Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-409/2024 05.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, «xx.xx.2023-cü il tarixli imtina qərarının ləğv edilməsi və ünvanlı dövlət sosial yardımının ilk dəfə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-655/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 11 saylı Vergilər Departamentində qeydiyyata alınmışdır.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Həsənqaya kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.4307 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
3. İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2023-cü il tarixli **********55101 nömrəli və xx.xx.2023-cü il tarixli **********55102 nömrəli və müraciətləri əsasında müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə qurumlarla yoxlanılması əsasında imtina edilmişdir.
4. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə 14,00 manat, xx.xx.2023-cü il tarixdə 7,00 manat və xx.xx.2023-cü il tarixdə 7,00 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının xidməti məktubunda bildirilmişdir ki, ailəni təmsil edən şəxs qismində İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2023-cü il tarixli **********55101 nömrəli və xx.xx.2023-cü il tarixli **********55102 nömrəli müraciətləri əsasında, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə qurumlarla yoxlanılması əsasında imtina edilmişdir. İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı qeyd olunmuş müraciətlərinə qurumlarla yoxlanılması əsasında imtina edilməsi səbəbilə, ÜDSY işi ilə bağlı imtina edilməsinə və imtinanın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması Mərkəzi Filialın səlahiyyətləri xaricindədir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********101400 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı (VÖEN **********) tərəfindən vergilər üzrə xx.xx.2020-ci il tarixdə 9,00 manat, xx.xx.2023-cü il tarixdə 14,00 manat, məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2022-ci il tarixdə 5,90 manat, xx.xx.2020-ci il tarixdə 30,00 manat, xx.xx.2023-cü il tarixdə 7,00 manat, xx.xx.2023-cü il tarixdə 7,00 manat vəsait köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, aztəminatlı ailə kimi ailələrinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı müraciətlərinə imtina qərarı verilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş qərarın ləğv edilməsi, aztəminatlı ailə kimi ailələrinə ünvanlı dövlət sosial yardımının ilk dəfə müraciət etdikləri xx.xx.2023-cü il tarixdən təyin edilməsi üçün cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu ildə Bərdə rayonu, Həsənqaya kəndində anadan olmuş, hazırda Bərdə rayonu, Həsənqaya kəndində yaşayır. Ailə təmsilçisi olduğu ailələrinə ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş ’’Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların”na uyğun olaraq birinci dəfə xx.xx.2023-cü il tarixində, ikinci dəfə xx.xx.2023-cü il tarixində Vahid elektron müraciət və təyinat altsisteminə (VEMTAS) müraciət etmişdir (ÜDSY üçün ərizə №-si: **********551). Sənəd VEMTAS-a ötürülən zaman cavab bildirişində qaydalara uyğun olaraq 15 iş günü ərzində müraciətlərinə cavab veriləcəyi bildirilsə də, 1-ci dəfə 1 aydan (30 gündən) sonra heç bir aidiyyəti olmayan səbəbə görə, “ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə”, 2-ci dəfə isə 1 ay 10 gündən (40 gün) sonra imtina olunmasına heç bir səbəb qeyd edilmədən (bildirişlərin surəti əlavə olunur) sosial yardım təyin edilməsindən imtina edilmişdir. Ailələri 4 nəfərdən, özü, həyat yoldaşı və iki az yaşlı övladından ibarətdir. Bərdə rayonu, Həsənqaya kəndində 0,44 hektar 2-ci qrup pay torpağı vardır. Pay torpağını becərərək güc bəla ilə ailəsini dolandırır. Pay torpağına görə MDSS ödənişini edir. “Məşğulluq haqqında “ Azərbaycan Respublikasının Qanununun 4.1.3-cü maddəsində pay torpağı olan şəxslərin məşğul şəxs olduğu qeyd edilmişdir. Ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətlərinə hansı səbəbdən imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” saylı qaynar xəttinə müraciət etdikdə əsaslı cavab vermək əvəzinə qeyri-müəyyən cavablar verirlər. “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş ’’Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda hansı hallarda sosial yardımın təyin edilməsindən imtina olunması barədə ətraflı yazılmışdır. Nədənsə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd edilən qanunların tələbləri pozularaq qanundan kənar bəhanələrlə müraciətlərə imtina cavabı verilir. Pay torpağına görə məcburi dövlət sosial sığorta haqqı ödənildiyi halda, ödənilməməsinə görə ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina olunması barədə qərarı qanunsuz hesab edir (ödəniş qəbzinin surəti əlavə edilir). Çünki bu barədə (ödəniş edilməməsi barədə) onlara nə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Vergilər Xidmətindən, nə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən heç bir rəsmi bildiriş və cərimə tətbiq olunması barədə məlumat verilməmişdir.
9. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina barədə xx.xx.2023-cü il tarixdə imtina qərarının ləğv edilməsi və ünvanlı dövlət sosial yardımın ilk dəfə müraciət etdikləri xx.xx.2023-cü il tarixdə təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
10. Cavabdehin etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, ailəni təmsil edən şəxs qismində İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2023-cü il tarixli **********55101 nömrəli və xx.xx.2023-cü il tarixli **********55102 nömrəli müraciətləri əsasında, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə qurumlarla yoxlanılması əsasında imtina edilmişdir. İş materiallarına əsasən İddiaçı ailəsi 4 nəfərdən ibarət tərkibdədir: təmsilçinin özü, həyat yoldaşı və iki azyaşlı övladı. Ailənin mülkiyyətində Bərdə rayonu, Həsənqaya kəndində yerləşən kənd təsərrüfatına yararlı 0,44 ha pay torpağı vardır. İddiaçının VEMTAS-a edilən son iki müraciətinə baxış keçirdikdə, “Ailə üzvləri barədə məlumatlar" qrafasında təmsilçinin özü İddiaçı kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyd edilir (VÖEN **********). VEMTAS-a baxış zamanı təmsilçinin həyat yoldaşı İddiaçı ÜDSY hüququnun yaranması üçün məşğulluğunun torpaq mülkiyyəti ilə təmin edilməsi və təyinat dövründə mülkiyyətə bağlı VÖEN (**********) üzrə MDSS ödənişlərinin aparılmaması müəyyən edilmişdir. Belə ki, MEİS-in "Sığorta AS” (Birbaşa daxil olan ödənişlərin uçotu) proqramında İddiaçı məxsus VÖEN üzrə aparılan yoxlama zamanı təyinatdan əvvəl sonuncu MDSS ödənişin xx.xx.2020-ci il tarixdə 30 (otuz) manat məbləğində olması, həmçinin ailəyə sosial yardımın verilməsindən imtina edildikdən sonra xx.xx.2023-cü il tarixdə 7 (yeddi) manat məbləğində və xx.xx.2023-cü il tarixində isə 7 (yeddi) manat məbləğində MDSS ödənişinin edilməsi müəyyən edilmişdir. İddiaçının ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün xx.xx.2023-cü il tarixli **********55101 nömrəli müraciətinə xx.xx.2023-cü il tarixdə ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması səbəbindən imtina verilmişdir. Belə ki, İddiaçı kənd təsərrüfatı ilə məşğul olan vergi ödəvicisi olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına baxmayaraq xx.xx.2023-cü il tarixədək məcburi dövlət sosial sığorta ödənişlərinin aparılmaması müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli **********55101 nömrəli müraciətinə xx.xx.2023-cü il tarixdə ünvanlı dövlət sosial yardımın verilməsindən imtina edildikdən sonra iddiaçı bu imtina ilə razılaşmış, xx.xx.2023-cü il tarixdə 7 (yeddi) manat məbləğində və xx.xx.2023-cü il tarixində isə 7 (yeddi) manat məbləğində MDSS ödənişlərinin ödənilməsi müəyyənləşdirilmişdir. Bu səbəbdən iddiaçıya xx.xx.2023-cü il tarixli **********55101 nömrəli müraciətinə münasibətdə VEMTAS tərəfindən verilmiş “ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmaması" imtinası qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyi sübuta yetirilir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-655/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçının təmsil etdiyi ailəyə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, məhkəmənin qərarında ifadə olunan mövqelər nəzərə alınmaqla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə müraciətinə dair zəruri vahid inzibati icraat aparılaraq qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi mövqeyini “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın müvafiq maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə etiraz ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında cavabdeh orqanın nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçı torpaq sahəsi əldə etmişdir. Bu barədə ərizədə də məlumat qeyd etmişdir. Belə ki, iddiaçı torpaq sahəsi ilə bağlı vergi ödəyicisi kimi qeydiyyatdadır, lakin iş materiallarından və qurumlarla yoxlama zamanı əldə olunmuş məlumatlardan görünür ki, vətəndaşın MDSS ödənişləri yoxdur. Belə ki, iddiaçının ilk müraciəti xx.xx.2023-cü ildə olmuşdur və VEMTAS tərəfindən imtina verilmişdir. İmtinanın da səbəbi MDSS ödənişlərinin olmaması olmuşdur. Bundan sonra vətəndaş yenidən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə müraciətlər etmiş və yenə də imtina olunmuşdur.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
17. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun: 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.
3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu: 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. 5.6. Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 5.7. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. 5.14. Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
23. İşin hallarından məlum olur ki, İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2023cü il tarixli **********55101 nömrəli və xx.xx.2023-cü il tarixli **********55102 nömrəli və müraciətləri əsasında müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il, həmçinin xx.xx.2023-cü il tarixli, **********51601 nömrəli ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə qurumlarla yoxlanılması əsasında imtina edilmişdir.
24. Bundan sonra iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçının təmsil etdiyi ailəyə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini qərara almışdır.
25. Məhkəmə icraatı zamanı İddiaçı tərəfindən ünvanlı sosial yardımın ödənilməsi barədə növbəti müraciət olunmuş, cavabdeh inzibati orqanın 08 dekabr 2023-cü il tarixli, **********51601 nömrəli qərarı ilə imtina edilmişdir.
26. Habelə, apellyasiya icraatı zamanı cavabdeh inzibati orqanın nümayəndəsinin verdiyi izahatdan görünür ki, iddiaçı 2023-cü ildə MDSS ödənişləri etmişdir.
27. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası vurğulayır ki, İddiaçı tərəfindən cavabdeh inzibati orqana 3 dəfə müraciət olunması və cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli **********55101 nömrəli və xx.xx.2023-cü il tarixli **********55102 nömrəli, 08 dekabr 2023-cü il tarixli, **********51601 nömrəli qərarlar qəbul edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi yalnız ilkin-12 iyul 2023-cü il tarixli qərara hüquqi münasibət bildirərək ləğv etmiş, sonuncu müraciət üzrə imtina olunması əsasları araşdırılmamışdır.
28. Halbuki məhkəmə araşdırılmasının predmeti məhz sonuncu müraciət əsasında qəbul edilmiş qərar olmalı və həmin qərar qəbul edilən zamana müvafiq ödənişlərin olması və ya ümumiyyətlə ödənişlərin aparılmasının zəruri olub-olmaması, ilkin təyinat zamanı qeyd olunan halın nəzərə alınıb-alınmaması araşdırılmaqla hüquqi qiymət verilməlidir.
29. Odur ki, cavabdeh inzibati orqanın sonuncu 08 dekabr 2023-cü il tarixli qərarı mübahisələndirilməsi ilə bağlı iddiaçının hüquqi marağına uyğun İPM-in 13-cü maddəsinə əsasən yardım olunmalı və həmin iddiaya hüquqi qiymət verilməlidir.
30. Beləliklə, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməklə iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-655/2024 nömrəli qərarı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Azər Bayramov