Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-395/2025 16.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ailəsinə 2024-2025-ci illər üzrə təyin olunmuş ünvanlı dövlət sosial yardımın məbləğinin düzgün olmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları İddiaçı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2023-cü il tarixli *************** nömrəli müraciəti əsasında ona və 5 nəfərə ailə üzvlərinə ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək 616,16 manat, ##.##.2024-cü il tarixdən ##.##.2025ci il tarixədək isə 598,81 manat məbləğində aylıq sosial yardım təyin edilmişdir. İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımının yenidən hesablanması ilə bağlı ##.##.2024, ##.##.2024 və ##.##.2024-cü il tarixli müraciətlərinə cavab olaraq bildirilmişdir ki, "Ünvanlı yardım" (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2024-cü il tarixli *************** nömrəli müraciəti əsasında VEMTAS tərəfindən ailəsinə ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək aylıq 598,81 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmiş və bu barədə müraciətində qeyd etdiyi əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir. Bildirilir ki, VEMTAS-a daxil etdiyi *************** nömrəli müraciətində "Ərizə-bəyannamə"də ailəsinin tərkibinin özü, həyat yoldaşı və 3 uşağı olmaqla 5 nəfərdən, müraciətdən əvvəlki son 12 (on iki) ayı əhatə edən dövrdə ailəsinin illik ümumi gəlirinin muzdla işləyən şəxs kimi ona ödənilmiş 3207,32 manat əmək haqqının və 1000 manat digər ailələrdən alınmış gəlirlərin cəmi olaraq 4207,32 manat (3207,32+1000=4207,32) və həmin dövrdə ailə üzvlərinin mobil telefon xərclərinin 39,50 manat olduğu göstərilmişdir. Həmin məlumatlar əsasında VEMTAS tərəfindən ailəsinin orta aylıq gəliri 350,61 manat (4207,32/12=350,61), ailəsinin adambaşına düşən orta aylıq gəliri 70,12 manat (350,61/5=70,12) və ailəsinin adambaşına düşən orta aylıq telefon xərci isə 0,658 manat (39,50/12/5=0,658) hesablanmışdır. Nəzərinə çatdırılır ki, təqdim etdiyi məlumatlar əsasında hesablanmış ailəsinin adambaşına düşən orta aylıq gəliri (70,12 manat) həmin Qaydaların 5.22-ci bəndində tələb olunan hesablama qaydası üzrə müəyyənləşdirilən ailənin adambaşına düşən orta aylıq gəlirindən (150,238 manat) az olduğuna görə (OAG=YM(32,6%+15,6%+7,2%)+R+RM, YM-cari ildə yaşayış minimumunun ölkə üzrə məbləği-270 manat, R-ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği-0 manat, RM--mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği-0,658 manat) həmin bəndin tələblərinə uyğun olaraq ailənizin adambaşına düşən orta aylıq gəliri 150,238 manat (270*0,554%+0,658=149,58+0,658=150,238), ehtiyacı meyarı ilə adambaşına düşən orta aylıq gəlir arasında yaranmış fərq 119,762 manat ( 270-150 ,238=119,762) və 5 nəfər ailə üzvünə təyin edilmiş sosial yardımın məbləği isə 598,81 manat (5*119,762=598,81) olmuşdur. İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımının yenidən hesablanması ilə bağlı ##.##.2025-ci il tarixli müraciətinə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın (ÜDSY) məbləği ilə bağlı Cavabdeh (Nazirlik) 142 Çağrı mərkəzindən daxil olmuş ##.##.2025-ci il tarixli müraciətinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialında baxılmışdır. Ailəsini təmsil edən şəxs qismində ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə daxil etdiyi **************-* nömrəli müraciətində bəyan etdiyi məlumatlara əsasən hər bir ailə üzvü üçün orta aylıq gəliriləri 42 manat məbləğində müəyyən olunmuşdur. Nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na (Qaydalar) əsasən Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər və Qaydaların 5.22-ci bəndinə əsasən ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür. Həmin müraciətdə ailəsinin ÜDSY məbləğinin hesablanması, Qaydalara əsasən 5 nəfər ailə üzvü üçün aşağıdakı kimidir: YM (39.2%+18.8%+8.7%)+R+RM 285 x 66.7% = 190.1 285 - 190.1 = 94.9 94.9 x 5 (ailə üzvlərinin sayı) = 474.53 Burada: YM - yaşayış minimumunun ölkə üzrə məbləği; R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləğidir. ÜDSY-nin təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarı həddi 285 manat məbləğində təsdiq edilmişdir. Buna görə də, Qaydalara əsasən, ailəni təmsil edən şəxs qismində ÜDSY-nin alınması ilə bağlı VEMTAS-a daxil etdiyiniz müraciəti əsasında VEMTAS tərəfindən ailəsinə ##.##.2025-ci il tarixindən ##.##.2026-cı il tarixinədək aylıq 474,53 manat məbləğində sosial yardım təyin edilmiş və müraciətdə qeyd olunan əksəlaqə vasitəsinə məlumat göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş yardım məbləğinin yenidən hesablanması və ədalətli şəkildə artırılmasının təmil edilməsi və ehtiyac meyarı tam şəkildə (270 AZN) əsas götürülməklə hesablanmaların yenidən aparılması üçün Nazirliyin qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2023-cü il fevral ayında ailəsi üçün ünvanlı dövlət sosial yardımı təyin olunması məqsədilə müraciət etmişdir. Nazirliyin cavabına əsasən ailəsinin 5 nəfərlik tərkibinə görə ehtiyac meyarı 246 AZN olaraq müəyyən edildikdə aylıq 616,16 AZN məbləğində sosial yardım təyin edilmişdir. Növbəti il Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2024-cü il fevral ayında ailəsi üçün ünvanlı dövlət sosial yardımı təyin olunması məqsədilə müraciət etmişdir. Nazirliyin cavabına əsasən ailəsinin 5 nəfərlik tərkibinə görə ehtiyac meyarı 270 AZN olaraq müəyyən edilsə də aylıq 598,81 AZN məbləğində sosial yardım təyin edilmişdir. Nazirliyin hesablaması ilə bağlı araşdırma apardıqda məlum olmuşdur ki, 2024cü il üçün ehtiyac meyarı 270 AZN olaraq müəyyən edilsə də, onun ailəsi üçün bu rəqəm aşağı salınaraq 150,238 AZN hesablanmışdır. Hesablama zamanı yaşayış minimumunun yalnız 55,4%-i əsas götürülmüşdür ki, bu da ehtiyac meyarını süni şəkildə azaldır. Bu metod qanunvericilikdə açıq şəkildə ailələrin real ehtiyaclarına uyğun olaraq təyin edilməyib. Ailəsinin ümumi illik gəliri yalnız 4207,32 AZN olmuşdur. Bu məbləğ əsasında adambaşına düşən orta aylıq gəlir 70,12 AZN olaraq hesablanmışdır. Qeyd edir ki, ailəsinin heç bir əlavə gəlir mənbəyi yoxdur və mövcud sosial-iqtisadi şəraitdə təyin edilmiş 598,81 AZN məbləğ ailəmizin ehtiyaclarını qarşılamaq üçün kifayət deyil. Hesab edir ki, Azərbaycan Respublikasının "Ünvanlı Dövlət Sosial Yardımı haqqında Qanunu"nun ədalətli tətbiqi və ehtiyac meyarının tam məbləğdə (270 AZN) əsas götürülməsi təmin edilməlidir. Bununla yanaşı, təqdim etdiyi ərizədə ehtiyac meyarı ilə bağlı qanunvericiliyin yanlış tətbiqi nəticəsində sosial yardım məbləğinin aşağı salındığını düşünür. Cavabdeh orqanın yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımının (bundan sonra ÜDSY) təyin edilməsi üçün ##.##.2024-cü il tarixli *************** nömrəli ərizə ilə müraciət etmişdir. Bildirilir ki, iddiaçı İddiaçı ünvanlı dövlət sosial yardımın (sosial yardım) təyin edilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2023-cü il tarixli *************** nömrəli müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na (Qaydalar) uyğun olaraq ailənin maddiməişət şəraiti yoxlanılmış,"Ərizə-bəyannamə"də qeyd olunmuş məlumatlara görə uyğunsuzluq aşkarlanmadığı üçün ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixə kimi aylıq 616,16 manat məbləğində sosial yardım təyin olunmuş və müddətin sonuna kimi ödənilmişdir. Qeyd edilir ki, Qaydaların 3.4-1 yarımbəndinə əsasən sosial yardım təyin olunmuş ailənin tərkibi, yaşayış ünvanı dəyişmədikdə və ailədə ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü və ya orqanizmin funksiyalarının 61- 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 2 (iki) və daha çox ailə üzvü, 3 (üç) və daha çox usaq olduqda sosial yardımın təyin edilmə müddəti bitdikdən sonra həmin ailənin sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciəti Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya "DOST" mərkəzlərinin sosial yardım üzrə işçisinə tapşırıq göndərilmədən VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Sosial yardımın təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilmişdir. Bildirilir ki, İddiaçı sosial yardımın təyin edilməsi ilə bağlı VEMTAS-a daxil etdiyi ##.##.2024-cü il tarixli *************** nömrəli müraciətində, ailənin hər bir ailə üzvü üçün orta aylıq gəlirini 70,12 manat məbləğində bəyan etmişdir. Sözügedən müraciətdə ailənin sosial yardım məbləğinin hesablanması aşağıdakı kimidir: Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir və Qaydaların 5.22-ci bəndinə əsasən ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (32.6%+15.6%+7.2%)+R+RM 270x55,4%=149,58 149,58+0,66=150,24 270 - 150,24= 119,76 119,76 x 5 (ailə üzvlərinin sayı) = 598,81 Burada: YM - yaşayış minimumunun ölkə üzrə məbləği; R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləğidir. Buna görə də, Qaydalara əsasən VEMTAS tərəfindən ailəyə ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək aylıq 598,81 manat məbləğində sosial yardım təyin edilmişdir. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanunu aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri anlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək gabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin lağv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri her bir aile üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən Qanunun 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Sözügedən Qanunun 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyəlinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli, ** nömrəli qərarı ilə "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEIS) ünvanlı dövlət sosial yardımı üzrə X2 və X1 (VEMTAS) yaradılmışdır. Sözügedən Qaydaların 3.1ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Sözügedən Qaydaların 3.3cü bəndinə əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya "DOST" mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin X4nin aparılması barədə tapşırıq göndərilir. Sözügedən Qaydaların 3.4.2-ci yarımbəndinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (* nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (* nömrəli əlavə) qərar çıxarılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Sözügedən Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən ünvanlı dövlət sosial yardımının məbləği qanunvericiliyə uyğun olaraq düzgün hesablanmışdır. Iddiaçının yazılı etirazla bağlı vəsatəti ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, o, Gəncə Inzibati Məhkəməsində ünvanlı dövlət sosial yardımının (ÜDSY) düzgün hesablanmaması və məbləğin artırılması tələbi ilə iddia qaldırmışdır. Cavabdeh Cavabdeh (DSMF) bu iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, ona təyin olunan yardım məbləği qanunvericiliyə uyğundur. Lakin təqdim edilən rəsmi hesablamalara əsasən, onun ailəsinə daha çox yardım düşdüyü halda, DSMF tərəfindən ədalətsiz olaraq az məbləğ təyin edilmişdir. DSMF tərəfindən təqdim edilən hesablamalar ədalətsiz və qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Hazırda ona cəmi 474.53 AZN sosial yardım təyin edilib ki, bu da ailəsinin real yaşayış xərclərini qarşılamaq üçün tamamilə qeyri-kafidir. Ünvanlı dövlət sosial yardımının azaldılması və qanunsuz hesablanması sosial yardımın hesablanmasında hər il ehtiyac meyarının artırılmasına baxmayaraq, DSMF tərəfindən yardım məbləği tədricən azaldılmışdır. Konkret rəqəmlərlə izah edir. 2023-cü il – ehtiyac meyarı 245 AZN; Ailə tərkibi 5 nəfər; həyat yoldaşı işsizdir; əmək haqqı 345 AZN, başqa heç bir gəlirləri yoxdur; DSMF tərəfindən 616.16 AZN ünvanlı sosial yardım təyin olunmuşdur. 2024-cü il – ehtiyac meyarı 270 AZN; ailə tərkibi eyni qalmışdır; əmək haqqım eyni qalmışdır; DSMF tərəfindən 598.81 AZN ünvanlı sosial yardım təyin olunmuşdur; 2025-ci il – ehtiyac meyarı 285 AZN; ailə tərkibim həmin tərkibdə qalmışdır; əmək haqqı 400 AZN olmuşdur; DSMF tərəfindən cəmi 474.53 AZN sosial yardım təyin olunmuşdur. Göründüyü kimi, ehtiyac meyarı hər il artırıldığı halda, DSMF tərəfindən təyin olunan sosial yardımın məbləği azaldılır. Hər il işıq, qaz, su, ərzaq, dərman, nəqliyyat xərcləri artır, əmək haqları və pensiyalar yüksəldilir, lakin aztəminatlı ailələrə verilən sosial yardım əksinə azaldılır. Bu isə sosial ədalət prinsiplərinə və Azərbaycan Respublikasının qanunlarına ziddir. Ailəsinin maddi vəziyyəti və sosial yardımın kifayət etməməsi ailə tərkibi 5 nəfərdən ibarətdir – həyat yoldaşı və 3 azyaşlı övladı var. Ailəsinin ümumi gəliri cəmi 345 AZN təşkil edir, bu məbləğ isə yaşayış minimumunun tələblərinə uyğun deyil. Həyat yoldaşı işsizdir və az yaşlı uşağa baxır. Bu səbəbdən ailənin əsas gəlir mənbəyi yoxdur. Yaşayış şəraiti olduqca ağırdır – evləri cəmi 2 otaqdan ibarətdir və tamamilə təmirsiz vəziyyətdədir. Maddi imkansızlıq səbəbindən təmir işləri aparmaq mümkün deyil. Işıq, qaz, su və digər kommunal xərcləri qarşılamaq mümkün olmur. Aylıq gəlirin çox hissəsi məhz bu ödənişlərə yönəldildiyi üçün gündəlik əsas ehtiyacları ödəmək imkansızdır. Uşaqları məktəbə gedir, lakin məktəb forması, çanta və gündəlik xərclər üçün vəsait tapa bilmirlər. Uşaqlar xəstələnəndə dərmanlarını almaq mümkün olmur, çünki dərmanların qiyməti yüksəkdir və il ərzində davamlı bahalaşma müşahidə olunur. Qida məhsullarının qiyməti bahalaşıb, bu da ailəsinin əsas ihtiyaçlarını qarşıladığı daha da çətinləşdirir. Hər il əmək haqları, pensiyalar və yaşayış minimumu artır, lakin ünvanlı sosial yardımın məbləği azaldılır. 2024-cü ildə yaşayış minimumu 270 azn olduqda ona 598.81 azn üdsy təyin olunmuşdur. Bu isə aztəminatlı ailələrin rifahını daha da aşağı salır. Qanunvericiliyə zidd olan məsələlər və DSMF-nin hesaplamalarında uyğunsuzluqlar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sosial yardımın məbləği ehtiyac meyarına uyğun şəkildə hesablanmalıdır. Lakin DSMF bu hesablamanı açıq-aşkar yanlış aparmış və onun ailəsinə qanunvericiliyə uyğun olaraq düşən məbləğdən daha az yardım təyin etmişdir. Qanunvericiliyə əsasən, ünvanlı sosial yardım ehtiyac içində olan ailələrin minimum tələbatlarını qarşılamaq məqsədilə verilir. Lakin hazırda təyin olunan 474.53 AZN məbləği real tələbatları heç bir halda qarşılamır. Hesablamalar ailənin gəlirinə və ehtiyac meyarına uyğun aparılmalıdır. Lakin DSMF bu hesablama zamanı ailə tərkibini, həyat şəraitini və mövcud sosial-iqtisadi vəziyyəti nəzərə almamışdır. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “ailəsinə 2024- 2025-ci illər üzrə təyin olunmuş ünvanlı dövlət sosial yardımın məbləğinin düzgün olmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı sosial yardımın təyin edilməsi ilə bağlı VEMTAS-a daxil etdiyi müraciətində 2024-cü il üçün ailənin hər bir ailə üzvü üçün orta aylıq gəlirini 70,12 manat, 2025-ci il üçün ailənin hər bir ailə üzvü üçün orta aylıq gəlirini 42 manat bəyan etmişdir. Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 5.22-ci bəndinə müvafiq olaraq bəyan edilmiş həmin məbləğlər (2024-70,12 manat; 2025-42 manat) həmin bənddə təsbit edilmiş hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduğu üçün 2024-cü il üçün YM (34.8%+16.7%+7.7%)+R+RM düsturu üzrə, 2025-ci il üçün YM (39.2%+18.8%+8.7%)+R+RM düsturu üzrə hesablanmışdır. 2023-cü ildə isə iddiaçının ailəsinə ünvanlı sosial yardımın hesablanması YM (32.6%+15.6%+7.2%)+R+RM düsturu üzrə hesablanmışdır. Iddiaçının mübahisəsinin faktiki əsasını o hal təşkil edir ki, ehtiyac meyarınn məbləği il keçdikcə artmasına baxmayaraq, onun ailəsinə təyin edilən sosial yardımın məbləği azalmışdır. Həmin məbləğlər isə onun ailəsinin ehtiyacını qarşılayacaq məbləğdə deyildir. Lakin göründüyü kimi, iddiaçının ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın hesablanma qaydası “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 5.22-ci bəndində əks olunmuş düstura (təyinat zamanı qüvvədə olan hesablama qaydasına) müvafiq olaraq həyata keçirilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Iddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2023-cü ildən bu günə ailə tərkibi və sosial vəziyyəti dəyişmədiyi halda, ehtiyac meyarı artdığı halda ünvanlı sosial yardım məbləği azaldılmışdır. DSMF-nin hesablamaları obyektiv deyil, DSMF ailə tərkibini, yeganə gəliri, yaşayış şəraitini və iqtisadi reallıqları nəzərə almadan yardım məbləğini hesablamışdır. Inzibati Məhkəməyə təqdim etdiyi yardım sənədləri, gəlir arayışları, ailə şəraiti barədə izahat və digər sübutlar qərarda heç bir hüquqi qiymətləndirməyə məruz qalmamışdır. Apellyasiya şikayətinə dair etirazın dəlilləri Cavabdeh apellyasiya şikayəti qarşı etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir və Qaydaların 5.22-ci bəndinə əsasən ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (32.6%+15.6%+7.2%)+R+RM (270x55,4%=149,58 149,58+0,66-150,24 270-150,24-119,76 119,76 x 5 (ailə üzvlərinin sayı) = 598,81 Burada: YM - yaşayış minimumunun ölkə üzrə məbləği; R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləğidir Buna görə də, Qaydalara əsasən VEMTAS tərəfindən ailəyə ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək aylıq 598,81 manat məbləğində sosial yardım təyin edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən ünvanlı dövlət sosial yardımının məbləği qanunvericiliyə uyğun olaraq düzgün hesablanmışdır. Bildirir ki, məhkəmənin inzibati işin mahiyyəti üzrə haqlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisəsinin faktiki əsasını o hal təşkil edir ki, ehtiyac meyarının məbləği il keçdikcə artmasına baxmayaraq, onun ailəsinə təyin edilən sosial yardımın məbləği azalmışdır. Həmin məbləğlər isə onun ailəsinin ehtiyacını qarşılayacaq məbləğdə deyildir. Lakin göründüyü kimi, iddiaçının ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın hesablanma qaydası "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 5.22-ci bəndində əks olunmuş düstura (təyinat zamanı qüvvədə olan hesablama qaydasına) müvafiq olaraq həyata keçirilmişdir. Belə ki, 2024-cü il üzrə hesablama həmin dövrdə qüvvədə olmuş normativ-hüquqi aktda təsbit olunmuş qaydaya əsasən bu şəkildə olmuşdur: YM (32.6%+15.6%+7.2%)+R+RM 270x55,4%-149,58 149,58+0,66-150,24 270-150,24-119,76 119,76x5 (ailə üzvlərinin sayı)=598,81 38. 2025-ci il üzrə hesablama isə həmin dövrdə (müvafiq dəyişikliklərdən sonra) qüvvədə olmuş normativ-hüquqi aktda təsbit olunmuş qaydaya əsasən bu şəkildə olmuşdur: YM (39.2%+18.8%+8.7%)+R+RM 285x66.7%=190.1 285-190.1-94.9 94.9x5 (ailə üzvlərinin sayı)=474.53. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardım təyin edilən zaman onun məbləğinin hesablanmasında iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır. Prosessual məsələlər Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Iddiaçı İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz etdiyini bildirmiş, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; Maddə 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Maddə 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” Bənd 1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Bənd 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Bənd 5.22. Ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (39.2%+18.8%+8.7%)+R+RM Burada: YM – yaşayış minimumunun ölkə üzrə məbləği; R – ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM – mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; Bənd 5.23. ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.22 bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2024-cü il tarixli *** nömrəli Qərarı ilə aşağıdakı dəyişiklik edilmişdir: .... “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.22-ci bəndində qeyd olunan hesablama qaydasında “32.6” rəqəmləri “34.8” rəqəmləri ilə, “15.6” rəqəmləri “16.7” rəqəmləri ilə, “7.2” rəqəmləri “7.7” rəqəmləri ilə əvəz edilsin. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.22 bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli *** nömrəli Qərarı ilə aşağıdakı dəyişiklik edilmişdir: .... “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.22-ci bəndində qeyd olunan düsturda “34.8” rəqəmləri “39.2” rəqəmləri ilə, “16.7” rəqəmləri “18.8” rəqəmləri ilə, “7.7” rəqəmləri isə “8.7” rəqəmləri ilə əvəz edilsin. “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının ## ###### 2023-cü il tarixli Qanununa görə: Maddə 1. Ehtiyac meyarının həddi Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilsin. Maddə 2. Bu Qanunun qüvvəyə minməsi Bu Qanun 2024-cü il ######ın #-dən qüvvəyə minir. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının ## ###### 2024-cü il tarixli Qanununa görə: Maddə 1. Ehtiyac meyarının həddi Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilsin. Maddə 2. Bu Qanunun qüvvəyə minməsi Bu Qanun 2025-ci il ######ın #-dən qüvvəyə minir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla belə, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Işin hallarından müəyyən edilir ki, İddiaçı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2023-cü il tarixli *************** nömrəli müraciəti əsasında ona və 5 nəfərə ailə üzvlərinə ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək 616,16 manat, ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək 598,81 manat, ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək isə 474,53 manat məbləğində aylıq sosial yardım təyin edilmişdir. Hazırda iddiaçının tələbin dəqiqləşdirilməsinə dair ərizəsindən görünür ki, onun tələbi cavabdeh tərəfindən ailəsinin gəlirinin 950,47 manat kimi müəyyən edilməsinin qanunsuz hesab edilməsi, ünvanlı sosial yardımın hesablanması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı qərarının 5.1-ci bəndinə uyğun olaraq real gəlirin nəzərə alınmasının təmin edilməsi və ailəsinə 2024–2025-ci illər üzrə ünvanlı dövlət sosial yardımın qanunvericiliyə uyğun şəkildə yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə iddiaçının tələbini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh orqan tərəfindən müvafiq illər üzrə iddiaçının ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın məbləğləri düzgün müəyyən edilməklə, hesablama ilə bağlı inzibati orqanın hərəkətləri qanuni olmuşdur. Iddiaçı sosial yardımın təyin edilməsi ilə bağlı VEMTAS-a daxil etdiyi müraciətində 2024-cü il üçün ailənin hər bir ailə üzvü üçün orta aylıq gəlirini 70,12 manat, 2025-ci il üçün ailənin hər bir ailə üzvü üçün orta aylıq gəlirini 42 manat bəyan etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasının əsas şərtlərindən biri ailənin gəlirinin düzgün hesablanmasıdır və ailənin gəlirləri müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində əldə olunan bütün növ gəlirlərin məcmusundan ibarətdir. Həmin Qaydaların 5.22-ci bəndinə görə ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri qanunvericilikdə müəyyən edilmiş hesablama qaydası üzrə müəyyən olunan məbləğdən az olduqda, ailənin adambaşına düşən orta aylıq gəliri həmin bənddə nəzərdə tutulmuş düstur əsasında hesablanmış məbləğ kimi qəbul edilir. 2024-cü ildə tətbiq olunan hesablama düsturu: YM(32.6%+15.6%+7.2%)+R+RM 2025-ci ildə isə normativ-hüquqi akta edilmiş dəyişikliklərdən sonra tətbiq olunan düstur: YM(39.2%+18.8%+8.7%)+R+RM Iş üzrə müəyyən edilir ki, iddiaçı tərəfindən bəyan edilmiş 70,12 manat və 42 manat məbləğləri Qaydaların 5.22-ci bəndində nəzərdə tutulmuş hesablama qaydası ilə müəyyən edilən minimum məbləğdən aşağı olmuşdur. Bu səbəbdən cavabdeh tərəfindən ailənin adambaşına düşən orta aylıq gəliri yuxarıda qeyd olunan qaydalar əsasında müəyyən edilmişdir. Belə ki, 2024-cü il üzrə hesablama həmin dövrdə qüvvədə olmuş normativ hüquqi aktın tələblərinə uyğun olaraq aşağıdakı qaydada aparılmışdır: YM(32.6%+15.6%+7.2%)+R+RM 270×55.4%=149.58 149.58+0.66=150.24 270−150.24=119.76 119.76×5=598.81 2025-ci il üzrə hesablama isə həmin dövrdə qüvvədə olmuş normativ hüquqi aktın tələblərinə əsasən aşağıdakı qaydada aparılmışdır: YM(39.2%+18.8%+8.7%)+R+RM 285×66.7%=190.1 285−190.1=94.9 94.9×5=474.53 Bundan əlavə məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın 2025-ci il üzrə hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydalarına uyğun aparıldığı müəyyən edilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən ailənin orta aylıq gəlirinin hesablanması “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.22-ci bəndinin tələblərinə uyğun aparılmışdır. Iddiaçı tərəfindən bəyan edilmiş gəlirin normativ qaydada müəyyən edilən minimum məbləğdən aşağı olması cavabdehə həmin gəliri birbaşa əsas götürmək hüququ verməmişdir. Buna görə də ailənin gəlirinin qanunvericilikdə nəzərdə tutulmuş düstur əsasında hesablanması hüquqi cəhətdən əsaslı olmuşdur. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardım təyin edilən zaman onun məbləğinin hesablanmasında iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi nəticə əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2-1(114)-2555/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-395/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-395/2025
16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver