Məhkəmə qərarları › İş №2-1(104)-4/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-4/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-4/2023 22.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Şəmkir rayonu Sabirkənd Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə, üçüncü şəxslər X11, X13, "xxxx" MMC, X15 və X6 qarşı “şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 06 fevral 2020ci il tarixli, 2-1(114)-32/2020 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarını qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Şəmkir rayonu Sabirkənd Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən X7 adına verilmiş 28 avqust 2004-cü il tarixli JN-5279 nömrəli (KOD ********) “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin və "xxxx" Firması adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın etibarsız sayılmasına dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin 30 iyun 2004-cü il tarixli qərarı ilə X10 bələdiyyənin ehtiyat fonduna daxil olan 13 hektar torpaq sahəsi 50 il müddətinə kənd təsərrüfatı və bağçılıq məqsədi ilə icarəyə verilmişdir. 03 iyul 2004-cü il tarixdə bələdiyyə ilə X11 arasında müvafiq icarə müqaviləsi bağlanmışdır. Sabirkənd bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 10 saylı qərarı ilə həmin icarə müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən X10 xx.xx.2004-cü il tarixdə JN - 5279 (KOD ********) nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir. Şəhadətnamə aşağıdakılara əsasən etibarsız sayılmalıdır. Belə ki, şəhadətnamənin verilməsi üçün əsas olmuş bələdiyyə qərarı və icarə müqaviləsi bələdiyyənin qərarı ilə ləğv edilmişdir. Şəhadətnamə hazırlanan zaman bir sıra məqsədyönlü saxtakarlıqlara yol verilmiş, şəhadətnamə bələdiyyənin qərarında göstərilən torpaq sahəsinə uyğun tərtib edilməmişdir. Qərarda 13 hektar torpaq sahəsinin bələdiyyənin ehtiyat fondundan ayrılması göstərilsə də şəhadətnamə bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsinə işlənmişdir. Müvafiq yerseçmə aktında və kəndin kompleks yerquruluşu planından çıxarışda bələdiyyənin sabiq sədri İdris Əbdürrəhimovun imzası saxtalaşdırılmış, onun yerinə başqası saxta yolla imza etmişdir. Qeyd olunanlar barədə yalnız 29 aprel 2019-cu il tarixdə X14 filialından verilən sənədlərdən məlumat alınmışdır. İmzaların saxta olması və bələdiyyənin sabiq sədrinə məxsus olmaması sadə vizual baxışla da müəyyən edilir. Xəlilov Etibar 2004-cü ildə ərizə ilə müraciət edən zaman ərizədə torpağın yerini göstərmişdir və həmin torpaq sahəsi kəndin başqa yerində yerləşir. Məhz buna görə də sonradan DT və XK-nin əməkdaşları ilə X11 birgə saxtakarlıq etmiş, həmin ərizəni aradan çıxarmışlar. Sonra da başqa yerə bələdiyyənin perspektiv inkişaf fondunda olan torpaq sahəsinə dair şəhadətnamə işlənilmişdir. Həmçinin, məlum olmuşdur ki, X2 bələdiyyəsinin mülkiyyətində olan, saxta sənədlər əsasında onun istifadəsinə verilmiş 13 hektar torpaq sahəsinin 1 hektarını özünün təsis etdiyi "xxxx" Firmasının adına rəsmiləşdirmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA Seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən ehtiyyat fondu torpaqlarından 1,0 ha torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində "xxxx" Firmasının adına qeydiyyata alınmışdır. Həmin sahə 30 iyun 2004-cü il tarixli, 12 saylı protokola əsasən Sabirkənd Bələdiyyəsi tərəfindən artıq X10 50 il müddətinə icarəyə verilmişdir. Bundan başqa X10 mübahisə predmeti olan xx.xx.2004-cü il tarixdə verilmiş JN-5279 (KOD ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə almışdır. Sonradan sənədlər saxtalaşdıraraq həmin 13 ha yerin 1 hektarına dair 03 dekabr 2004-cü il tarixli 26 saylı protokol tərtib edilərək 09 dekabr 2004cü il tarixli 568 sayla qeydiyyata alınmış torpağın alqı-satqısına dair akt tərtib etdirmişdir. İcarəyə verilmiş 13 ha torpaq sahəsi ilə guya alq-satqı yolu ilə əldə edilmiş 1 ha torpaq sahəsi eyni kontur xətlər altında yerləşir. Yəni, "xxxx" Firmasına verilmiş həmin alq-satqı yolu ilə əldə edilmiş 1 ha torpaq sahəsi artıq X10 50 il müddətinə icarəyə verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-32/2020 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-32/2020 saylı qərarı ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən mövcud qanunvericiliyin tələblərini nəzərə almamış və sonda düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Şəmkir rayonu Sabirkənd kənd Bələdiyyəsinin 30 iyun 2004-cü il tarixli qərarı ilə X10 bələdiyyənin ehtiyyat fonduna daxil olan 13 hektar torpaq sahəsi 50 il müddətinə kənd təsərrüfatı və bağçılıq məqsədi ilə istifadə etmək üçün icarəyə verilmişdir. 03 iyul 2004-cü il tarixdə bələdiyyə ilə X11 arasında müvafıq icarə müqaviləsi bağlanmışdır. X11 Azərbaycan Respublikası DT və XKnin Şəmkir rayon şöbəsinin sabiq müdiri Rustəm Rüstəmovla cinayət əlaqəsinə girmiş və onlar qərarda göstərilən torpaq sahəsinə deyil, bələdiyyənin mülkiyyətində olan, bələdiyyənin ehtiyyat fonduna aid olan 13 hektar torpaq sahəsinə dair sənəd hazırlamışlar. Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsi tərəfındən X10 xx.xx.2004-cü il tarixdə JN-5279 (Kod ********) nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair" şəhadətnamə verilmişdir. Həmin sənəd bir mənalı saxta sənəddir və Etibar Xəlilov indi də həmin sənəddən istifadə edir. Sabirkənd kənd bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 10 saylı qərarı ilə X11 arasında bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsinin sabiq müdiri Rüstəm Rüstəmov tərəfındən vəzifə cinayəti törədilmişdir. Eyni zamanda vəzifə mövqeyindən sui-isifadə edilməklə hüquqverən saxta sənəd hazırlanmışdır. Nəticədə kəndin əhalisinin xeyli hissəsi həyətyanı torpaq sahəsi almaqdan məhrum olmuşdur. Həmin şəhadətnamə hazırlanan zaman bir sıra məqsədyönlü saxtakarlıqlara yol verilmişdir. Belə ki, həmin şəhadətnamə bələdiyyənin qərarında göstərilən torpaq sahəsinə uyğun tərtib edilməmişdir. Sözügedən qərarda 13 hektar torpaq sahəsinin bələdiyyənin ehtiyyat fondundan aprılması göstərilsə də, şəhadətnamə bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsinə işlənmişdir. Müvafıq yerseçmə aktında və kəndin kompleks yerquruluşu planından çıxarışda bələdiyyənin sabiq sədri İdris Əbdürəhimovun imzası saxtalaşdırılmışdır. Onun yerinə başqa şəxs imza etmişdir. Qeyd olunanlar barədə yalnız 29 aprel 2019-cu il tarixdə X14 Filialından verilən sənədlərdən məlumat almışlar. İmzaların saxta olması və bələdiyyənin sabiq sədrinə məxsus olmaması sadə vizual baxışla da müəyyən edilir. Bundan başqa X2 bələdiyyəsinin mülkiyyətində olan, saxta sənədlər əsasında onun istifadəsinə verilmiş 13 hektar torpaq sahəsinin 1 hektarını özünün təsis etdiyi "xxxx" Firmasınının adına rəsmiləşdirmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfındən hazırki iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilməmişdir. Çünki, məhkəmə X10 icarəyə verilmiş torpaq sahəsinin bələdiyyənin ehtiyyat fonduna aid olan torpaq sahəsinə, yaxud bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsinə aid olub-olmadığını aydınlaşdırmalı idi. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşdə olan sübutlar: Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin iyun 2014-cü il tarixli, 10 saylı ptotokol qərarının surətindən görünür ki, Bələdiyyənin əmir yolu altında kəndin şimalında yerləşən perespektiv torpaq sahəsi ilə bələdiyyənin kəndin cənubunda yerləşən ehtiyyat torpaq sahəsinin 13 hektarının yerinin dəyişdirilməsi və həmin yerləşmənin sənədləşdirilməsinin Dövlət Torpaq və Xəritəçəkmə komitəsindən xahiş edilməsi qərara alınmışdır. Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin 30 iyun 2004-cü il tarixli, 12 nömrəli qərarının surətindən görünür ki, bələdiyyənin ehtiyat fonduna daxil olan 13 hektar torpaq sahəsi 50 il müddətinə kənd təsərrüfatı və bağçılıq məqsədi ilə istifadə etmək üçün X10 icarəsinə verilməsi qərara aınışdır. 03 iyul 2004-cü il tarixli 01 nömrəli Torpaq icarə müqaviləsinin surətindən görünür ki, Şəmkir rayonu Sabirkənd bələdiyyəsi ilə X11 arasında bələdiyyənin ehtiyat fonduna daxil olan 13 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. JN-5279 nömrəli (KOD ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin 30 iyun 2004-cü il tarixli, 12 nömrəli qərarı ilə X7 müvəqqəti istifadəsinə verilmiş 13 hektar torpaq sahəsi üzərində X7 istifadə hüququ qeydə alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-220/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-74/2022 saylı qərarı ilə iddiaçı X7 iddia tələbi təmin edilərək, Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin 30 mart 2021-ci il tarixli, 03 nömrəli qərarı ləğv edilmişdir. Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin 30 mart 2021-ci il tarixli, 03 nömrəli qərarı Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin 30 iyun 2004-cü il tarixli, 12 nömrəli qərarının ləğvi ilə bağlı olmuşdur. Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-74/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il il tarixli, 2-1(102)-2422/2023 saylı qərarından Çıxarışdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-220/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-220/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 10 saylı qərarının surətindən görünür ki, X11 ilə bağlanmış 03 iyul 2004-cü il tarixli 01 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. MA seriyalı, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Sabirkənd kəndi ərazisindən 1,0 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında "xxxx" firmasının adına qeydiyyata alınmışdır. “Torpağa mülkiyyət hüququna dair” JN-1476 Kod 50400098 Dövlət aktından görünür ki, Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin 03 dekabr 2004-cü il tarixli, 26 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 1 ha torpaq sahəsi sahibkarlıq məqsədilə "xxxx" firmasına satılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 17 dekabr 2019-cu il tarixli **********37 saylı məktubundan görünür ki, elektron baza məlumatlarına əsasən "xxxx" firmasına aid olan 1 ha torpaq sahəsi X10 50 il müddətinə icarəyə verilmiş JN-5279 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə qeyd olunan 13 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 3-16-166/2-10/6914 saylı mütəxəssis və Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin 30 iyun 2004-cü il tarixli qərarında icarəyə verilməsi nəzərdə tutulan 13 ha torpaq sahəsi JN-5279 (KOD ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədə göstərilən torpaq sahəsi ilə eyni sahədir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X12 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə iddiaçı Şəmkir rayonu Sabirkənd Bələdiyyəsinə, üçüncü şəxslər X11, X13, "xxxx" MMC, X15 və X6 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı iddiaçı Şəmkir rayonu Sabirkənd Bələdiyyəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Şəmkir rayonu Sabirkənd X1 qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə Ali Məhkəmədə baxıldığını, hazırkı işin həmin işdən asılı olduğunu nəzərə alaraq, işin icraatının dayandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəsatətini əsassız hesab edərək, məhkəmə iclasına isə gəlməməsini üzürsüz hesab edərək işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı:

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi:

2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gəncə İnzibati Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2-1(114)-32/2020 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2- 1(114)-32/2020 saylı qərarı ləğv edilməli, 28 avqust 2004-cü il tarixli, JN-5279 nömrəli (KOD ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin etibarsız sayılmasına dair iddia tələbi hissəsində iddianın rədd edilməsi haqqında yeni qərar çıxarılmalı, MA seriyalı, ******* nömrəli çıxarışın etibarsız sayılmasına dair hissədə isə iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı JN-5279 nömrəli (KOD ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın etibarsız sayılması tələbini irəli sürmüşdür ki, iddiaçının tələbinin mahiyyəti hüquqların qeydiyyatının ləğv ilə əlaqədar olmuşdur. Buna görə də məhkəmə kollegiyası iddiaçının tələbini hüquqların qeydiyyatının ləğvi qismində qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən X7 adına verilmiş 28 avqust 2004-cü il tarixli JN-5279 nömrəli (KOD ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin etibarsız sayılmasına dair iddia tələbi hissəsində iddianı rədd etməklə düzgün nəticəyə gəlsə də iddianı rədd etmə əsası və mübahisəyə tətbiq etdiyi maddi hüquq normaları düzgün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi hüquqların qeydiyyatına dair sənədlər olan Şəhadənamə və Çıxarışı inzibati akt hesab edib, mübahisəyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 65-ci maddəsini tətbiq etməklə, sənədlərin etibarsız hesab edilməsi üçün həmin maddədə nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığını qeyd edərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsası ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 saylı qərarında qeyd olunduğu kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, 28 avqust 2004-cü il tarixli, JN-5279 nömrəli (KOD ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamədə iddiaçının mübahisələndirdiyi qeydin aparılmasına əsas verən hüquqmüəyyənedici sənəd Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin 30 iyun 2004-cü il tarixli, 12 nömrəli qərarı qeyd olunsa da əslində həmin qeydin aparılmasına əsas verən sənəd iddiaçı Şəmkir rayonu Sabirkənd Bələdiyyəsi ilə üçüncü şəxs X11 arasında bağlanmış 03 iyul 2004-cü il tarixli, 01 nömrəli Torpaq icarə müqaviləsi olmuşdur. Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin 30 iyun 2004-cü il tarixli, 12 nömrəli qərarı isə icarə müqaviləsinin bağlanması üçün əsas olmuşdur. Yəni, bələdiyyə qərarının ləğvi halında belə həmin qeydin ləğvi mümkün olmamaqla, yalnız icarə müqaviləsinin ləğvi və ya etibarsızlığı halında qeydin ləğvi mümkün hesab olunacaqdır. İcarə müqaviləsinə əsaslanan qeyd mülki-hüquqi əqdə əsaslanan, tələb isə mülki-hüquqi tələb hesab olunur ki, həmin mübahisəyə də aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılır. Lakin, iddiaçının iddia tələbindən göründüyü kimi onun qeydi mübahisələndirilməsi əsaslarından biri də şəhadətnamənin, yəni qeydin bələdiyyənin qərarında göstərilən torpaq sahəsinə uyğun aparılmaması olmuşdur. İddiaçının bu əsası qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmaması ilə bağlı olmaqla, bu əsas üzrə inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün iddiaçının yalnız bu əsasında görə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmuşdur. Lakin, məhkəmə araşdırması zamanı həmin dəlili Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 3-16-166/2-10/6914 saylı mütəxəssis və Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli ekspert rəyləri ilə təkzib olunmuşdur. Belə ki, həmin rəylərə əsasən Şəmkir rayonu Sabirkənd bələdiyyəsinin 30 iyun 2004-cü il tarixli qərarında icarəyə verilməsi nəzərdə tutulan 13 ha torpaq sahəsinin JN-5279 (KOD ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədə göstərilən torpaq sahəsi ilə eynilik təşkil etməsi müəyyən edilmişdir ki, bununla da qeydin, o cümlədən müvafiq olaraq şəhadətnamənin bələdiyyə qərarına uyğun olaraq aparılması və verilməsi təsdiq olunmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə İnzibati Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2-1(114)-32/2020 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2-1(114)-32/2020 saylı qərarı ləğv edilməli və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən X7 adına verilmiş 28 avqust 2004-cü il tarixli, JN-5279 nömrəli (KOD ********) “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin etibarsız sayılmasına dair iddia tələbi hissəsində iddianın rədd edilməsi haqqında yeni qərar çıxarılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Qəraraaldı:

Gəncə İnzibati Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2-1(114)-32/2020 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2-1(114)-32/2020 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. İddiaçı Şəmkir rayonu Sabirkənd Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən X7 adına verilmiş 28 avqust 2004-cü il tarixli, JN-5279 nömrəli (KOD ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin (müvafiq olaraq qeydin) etibarsız sayılmasına dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar