqnun pozulmasına səbəb olacağından bu cür əvəzlənmənin həyata keçirilməsi qanunamüvafiq hesab edilə bilməz. Odur ki, işə yenidən baxılan zaman göstərilən xüsusatlar iddiaçının diqqətinə çatdırılmaqla İPM-in 13-cü maddəsinə əsasən real yardım olunmalı, düzgün cavabdehə qarşı işə baxılması təmin edilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1611/2023 nömrəli qərarı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Aygül İsgəndərova, Hakimlər: Azər Bayramov, Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2-1(104)-392/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-392/2023
17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver