Məhkəmə qərarları › İş №2-1(104)-395/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-395/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-395/2023 22.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(114)-678/2022 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.075 ha həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atasından ünvan 1 ünvanda miras olaraq 0.075 ha torpaq sahəsi qalmışdır. Sözügedən torpaq sahəsi **********64 saylı “torpaq sahəsinin planı və ölçüsü” və xx.xx.2021-ci il tarixli, ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda 0.06 ha torpaq sahəsi olması qeyd edilmişdir. Halbuki, dövlət arxivinin arayışında atasına məxsus həmin torpaq sahəsi 0,75 ha olmuşdur. Buna görə də 0.06 ha deyil, 0.75 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-678/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanda yerləşən və İddiaçı2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə bitişik 0.015 ha torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya instansiyasında birinci icraat: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-678/2022 nömrəli qərarından narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-678/2022 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin rədd olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-450/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-678/2022 nömrəli qərarının ləğv edilməsi və iddia ərizəsinin mümkün sayılmaması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsində icraat: Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-450/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərardadından narazı qalan iddiaçı kasssiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-115/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-450/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərardadının ləğv edilərək işin təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır Cavabdeh inzibati orqanın imtinasının əsasları: Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 15 noyabr 2021-ci il tarixli, **********60 nömrəli imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3, 11.1, 15.1.1-ci maddələrinə istinad olunaraq qeyd edilmişdir ki, İddiaçı2 ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ 30 mart 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən 0.06 ha torpaq sahəsi Bərdə rayon X8 Kommunal Təsərrüfatı şöbəsinin təsdiq etdiyi 31 iyul 1975-ci il tarixli, 9/4461 nömrəli müqavilə əsasında (torpaq qeydi sənədi) ayrılmış və həmin əsasla qeydiyyata alınmışdır. Üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması məqsədilə təqdim edilən 0.075 ha həyətyanı torpaq sahəsinə dair Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin 261 saylı, 18 oktyabr 2021-ci il tarixli arayışına baxılarkən məlum olmuşdur ki, torpaq sahəsi X6 ayrılmış, eyni zamanda torpaq sahəsinin ünvanı qeyd edilməmişdir. Bundan əlavə torpaq sahəsinin məkan göstəricilərini və yerləşmə vəziyyətini əks etdirən təsdiq olunmuş plancizgi də ərizəyə əlavə olunmamışdır. Torpaq sahəsinin məkan göstəricilərini və yerləşmə vəziyyətini əks etdirən təsdiq olunmuş plan-cizgi sənədləri olmadan torpaq sahəsinin yerləşmə məkanını müəyyən etmək mümkün deyildir. Buna görə də mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. İşdə olan sübutlar: Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli, 261 nömrəli arayışda Bərdə şəhər X1 İcraiyyə Komitəsinin 1948-1950-ci illər üzrə Təsərrüfatbaşına kitabının 63 saylı şəxsi hesabına əsasən X3 ailə başçısı olduğu, adına 0.075 ha həyətyanı torpağın olduğu qeyd edilmişdir. 21 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 atası X7, anası X4r. 21 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, X7 25 dekabr 1980-ci ildə vəfat etmişdir. 30 mart 2021-ci il tarixli, ********** nömrəli Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və AA 552560 nömrəli Torpaq sahəsinin plan və ölçüsünə əsasən ünvan 1 ünvanında İddiaçı2 adına 0.06 ha torpaq sahəsi qeydiyyata alınmışdır. 0,06 ha torpaq sahəsi Bərdə rayon X8 Kommunal Təsərrüfatı şöbəsinin təsdiq etdiyi xx.xx.1975-ci il tarixli, 9/4461 nömrəli torpaq qeydi əsasında qeydiyyata alınmışdır. Lakin, həmin qeyddə torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, X7 istifadəsində 0.075 ha həyətyanı torpaq sahəsi olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 05 iyun 2023-cü il tarixli arayışından görünür ki, X5 adına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 19 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən və Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı2, Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarış və AA 552560 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə mülkiyyətə verilmiş 0.06 ha torpaq sahəsinə bitişik olmaqla iddiaçı tərəfindən 250 kv.m torpaq sahəsi istifadə edilir. Həmin 250 kv.m torpaq sahəsi üzrəində TEKUİS məlumat bazasına əsasən heç bir hüquq qeydiyyata alınmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 0,15 ha torpaq sahəsinin məkan göstəricilərini və yerləşmə vəziyyətini əks etdirən təsdiq olunmuş plan-cizgi sənədi olmadan, torpaq sahəsinin harada və necə yerləşməsini araşdırmadan, yerini müəyyən etmədən qeyri-obyektiv qərar qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavadbehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 15.1. Hüquqların dövlət qeydiyyatından imtina Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin siyahısı”:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi:

2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

Hüquqi məsələlər və əsaslandırma:

Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlilləri araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının atası X3 adına Bərdə şəhər X1 İcraiyyə Komitəsinin 1948-1950-ci illər üzrə Təsərrüfatbaşına kitabının 63 saylı şəxsi hesabında 0.075 ha həyətyanı torpağın qeydə alınmışdır. Həmin torpaq sahəsinin 0,06 ha torpaq sahəsi üzərində isə 30 mart 2021-ci il tarixli, ********** nömrəli Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin 0,06 ha torpaq sahəsi Bərdə rayon X8 Kommunal Təsərrüfatı şöbəsinin təsdiq etdiyi xx.xx.1975-ci il tarixli, 9/4461 nömrəli torpaq qeydi əsasında qeydiyyata alınmışdır. Lakin, həmin qeyddə torpaq sahəsinin ölçüsü göstərilməmişdir. İddiaçının isə hazırkı tələb üzrə hüquqi marağı mərhum atasına məxsus 0,075 ha torpaq sahəsinin 0,06 ha hissəsi üzərində deyil, həmin 0,075 ha torpaq sahəsi üzərində bütövlükdə, yəni qeydiyyata alınmamış 0,015 ha hissəsinin də üzərində hüququnun dövlət qeydiyyatına alınmasına və tam olaraq 0,075 ha torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarət olmuş və bunun üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan isə 15 noyabr 2021-ci il tarixli, **********60 nömrəli imtina məktubu ilə torpaq sahəsinin məkan göstəricilərini və yerləşmə vəziyyətini əks etdirən təsdiq olunmuş plan-cizgi sənədlərinin olmadığını əsas gətirərək iddiaçının hüquqlarını qeydə almaqdan imtina etmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2-1(102)- 115/2023 saylı qərarında qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin onun üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi 0.075 ha torpaq sahəsinin bir hissəsi və onun hüdudları daxilində olduğunun müəyyən edildiyi təqdirdə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələblərinin hazırkı mübahisəyə tətbiqi və bunun üzərindən iddiaçının mübahisələndirilən 0.075 ha torpaq sahəsi üzərində hüququn mərhum X6 məxsus olması barədə arayışın verilməsi ilə bağlı tələb irəli sürməli olması prosessual qənaət və məhkəmə icraatının səmərəliliyi prinsipləri baxımından məqsədəuyğun və əsaslı hesab edilə bilməz. Buna görə də məhkəmə kollegiyası tərəfindən müvafiq araşdırma aprılmaqla müəyyən edilmişdir ki, hazırkı mübahisə üzrə iddiaçının mülkiyyətində olan 0.06 ha torpaq sahəsi 0.075 ha torpaq sahəsinin tərkib hissəsi olmaqla, qeydiyyata alınmamış 0,015 ha hissəsi 0,06 ha torpaq sahəsinə bitişik torpaq sahəsi olmuş, həmçinin həmin torpaq sahəsi üzərində heç bir hüquq qeydiyyata alınmamışdır. 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair qeyd isə Bərdə rayon X8 Kommunal Təsərrüfatı şöbəsinin təsdiq etdiyi xx.xx.1975-ci il tarixli, 9/4461 nömrəli torpaq qeydi əsasında aprılsa da həmin qeyddə torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Hazırkı işin halları baxımından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas verən sənəd təsərrüfatbaşına kitabdan çıxarış olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin siyahısı”nın 2.3-cü bəndinə əsasən 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Qeydiyyata alınmamış 0,015 ha hissəsi 0,06 ha torpaq sahəsinə bitişik torpaq sahəsi olmuşdur ki, inzibati orqanın torpaq sahəsinin məkan göstəricilərini və yerləşmə vəziyyətini əks etdirən təsdiq olunmuş plan-cizgi sənədləri olmadan torpaq sahəsinin yerləşmə məkanını müəyyən edilməsinin qeyri-mümkün olması səbəbindən mülkiyyət hüququnu qeydə alınmasından imtinası əsassız olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmsinin iddianı qismən təmin etməklə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARAALDİ:

Gəncə İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(114)-678/2022 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(114)-678/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat İddiaçı2 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar