Məhkəmə qərarları › İş №2-1(104)-394/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-394/2024

26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-394/2024 26.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1766/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Göygöl rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli qərarı ilə ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 iyun 2021-ci il tarixli **********92 nömrəli məktubu ilə bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən müraciətdə qeyd edilən JN-199A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə təhvil verilməmişdir. Həmçinin, Ərazi İdarəsinə xidməti istifadə üçün verilmiş torpaq islahatının subyekti olmuş vətəndaşların adlı siyahısında, elektron xəritə məlumatlarında və “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında" JN-199A saylı şəhadətnamə barədə məlumatlar aşkar olunmamışdır. Göygöl rayonu Yeni Zod bələdiyyəsi tərəfindən tərtib edilmiş yerləşmə sxemində göstərilən 0,10 ha torpaq sahəsi Mixaylovka kəndinin kompleks yerquruluşu xəritəsində dövlət mülkiyyətində olan meşə fondu, bələdiyyənin yeni uçot xəritəsində isə kənd təsərrüfatı təyinatlı (örüş sahəsi) torpaqları kimi göstərilmişdir.

2. Yeni Zod, Mixaylovka və Göyçəkənd kəndlərində vətəndaşların istifadəsində olan həyətyanı torpaq sahələrinin mülkiyyətlərinə verilməsi haqqında M.Ə.Rəsulzadə adına sovxozun X11 Komissiyasının 02 oktyabr 1997-ci il tarixli 16 saylı qərarı ilə təsdiq edilmiş siyahıda İddiaçı 0,1022 ha torpaq sahəsinin verilməsi qeyd edilmişdir.

3. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 81 nömrəli arxiv arayışından görünür ki, Xanlar rayon M.Ə.Rəsulzadə adına sovxozun X11 Komissiyasının 02 oktyabr 1997-ci il tarixli 16 saylı iclas protokolundan arxiv çıxarışında təsərrüfatın ərazisindəki kəndlərdə vətəndaşların istifadəsində olan həyətyanı torpaq sahələrinin ölçülmüş, tərtib edilmiş siyahısı təsdiq edilməsi qərara alınmışdır.

4. Xanlar rayonu Mixaylovka kənd sakini İddiaçı adına X9 Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 saylı qərarı ilə 0,10 ha torpaq sahəsinin verilməsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN – 199A KOD 50802028 nömrəli şəhadətnamə tərtib edilmiş, 2022 nömrə ilə kitabda qeydə alınmışdır.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-10171/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-199A (kod-********) saylı şəhadətnamə, torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materialında öz əksini tapmamış və mülkiyyətinə həyətyanı torpaq sahələri verilmiş vətəndaşların adlı siyahısında 199 nömrəli torpaq sahəsinin mülkiyyətçisi barədə məlumat qeyd olunmamışdır. “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə sənədlərində torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X və Y) əks olunmur. İddiaçı naturada faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0.10 ha torpaq sahəsi, daxil olmuş iş materiallarında mövcud olan Yenizod bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmiş koordinat sxemində (cizgi plan) qeyd olunan koordinatlar daxilində yerləşən 0.10 ha torpaq sahəsi ilə eynilik təşkil edir. Həmin naturada təqdim olunan 0.10 ha torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və AZCAD-da Bənövşəli kənd ərazisində, xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, eyni zamanda həyətyanı sahə olaraq göstərilmişdir. Lakin TEKUİS və AZCAD məlumatlarında həmin torpaq sahəsinə dair hər hansı məlumat qeyd olunmamışdır və eyni zamanda elektron kasatr bazası məlumatlarında, həmin torpaq sahəsinin xüsusi mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd aşkarlanmamışdır. Naturada təqdim olunan torpaq sahəsinin üzərindən və hava məkanından kommunikasiya xətti keçmədiyi, elektron kadastr bazası materillarına istinadən mühafizə və qorunma zonasına düşməsi halı aşkarlanmamışdır.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********36 reyestr nömrəli çıxarışdan görünür ki, Göygöl rayonu, Bənövşəli kəndində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X4 məxsusdur.

7. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-2099 reyestr nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********36 reyestr nömrəli çıxarışı ilə X4 məxsus olan 0,12 ha torpaq sahəsi sonuncu tərəfindən X1.

8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********36 reyestr nömrəli çıxarışdan görünür ki, Göygöl rayonu, Bənövşəli kəndində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 məxsusdur.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xanlar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə, Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair JN-199 A (kod ********) saylı şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin onun adına qeydə alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Xanlar Rayon Aqrar İslahat Komissiyasınıln xx.xx.1997-ci il tarixli 16 saylı qərarı əsasında Göygöl rayonu, Mixayılovka kəndində 0.10 ha torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsinə dair ona keçmiş X9 Komissiyasının qərarı ilə JN-199 A saylı Kod 50802028 nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Ayrılmış torpaq sahəsi yerində sərhədləri müəyyən edilərək, naturada ona təhvil verilmiş və hal-hazırda həmin torpaq sahəsi onun mülkiyyətində və istifadəsindədir. Lakin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istədikdə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğu səbəb göstərilərək qanunsuz şəkildə cavabdeh tərəfindən imtina edilmişdir. Həmin ərazinin Kadastr və X2 məlumatlarında və şəhadətnaməni verən orqanın arxiv məlumatlarında onun adı siyahıda olduğundan cavabdehin imtinasının heç bir əsası yoxdur.

11. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********55 nömrəli etirazında qeyd edilmişdir ki, araşdırma zamanı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-199A saylı Şəhadətnamənin ərazi idarəsinə xidməti istifadə üçün verilmiş torpaq islahatının subyekti olmuş vətəndaşların adlı siyahısında (DBF), elektron xəritə məlumatlarında (DWJ) və “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında” məlumatın olmadığı, həmin şəhadətnamənin nüsxəsinin Ərazi idarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Eyni zamanda Yeni Zod bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 0.10 ha torpaq sahəsinin sxemində qeyd olunan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları ərazi idarəsinin xəritə materiallarına istinadən dəqiqləşdirilərkən, Mixayılovka kəndinin kompleks yerquruluşu xəritəsində həmin torpaq sahəsinin dövlət mülkiyyətinə aid meşə fondu torpaqları, bələdiyyənin yeni uçot xəritəsində isə kənd təsərrüfatı, örüş torpaqları kimi işlənildiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1766/2021 nömrəli qərarı ilə (hakim U.Osmanov) iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər arasında yer alan Göygöl Rayon Dövlət Arxivininin arayışından görünür ki, Xanlar rayonu M.Ə.Rəsulzadə adına savxozun X11 Komissiyasının xx.xx.1997-ci il tarixli iclas protokolunda X11 Komissiyasının qərarının təsdiq edilməsi üçün Xanlar Rayon Aqrar İslahat Komissiyasına müraciət edilməsi barədə göstəriş qeyd olunsa da, sözügedən komissiyanın həmin qərarının rayon aqrar islahat komissiyası tərəfindən təsdiq etməsi ilə bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir. Xanlar rayonu M.Ə.Rəsulzadə adına savxozun X11 Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda iddiaçının adı və ona ayrılmış torpaq sahəsi göstərilsə də, həmin qərar Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmədiyindən heç bir hüquqi əsası yoxdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1766/2021 nömrəli qərarının ləğv olunması və iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, qərarın ləğv edilməsi üçün ən ciddi əsas ondan ibarətdir ki, məhkəmə iş üzrə tətbiq edilməli olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsini inzibati mübahisəyə tətbiq etməmişdir. Belə ki, həmin müddəaların mahiyyətinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınm.az əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin, məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan müddəalara istinad etməli olduğu halda, bunu etməmişdir. Halbuki nəzərə alınmalıdır ki, daşınmaz əmlaka mülkiyyət hüququ üçün əsas hesab olunan sənədlər içərisində müvafiq icra hakimiyyəti tərəfindən verilmiş şəhadətnamə tələb olunan sənədlərdən biridir və iddiaçıya JN-199 A saylı Kod 50802028 verilmiş şəhadətnamə mövcuddur. Hazırki vəziyyətdə məhkəmə inzibati mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsini tətbiq etməli olduğu halda, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun maddələrini tətbiq etmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş iddiaçıya JN-199 A saylı Kod 50802028 şəhadətnamə ilə bağlı isə məhkəmə sadəcə qiymətləndirmə aparmamışdır. Məhkəmə iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və işin halları ilə birbaşa bağlı olan əsas sübutu tam və hərtərəfli araşdırıb qiymətləndirməli olduğu halda ümumiyyətlə qiymətləndirməmiş, bu sübutu qərarın təsviri hissəsində sadəcə təsvir etmiş, qərarda gəlinən nəticəni bu sübutla əsaslandırmamışdır. Bununla da məhkəmə AR İPM-nin 58.7-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həmin sübutlar aşağıdakılardır: a) xx.xx.1997-ci il tarixli JN- 199A (KOD ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə: Şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir, məzmunu torpaq sahəsin iddiaçıya məxsus olmasını ilə bağlıdır; b) Göygöl Rayon Dövlət Arxivi tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli, 81 nömrəli arxiv arayışı. Məhkəmə iddia predmetinin əsasını təşkil edən xx.xx.1997-ci il tarixli JN-199A (KOD ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin iddianın təmin edilməsi üçün əsas hesab etməmişdir. Digər sübuta isə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş mötəbər sübut mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını təsdiq edir. Lakin məhkəmə haqsız olaraq qeyd olunan şəhadətnamənin qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsinin mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas hesab edilmədiyi qənaətinə gəlmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və təmin olunmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, mütəxəssis rəyinə uyğun izahat verdi və şikayətin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139- 1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;

20. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu:

1. İslahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. İslahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir.

5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir.

21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: 1.Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. 4 . Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. 5 . Torpaq islahatı aparılarkən aşağıdakı şərtlərə əməl edilir: ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınması; torpaqlardan təyinatı üzrə istifadə edilməsi; ətraf mühitin mühafizəsinin təyin edilməsi; torpaq islahatının yerquruluşu layihələri əsasında aparılması. 9 . Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 1 0 . Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. 1 3 . Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə - bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

26. İş materialları ilə müəyyən olunur ki, Xanlar rayon M.Ə.Rəsulzadə adına sovxozun X11 Komissiyasının 02 oktyabr 1997-ci il tarixli 16 saylı iclas protokoluna əsasən təsərrüfatın ərazisindəki kəndlərdə vətəndaşların istifadəsində olan həyətyanı torpaq sahələrinin ölçülməsi, tərtib edilmiş siyahının təsdiq edilməsi qərara alınmışdır. Həmçinin, Yeni Zod, Mixaylovka və Göyçəkənd kəndlərində vətəndaşların istifadəsində olan həyətyanı torpaq sahələrinin mülkiyyətlərinə verilməsi haqqında M.Ə.Rəsulzadə adına sovxozun X11 Komissiyasının 02 oktyabr 1997-ci il tarixli 16 saylı qərarı ilə təsdiq edilmiş siyahıda İddiaçı 0,1022 ha torpaq sahəsinin verilməsi qeyd edilmişdir.

27. X9 Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 saylı qərarı ilə İddiaçı 0,10 ha torpaq sahəsinin verilməsi qərara alınmış, həmçinin JN – 199A KOD 50802028 nömrəli Şəhadətnamə tərtib edilərək, kitabda 2022 nömrə ilə qeydə alınmışdır.

28. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir.

29. Cavabdeh orqanın imtinası onunla əsaslandırılmışdır ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən müraciətdə qeyd edilən JN-199A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə təhvil verilməmişdir. Həmçinin, Ərazi İdarəsinə xidməti istifadə üçün verilmiş torpaq islahatının subyekti olmuş vətəndaşların adlı siyahısında, elektron xəritə məlumatlarında və “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında" JN-199A saylı şəhadətnamə barədə məlumatlar aşkar olunmamışdır. Göygöl rayonu Yeni Zod bələdiyyəsi tərəfindən tərtib edilmiş yerləşmə sxemində göstərilən 0,10 ha torpaq sahəsi Mixaylovka kəndinin kompleks yerquruluşu xəritəsində dövlət mülkiyyətində olan meşə fondu, bələdiyyənin yeni uçot xəritəsində isə kənd təsərrüfatı təyinatlı (örüş sahəsi) torpaqları kimi göstərilmişdir.

30. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin imtinası əsaslı hesab olunaraq, iddia təmin edilməmişdir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrində, həmçinin Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşların qanuni istifadəsində olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

32. Hazırki halda mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən X9 Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 saylı qərarı, Torpağın mülkiyyətə verilməsinə dair JN – 199A KOD 50802028 nömrəli şəhadətnamə, Yeni Zod, Mixaylovka və Göyçəkənd kəndlərində vətəndaşların istifadəsində olan həyətyanı torpaq sahələrinin mülkiyyətlərinə verilməsi haqqında M.Ə.Rəsulzadə adına sovxozun X11 Komissiyasının 02 oktyabr 1997-ci il tarixli 16 saylı qərarı ilə təsdiq edilmiş siyahı mövcuddur və iş materiallarına əlavə edilmişdir. Qeyd olunan sənədlərin möhtəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir.

33. Bundan başqa məhkəmə araşdırılması zamanı təqdim olunan subyektlərin siyahısında da iddiaçıya 0,1022 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair qeydiyyat aparılmış, həmçinin həmin siyahı Göygöl Rayon Dövlət Arxivindən əldə edilmişdir.

34. Vurğulamaq lazımdır ki, yuxarıda qeyd olunan torpaq sahəsinin iddiaçıya verilməsini təsdiq edən sənədlər torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan- Xanlar rayonu M.Ə.Rəsulzadə adına savxozun X11 Komissiyası tərəfindən verilmişdir və X11 komissiyasının torpaq sahəsinin ayrılmasına dair qərarının rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilməməsi iddiaçının məsuliyyət sferasına aid deyildir.

35. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya verilməsi barədə X11 Komissiyasının qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi barədə Torpağın mülkiyyətə verilməsinə dair JN – 199A KOD 50802028 nömrəli şəhadətnamə də tərtib edilmişdir və həmin şəhadətnamənin arxiv nüsxəsi də cavabdeh inzibati orqanda saxlanılır.

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

38. Azərbayvan Respublikasının Prezidentinin 25 avqust 2000-ci il tarixli, 386 nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanının 3.7-ci bəndinə əsasən, həmin Məcəllənin 139-1.1.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları həyata keçirirlər.

39. Cavabdeh orqanının imtina dəlillərində həmçinin qeyd olunur ki, Göygöl rayonu Yeni Zod bələdiyyəsi tərəfindən tərtib edilmiş yerləşmə sxemində göstərilən 0,10 ha torpaq sahəsi Mixayılovka kəndinin komplkeks yerquruluşu xəritəsində dövlət mülkiyyətində olan meşə fondu, bələdiyyənin yeni uçot xəritəsində isə kənd təsərrüfatı təyinatlı (örüş sahəsi) torpaqları kimi göstərilmişdir.

40. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-10171/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilənlərə əsasən, İddiaçı naturada faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0.10 ha torpaq sahəsi, daxil olmuş iş materiallarında mövcud olan Yenizod bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmiş koordinat sxemində (cizgi plan) qeyd olunan koordinatlar daxilində yerləşən 0.10 ha torpaq sahəsi ilə eynilik təşkil edir. Həmin naturada təqdim olunan 0.10 ha torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və AZCAD-da Bənövşəli kənd ərazisində, xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, eyni zamanda həyətyanı sahə olaraq göstərilmişdir. Lakin TEKUİS və AZCAD məlumatlarında həmin torpaq sahəsinə dair hər hansı məlumat qeyd olunmamışdır və eyni zamanda elektron kasatr bazası məlumatlarında, həmin torpaq sahəsinin xüsusi mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd aşkarlanmamışdır. Naturada təqdim olunan torpaq sahəsinin üzərindən və hava məkanından kommunikasiya xətti keçmədiyi, elektron kadastr bazası materillarına istinadən mühafizə və qorunma zonasına düşməsi halı aşkarlanmamışdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyindən də göründüyü kimi 0.10 ha torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və AZCAD-da Bənövşəli kənd ərazisində, xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, eyni zamanda həyətyanı sahə olaraq göstərilmişdir.

42. Bundan başqa, məhkəmə araşdırması nəticəsində əldə olunmuş sənədlərdən məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin sağ tərəf qonşuluğunda yerləşən 0,12 ha torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********36 reyestr nömrəli çıxarışla X5 xüsusi mülkiyyətindədir (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 26 dekabr 2024-cü il tarixli, 3-21-3-33/2-14714/2024 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər).

43. Buna hüquqi qiymət verən məhkəmə tərkibi qeyd edir ki, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir.

44. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1 və 13.2-ci maddələri).

45. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).

46. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

47. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

48. Göründüyü kimi iddiaçı mübahisəli torpağı aldığı zaman qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun davranmışdır. Bununla yanaşı, həmin torpaq sahəsinin qonşuluğunda olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir.

49. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırki işdə belə əsaslar mövcud deyildir.

50. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdehin imtina dəlilləri torpaq sahəsinin qeydə alınmasından imtina üçün əsaslı hesab edilə bilməz.

Nəticəvi hissə:

53. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1766/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. Xanlar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə, Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair JN-199 A (kod ********) saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar