Məhkəmə qərarları › İş №2-1(104)-394/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-394/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-394/2025 19.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin bərpa edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1241/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2015-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar “dağınıq skleroz, serebrospinal forma. Aşağı ətrafların spastik paraparezi. Kəskin yeriş pozğunluğu” diaqnozu ilə müddətsiz İ dərəcəli əlillik təyin edilmişdir.

2. İddiaçı xx.xx.2022-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar “dağınıq skleroz, serebrospinal forma. Aşağı ətrafların spastik paraparezi. Kəskin yeriş pozğunluğu” diaqnozu ilə 5 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir.

3. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində ümumi xəstəlik səbəbi ilə “dağınıq skleroz, serebrospinal forma. Aşağı ətrafların spastik paraparezi. Kəskin yeriş pozğunluğu” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmişdir.

4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2015-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Vətəndaş xx.xx.2022-ci il tarixdə 17 nömrəli Tibbi sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.2027-ci il tarixədək) ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci tarixli əlilliyin dəyişdirilməsinə dair qərarın ləğv edilməsi və əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, ona 2009-cu ildən dağınıq skleroz xəstəliyinə görə müddətsiz əlillik təyin edilmişdir. Səhhətində ağırlaşmalar olduğuna görə cavabdehin 2015-ci ilin 22 dekabr tarixli qərarı ilə ona birinci qrup müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə TSERA tərəfindən əlillik dərəcəsi yenidən 1-ci dərəcədən 2-ci dərəcəyə və 5 il müddətinə dəyişdirilmişdir. Onun 2007-ci ilin sentyabr ayında M.Ə.Mirqasimov adına Respublika Klinik Xəstəxanasında müayinə və müalicə olunmasına baxmayaraq bugünədək səhhətində müsbətə doğru hər hansı irəliləyiş yoxdur, əksinə başqalarının köməyi olmadan yeriyə bilmir, yatanda belə çəliklə yatır. Ətrafındakıların dediyinə görə danışığını idarə edə bilmir. Əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı ona hər hansı məlumat verilməmiş, yalnız 2023-cü ilin yanvar ayının sonunda sosial müavinətin ödənilməsi zamanı müavinətin məbləğinin azaldığının səbəbini araşdırarkən əlillik dərəcəsinin 2022-ci ilin may ayından dəyişdirildiyi məlum olmuşdur. İddiaçı bu səbəbdən əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı qərarın ləğv edilməsi məqsədi ilə 2023-cü ilin may ayının 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Qazax şəhərində vətəndaşları qəbul etdiyi zaman onun qəbulunda olmuşdur. Nazir müavini və qəbulda iştirak edənlər, o cümlədən TSEK-nin nümayəndəsi onun sağlamlığının hansı vəziyyətdə olmasının canlı şahidi olmuşlar. Qəbul zamanı TSEK-in nümayəndəsi onun əlillik dərəcəsi ilə məşğul olacaqlarını bildirmiş, hətta bu məqsədlə yeni tibbi arayışın təqdim edilməsini, hətta müvafiq arayışın ixtisaslaşmış xəstəxanadan alınmalı olduğunu bildirmişlər. İddiaçı yenidən 2023-cü ilin avqust ayında M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasında müayinə olunmaqla xəstəlik vəziyyətinə dair arayışı, baş beyinin maqnit rezonans tomoqrafiyasına dair sənədi və digər sənədləri avqust ayının 23-də TSERA-ya təqdim etmiş və onu sentyabr ayında TSERA-da əyani müayinədən keçirmişlər. Amma TSEK-in nümayəndəsi qəbul zamanı onun əlillik dərəcəsi ilə maraqlanacağını bir öhdəlik kimi üzərinə götürsə də, hətta iddiaçı yenidən müayinə olunaraq müvafiq sənədləri təqdim etməklə yenidən müraciət etməsinə baxmayaraq, hələ də cavabdeh tərəfindən nə TSEK-ə çağrılmış, nə də rəsmi formada məlumatlandırılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanları qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Lakin bu qurum tərəfindən iddiaçının sosial təminat hüququ kobud şəkildə pozulmuşdur.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, dağınıq skaleoroz səbəbindən xx.xx.2015-ci il tarixdən birinci qrup müddətsiz əlilliyi olmuşdur. xx.xx.2022-ci il tarixli əyani müayinə nəticəsində isə ona ikinci qrup müddətsiz əlillik təyinatı aparılmışdır. “Diaqnozun mətni: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G35-G37 - Mərkəzi sinir sisteminin mielinsizləşmə ilə gedən xəstəlikləri => G35 - Dağınıq skleroz X1: Dağınıq skleroz, serebrospinal forma. Aşağı ətrafların spastik paraparezi. Kəskin yeriş pozğunluğu. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9). Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, 2022-ci il tarixli inzibati qərarı iddiaçı təxminən 2 il sonra mübahisələndirmişdir. Bu da iddia müddətinin itirilməsinə səbəb olmuşdur. Odur ki, iddia qeyri mümkün hesab edilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

8. İddiaçının vəkili Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş mülahizədə göstərilmişdir ki, Nazirlər Kabinetinin 2020-ci il yanvarın 17-dək qüvvədə olmuş 2016-cı il 05 fevral tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.1-ci, 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi qaydası”nın 21-ci bəndinə uyğun olaraq əlilliyin qiymətləndirilməsi, o cümlədən əlillik müddəti bitdikdə və yaxud orqanizmdə xəstəlik vəziyyəti ağırlaşması baş verdikdə təkrar qiymətləndirilməsi səhiyyə müəssisələrinin göndərişi əsasında aparılır. Etiraza əlavə edilmiş qərar formasında isə təkrar müayinəni vətəndaşın müraciəti əsasında aparıldığı qeyd edilmişdir. Halbuki, iddiaçının ilkin əlilliyi 2009-cu ildə ömürlük müəyyən edilmiş və 2015-ci ildə sağlamlıq vəziyyətində ağırlaşmalar baş verdiyi üçün birinci dərəcə ömürlük əlilliyi müəyyən edilmişdir. Bu baxımdan ömürlük əlilliyi müəyyən edilmiş şəxsin əlilliyin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi həqiqətə uyğun deyildir. Digər tərəfdən məhkəməyə təqdim edilən qərar formasında əlillik dərəcəsinin 2022-ci ilin may ayının 24-dən ikinci dərəcə müəyyən edildiyi göstərilir. Əlillik dərəcəsi may ayından dəyişdirildiyi halda iddiaçının sosial müavinəti də həmin ilin iyunun 1-dən ikinci dərəcə əlilliyə görə ödənilməli idi. Halbuki, 2023-cü il yanvar ayı daxil olmaqla ona birinci dərəcə əlilliyə görə müavinət ödənilməsi davam etmişdir. Qərarın formasına gəldikdə isə onun nə tarixi qeyd olunub, nə də, qərarda komissiya üzvlərinin imzası var. Sadəcə olaraq qərar haqqında onu demək olar ki, belə qərar heç bir hüquqi nəticə yarada bilməz. Həmçinin etirazda əlilliyin qiymətləndirilməsinin qüvvədə olan qanunvericiliyə əsasən tibb müəssisəsinin göndərişi əsasında aparıldığı və göndərişdə hansı məlumatların olmalı olduğu sadalanır. Etirazda qeyd edilən həmin məlumatların məsələnin həllində hansı rol oynadığı isə etirazda göstərilmir. Çünki iddiaçının tələbi əliliyin yenidən qiymətləndirilməsi deyil, əlillik vəziyyətinin dəyişdirilməsi barədə qanunazidd qərarın ləğv edilməsindən onun əvvəlki əlillik satusunun bərpa edilməsindən ibarətdir. Etirazda qeyd edilən İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) edildiyi vaxtdan, şikayət intansiyasına şikayətin verildiyi hallarda isə şikayətə dair qəbul edilən inzibati aktın təqdim edildiyi gündən 30 gün müddətində verilməlidir. İddiaçıya münasibətdə isə onun barəsində qəbul edilən inzibati akt və ya şikayətinə dair qəbul edimiş qərar ümumiyyətlə ona təqdim edilməmişdir. Odur ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunun tələbləri pozulmaqla qəbul edilmiş inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayənədəsi (vəkil) Vəkil iddianı müdafiə etmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin (hakim R.Tağıyeva) xx.xx.2025-ci il tarixli, 2- 1(114)-1241/2025 saylı qərarı ilə iddianın təmin edilməsi, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının İddiaçı 5 il müddətinə İİ dərəcəli əlilliyin təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2015-ci il tarixdə təyin edilmiş İ dərəcəli müddətsiz əlilliyin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində olan TSEK-in xx.xx.2015-ci il tarixli qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduğu halda inzibati icraat başlanmalı, iddiaçının dinlənilmək hüququ təmin edilməli, əyani müayinəyə cəlb edilməli, daha sonra müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməli idi. Lakin hazırkı iş üzrə cavabdeh TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğuna əsaslanmamış, inzibati icraat başlamamış, TSEK-in xx.xx.2015-ci il tarixli qərarını ləğv etməmiş və ya dəyişdirməmişdir. xx.xx.2015-ci il tarixli qərar qüvvədə olduğu halda heç bir əsas olmadan xx.xx.2022-ci il tarixli qərar qəbul edərək iddiaçıya 5 il müddətinə İİ dərəcəli əlillik təyin etmişdir. Beləliklə, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli qərar həm “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın tələbləri pozulmaqla qəbul edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1241/2025 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı barəsində inzibati orqan tərəfindən verilmiş qərar xx.xx.2022-ci il tarixdə olmuşdur. İddiaçı bundan 2 il sonra məhkəməyə müraciət etmişdir. İddiaçı barədə müvafiq qərar xx.xx.2022-ci il tarixində olmasına baxmayaraq iddiaçı 30 günlük müddəti ötürmüşüdür. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçının nümayənədəsi (vəkil) Vəkil cavabdehin apellyasiya şikayətinə etiraz təqdim etmiş və etirazın məzmunu onun birinci instansiya məhkəməsində təqdim etdiyi mülahizənin məzmunu ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən verilən şikayətdə əsas gətirilən dəlilin məhkəmənin qərarı ilə əlaqəsi yoxdur. Məhkəməyə bu işlə əlaqədar hər hansı bir sübut təqdim edilməmiş və hətta bu qərardan şikayət verilən zaman belə iddiaçıya nə vaxt bildiriş göndərildiyi, inzibati icaatın aparılmasına dair hansı məlumatlandırcı hərəkətlərin edilməsi, vətəndaşın müayinəyə gəlməsinin təmin etmək haqqında hansı prosedurala əməl etdikləri, 5 il müddətinə İİ dərəcəli əlilliyin təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın iddiaçıya rəsmi olaraq təqdim edilməsi (və ya mesaj vasitəsi ilə belə bir qərarın çıxarılması haqqında) haqqında hər hansı sübut təqdim edilməmişdir. Hətta müddətsiz əlilliyin 7 ildən sonra qanuni əlverişli inzibati aktın dəyişdirılməsinə dair qərar qəbul edərək, cavabdeh özü müddəti ötürdüyü halda iddiaçını müddəti ötrməkdə günühlandırır. Halbuki, “İnzibati icaat haqqında” Qanunun 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Cavabdeh isə 7 ildən sonra müddətsiz əlilliyi bu haqda qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar məlum olduğu vaxtı göstərmədən, inzibati icraat başlanmadan, iddiaçının dinlənilmək hüququnu təmin etmədən, iddiaçını əyani müayinəyə cəlb edilmədən, qərar qəbul etmişdir. Onu da qeyd etmək lazımdır ki, bu növ işlərdə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Yuxarıda göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin olunmaması, Gəncə İnzibati Məhkəməsinin 29 aprel 2025-ci tarixli, 2-1(114)-1241/2025 saylı qərarının qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsi xahiş olunur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayənədəsi (vəkil) Vəkil cavabdehin apellyasiya şikayətinə qarşı təqdim etdiyi etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları

17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 20.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

22. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

25. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

26. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

27. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

28. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

29. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

30. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

31. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

32. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar “dağınıq skleroz, serebrospinal forma. Aşağı ətrafların spastik paraparezi. Kəskin yeriş pozğunluğu” diaqnozu ilə müddətsiz İ dərəcəli əlillik təyin edilmişdir. Daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində ümumi xəstəlik səbəbi ilə “dağınıq skleroz, serebrospinal forma. Aşağı ətrafların spastik paraparezi. Kəskin yeriş pozğunluğu” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmişdir.

36. İddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı cavabdehin onun barəsində olan 5 il müddətinə İİ dərəcəli əlilliyin təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xx.xx.2015-ci il tarixdə təyin edilmiş müddətsiz İ dərəcəli əlilliyin bərpa edilməsidir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya təyin edilmiş əlilliyin qrupunun və müddətinin sonradan, yəni hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarla dəyişdirilməsi səbəbi barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmiş, yalnız Agentliyin qərarında əlilliyin qiymətləndirilməsinin keçirilməsi səbəbi kimi “vətəndaş müraciəti” qeyd edilmişdir.

38. Qeyd edilməlidir ki, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir. Sözügedən Qaydaların 3.7-ci bəndinə görə, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

39. Kollegiya xüsusi olaraq vurğulayır ki, iddiçının əlilliyi ilə bağlı vətəndaş müraciəti iddiası Tibbi Sosial Ekspert Komissiyasının iddiaçı barəsində qəbul edilmiş qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi qiymətləndirilə bilməz.

40. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən, cavabdeh orqan səxslə bağlı yeni qərar qəbul edərkən, müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə əlilliyin səbəbinin və müddətinin dəyişdirilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

41. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, iddiaçıya ilk dəfə xx.xx.2015-ci il ildə təyin edilmiş əlillik bu barədə onun xeyrinə əlverişli inzibati aktın (İ dərəcə müddətsiz əlilliyinin təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqanın öz təşəbbüsü ilə araşdırma aparılaraq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraat lazımi qaydada aparılmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxs- iddiaçı inzibati icraata dəvət edilmədən, onun dinlənilmə hüququ təmin edilmədən, şəxsin məzmununa etimad göstərdiyi əlillik təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən və ya dəyişdirmədən, xx.xx.2015-ci il tarixli müddətsiz İ dərəcə əlilliyin təyin edilməsi barədə qərar qüvvədə olduğu halda, heç bir qanuni əsaslar olmadan xx.xx.2022ci il tarixli qərar qəbul edərək iddiaçıya 5 il müddətinə İİ dərəcəli əlillik təyin etmiş və bununla da iddiaçının qanunla qorunan sosial təminat hüququna qanunsuz olaraq müdaxilə edilmişdir.

42. Bundan əlavə, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Lakin hazırki işdə cavabdehin əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədə ifadə olunması ümümiyyətlə müəyyən deyil və belə sübutlar cavabdeh inzibati orqan tərəfindən məhkəmələrə təqdim edilməmişdir.

43. Beləliklə, mübahisəyə dair işin məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuş hallarına görə cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

44. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.

45. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə, yəni iddiaçı barəsində inzibati orqan tərəfindən verilmiş qərarın xx.xx.2022-ci il tarixli olmasına baxmayaraq, onun həmin qərarla bağlı 2 il sonra məhkəməyə müraciət edərək iddia müddətini ötürməsinə münasibətdə onu qeyd edir ki, İPM-in 38.1-ci maddəsinin dispozisiyası şərtlərinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı işdə cavabdeh inzibati orqanın sözügedən qərarı iddiaçıya təqdim etməsi, eləcə də həmin qərarın məzmunu ilə bağlı ona SMS vasitəsi ilə məlumat verməsi iş materialları ilə müəyyən olunmur. Həmçinin qeyd olunan sübutların təqdim edilməsi ilə bağlı həm birinci instansiya, həm də apellyasiya icraatı zamanı cavabdehə müvafiq sorğular göndərilsə də məhkəmə sorğuları cavablandırılmamışdır. Beləliklə, qeyd olunan hallar onu deməyə əsas verir ki, hazırda mübahisələndirilən qərar iddiaçıya təqdim edilmədiyindən həmin qərara münasibətdə müddət axımı da başlamamışdır.

46. Bundan başqa, hazırkı iş üzrə məhkəmə qərarının ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

47. Məhkəmə kollegiyası bütün sadalanan halları nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə hüquqi mövqeyi əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1241/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar