Məhkəmə qərarları › İş №2-1(104)-396/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-396/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-396/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “qəyyum təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2218/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: AZ-İV№ 467453 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən məlum olur ki, X5 xx.xx.2020-ci il tarixdə doğulmuşdur, atası X3, anası X1r. AZ-İİ № 302211 və AZ-İİ № 302212 nömrəli «Ölüm haqqında şəhəadətnamə»lərin surətindən məlum olur ki, X3 xx.xx.2022-ci il tarixdə, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. Cavabdeh başçısı aparatının 08 dekabr 2022-ci il tarixli, 4683 nömrəli məktubunda İddiaçı ərizəsinə münasibət bildirilmiş və qeyd olunmuşdur ki, nəvəsi X2 üzərinə qəyyum təyin edilməsi üçün məhkəməyə müraciət etməsi müvafiq hesab edilir. İddiaçı Cavabdeh başçısı yanında Qəyyumluq və Himayəçilik şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il təvəllüdlü nəvəsi X2 üzərində onun qəyyum təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, qəyyumluğa götürmək istədiyi 03 iyul 2020ci il təvəllüdlü X5 mərhum oğlu və gəlinin övladıdır. Oğlu 10 oktyabr 2022-ci il tarixdə avtomobil qəzasında, bundan iki gün sonra isə gəlini vəfat etmişdir. Odur ki, nəvəsinin qəyyumluğa götürmək qərarına gəlmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etsə də qəyyumluqla bağlı mübahisə olduğu üçün cavabdeh orqan bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2218/2023 nömrəli qərardadı ilə (hakim E. Axundov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məzmun baxımından qəyyumluqla bağlı olan qərarın qəbul edilməsi xüsusi hüquq sahəsinə aid olan məsələni həll edir. Yəni burada qəyyumluq və onun şərtləri, himayəçilik, şəxsin rifahı və s. bu kimi məsələlər öz həllini tapır. Digər tərəfdən, bu məsələlərlə bağlı xüsusi hüquqda, yəni, Mülki və Ailə Məcəllələrində nəzərdə tutulan xüsusi qaydalar mövcuddur və şəxs üzərində qəyyum təyin edilməsi xüsusi hüququn nizamasalma predmetinə aiddir. Ona görə də, hazırkı iddia tələbi mülki mübahisədir və bu mübahisə publik (ümumi) deyil, xüsusi hüquq normaları ilə tənzimlənir. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2218/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizənin icraata qəbul edilməklə təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-597/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (sədrlik edən İ.Həsənov, hakimlər A.Hüseynzadə, L.Süleymanov) İddiaçı Cavabdeh başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı nəvəsi 03 iyul 2020-ci il təvəllüdlü X2 onun qəyyumluğuna verilməsi tələbinə dair Kəlbəcər Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(040)-1165/2022 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardadda qeyd olunur ki, iddia tələbi mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır. Bundan sonra müvafiq iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2218/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə isə iddia mülki qaydada baxılmalı olduğundan tələb mümkün sayılmamışdır. Belə olduqda yaranan qeyri-müəyyənlik hüququn müəyyənlik, ədalətlilik və obyektivlik prinsiplərinə ziddi hesab olunur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iddiaçı iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətindən məlum olduğu kimi şikayətdə iddia tələbinin mümkün sayılmaqla mahiyyəti üzrə baxılması xahiş olunur. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə baxılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (1.1, 1.3, 1.4 və 2.1-ci bəndlər). Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Hazırki tələb üzrə iddiaçı azyaşlı nəvəsinin onun qəyyumluğuna verilməsində maraqlı olmuş və bununla bağlı məhkəməyə müraciət hüququndan istifadə etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, mübahisəyə münasibətdə nəzərə almalı olan məsələ iddiaçının irəli sürdüyü tələbin predmetinin cavabdehin üzərinə müəyyən hərəkətin- azyaşlının iddiaçının qəyyumluğuna verilməsi ilə bağlıdır, inzibati orqanın bu səpkidə hərəkətləri “İnzibati İcraat haqqında” Qanun anlamında inzibati hərəkət (hərəkətsizlik), qəbul etdiyi qərar isə inzibati akt sayıla biməz. Belə ki, “İnzibati İcraat haqqında” Qanunun 1.2. maddəsinə görə, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2. maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Başqa sözlə, hazırkı mübahisədə cavabdehin imtinası ilə bağlı hərəkətləri mülki hüquq sahəsinə aid məsələnin həlli ilə bağlı, yəni mülki qanunvericiliyin qəyyumluq və himayəçilik institutunun tətbiqini tənzimləyən normalarına əsasən həyata keçirilən hərəkətlərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, mülki hüquq sahəsində icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş aktlar, həyəta keçirilən hərəkətlər yuxarıda istinad olunan anlamda inzibati akt və ya hərəkət kimi qiymətləndirilə və həmin mübahisələrə inzibati məhkəmə qaydasında baxıla bilməz. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin inzibati orqanların siyahısında nəzərdə tutulması hələ onun “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan, eləcə də həmin orqanın bütün hərəkətlərinin hamısının inzibati hərəkət sayılması anlamına gəlmir. İcra hakimiyyəti orqanları yalnız inzibati hüquq sahəsində deyil, eləcə də mülki hüquq sahəsində də fəaliyyət göstərə bilərlər. İcra hakimiyyəti orqanlarının mülki hüquq sahəsində fəaliyyəti ilə bağlı mübahisələrə mülki məhkəmə qaydasında baxıldığı nəzərə alınmalıdır. Göründüyü kimi, şəxs üzərində qəyyum təyin edilməsi xüsusi hüququn nizamasalma predmetinə aiddir. Ona görə də, hazırkı iddia tələbi mülki mübahisədir və bu mübahisə publik (ümumi) deyil, xüsusi hüquq normaları ilə tənzimlənməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2218/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov,Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar