Məhkəmə qərarları › İş №2-1(104)-401/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-401/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-401/2023 10.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi X6 və üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın qismən ləğv edilməsi və ödənilməmiş təqaüd məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-892/2023 saylı qərarından cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2005-ci il tarixli, 258 nömrəli fərmanına əsasən Azərbyacan Respublikasının Milli Qəhrəmanı şəhid X5 dul arvadı olduğu üçün ona Prezident təqaüdü təyin edilmişdir. Cavabdeh tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçı mərhum yoldaşı şəhid X5 anası X2 və "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 2017-ci il 03 may tarixli 1366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə edilmiş dəyişikliyə baxmayraq iddiaçının mərhum həyat yoldaşı Milli X1 anası X3 olmasına baxmayaraq təqaüd ödənişi ailə üzvlərinin sayına uyğun olaraq bərabər məbləğdə bölünməmiş və İddiaçı tam məbləğdə ödənilmişdir. Bu səbəbdən də, cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli, 2543/**********0 saylı qərar qəbul edərək 41858,06 manat atrıq ödəmə müəyyən edilmiş və həmin artıq ödəmənin tutulması qərara alınmışdır. Bundan başqa, artıq alınmış məbləğ onun təqaüd işi üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş 2700,00 manat fərq məbləğlə əvəzləşdirildikdən sonra qalıq 39158,06 manat, 2022-ci ilin mart ayından hər ay 20 faiz olmaqla 180 manat məbləğində tutulmuşdur. İddiaçı həmin qərarın ləğv edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli 2543/**********0 nömrəli qərarının təqaüd işi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona ödənilməmiş 2700 manat fərqin əvəzləşdirilmə hissəsinin ləğv edilməsi və ödənilməli olan 2700 manat müavinət məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanının 2.1-ci yarımbəndinə müvafiq olaraq iddiaçıya Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid X5 dul arvadı olduğuna görə təqaüd təsis edilmişdir. Lakin, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 ay ərzində 2700 manat şəxsi əmlakı olan müavinət kəsilmiş və verilməmişdir. Onlar bunu mərhum İlham Əliyevin anası sağ olduğu üçün aparılmış əvəzləşmə ilə əsaslandırsalar da hansı qanunvericiliyə əsasən ona düşən hissənin kəsildiyini əsaslandıra bilməmişdirlər. Ona görə də hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli 2543/**********0 saylı qərarının təqaüd işi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona ödənilməmiş 2700 manat fərqin məbləğlə əvəzləşdirilmə hissəsi məhkəmə tərəfindən ləğv edilməli və ödənilməli olan 2700 manat müavinət məbləğinin ona ödənilməsi barədə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə öhdəlik qoyulmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-892/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 2543/**********0 nömrəli qərarı artıq ödəmənin müəyyən edilməsi və artıq ödənilmiş vəsaitin tutulması, eləcə də xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya ödənilməmiş 2700 manat fərqin məbləğlə əvəzləşdirilmə hissəsində ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı təyin edilmiş təqaüddən tutulmuş 2700 manat məbləğin ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, 3 may 2017-ci il tarixli 1366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2.1-ci bənd hazırki redaksiyada verilmişdir. Əvvəlki redaksiyada isə deyilirdi: 2.1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına və 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı uşaqlarına; Göründüyü kimi, Qeyd olunan Fərmana 03 may 2017-ci il tarixində müvafiq dəyişiklik edildikdən sonra iddiaçının mərhum həyat yoldaşı Milli X1 anası X3 olmasına baxmayaraq təqaüd ödənişi ailə üzvlərinin sayına uyğun olaraq bərabər məbləğdə bölünməmiş və İddiaçı tam məbləğdə ödənilmişdir. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya müvafiq təqaüd bu sahədə səlahiyyətli qurum tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə iddiaçıya təqaüd üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi və digər qanunvericilik aktları ilə artıq ödənilmiş məbləğin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya təqaüd məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də təqaüd ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Belə ki, ilkin təyinat zamanı sözügedən Fərmanın qüvvədə olan redaksiyasında təqaüd ödənilməli olan ailə üzvləri sırasında Milli Qəhrəman adı verilmiş şəxsin valideynləri olmamışdır, həmin Fərmana edilmiş sonrakı dəyişiklikdə isə təqaüd ödənilməli olan ailə üzvlərinin sayında olan dəyişikliyə görə iddiaçı məlumat vermək vəzifəsi daşımamışdır. Başqa sözlə həmin Fərmanda olan dəyişiklikdən irəli gələn məsələlərin həlli aidiyyəti dövlət orqanlarının vəzifəsi olmuşdur. Bu səbəbdən də, qanunvericiliyin müvafiq tələbləri şəxsin əvvəllər mövcud olan vəziyyətinə (sosial statusu və s.) görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə X13 İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-892/2023 saylı qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul ediləsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2005-cı il 14 iyul tarixli 258 nömrəli Fərmanına uyğun olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 650 manat (altı yüz əlli) xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 750 manat (yeddi yüz əlli) xx.xx.2021-ci il tarixdən 900 manat (doqquz yüz) məbləğində (Milli Qəhrəmanın ailə üzvlərinə) müddətsiz təqaüd təyin edilmişdir. Bildiririk ki, "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 2017-ci il 03 may tarixli 1366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycanın Milli Qəhrəmanı adı şəxsin ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü həmin şəxslərin dul arvadına (ərinə), valideynlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir. Lakin Fərmana 03 may 2017-ci il tarixində müvafiq dəyişiklik edildikdən sonra iddiaçının mərhum həyat yoldaşı Milli X1 anası X3 olmasına baxmayaraq təqaüd ödənişi ailə üzvlərinin sayına uyğun olaraq bərabər məbləğdə bölünməmiş və İddiaçı tam məbləğdə ödənilmişdir. Nəticədə iddiaçıya xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə ödənilmiş təqaüd məbləği Millli Qəhrəmanın digər ailə üzvünə (anası) bölüşdürülmədiyi üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 2543/**********0 nömrəli qərarına əsasən 41858,06 (qırx bir min səkkiz yüz əlli səkkiz manat 06 qəpik) manat atrıq ödəmə müəyyən edilmişdir. İddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilmişdir ki, artıq alınmış məbləğ onun təqaüd işi üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş 2700,00 (iki min yeddi yüz) manat fərq məbləğlə əvəzləşdirildikdən sonra qalıq 39158,06 (otuz doqquz min səkkiz yüz əlli səkkiz manat 06 qəpik) manat 2022-ci ilin mart ayından hər ay 20% olmaqla 180,00 (bir yüz səksən) manat məbləğində qanunamüvafiq qaydada tutulacaqdır. Belə ki, inzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qəbul edir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın qismən ləğv edilməsi və ödənilməmiş təqaüd məbləğinin ödənilməsi tələbinə dair inzibati iş üzrə X11 üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşdur. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X8 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Üçüncü şəxs X11 məhkəmə kollegiyasının iclasında qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Prosessual məsələlər İş üzrə iddiaçı iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 12, bənd İ - İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 16, bənd İ - Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38, bənd İ - hər kəsin sosial təminat hüququ vardır. Maddə 38, bənd İİİ - hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2005-ci il tarixli, 258 nömrəli fərmanına Fərmanı: Bənd 1 - Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün ayda 1800 (min səkkiz yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin. Bənd 2 - müəyyən edilsin ki, Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü həmin şəxslərin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir. Bənd 2.1. - dul arvadına (ərinə), valideynlərinə; Bənd 2.1-1 - 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; Bənd 2.1-2 - birinci növbədən digər qohumları olmayan baba və nənələrinə; “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli, 1366 nömrəli Fərmanı: 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin: “2.1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, bu kateqoriyalardan ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, bununla bağlı birinci növbədən olan digər qohumları yoxdursa, baba və nənələrinə.”. “İnzibati icraat haqqında” Qanun Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, İddiaçı “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2005-ci il tarixli, 258 nömrəli fərmanına əsasən Azərbyacan Respublikasının Milli Qəhrəmanı şəhid X5 dul arvadı olduğu üçün ona Prezident təqaüdü təyin edilmişdir. Cavabdeh tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçı mərhum yoldaşı şəhid X5 anası X2 və "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 2017-ci il 03 may tarixli 1366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə edilmiş dəyişikliyə baxmayraq iddiaçının mərhum həyat yoldaşı Milli X1 anası X3 olmasına baxmayaraq təqaüd ödənişi ailə üzvlərinin sayına uyğun olaraq bərabər məbləğdə bölünməmiş və İddiaçı tam məbləğdə ödənilmişdir. Bu səbəbdən də, cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli, 2543/**********0 saylı qərar qəbul edərək 41858,06 manat atrıq ödəmə müəyyən edilmiş və həmin artıq ödəmənin tutulması qərara alınmışdır. Bundan başqa, artıq alınmış məbləğ onun təqaüd işi üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş 2700,00 manat fərq məbləğlə əvəzləşdirildikdən sonra qalıq 39158,06 manat, 2022-ci ilin mart ayından hər ay 20 faiz olmaqla 180 manat məbləğində tutulmuşdur. İddiaçı həmin qərarın ləğv edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin apellyasiya şikayətində bildirilmişdir ki, "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanına 03 may 2017-ci il tarixində müvafiq dəyişiklik edildikdən sonra iddiaçının mərhum həyat yoldaşı Milli X1 anası X3 olmasına baxmayaraq təqaüd ödənişi ailə üzvlərinin sayına uyğun olaraq bərabər məbləğdə bölünməmiş və İddiaçı tam məbləğdə ödənilmişdir. Nəticədə iddiaçıya xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə ödənilmiş təqaüd məbləği Millli Qəhrəmanın digər ailə üzvünə (anası) bölüşdürülmədiyi üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 2543/**********0 nömrəli qərarına əsasən 41858,06 manat atrıq ödəmə müəyyən edilmişdir. İddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilmişdir ki, artıq alınmış məbləğ onun təqaüd işi üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş 2700,00 manat fərq məbləğlə əvəzləşdirildikdən sonra qalıq 39158,06 manat 2022-ci ilin mart ayından hər ay 20% olmaqla 180,00 manat məbləğində qanunamüvafiq qaydada tutulacaqdır. Belə ki, inzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qəbul edir. Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə xalqımızın cəsarətli oğul və qızları ağır sınaqlardan şərəflə keçərək müasir tariximizin canlı qəhrəmanlıq salnaməsini yaratmışdır. Xalqımızın mərd övladları bu çətin yolda yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərmiş, onların bir qismi müstəsna xidmətlərinə və igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Həmin şəxslərin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilir, onların maddi və mənəvi ehtiyaclarının ödənilməsi üçün müntəzəm tədbirlər həyata keçirilir. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2005-ci il tarixli, 258 nömrəli fərmanına əsasən Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Qeyd olunmalıdır ki, iddiaçıya Azərbaycan Respublikası Prezidentinin təqaüdü bu sahədə səlahiyyətli qurum tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə iddiaçıya Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin təyinat zamanı sözügedən Fərmanın qüvvədə olan redaksiyasında təqaüd ödənilməli olan ailə üzvləri sırasında Milli Qəhrəman adı verilmiş şəxsin valideynləri olmamışdır, həmin Fərmana edilmiş sonrakı dəyişiklikdə isə təqaüd ödənilməli olan ailə üzvlərinin sayında olan dəyişikliyə görə iddiaçı məlumat vermək vəzifəsi daşımamışdır. Başqa sözlə həmin Fərmanda olan dəyişiklikdən irəli gələn məsələlərin həlli aidiyyəti dövlət orqanlarının vəzifəsi olmuşdur. Bu səbəbdən də, qanunvericiliyin müvafiq tələbləri şəxsin əvvəllər mövcud olan vəziyyətinə (sosial statusu və s.) görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. Belə ki, hüquqi dövlətdə publik idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Həmçinin nəzərə almaq lazımdır ki, müavinət və pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, həmin aktın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələmədən və təzələnmiş icraat çərçivəsində artıq ödənilmə ilə bağlı məsələ bu qərarın 20-ci bəndində qeyd olunmuş qaydada həll edilmədən, bu barədə müvafiq qərar qəbul olunmadan müavinətin artıq ödənilməsinin iddia edilməsi, eləcə də artıq ödənildiyi iddia edilən həmin vəsaitin geri qaytarılmasının tələb edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını şübhə altına almış olur. İstinad olunan Qanunun 64.2-ci maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, qeyd olunan Fərmana 03 may 2017-ci il tarixində müvafiq dəyişiklik edildikdən sonra iddiaçının mərhum həyat yoldaşı Milli X1 anası X3 olmasına baxmayaraq təqaüd ödənişi ailə üzvlərinin sayına uyğun olaraq bərabər məbləğdə bölünməmiş və İddiaçı tam məbləğdə ödənilmişdir. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya müvafiq təqaüd bu sahədə səlahiyyətli qurum tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Həmçinin iş materiallarında olan Prezident təqaüdü işində olan sənədlərdən də görünür ki, üçüncü şəxs X11 cavabdehə qeyd olunan təqaüdün verilməsi ilə bağlı hər hansı müraciəti olmamışdır. Bundan əlavə iş materiallarından da cavabdehin iddiaçıdan tutduğu pul məbləğinin üçüncü şəxs X9 ödənilməsi müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-892/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar