Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-409/2025 02.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X11ə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X11ə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək, hərbi vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən atılmış mərmi partlaması nəticəsində aldığı travmalarla bağlı ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(114)-1011/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan artilleriya atışları zamanı qapalı kəllə-beyin travması (F07.2) postkommosion sindrom (F43.1) posttravmatik stress pozuntusu, yaddaşın zəifləməsi xəsarəti (xəsarətin dərəcəsi ağır) almışdır.
2. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xəstəlik tarixindən 003623/2022 nömrəli stasionar çıxarışından görünür ki, İddiaçı “F07.2 Partlayış travması nəticəsində qapalı kəllə beyin travması” diaqnozu ilə (Əsas xəstəliyin ağırlaşması – F.43.1 Postkommosion sindrom, posttravmatik stress pozuntusu; Yanaşı xəstəlik – yaddaşın zəifləməsi) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə şəhər Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur.
3. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 247/22 nömrəli tibbi rəyində diaqnoz “F07.2 – Partlayış travması nəticəsində qapalı kəllə beyin travması, postkommosion sindrom. F43.1 – Postravmatik stress pozuntusu, yaddaşın zəifləməsi ilə” kimi qeyd edilmişdir.
4. Mingəçevir Psixo-Nevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 446/22 nömrəli protokolundan çıxarışa əsasən Dispanserin HKP-nın tibbi qərarı ilə diaqnoz “Postkommosion sindrom. Postravmatik stress pozuntusu. Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyən olunmuşdur.
5. Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndəriş vərəqəsində diaqnoz “(XBT-10 üzrə) G44.8 – Digər dəqiqləşdirilmiş baş ağrısı sindromu” kimi qeyd edilmişdir.
6. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xəstəlik tarixindən 1098/2022 nömrəli ambulator kitabçadan çıxarışından görünür ki, İddiaçı “F07.0 Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qarışıq əlamətləri. Ağır depressiv” diaqnozu ilə (Əsas xəstəliyin ağırlaşması – F.33.3 Epizod psixotik əlamətlərlə uzun müddətdir ki, posttravmatik stress pozuntusu. Retroqrat; Yanaşı xəstəlik – Amneziya, intihara cəhdlər) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə şəhər Psixiatriya Xəstəxanasında ambulator müalicədə olmuşdur.
7. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 105 nömrəli qərarı ilə İddiaçı “F62.0 - Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. F06.5 - Üzvi dissosiativ pozuntu” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
8. “Respublika Psixiatriya Xəstəxanası” X11 xəstəlik tarixindən 094651 7227/23 nömrəli ambulator kitabçadan çıxarışından görünür ki, İddiaçı “F06.5 Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması, dissosiastiv pozuntu” diaqnozu ilə (Əsas xəstəliyin ağırlaşması – funksional tutmalarla) xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək “Respublika Psixiatriya Xəstəxanası” X11də ambulator müalicədə olmuşdur.
9. “Respublika Psixiatriya Xəstəxanası” X11 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 1546 nömrəli tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) dissosiativ pozuntu, psixotik daxilolmalar, funksional tutmalarla F06.5” kimi qeyd edilmişdir.
10. “Respublika Psixiatriya Xəstəxanası” X11 xəstəlik tarixindən 099040 11615/23 nömrəli ambulator kitabçadan çıxarışından görünür ki, İddiaçı “F06.5 Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) dissosiativ pozuntu, psixotik daxilolmalar, funksional tutmalarla” diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Respublika Psixiatriya Xəstəxanası” X11də ambulator müalicədə olmuşdur.
11. İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə qiymətləndirilərək “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarlar qəbul edilmişdir.
12. Sonuncu dəfə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X7 Dispanseri tərəfindən xx.xx.2024-cü il tarixli M00180038LXK nömrəli göndəriş rəsmiləşdirilmişdir.
13. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F06.5 – Üzvi dissosiativ pozuntu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) dissosiativ pozuntu, psixotik daxilolmalarla, funksional tutmalarla; Yanaşı xəstəliklər – F07.2 Postkontuzion sindrom; Yanaşı xəstəliklər – F62.2 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi; Yanaşı xəstəliklər – F43.1 Posttravmatik stress pozuntusu, Posttravmatik Stress pozuntusu.
14. İddiaçı əlillik vəziyyəti həmin göndərişdəki diaqnozlar əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnozun öz təsdiqini tapmaması” barədə xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-4341/2024 nömrəli qərar qəbul edilmişdir.
15. İddiaçının həmin qərardan verdiyi şikayətə əsasən onun xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və xx.xx.2024-cü il tarixli diaqnozun təsdiqlənməməsi barədə qərarın qüvvədə saxlanılmamasına dair xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 9393/2024 nömrəli qərar qəbul edilmişdir.
16. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X11 xx.xx.2024-cü il tarixli, 3-17-4/2-34127/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərə çatdırılır ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildirilir ki, İddiaçı orqanizmin funksiyalarının pozulma faizinin müəyyən edilməsi məqsədilə dövlət tibb müəssisəsinin M00180038LXK nömrəli göndərişi və müraciət əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəmə qərardadına əsasən yenidən xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Həyata keçirilmiş ətraflı müayinənin nəticəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əliliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qüvvədə saxlanılmışdır.
17. Məhkəmənin sorğusuna Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-38- 55/2-249/25 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli 2296 nömrəli xəstəlik şəhadətnaməsi öz qüvvəsində qalır.
18. “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X11in xx.xx.2024-cü il tarixli müayinə formasından çıxarışında göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Tərtər RMX PHŞnin TYŞ-nə “Sol əlin üst nahiyyəsinin sıyrılmış və kəsilmiş yaraları” diaqnozu ilə müraciət etmişdir.
19. “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli, 18-1-75/2-Ə- 14xx-xx-2597/2024 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Tərtər RMX PHŞ-nin TYŞ-nə “Sol əlin İİİ barmağının kəsilmiş yarası” diaqnozu ilə müraciət etmişdir. Xəstəyə yardım olundu və evə buraxıldı.
20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 655 saylı ekspertiza rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət dəyişikliyi, dissosiativ pozuntu, psixotik daxil olmalar, funksional tutmalarla” aşkar olunur. İddiaçı aşkar edilmiş xəstəliklərin səbəb əlaqəsi hərbi travma kimi Azərbaycan Respublikasının müdafiəsi zamanı alması inkar edilmir. Qeyd edilən xəstəliklərlə bağlı ağırlaşmaların hansı dərəcədə olması ilə bağlı sualı cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
21. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X11ə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək, ona hərbi vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən atılmış mərmi partlaması nəticəsində aldığı travmalarla bağlı ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2002-ci il tarixdə Tərtər rayonunun Soylan kəndində anadan olmuşdur. Hal-hazırda Tərtər rayonunun Soylan kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşayır. Onun həqiqi hərbi xidmətə getmək yaşı tamam olduğuna görə 2020-ci ilin iyul ayının 14-də o, Azərbaycan Respublikası SHXÜDXnin Tərtər rayon şöbəsindən həqiqi hərbi xidmətə gedib, Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissədə hərbi xidmətə başlamışdır. xx.xx.2020-ci il tarixdə İkinci Vətən müharibəsi başlayan vaxtı qulluq etdiyi hərbi hissə də ön cəbhədə mənfur ermənilərlə döyüşlərə qatıldı. xx.xx.2020-ci il tarixdə Fizuli-Cəbrayıl istiqamətində düşmənlə ağır döyüşlər zamanı onların hərəkət etdikləri MAZ markalı hərbi avtomobil düşmənin minamyotdan atdığı mərmi avtomobillərini vurub partlatması nətisində o, baş kəllə-beyin travması almışdır. Avtomobillərinin partladılması zamanı döyüşçü yoldaşlarından şəhid olanları və yaralanlar olmuşdur. Həmin partlayış nəticəsində baş nahiyyəsində 3 ədəd şiş əmələ gəlmiş, eləcə də başının orta nahiyyəsində çat yaranmışdır. Səhhəti ağır olduğundan döyüş yoldaşları həmin gün onu Fizuli rayonunun Əhmədbəyli kəndi ərazisində yerləşən Fizuli hərbi hospitalına aparmışlar. Orada bir gün müayinə və müalicə aldıqdan sonra səhhəti ağırlaşdığından, eləcə də hadisə ilə əlaqədar o, komadan ayılmadığına görə hadisənin səhərisi günü onu Dövlət Sərhət Xidmətinin Bakı şəhərində, "Gənclik" metrosu yaxınlığında yerləşən hərbi hospitalına apardılar. O, 15 gün həmin hospitalda müalicə aldıqdan sonra, səhhəti bərpa olunmasa da 2020-ci ilin oktyabr ayının 30-da özü könüllü olaraq yenidən ön cəbhəyə gedib döyüşlərə qatılmışdır. 10 noyabr 2020-ci il tarixdə Müzəffər Ali Baş X10 Əliyevin sərkərdəliyi, şəhidlərin qanı bahasına, əsgərlərin şücaəti nəticəsində düşmən üzərində qələbə çaldılar. O, hərbi xidmətini davam etdirərkən 2021-ci ilin sentyabr ayında gizirlik kursuna getmişdir. Lakin 2022-ci ilin yanvar ayının 24-də baş nahiyyəsində olan kəllə-beyin travması ilə əlaqədar ağrıları daha da ağırlaşmağa doğru getdiyindən, səhhəti ilə bağlı məcbur olub orduda xidmətdən imtina etmişdir. O, hal-hazırda da həmin ağrılardan əziyyət çəkir. Onun döyüşlər zamanı ağır kəllə-beyin travması aldığı, iddia ərizəsinə əlavə etdiyi xx.xx.2021-ci il tarixli təşəkkür məktubu, Gəncə şəhər Psixatriya xəstəxanasında xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə kimi müalicə olunub, aldığı stasionar xəstənin xəstəlik tarixinin çıxarışı, Gəncə şəhər Psixatriya Xəstəxanasının verdiyi xx.xx.2022-ci il tarixli 247/22 saylı tibbi arayışı, Mingəçevir Psixo-nevroloji Dispanserinin HPK-nin 21.072022-ci il tarixli tibbi qərarı, Gəncə şəhər Psixatriya xəstəxanasında xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə kimi müalicə aldığım stasionar xəstənin xəstəlik tarixindən çıxarış, "Psixi Sağlamlıq Mərkəzi" X11 xx.xx.2022-ci il tarixli, 11607 saylı tibbi sənədi, xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə kimi stasionar xəstənin xəstəlik tarixindən çıxarış, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 105 saylı Qərarı, "Respublika Psixatriya Xəstəxanası" X11 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi stasionar xəstənin xəstəlik tarixindən çıxarış, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 2296 saylı xəstəlik Şəhadətnaməsi, "Respublika Psixatriya Xəstəxanası" X11 həkim psixatr komissiyasının xx.xx.2023-cü il tatrixli, 1956 saylı tibbi Rəyi, "Respublika Psixatriya Xəstəxanası" X11 xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixə kimi müalicə alıb aldığı stasionar xəstənin xəstəlik tarixindən çıxarışlar ilə də tam təsdiq olunur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 105 saylı qərarında qeyd olunur ki, "Sabiq hərbi qulluqçu İddiaçı Azərbaycan Respublikası SHXÇÜDX-nin Tərtər rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1120 nömrəli göndərişinə əsasən xidmət zamanı alınmış xəstəliyin səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə (18.05.22-ci il tarixli "X8" komandanı general-mayor R.Tağıyev tərəfindən imzalanmış travma Aktı, 2 nömrəli X4 xx.xx.2022- xx.xx.2022-ci il tarixli ambulator kitabçadan çıxarışı, Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 11607 saylı arayışı) əsasən aşağıdakı qərar verilmişdir. Dz.(F62.0) Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. (F06.5) Üzvi dissosiativ pozuntu. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinina) yarımbəndi". O, qeyd olunan xəstəlikləri ilə bağlı tibbi sənədlərini toplayıb xəstəxana vasitəsi ilə hərbi xidmətini yerinə yetirərkən aldığı kəllə beyin travması ilə bağlı əlillik təyin edilməsindən ötrü barəsində olan Forma-88 sistemə vurulsa da, xx.xx.2024-cü il tarixdə cavabdeh orqan ona heç bir qanuni əsas və səbəb olmadan imtina verilmişdir. Həmin imtinada diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) dissosiativ pozuntu psixotik daxil olmalarla, Funksional tutmalarla. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Postravmatik stress pozuntusu qeyd olunsa da, imtinaya səbəb diaqnozun öz təsdiqini tapmaması göstərilmişdir. Cavabdeh orqanın imtinasını o, qanunsuz və əsassız hesab edir. Ona görə ki, onun imtina cavabı ilə onun Konstitusiyamızla nəzərdə tutulmuş hərbi vəzifəsini yerinə yetirərkən döyüşlər zamanı travmalar aldığına görə xəstəliyi ilə bağlı pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. Ümid edir ki, yuxarıda qeyd etdiyi əsas və səbəbləri nəzərə alıb cavabdeh tərəfindən pozulmuş hüququ məhkəmə tərəfindən bərpa ediləcəkdir. Ona görə də, hesab edir ki, yuxarıda qeyd etdiyi əsas və səbəblərə görə hərbi vəzifələrini yerinə yetirərkən aldığı travmalarla bağlı ona əllillik təyin edilməsi vəzifəsinin cavabdeh orqan Azərbaycan Respublikası ƏƏSMN Tibbi Sosial Ekapertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.
23. Cavabdeh orqanın iddia ilə bağlı yazılı məlumatı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məlumat onunla əsaslandırılmışdır ki, ikinci Qarabağ müharibəsi dövründə qapalı kəllə beyin travması almışdır, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) dissosiativ pozuntu, psixotik daxilolmalarla, funksional tutmalarla. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Posttravmatik stress pozuntusu. xx.xx.2024-cü il tarixlərində əyani müainədə olmuş və diaqnozun öz təsdiqini tapmaması barədə qərar almışdır. “Diaqnozun mətni: Üzvi (İİ Qarabağ müharibəsi zamanı lunmuş qapalı kəllə-beyin travması). Dissosiativ pozuntu, funksional tutmalarla. Postkontuzion sindrom, Ağır depressiv epizod. Posttravmatik stress pozuntusu. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. X2: Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Kəskin ifadəli labil pozuntu. Astenonevrotik hal. Koqnitiv fünksiyaların enməsi. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən - Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi.Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod.Partlayış travması keçirilmiş qapalı kəlləbeyin travması, baş beynin silkələnməsi..diaqnozu təyin edilsə belə müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1011/2025 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80% aralığında pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X11in üzərinə qoyulması qərara alınmışdır.
25. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qiymətləndirilməsi üçün rəsmiləşdirilmiş göndərişdə ona qoyulmuş əsas diaqnoz “F06.5 - Üzvi dissosiativ pozuntu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) dissosiativ pozuntu, psixotik daxilolmalarla, funksional tutmalarla” iddiaçının qiymətləndirildiyi dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə mövcud olmamışdır. Buna baxmayaraq, sözügedən xəstəlik adıçəkilən Meyarlara Əlavənin 7.5.1-ci yarımbəndində təsbit olunmuş “F44” XBT kodu altında olan “dissosiativ (konversion) pozuntular” xəstəliyinə uyğun gəlir (https://psixoloq.az/article/dissosiativkonversionpozuntular;). Sözügedən göndərişin rəsmiləşdirilməsi, dolayısı ilə iddiaçıda mövcud olan xəstəliyin və onun XBT kodunun düzgün müəyyənləşdirilməsi iddiaçının deyil, göndərişi verən tibb müəssisəsinin məsuliyyət sferasına aiddir. Bundan əlavə isə, iddiaçıda əsas diaqnozla yanaşı mövcud olan “F43.1 Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu”, “F62.2 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi”, “F07.2 Postkontuzion sindrom” (yanaşı xəstəliklər) də iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Belə ki, iddiaçıya qoyulmuş bütün diaqnozlar üzrə o, 2 ildən artıq davam edən müalicələrdə olmuş, bununla yanaşı özünəqəsd (suisidal) cəhdləri olmuşdur. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması 65-80 faiz aralığındadır və bu da iddiaçıya ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
26. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1011/2025 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tərtər rayon sakini xx.xx.2002ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3279/2024 nömrəli qərardadına əsasən İddiaçı 3-17-4/1-38516/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinə məqsədilə Agentliyə dəvət edilmişdir. Araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 2296 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (20.09.20) nəticəsində qapalı kəlləbeyin travması. Üzvi dissosiativ pozuntu, funksional tutmalar ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Zəif Qidalanma. Çoxsaylı karives. OD-dərəcəsi 0,75D. OSdərəcəsi 1,0D olan sadə hipermetropik astiqmatizmi. OU-görmə itiliyinin hər iki gözdə 0.3 k/i 0,6 olması. Vegetativ damar davamsızlığı. Kranialgiva. Burun çəpərinin əyriliyi, tənəffüsün pozulmaması ilə. İkitərəfli yüngül dərəcəli neyrosensor eşitmə zəifiiyf’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma, özündə olmamaqdan şikayətlənmişdir. Dərmanlardan Depakin qəbul etdiyini söyləmişdir. Müayinə zamanı RRM-nin təkərli arabasında daxil olmuşdur. Gözlərini süzdürərək, manevrli danışmışdır. Evdə onu qucaqda gəzdirdiklərini, əvvəl “beyninin”, daha sonra sağ ayağının tutulduğunu söyləmişdir. Ofuldamış, əlində əsmə nümayiş etdirmiş, əsassız olaraq hirslənmiş, qışqırmışdır. Burnundan-ağzından qan gəlməklə baş verən tutmaların video görüntüsü olduğunu bildirmiş, təqdim edilməsini istədikdə videolar aşkarlanmamışdır. Bir neçə gün sonra komissiyanın mobil telefonuna absurd videolar göndərilmiş və videolarda vətəndaşın sərbəst hərəkət etməsi, mexaniki vasitə və ya kənar şəxsə möhtac olmaması aydın şəkildə izlənilmişdir. Ünsiyyətdə stabil, çoxsözlü, davranışları nümayişkar müşahidə edilmişdir. Sualları tam qavramış, mahiyyətinə uyğun cavablar vermişdir. Təfəkkürü ardıcıl, məntiqi, intellektual-mnestik və koqnitiv fəaliyyəti yaşına və təhsilinə uyğun olmuşdur. Mühakiməsi saxlanılmış, reallığa müvafiq, tənqidi tam olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi dissosiativ pozuntu. Simulyativ davranış (əlil arabasında hərəki pozuntu, tutmaşəkilli bas ağrıları)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna uyğun olaraq xx.xx.2024 cü il tarixli Diaqnozun təsdiqlənməməsi barədə qərar qüvvədə saxlanmışdır. İddiaçıya tibbi müəssisəsi tərəfindən qoyulmuş Əsas diaqnoz – F06.5 “Üzvi dissosiativ pozuntu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) dissosiativ pozuntu, psixotik daxilolmalarla, funksional tutmalarla” olmuşdur. Nazirlər Kabinetinin 187 nömrəli əlilliyin müəyyən edilməsi meyarlarında F.06.5 əlillik üçün əsas olan diaqnoz olmadığı halda məhkəmə iddianı təmin etmişdir. İs üzrə məhkəmə psixiatrik ekspertiza keçirməli olduğu halda bunu keçirməmişdir. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Gəncə İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş, apellyasiya şikayətinə etirazın məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1011 /2025 nömrəli iddianın qismən təmin edilməsinə dair qərarın mahiyyətindən aydın olur ki, cavabdeh ona imtina verməkdə haqlı deyildir. Birinci instansiya məhkəməsi araşdırma zamanı iş üzrə ədalətli qərar qəbul edilməsi üçün kifayyət qədər tərəflərə imkan vermişdir ki, sübutlarını məhkəməyə təqdim etsinlər. O, xəstəliyi ilə əlaqədar məhkəməyə tibbi sənədlərini təqdim etsə də, cavabdeh tərəf ona əlilliyin təyin edilməməsi ilə bağlı sübutlarını təqdim edə bilməmişdir. İmtinası eləcə də, etirazının heç bir hüquqi əsası yoxdur. Ona görə də, hesab edir ki, məhkəmə iddianı qismən təmin edilməsi barədə qərar qəbul edilərkən haqlı olmuşdur, maddi və prosessual hüquq normalarına tam riayət etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, axırıncı dəfə xx.xx.2025-ci il tarixdə Maştağada müalicə həkimi Aynur həkimin yanında müayinədə olmuş, həkim onun dərmanlarını yeniləmiş, Tərtər rayonunda dərmanlarını dövlət vermiş və müalicəsini indi də davam etdirir. Ay ərzində 9-12 dəfə tutmaları olur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1011/2025 nömrəli qərarından narazı qalan cavabdeh nümayəndəsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verərək, apellyasiya məhkəməsindən 2-1(114)-1011/2025 saylı, 30 aprel 2025-ci il tarixli qərarını ləğv edilməsini xahiş etmişdir. Həmin apellyasiya şikayətinə etirazını bildirərək, apellyasiya şikayətinin heç bir hüquqi əsası olmadığını qeyd edir. Cavabdeh orqan apellyasiya şikayətində 1-ci instansiya məhkəməsində işə baxan hakim tərəfindən konkret olaraq hansı maddi və ya prosessul hüquq pozuntularına yol verildiyini əsaslandırmamışdır. Hesab edir ki, işə baxan hakim iş üzrə ətraflı, hərtərəfli araşdırma aparmış və ədalətli qərar qəbul edilmişdir. Qanunvericiliyin tələbinə görə hakim qərar qəbul edərkən işin faktiki hallarını, işdə toplanmış sübutları və öz daxili inamına əsaslanıb qərar çıxarmalıdır. O, hələ də müharibə zamanı partlayış nəticəsində aldığı psixoloji sarsıntıların əzabını çəkir. Məhkəmə qəbul etdiyi qərarda maddi və prosessual qanunvericiliyin tələblərinə riayət etmiş və ərizəsinə əlavə etdiyi xəstəlik şəhadətnaməsi, digər tibbi sənədlər və topladığı sorğularlarla qərarını əsaslandırmışdır. Bu səbəbdən də hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməklə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1011/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmə iclası zamanı ünsiyyət qurmadığı və başını aşağı salaraq dinləmədiyi üçün onun dinlənilməsi və izahatının alınması mümkün olmamışdır.
31. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
32. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.5.1.; Dissosiativ (konversion) pozuntular- F44; Posttravmatik stres pozuntusu-F43.1 7.5.1.2. 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət zamanı orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir. Bənd 7.6.2. postkontuzion sindrom. F07.2 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti zamanı - orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir. Bənd 7.7.1. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. F62.0 7.7.1.2. Bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması zamanı orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.
35. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
38. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
39. İPM-in 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
40. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
41. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
42. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
43. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
44. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
45. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
46. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
47. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qaldırılmış iddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı barəsində qəbul edilmiş inzibati aktın ona hansı tarixdə təqdim olunması iş materialları ilə müəyyən olunmur və bunu təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Həmçinin işin bu halı cavabdeh orqan tərəfindən mübahisələndirilmir.
48. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.2-ci maddəsində nəzərdə tutulan məcburetmə haqqında iddia növünə aiddir.
49. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır.
53. İşin faktiki halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 2296 nömrəli qərarı (Xəstəlik şəhadətnaməsi) ilə İddiaçı “F62.0 - Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. F06.5 - Üzvi dissosiativ pozuntu” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
54. İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə sonuncu dəfə “Mingəçevir PND” tərəfindən rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli M00180038LXK nömrəli göndərişdə “Əsas diaqnoz – F06.5 – Üzvi dissosiativ pozuntu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) dissosiativ pozuntu, psixotik daxilolmalarla, funksional tutmalarla; Yanaşı xəstəliklər – F07.2 Postkontuzion sindrom; Yanaşı xəstəliklər – F62.2 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi; Yanaşı xəstəliklər – F43.1 Posttravmatik stress pozuntusu, Posttravmatik Stress pozuntusu. kimi müəyyənləşdirilmişdir.
55. İddiaçı əlilliyi həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnozun təsdiqlənməməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-4341/2024 nömrəli qərar qəbul edilmişdir.
56. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Agentliyin Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən İddiaçı əlillik verilməsindən imtina edilməsi əsaslı olmamışdır.
57. Belə ki, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişlə müəyyən olunur ki, İddiaçı ona qoyulmuş əsas diaqnoz və yanaşı xəstəliklər üzrə xx.xx.2022-ci il tarixdə Mingəçevir PND-də, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X5, xx.xx.2022-ci il tarixdə Bakı Psixi Sağlamlıq Mərkəzində, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 saylı X3, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicələrdə olmuşdur.
58. Həmçinin, məhkəmə kollegiyasının müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 655 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət dəyişikliyi, dissosiativ pozuntu, psixotik daxil olmalar, funksional tutmalarla” aşkar olunur. İddiaçı aşkar edilmiş xəstəliklərin səbəb əlaqəsi hərbi travma kimi Azərbaycan Respublikasının müdafiəsi zamanı alması inkar edilmir.
59. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qiymətləndirilməsi üçün rəsmiləşdirilmiş göndərişdə ona qoyulmuş əsas diaqnoz “F06.5 – Üzvi dissosiativ pozuntu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) dissosiativ pozuntu, psixotik daxilolmalarla, funksional tutmalarla” iddiaçının qiymətləndirildiyi dövrdə (xx.xx.2024-cü il tarixdə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə mövcud olmamışdır. Qeyd olunan hal birinci instansiya məhkəməsi tərəfindən də işin müəyyən edilmiş halı olmuşdur.
60. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişlə iddiaçıya qoyulmuş diaqnozda əks olunan xəstəliyin adıçəkilən Meyarlara Əlavənin 7.5.1-ci yarımbəndində təsbit olunmuş “F44” XBT kodu altında olan “dissosiativ (konversion) pozuntular” xəstəliyinə uyğun olması qənaətinə gəlmişdir.
61. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq qeyd edir ki, “dissosiativ-konversion pozuntu” şiddətli psixoloji stresin və ya travmanın nəticəsində fiziki simptomların meydana gəlməsi ilə xarakterizə olunan psixoloji bir pozuntudur. Bu pozuntuda şəxs üzləşdiyi emosional çətinlikləri bilincsiz bir şəkildə, somatik (fiziki) simptomlarla ifadə edir, bu əhval-ruhiyyənin güclü emosional dəyişikliyi nəticəsində insanın depressiv vəziyyətə salan psixi pozuntu halıdır. Həm “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə əvvəllər mövcud olmuş “F06.5- Üzvi dissosiativ pozuntu” adlı xəstəlikdə, həm də hazırda mövcud olan “F44- dissosiativ (konversion) pozuntular” adlı xəstəlikdə qiymətləndirmə meyarı kimi 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət olması halları müəyyən edilmişdir. Bütün bunlar isə iddiaçıda olan xəstəliklərin “F44- dissosiativ (konversion) pozuntular” adlı xəstəliyin əlamətlərinə uyğun gəldiyini deməyə əsas verir.
62. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxs barəsində göndəriş rəsmiləşdirilən zaman onda mövcud olan xəstəliyin və onun XBT kodunun düzgün müəyyənləşdirilməməsi, yəni onda olan xəstəlik əlamətlərinin yuxarıda adıçəkilən Meyarlara Əlavənin qüvvədə olan normasına deyil, qüvvədən düşmüş normasına istinadən müəyyən edilməsi iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, sözügedən göndərişin rəsmiləşdirilməsi, dolayısı ilə iddiaçıda mövcud olan xəstəliyin və onun XBT kodunun düzgün müəyyənləşdirilməsi iddiaçının deyil, göndərişi verən tibb müəssisəsinin məsuliyyət sferasına aiddir.
63. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda qeyd olunan əsas diaqnozdan əlavə yanaşı xəstəliklər - “F07.2 Postkontuzion sindrom; F62.2 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi; F43.1 Posttravmatik stress pozuntusu” da olmuşdur.
64. Həmin xəstəliklərin də qiymətləndirmə meyarı kimi – 2 il müddətində məqsədyönlü fəaliyyət qabiliyyətinin azalması, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, tez-tez kəskinləşən psixotik epizodlar və intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olması halları müəyyən edilmişdir.
65. İş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya qoyulmuş bütün diaqnozlar üzrə o, 2 ildən artıq davam edən müalicələrdə olmuş, bununla yanaşı özünəqəsd (suisidal) cəhdləri olmuşdur.
66. Bundan əlavə, məhkəmə iclasında vizual baxışla iddiaçının özünü, davranışını idarə etmək qabiliyyətində olmadığı müəyyən edilmiş, zala valideynləri tərəfindən sürüyərək (yerişinin pozulması) daxil edilməsi və çıxarılması müşahidə edilmişdir. İddiaçı iclas gedişatında başını aşağı salaraq ona verilən suallara cavab reaksiyası olmamışdır.
67. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.11-ci bəndinin məzmununa görə orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir.
68. Beləliklə istinad olunan sənədlərlə müəyyən olunur ki, iddiaçıda yanaşı xəstəliklərin də əlamətləri ona əlillik təyinatına əsas verən həcmdə olmuşdur.
69. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 2296 nömrəli qərarı (Xəstəlik şəhadətnaməsi) ilə İddiaçı olan xəstəliklərin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmiş, həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 655 nömrəli ekspert rəyində onda aşkar edilmiş xəstəliklərin hərbi travma kimi Azərbaycan Respublikasının müdafiəsi zamanı alması inkar edilməmişdir.
70. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
71. Belə ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
72. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən və və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 65-80 faiz aralığında pozulmasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin olunmasına əsas verir.
73. Məhkəmə kollegiyası inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan hallar işin yuxarıda sadalanan və əsaslandırılan halları ilə təkzib olunur.
74. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
75. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1011/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.