Məhkəmə qərarları › İş №2-1(104)-393/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-393/2025

08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-393/2025 08.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X3) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2041/2025 saylı qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının 102 nömrəli Sərəncamı əsasında onunla xx.xx.2014-cü il tarixdə Cavabdeh arasında bağlanmış 27 nömrəli müqavilənin bərpa edilməsinin cavabdeh orqana həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, heyvanların sayının artması ilə əlaqədar, örüş yeri icarəyə götürmək qərarına gələrək bu səbəbdən, Cavabdehnə müraciət etmiş, xx.xx.2014-cü il tarixdə Cavabdeh Başçısının 102 nömrəli Sərəncamı ilə ona Daşkəsən rayonu ərazisində 70 nömrəli Dövlət fondu yay otlaq sahəsindən 164 ha, 72 nömrəli Dövlət fondu yay otlaq sahəsindən 136 ha olmaqla, ümumilikdə 300 ha torpaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir. Həmin Sərəncama əsasən də xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə onun arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmişdir. 2024-cü ilin fevral ayında müqavilə əsasında istifadəsində olan torpaq sahəsini başqa şəxsə verildiyini bilmişdir. Mart ayında 2014-cü ildə bağlanmış müqavilənin uzadılması ilə bağlı Cavabdehnə müraciət etmək fikrində olmuş, lakin, ona Cavabdeh onunla xx.xx.2014-cü il tarixdə Cavabdeh arasında bağlanmış müqavilənin ləğv edildiyini bildirdilər. Beləliklə, Cavabdeh ona məlumat vermədən müqaviləni ləğv etmişdir, bu da ki, kobud qanun pozuntusudur. Eyni zamanda, onun müqaviləsi olduğu halda, həmin torpaq sahəsini digər şəxsə icarəyə verilməsi qanuna ziddir. O, müqavilənin ləğv edilməsini bildikdən sonra bununla bağlı qərarı istəmiş, lakin, Cavabdehndən qərar nə onun ünvanına, nə də ona təqdim edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2041/2025 saylı qərardadı ilə X3 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Başçısının xx.xx.2024-cü il tarixli, 11 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin (hakim L.Əliyeva) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2041/2025 saylı qərarı ilə iddianın təmin edilməsi, Cavabdeh Başçısının xx.xx.2024-cü il tarixli, 11 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Üçüncü şəxs X3 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2041/2025 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 102 №-li Sərəncamı əsasında onunla xx.xx.2014-cü il tarixdə bağlanmış olan 27 N-li müqavilənin bərpa edilməsi tələbinə dair” iddia ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə üçüncü şəxs qismində X2 da qoymuşdur. Sonradan iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh Başçısının xx.xx.2024-cü il tarixli, 11 nömrəli sərəncamının ləğv edilməsi xahiş etmiş və iddiaçının iddia tələbi təmin edilmişdir. Amma ki, iddiaçının həmin torpaq sahəsini subicarəyə verilməsi barədə tərtib edilmiş olan akta qiymət verilməmişdir. Ümumiyyətlə iddiaçının Cavabdeh ilə xx.xx.2014cü il tarixdə bağlanmış olan icarə müqaviləsini hansı əsaslarla bağladığını, həmin müqavilə əsasında kimə məxsus olan heyvanların olduğunu, iddia edən şəxsin ümumiyyətlə təsərrüfatının olmadığını müşahidə edilməsi halının mövcud olmasına da hüquqi qiymət verilməmişdir. İddiaçıya subicarəyə verdiyi üçün, onunla bağlanmış olan icarə müqaviləsinin ləğv edilməsi və həmin torpaq sahəsinin Cavabdeh sərəncamında olan torpaq sahəsi olduğunu bildiyi xx.xx.2023-cü il tarixdə tərtib edilmiş olan akta əsasən aşkar edilmiş olan qanunsuzluqlara əsasən 70 və 72 nömrəli yay otlaq sahəsinin geri qaytarılmaqla dövlət fondunda saxlanılması məqsədə uyğun hesab edilən zamandan 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, iddiaçı həmin torpaqları subicarəyə verməklə fayda əldə etdiyi üçün yenidən müqavilə bağlamaq istəməsi kimi iddiasının mövcudluğuna hüquqi qiymət verilməmişdir. Yəni ki, həmin torpaq sahəsi ümumiyyətlə ilkin olaraq xx.xx.2014-cü ildən bəri iddiaçının istifadəsində olmamışdır. Onun həmin torpaq sahəsinin məhz üçüncü şəxsə pul müqabilində subicarəyə verdiyini iddiaçının plastik bank kartına vurulmuş olan pulla isbat edilməsini məhkəmdə vurğulamağımıza baxmayaraq, həmin hissəyə də heç bir hüquqi mövqe bildirilməmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh orqan artıq iki ildir ki, onun həmin torpaq sahəsindən istifadə etməsinə məhdudiyyət yaratmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş : - Cavabdeh xx.xx.2014-cü il tarixli, 102 nömrəli sərəncamı ilə Daşkəsən rayonu ərazisində yerləşən 70 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 184 ha, 72 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 136 ha olmaqla, cəmi 300 ha torpaq sahəsi 10 il müddətinə İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. - Cavabdeh xx.xx.2014-cü il tarixli, 102 nömrəli sərəncamı əsasında Cavabdeh ilə İddiaçı arasında 10 il müddətinə torpağın icarəyə verilməsi haqqında xx.xx.2014-cü il tarixli, 27 nömrəli müqavilə bağlanmışdır. - 20 iyun 2023-cü il tarixli akt ilə Daşkəsən rayon İHB-nın Memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov, Daşkəsən rayon Qaratağlar kənd sakini Racəddin Mustafayev, Daşkəsən rayon Alaxançallı kənd sakini Mahir Məmmədov, Daşkəsən rayon Qaratağlar kənd sakini Bayram Məmmədov, Ağstafa rayon sakini təsərrüfat müdiri Pərviz Ömərov aktı tərtib edərək Daşkəsən rayon ərazisində olan 70 və 72 nömrəli yay otlaq sahəsində onlar tərəfindən araşdırma aparılmiş, araşdırma zamanı məlum edilmişdir ki, Cavabdeh Başçısının xx.xx.2014-cü il tarixdə 102 saylı sərəncama əsasən İddiaçı 300 ha torpaq sahəsi ayrılıb xırda buynuzlu davarların saxlanması üçün müvəqqəti icarəsinə verilmişdir. Lakin İddiaçı ona ayrılmış yay otlaq sahəsindən özü yox başqa adamlara həmin yay otlaq sahəsini qanunsuz icarəyə verir ki, bu da Azərbaycan Respublikası Torpaq Məcəlləsinə və “İcarə haqqında“ Qanununa tam ziddir. Həmin yay otlaq sahəsindən istifadə edən vətəndaşlar bildirirlər ki, uzun illərdir İddiaçı xırda buynuzlu davarları olmadığına görə 70 və 72 nömrəli Dövlət fondu yay otlaq sahəsini bizə icarəyə verir. Yuxarıda göstərilələri nəzərə alaraq 70 və 72 nömrəli yay otlaq sahəsinin geri qaytararaq Dövlət fondunda saxlanması məqsədə uyğundur. - Cavabdeh xx.xx.2024-cü il tarixli, 11 nömrəli sərəncamı ilə Daşkəsən rayonu ərazisində yerləşən 70-72 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 300 ha ayrılıb heyvandarlığın inkişaf etdirilməsi ilə əlaqədar 2000 baş xırdabuynuzlu davarların saxlanılması üçün 15 il müddətinə X1 icarəsinə verilməsi qərara alınmışdır. - Cavabdeh xx.xx.2024-cü il tarixli, 63 nömrəli sərəncamı ilə Daşkəsən rayon Qabaqtəpə kənd sakini İddiaçı Cavabdeh Başçısının xx.xx.2014-cü il tarixli, 102 nömrəli Sərəncamına əsasən 70 nömrəlidən 164 ha, 72 nömrəlidən 136 ha cəmi 300 ha Dövlət fondu yay otlaq sahəsindən ayrılmış torpaq sahəsinin istifadə müddəti bitdiyinə görə ləğv edilərək Dövlət mülkiyyətində saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (Qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, verilmiş iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab verməlidir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının bu tələblə məhkəmə müdafiəsindən istifadə etməsinə subyektiv hüququnun olub-olmamasının aydınlaşdırılmasını zəruri hesab edir. Göründüyü kimi, iddiaçı Cəfərov X4 rayonu ərazisində yerləşən 70-72 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 300 ha torpaq sahəsinin 15 il müddətinə X1 icarəsinə verilməsinə dair Cavabdeh xx.xx.2024-cü il tarixli, 11 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 102 nömrəli sərəncamı ilə Daşkəsən rayonu ərazisində yerləşən 70 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 184 ha, 72 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 136 ha olmaqla, cəmi 300 ha torpaq sahəsinin 10 il müddətinə İddiaçı icarəsinə verilməsi qərara alınmış və həmin sərəncam əsasında tərəflər arasında torpağın icarəyə verilməsi haqqında xx.xx.2014-cü il tarixli, 27 nömrəli müqavilə bağlanmışdır. Daha sonra, Cavabdeh xx.xx.2024-cü il tarixli, 63 nömrəli sərəncamı ilə İddiaçı Cavabdeh Başçısının xx.xx.2014cü il tarixli, 102 nömrəli Sərəncamına əsasən 300 ha Dövlət fondu yay otlaq sahəsindən ayrılmış torpaq sahəsinin istifadə müddəti bitdiyinə görə ləğv edilərək Dövlət mülkiyyətində saxlanılması qərara alınmışdır. Göründüyü kimi, tərəflər arasında qeyd edilən torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatdığına görə, eyni zamanda cavabdeh orqan icarə münasibətlərinin təkrar uzadılmasını məqsədəuyğun hesab etmədiyinə görə müvafiq sərəncam verərək tərəflər arasında bağlanmış müqaviləyə müddəti bitdiyinə görə xitam vermişdir. Hazırkı tələblə bağlı iddia ərizəsi isə birinci instansiya məhkəməsinə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Mübahisələndirilən sərəncama gəldikdə isə, iş materiallarından göründüyü kimi, Cavabdeh xx.xx.2024-cü il tarixli, 11 nömrəli sərəncamı ilə Daşkəsən rayonu ərazisində yerləşən 70-72 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 300 ha torpaq sahəsi 15 il müddətinə üçüncü şəxs X1 icarəsinə verilmişdir. Qeyd edilməlidir ki, şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün subyektiv hüquqa malik olması tələb olunur. İddiaçı ilə cavabdeh inzibati orqan arasında bağlanılmış icarə müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, iddiaçı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, hansı ki, həmin vaxt onun tərəf olduğu icarə müqaviləsinin müddəti bitdiyindən, qüvvədə olmamışdır. İddiaçı tərəfindən mübahisələndirilən hallar həmin dövrdə, o cümlədən özünün həmin əmlaka dair bağladığı icarə müqaviləsinin qüvvədə olduğu dövrdə mübahisələndirilə bilərdi. Lakin iddiaçı həmin dövrdə bu hüququndan istifadə etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. İddiaçının həmin əmlaka dair hər hansı əmlak hüquqlarının (sahiblik, istifadə və s) mövcudluğu hazırda və məhkəmədə iddia qaldırdığı vaxt öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən sərəncamın predmetini təşkil edən 300 ha torpaq sahəsinə dair iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixə hər hansı hüquqlara malik olması istisna olunur, çünki həmin tarixdə qeyd olunan torpağa dair tərəflər arasında icarə hüquq münasibətləri mövcud olmamışdır. Belə olan halda, iddiaçı yalnız tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış icarə müqaviləsinin mövcudluğuna istinad etməklə, məhkəməyə müraciət edən zaman hər hansı hüquqi bağlılığı olmadığı torpaq sahəsinə dair verilmiş sərəncamı mübahisələndirməsi mümkün deyildir. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə, şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 88.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsinə inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Göründüyü kimi, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. İşin yuxarıda qeyd edilən halları isə iddia tələbini mümkünsüz edir. Göründüyü kimi, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmamış, bu səbəbdən də iddia tələbinin mümkünlük şərtləri yaranmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İPM-in 35, 87.5, 87.6, 89, 94.1-ci maddələri rəhbər tutub məhkəmə kollegiyası, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2041/2025 saylı qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə (üçüncü şəxs X3) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar