Məhkəmə qərarları › İş №2-1(104)-393/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-393/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-393/2024 01.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, “torpaq sahəsinin sahiblik və istifadəyə verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-980/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 18 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mütəxəssislər tərəfindən naturada çöl ölçmə işləri aparılmış və TEKUİS məlumat bazası ilə müqayisə edilmişdir. Məlum olmuşdur ki, TEKUİS-ə əsasən dövlət mülkiyyətinə aid olmaqla kateqoriyası sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sahəsidir halhazırda N saylı hərbi hissə fəaliyyət göstərir. Tekuisdə xüsusi təyinatlı yer kimi qeydə alınmışdır.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 03 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət Notariat Arxivində və “Elektron Notariat” İnformasiya X1 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1888-ci ildə Qasım İsmayılov rayonu, Qızılhacılı kəndində anadan olmuş, Az.DSİ-nin məhkəmə iclası kollegiyasının xx.xx.1930-cu il tarixli və onunla bağlı Zaq.DSİ-nin məhkəmə iclası kollegiyasının xx.xx.1930-cu il tarixli qərarları ilə güləllənməyə məhkum edilmiş, Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının xx.xx.1990-cı il tarixli qərarı ilə bəraət almış mərhum babası X9 həbs edilənədək xüsusi mülkiyyətində olmuş Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən 08 (səkkiz) desyatin ölçüdə torpaq sahəsindən qanunsuz istifadə etməsinə son qoyulması, həmin torpaq sahəsinin boşaldılaraq onun faktiki sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X5 onun yəni, İddiaçı atası və repressiya qurbanı X6r. X2 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Vəkil sorğusuna Azərbaycan SSR Ali Məhkəməsinin Sədr müavini Gülzar xanım Rzayevanın xx.xx.1990-cı il tarixli 0-313/36 nömrəli cavab məktubunda göstərilir ki, Qasım- İsmayılov rayonu (indiki Goranboy rayonu), Qızıl-Hacılı kənd (indiki Qızılhacılı qəsəbəsi) sakini olmuş, evli, 42 yaşlı babası X8. DSİ-in Məhkəmə iclası kollegiyasının xx.xx.1930-cu il tarixli qərarı ilə Azərbaycan SSR CM-in 79-cu maddəsi ilə təqsirli bilinib, 8 il müddətə konslager cəzasına məhkum edilmişdir. X3 həmin qərarla təyin edilmiş cəzanın növü Zaq. DSİ-in Məhkəmə iclası kollegiyasının xx.xx.1930-cu il tarixli qərarı ilə dəyişdirilərək, yüksək cəza növü olan güllələnmə ilə əvəz edilmişdir. Cinayət işinin materiallarından aydın olmuşdur ki, həbs olunanadək babası X9 2 otaqlı şəxsi evi, 8 desyatin torpaq sahəsi, 1 inəyi və 2 atı olmuşdur. X9 əmlakının müsadirə olunmasına dair cinayət işində məlumat aşkar edilməmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının xx.xx.1990-cı il tarixli qərarı ilə Az. DSİ-nin Məhkəmə iclası kollegiyasının xx.xx.1930-cu il tarixli qərarı və Zaq. DSİ-nin Məhkəmə iclası kollegiyasının xx.xx.1930-cu il tarixli qərarı X3 münasibətdə ləğv edilmiş və onun əməlində cinayət tərkibi olmadığına görə iş üzrə icraata xitam verilmişdir. Bununla da ölümündən sonra X3 bəraət verilmişdir.Repressiya qurbanı olmuş X3 məhkəmənin qərarı ilə bəraət verildiyinə görə Goranboy rayonu, Qızılhacılı qəsəbəsində 0,21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117,5 kv.m. olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi atası Mikayıl Həsənova qaytarılmışdır. Beləliklə, mərhum babası X7 miras qalmış daşınmaz əmlakın bir hissəsi atam Mikayıl Həsənov tərəfindən qəbul edilmişdir. Həmin fərdi yaşayış evini atası Mikayıl Həsənov xx.xx.2011-ci il tarixdə oğlu olaraq ona yəni, İddiaçı bağışlamışdır. Lakin, repressiya qurbanı olmuş babası X7 miras qalmış 2 otaqlı şəxsi ev onun oğlu Mikayıl Həsənova qaytarılsa da, miras əmlak olan yaşayış məntəqələri təyinatlı 8 desyatin torpaq sahəsinin də ona qaytarılması həmin vaxtdan 2022-ci ilin ortalarınadək orada cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsi yerləşdiyinə görə mümkün olmamışdır. Həmin hərbi hissə 2022-ci ilin ortalarından oradan köçürülmüş və bununla da repressiya qurbanı olmuş babası X7 miras qalmış Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən yaşayış məntəqələri təyinatlı 8 desyatin torpaq sahəsi faktiki boşaldılmışdır. İddiaçı hesab edir ki, repressiya qurbanı mərhum babası X7 miras qalmış Goranboy rayonu, Qızılhacılı qəsəbəsindəki 8 desyatin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi vərəsəlik qaydasında üzərində mülkiyyət hüququ əldə etdiyi məhum babası X7 miras qalmış Goranboy rayonu, Qızılhacılı qəsəbəsindəki 8 desyatin ölçüdə torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulmalı, həmin torpaq sahəsini boşaldılıb, onun faktiki sahibliyinə və istifadəsinə verilməlidir.

5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-980/2024 nömrəli qərardadı ilə (hakim L.Əliyeva) iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunduğu kimi iddiaçının X15 Həsənə məxsus olduğunu iddia etdiyi 8 desyatin torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici dəlilləri məhkəməyə təqdim etməmiş, həmçinin qeyd edilmiş 8 desyatin torpaq sahəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin yerləşdiyi ərazi olmasıda sənədlərlə təsdiq olunmamışdır. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Beləliklə də, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçının babasına aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair babasının titul sahibliyini və özünün babasının vərəsəsi olmasını aşkara çıxara bilməmişdir ki, hazırda da digər şəxslərin istifadə hüququnun ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququnu istisna edir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-980/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, repressiya qurbanı olmuş iddiaçının babası X9 xüsusi mülkiyyətində olmuş Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən yaşayış məntəqələri təyinatlı 8 desyatin torpaq sahəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin istifadəsinə və ya sahibliyinə verilməsinə əsas olan bütün ilkin sənədlər barədə ətraflı məlumatın təqdim edilməsinə dair cavabdehə sorğu göndərilmişdir. Bununla bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MİS tərəfindən 2341 nömrəli xx.xx.2023-cü il tarixli cavabında bildirilmişdir ki, Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən “Qızılhacılı-1” hərbi şəhərciyində 1988-ci ildən “N” saylı hərbi hissə yerləşdirilmişdir. Sözügedən hərbi şəhərciyin ərazisi 5.2 hektardır. Ərazidə kazarma fonduna aid 4(dörd) ədəd bina və qurğular yerləşir. Halhazırda şəhərcik cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin istifadəsindədir. Təəssüf ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəinki iddia ərizəsinə hər hansı münasibət bildirməmiş, həm də nümayəndəsini məhkəmə iclasında iştirak edib müəyyən suallara cavab verməsi üçün göndərməmişdir. Belə vəziyyətdə birinci instansiya məhkəməsi iddiaçı tərəf olaraq, təklif etdiyi şahidləri dindirməkdən əsassız olaraq, imtina etmişdir. Bundan əlavə, işə baxan hakim barəsində mübahisə gedən torpaq sahəsinə gedib baxmamış, onu müayinə və tədqiq etməmişdir. Daha sonra, birinci instansiya məhkəməsi barəsində mübahisə gedən və 1988-ci ildən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin istifadəsinə verilmiş torpaq sahəsinin bundan əvvəlki hüquqi vəziyyəti yəni, kimin mülkiyyətində və ya istifadəsində olması ilə bağlı da heç bir arşdırma aparmamışdır.

b) Apellyasiya şikayətlərinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə etiraz ərizəsi daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahatlar verərək şikayətin təmin olunmasını xahiş etdilər.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

13. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı:

1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.

16. İlk öncə qeyd edilməlidir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur

17. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

18. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

19. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır

21. Hazırkı iş üzrə iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdeh inzibati orqana qarşı torpaq sahəsindən qanunsuz istifadə etməsinə son qoyulması, həmin torpaq sahəsinin boşaldılaraq onun faktiki sahibliyinə və istifadəsinə verilməsindən ibarətdir.

22. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələrə aidiyyəti müəyyən edilmir.

23. Belə ki, iddiaçının tələbləri sırf mülki mübahisə xarakteri daşıdığından və mülki prosessual qanunvericiliyin müəyyən etdiyi icraat çərçivəsində həll edilməli məsələni təşkil etməsi baxımından, publik hüquq sahəsinə aid mübahisənin predmetini təşkil edə bilməz. Bu halda həmin tələblər üzrə başqa icraat qaydası müəyyən olunduğundan, İPM-in 2.1-ci maddəsinin tələbi nəzərə alınmaqla inzibati məhkəmə icraatı istisna olunur.

24. İnzibati məhkəmə icraatında iddianın digər mümkünlük şərtlərindən əvvəl yoxlanılmalı olan əsas mümkünlük şərti həmin iddianın predmetinin inzibati hüquq mübahisəsinə və həmin mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasına bağlı olmasıdır.

25. Məhkəmə tərkibi onu da qeyd edir ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir.

Nəticə hissəsi: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-980/2024 nömrəli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar