Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-397/2023 21.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-103/2023 saylı qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh komandirinin barəsində olan xx.xx.2021-ci il tarixli əmrinin ləğv edib, onu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəyə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-103/2023 qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2014-cü ildə müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul edilmişdir. Əvvəlcə başqa hərbi hissələrdə xidmət etsə də, son 1 ay müddətində N saylı hərbi hissəyə göndərilmiş və tərxis olanadək həmin hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi 8 il ərzində bir dəfə də olsun hərbi xidmət üzrə üzərinə qoyulmuş vəzifələrə görə cəza almamış, əksinə bu müddət ərzində həm aprel döyüşlərində, həm də 44 günlük müharibədə iştirak etmiş, medal və digər təltiflərlə təltif edilmişdir. 07 noyabr 2021-ci il tarixdə xidmətdə olarkən ona bildirilmişdir ki, onu təxris ediblər və hərbi komissarlığa getsin. İddiaçı tərxis edilməyinin səbəbini soruşduqda, ona korpus komandirinin əmri olduğu və “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin E bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) xidmətdən azad olunması bildirilmişdir. O, əmrin surətini tələb etsə də, əmrin surəti ona verilməmişdir. Bundan sonra iddiaçı Şəmkir Hərbi prokurorluğuna müraciət etmiş və prokurorluqda araşdırma aparılmışdır. Ona müraciətinə baxılarkən intizam pozuntusu ilə əlaqədar keçirilmiş şərəf məhkəməsi zamanı və hərbi hissənin vəzifəli şəxslərinin qanun pozuntusuna yol vermələri qənaətinə gəlindiyi və bununla əlaqədar qanun pozuntusuna yol vermiş şəxslərin intizam məsuliyyətinə cəlb olunması və onun hərbi xidmətə bərpa olunması məsələsinə baxılması üçün X2 xx.xx.2021-ci il tarixdə təqdimat göndərilməsi barədə məlumat verilmişdir. Bundan sonra iddiaçı cavabdeh təşkilata müraciət edəndə ona narahat olmaması, prokurorluğun təqdimatına baxılacağı və onun işə bərpa ediləcəyi bildirilmişdir. Lakin bu günədək ona hərbi hissədən heç bir məlumat verilməmiş və o işinə bərpa edilməmişdir. Halbuki prokurorluq tərəfindən aparılan araşdırma zamanı onun günahsız olmağı tam sübuta yetirilmişdir. Bu günədək N saylı hərbi hissəsnin komandirinin əmri verilmədiyi üçün həmin əmrin surətini iddiasına əlavə etməmişdir. Hesab edir ki, əmrin heç bir hüquqi əsası yoxdur, o heç vaxt öz xidməti işinə xələl gətirən hərəkət etməmişdir. Belə olan halda barəsində heç bir hüquqi əsası olmayan dəlillərə istinad etməklə işdən azad edilməyi qanunsuzdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar əsassızdır. Belə ki, N nömrəli hərbi hissənin 4-cü tabor, 11-ci bölük komandiri kapitan Adəm Rüstəmov həmin hərbi hissənin 4-cü tabor komandirinə yazdığı raportdan görünür ki, 4-cü tabor, 11-ci bölük, 2-ci taqımda sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 43-cü maddəsinin tələblərini kobud şəkildə pozaraq xidmət yerini özbaşına tərk edib taborun yaxınlığında yerləşən kafelərin birində spirtli içki qəbul etdiyi üçün şərəf məhkəməsində dindirilməsinə sərəncam verməyini xahiş etmişdir. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil. İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. İradlardan nəticə çıxarmağa çalışsa da qismən nail olur. Lakin, Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-103/2023 nömrəli, xx.xx.2023-cü tarixli qərarından görünür ki, iddiaçı özünün intizamsızlığını əks etdirən faktları məhkəmədən gizlətmişdir və bununla məhkəmənin obyektiv qərar qəbul etməsinə maneçilik törətmişdir. İddiaçı intizamsızlığı ilə bağlı yuxarıda qeyd edilən faktlar onun hərbi xidmətdən ehtiyata buraxılmağının nə qədər düzgün və əsaslı olduğunu göstərir. Yuxarıda qeyd edilənlər bir daha göstərir ki, birinci instansiya məhkəməsinin qərarı yalnız iddiaçının izahatlarına və onun məhkəməyə təqdim etdiyi özünə sərfəli sənədlərə istinad edərək qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Prosessual məsələlər İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəblərin nbildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iddia müddəti ötürüldüyünə görə iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Belə ki, Azərbaycan Respublikasının İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Birinci instansiya məhkəməsi tərəfindən İPM-nin 38.1-ci maddəsinin tələbləri baxımından mümkünlük şərtləri araşdırılmamışdır. Halbuki, işin araşdırılması prinsipinin tələbinə əsasən, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil (vərəqə 44) prosessual müddətin bərpası barədə ərizə vermiş, ərizəni onunla əsaslandırmışdır ki, işdən çıxarılan kimi o, Şəmkir Hərbi Prokurorluğuna müraciət etmiş və müraciətinə baxılarkən yol verdiyi intizam pozuntusu ilə əlaqədar keçirilmiş şərəf məhkəməsi zamanı və xidmətdən buraxılmağı ilə bağlı hərbi hissənin vəzifəli şəxslərinin qanun pozuntusuna yol vermələri qənaətinə gəlinmiş və bununla əlaqədar qanun pozuntusuna yol vermiş şəxslərin intizam məsuliyyətinə cəlb olunması və onun hərbi xidmətə bərpa olunması məsələsinə baxılması üçün X2 xx.xx.2021-ci il tarixdə təqdimat göndərildiyi və eyni zamanda iddiaçı bu günədək Cavabdeh komandirinin əmrini ala bilmədiyini bildirmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müddətin bərpası barədə qərardad olsa da, hər bir halda müddətlərə riayət edilib-edilməməsi araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (Azərbaycan Respublikası İPM-nin 24.1 və 24.2-ci maddələri) Göründüyü kimi qanunverici müddətin bərpa edilməsi üçün iki şərt mövcud olmalıdır: müddət proses iştirakçısının təqsiri olmadan buraxılmalı və müddətin buraxılmasına əsas olmuş hallar əsaslandırılmalı. İddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə nəzərə yetirilən zaman isə müəyyən olur ki, müddətin hansı səbəblərə görə buraxılması qeyd olunsa da, iddiaçının Şəmkir Hərbi prokurorluğuna müraciət etməsi və prokurorluqda aparılmış araşdırma nəticəsində onun hərbi xidmətə bərpa olunması məsələsinə baxılması üçün X2 xx.xx.2021-ci il tarixdə təqdimat göndərilməsi qanunvericiliklə müəyyən edilmiş müddətə məhkəməyə müraciət edilməməsi üçün üzrlü səbəb kimi nəzərdə tutulmamış, həmçinin bu hal iddiaçının məhkəməyə müraciət edəbilməsini istisna etmir. Belə ki, iddiaçı hərbi xidmətdən ehtiyata buraxılmasına dair məlumatlı olduğu vaxtdan qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müvafiq olaraq məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı həmin müddət axımında məhkəməyə müraciət etməmiş və pozulduğu güman etdiyi hüquqlarının bərpası üçün Şəmkir Hərbi Prokurorluğuna müraciət etmişdir. Məhkəmə yalnız formal olaraq müddəti bərpa etmişdir. Halbuki, İPM-nin 24.7-ci maddəsinə müvafiq olaraq prosesin digər iştirakçıları buraxılmış prosessual müddət bərpa edilməsi barədə qərardaddan şikayət vermək hüququndan məhrumdurlar. Həmin normaya görə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Ona görə də, buraxılmış prosessual müddət bərpası barədə ərizələrə baxılan zaman məhkəmə kifayət qədər ərizəyə diqqətli yanaşmalı və yalnız yuxarıda göstərilən hallar məcmu halında mövcud olduqda ərizəni təmin etməlidir. Təsadüfi deyildir ki, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. İddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün Konstitusiya Məhkəməsinin bu qərarında göstərilən hallar mövcud deyildir. Qeyd olunmalıdır ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, İkinci, iddia müddəti institutu hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; Üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ötürməklə verdiyindən hazırkı iddia tələbi Azərbaycan Respublikasının İPM-in 35.1 və 35.3-cü maddəsinin tələbləri baxımından mümkün sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qərarın ləğvi üçün əsas olan pozuntulara yol verilmişdir. Odur ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia müddəti ötürüldüyündən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-103/2023 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə iddia tələbi mümkün sayılmasın. Qərardad ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-397/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-397/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver