Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-392/2024 15.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı vəkili X7 iştirakı ilə, “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-434/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. Gəncə “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X2 şəhərində anadan olmuş, ata qrafasında «X9», ana qrafasında isə «X10» qeyd edilmişdir. 2.xx.xx.2021-ci il tarixli, AZ-İV 551102 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə anadan olmuş, ata qrafasında «X9», ana qrafasında isə «X10» qeyd edilmişdir.
3. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2020ci il tarixində anadan olmuş X8 ilə etibarnamə əsasında təmsil etdiyi İddiaçı və X5 ilə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi münasibət müəyyən edilmədiyindən imtina edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qızı X6 doğum qeydində düzəliş edilərək, qızının soyadının “Əliyev”, ata qrafasında ata soyadının “İddiaçı”, ana qrafasında isə “Həsənova (Əliyeva) Svetlana İnqilab qızı” kimi göstərilməsi barədə öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsalandırılmışdır ki, X8 iddiaçının qızıdır. O, iddiaçı ilə X1 birgə nigahından andan olmuşdur. Qızının doğum şəhadətnaməsində ata qrafasında atanın səhv yazılaraq « X9 » kimi, ana qrafasında isə ana adı « X10 » kimi, qızının soyadı isə « X8 » kimi qeyd edilmişdir. Ərizəyə əlavə edilmiş 1 saylı uşaq poliklinikasının arayışdan da göründüyü kimi X6 valideyini kimi İddiaçı və anası X3 göstərilmişdir. İddiaçı hazırda qızı və həyat yoldaşı ilə birlikdə yaşayırlar. Lakin cavabdehin doğum qeydində etdiyi səhvə görə övladının doğum şəhadətnaməsində adlar səhv yazılmışdır. Cavabdehə doğum qeydində düzəliş edilməsi barədə müraciət etsə də bu düzəlişin yalnız məhkəmə qaydasında mümkün olması göstərilmişdir.
6. xx.xx.2023-cü il tarixli, 2-1(114)-3833/2023 nömrəli qərardad ilə X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-434/2024 nömrəli qərardadı ilə (hakim F. Hüseynov) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının övladı X8 nikahı olmayan anadan, yəni X4 anadan olmuşdur və qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə uyğun olaraq doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə anasının soyadı- “Nəcimova” yazılmış, eyni zamanda, uşağın atasının adı da uşağın anasının göstərişinə əsasən yazılmışdır. Göründüyü kimi, iddiaçının övladının bioloji anası X8 olduğundan, eləcə də uşağın doğum akt qeydindəki məlumatlar onun göstərişinə əsasən yazıldığından hazırrki halda doğum akt qeydinə düzəliş edilməsi qanunaziddir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.
9. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-434/2024 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, azyaşlı hazırda iddiaçı və onun arvadı ilə birgə yaşayır.
12. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. 2.5 Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.8. Doğum haqqında akt qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana onlardan birinin ərizəsi əsasında doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar; 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır.
17. İlk olaraq, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.
18. Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün prosessual məcəllələrdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, məhkəmə icraatında prosessual qaydaları tənzim edir. Prosessual məcəllələr məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, məhkəmələr tərəfindən icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir.
19. Prosessual qanunun normaları nəinki məhkəmə icraatının gedişatını, həmçinin prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
21. Həmin Qərarın 2.3-cü bəndində görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
22. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. İddia qaldırmaq səlahiyyətinin mövcudluğundan o vaxt bəhs oluna bilər ki, inzibati akt və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulma imkanı olsun.
23. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
24. Göründüyü kimi tələb üzrə iddiaçı övladının doğum akt qeydində yanlış məlumatların qeyd edildiyini iddia edərək, doğum akt qeydinə müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir.
25. Birinci instansiya məhkəməsi iddiaçının övladının bioloji anası X8 olduğundan, eləcə də uşağın doğum akt qeydindəki məlumatlar onun göstərişinə əsasən yazıldığından iddianı əsassız hesab etmişdir.
26. İş materiallarına əlavə edilən Gəncə “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 şəhərində anadan olmuş, ata qrafasında «X9», ana qrafasında isə «X10» qeyd edilmişdir.
27. xx.xx.2021-ci il tarixli, AZ-İV 551102 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə anadan olmuş, ata qrafasında «X9», ana qrafasında isə «X10» qeyd edilmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin olaraq iddiaçının doğum qeydində düzəliş edilməsinə dair tələbi irəli sürməsi üçün subyektv hüququnun mövcudluğuna hüquqi zəmin olmalıdır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası 27 avqust 2012-ci il tarixli qərarına əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.
30. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
31. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.
32. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
33. İddiaçı özünün Afət Nəcimovanın atası olması dair müvafiq olaraq ərizə ilə qeydiyyat orqanına müraciət etməmiş, atalıq faktının təsdiqinə dair iddia irəli sürməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8.3-cü bəndinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
34. Hazırki halda uşağın anasının müraciəti əsasında onun adı ana adı qrafasında, onun göstərişi ilə Ələkbər Nəcimov isə ata qrafasında qeyd edilmişdir. İddiaçının qeyd olunan uşağın atası olmasını təsdiq edən heç bir rəsmi sənəd mövcud deyildir.
35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia mümkünlük şərtlərini ödəmədiyindən mümkün sayılmamalıdır.
36. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
q ə r a r a a l d ı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-434/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov