Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-40/2025 30.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-100/2024 saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Daşkəsən Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 183 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixli 12-k nömrəli əmrlə saflaşdırıcı fabrikə 1-ci dərəcə ilə köməkçi fəhlə qəbul edilmiş, xx.xx.1982-ci il tarixli 161-k nömrəli əmrlə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1988-ci il tarixli 73-k nömrəli əmrlə saflaşdırıcı fabrikə 4-cü dərəcə ilə baş usta təyin edilmiş, xx.xx.1997-ci il tarixli 01-k nömrəli əmrlə işdən azad edilmişdir. HB 016421 nömrəli, xx.xx.1988-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1988-ci ildə tam kursu bitirmişdir. xx.xx.1982-ci il tarixli ИТ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ayrı-ayrı müəssisələrdə müəyyən fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. «X4» MMC-nin xx.xx.2023-cü il tarixli, DDF-XO-0185/23 nömrəli məktubunda bildirilir ki, "xxxx" ASC ləğv edilmişdir və «X4» MMC ləğv edilmiş "xxxx" ASC-nin hüquqi varisi deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-20344/2023 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Cavabdehin məhkəmə kollegiyasına ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı 28 il 4 ay 19 gün (xx.xx.2006-cı il tarixinədək 23 il 9 ay 19 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1988-ci il (əyani təhsil), xx.xx.1988-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 4 il 7 ay) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuş, əmək fəaliyyətinə xx.xx.1981-ci ildə Daşkəsən rayonu, "xxxx" ASC-nin saflaşdırıcı fabrikinə 1-ci dərəcə ilə köməkçi fəhlə qəbul olunmaqla başlamışdır. xx.xx.1981-ci ildə həmin fabrikdə 2ci dərəcə konveryner maşinisti təyin edilmiş, xx.xx.1982-ci il tarixdə ali məktəbə qəbul olunmağı ilə əlaqədar öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1988-cı il tarixdə Daşkəsən rayonu, "xxxx" ASC-nin saflaşdırıcı fabrikinə gənc mütəxəssis kimi təmir qurğusunun çilingərlərinə 4-cü dərəcə ilə baş usta təyin edilmiş, xx.xx.1997-ci il tarixdə ştatın ixtisarı ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1997- xx.xx.1998-ci illərdə Daşkəsən rayon Kimya birliyində baş mühəndis vəzifəsində işləmiş, xx.xx.1998-xx.xx.2011-c il tarixədək Gəncə şəhər, Ə.Cavad adına 2 saylı tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun “1983- 1988-ci illərdə təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsini və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” xahiş etmiş və ərizəsi icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-100/2024 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı 1983-1988-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ artıq yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən iddiaçının 23 il 6 ay 19 gün (xx.xx.1981xx.xx.1982-ci il, xx.xx.1988-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.2006-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 4 il 7 ay)) sığorta stajının olması müəyyən edilmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı 1983-1988-ci illərdə əyani təhsil almışdır. Həmçinin məhkəmə tələbin “təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. İddiaçının 1983-1988-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına əsasən təhsil alma müddəti iş stajına aid edilmişdir. Qeyd olunan normaların tələblərinə əsasən məhkəmə iddiaçının təhsil aldığı müddətin də sosial sığorta stajına daxil edilməsini məqsədə müvafiq hesab edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı ümumilikdə 23 il 06 ay 19 gündür. İddiaçının təhsil illlər də nəzərə alınmaqla onun təxminən 28 il sığorta stajı yaranmış olur. Yəni iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçının güzəştli iş stajı ilə bağlı müəyyən olunur ki, cavabdeh orqan iddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən arayış təqdim edilmədiyini qeyd edərək onun güzəştli iş stajının olmadığını bildirmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (1 il 9 ay 26 gün) Daşkəsən "xxxx" ASC-də konveyner maşinisti və fəhlə və xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (8 il 4 ay 22 gün) usta və baş usta işləmişdir. Beləliklə müəyyən edilir ki, iddiaçının ümumi iş stajı 25 ildən çox olmaqla, güzəştli iş stajı 10 ildən çoxdur. Qeyd edilməlidir ki, iddiaçının işlədiyi qeyd olunan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nın 2010100a-13777 və 2010500b-23187 bölmələrində nəzərdə tutulmuşdur. Deməli cavabdehin yuxarıda qeyd olunan arqumenti əsassız olmuşdur. Həmçinin iddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən arayışın təqdim edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi "xxxx" ASC Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 sentyabr tarixli, 2245 nömrəli Sərəncamı ilə ləğv edildiyindən və onun hüquqi varisi müəyyən edilmədiyindən, eyni zamanda analoji fəaliyyətlə məşğul olması nəzərdə tutulan hüquqi şəxslərə məhkəmə tərəfindən verilmiş sorğular nəticə vermədiyindən, qeyd olunan arayışın təqdim edilə bilinməməsi iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas verməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2-1(104)-100/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarında iddiaçının hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi konkret olaraq hansı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini qeyd etməmişdir. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsidən məlum olur ki, o, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. xx.xx.2014-cü il tarixdə iddiaçının 52 yaşı tamam olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə pensiya təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı təqdim edilmədiyindən iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Bundan başqa, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatladan göründüyü kimi, ümumi iş stajı 25 ildən az (23 il 6 ay 19 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1988xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2006-cı tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 4 il 7 ay)) təşkil edir. Əlavə olaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17148,03 manat təşkil edir. Həmçinin birinci instansiya məhkəməsi iddiaçının 1983-1988-ci illərdə əyani təhsil aldığını qeyd etmişdir. Lakin təhsilin əyani olması barədə hər hansı sənədə istinad etməmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı: İ. Dağ-mədən işləri: 2010100a—13777 - konveyer maşinistləri 2010500b—23187 - ustalar, böyük ustalar
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının güzəştli iş stajının olmaması, eləcə də ümumi iş stajının 25 ildən az olması əsası ilə ona güzəştli şərtlərlə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair iş yeri arayışı dəqdim edilmədiyindən güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Bundan başqa təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (23 il 6 ay 19 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1988-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 4 il 7 ay)) təşkil edir. Əlavə olaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi 1983-1988-ci illərdə təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsinə və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Subyektin cari olaraq realizə olunan pensiya hüququnun əsasında dayanan əmək stajının hesablanması və tətbiqinə dair məhz həmin əmək pensiyası hüququnun yarandığı dövrə (xx.xx.2014-cü ilə) aid maddi hüquq norması tətbiq edilməlidir. Qeyd edilən maddi normada güzəştli şərtlərlə pensiya təyininə dair 3 şərt müəyyən edilir: 1. İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2. İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. Cavabdeh iddiaçının müvafiq pensiya yaşına çatması ilə bağlı hər hansı bir mübahisə açmadığından artıq bu hissə işin mübahisələndirilməyən halıdır. Həmçinin məhkəmə kollegiyası “təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi” ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin məhkəmə kollegiyasına ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı 28 il 4 ay 19 gün (xx.xx.2006-cı il tarixinədək 23 il 9 ay 19 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1988-ci il (əyani təhsil), xx.xx.1988xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 4 il 7 ay) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Burdan da görünür ki, cavabdeh tərəfindən iddiaçının qeyd olunan təhsil müddətinin sosial sığorta stajına daxil edilməli olması təsdiq edilmişdir. Lakin cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlillərində həmin hissəni mübahisələndirmiş və bildirmişdir ki, birinci instansiya məhkəməsi şəxsin əyani təhsil aldığını qeyd etmiş, lakin təhsilin əyani olması ilə bağlı hər hansı sənədə istinad etməmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəmə kollegiyasına həmin hissəylə bağlı apellyasiya şikayətinə əlavə və ya iddia tələbinin həmin hissədə qəbul edilməsinə dair müvafiq ərizə daxil olmamış və bununla yanaşı cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini tam müdafiə etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “iddiaçının 1983-1988-ci illərdə təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi” hissəsini də təmin etməkdə haqlı olmuşdur. Belə olan halda, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (1 il 9 ay 26 gün) Daşkəsən "xxxx" ASC-də konveyner maşinisti və fəhlə və xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (8 il 4 ay 22 gün) usta və baş usta vəzifələrində işlədiyi müddətlərin ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olubolmaması yoxlanılmalıdır. Qeyd olunan xüsusat birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, iddiaçının həmin illərdə işlədiyi peşələrin güzəştli pensiya hüququna əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın İ. Dağ-mədən işləri bölməsinin 2010100a-13777 saylı bəndində qeyd edilən - konveyer maşinistləri və 2010500b-23187 saylı bəndində qeyd edilən - ustalar, böyük ustalar peşələrinə uyğun olması öz təsdiqi tapmışdır. Həmçinin iddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən arayışın təqdim edilməməsi ilə bağlı məhkəmə tərkibi birinci instansyia məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçının işlədiyi "xxxx" ASC Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 sentyabr tarixli, 2245 nömrəli Sərəncamı ilə ləğv edildiyindən və onun hüquqi varisi müəyyən edilmədiyindən, eyni zamanda analoji fəaliyyətlə məşğul olması nəzərdə tutulan hüquqi şəxslərə məhkəmə tərəfindən verilmiş sorğular nəticə vermədiyindən, qeyd olunan arayışın təqdim edilə bilinməməsi iddiaçının konstitusiyon hüququ olan sosial təminat hüququnun məhdudlaşdırılmasına əsas verməməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, işin hallarından göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 20 noyabr 2014-cü ildən tarixdən yaranır, lakin o, 11 fevral 2011-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək əlilliyə görə pensiya almışdır. Həmin hal iddiaçının özü tərəfindən də təsdiq edilmişdir. Ona görə də iddiaçı həmin tarixlər arasındakı dövrlərdə əlilliyə görə pensiya aldığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 1 iyul 2021-ci il tarixdən təyin edilməlidir. Yuxarıda qeyd olunana münasibətdə kollegiya bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Bundan başqa Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Buna münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiya hüququ 52 yaşının tamam olduğu – 20 noyabr 2014-cü ildən yaranır, lakin iddiaçı ilk dəfə cavabdehə 5 yanvar 2022-ci ildə müraciət etdiyindən, həmçinin 11 fevral 2011-ci ildən 30 iyun 2021-ci ilədək əlilliyə görə pensiya aldığından pensiya ödənişi müraciətindən əvvəl, 1 iyul 2021-ci ildən həyata keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-100/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.