Məhkəmə qərarları › İş №2-1(104)-411/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-411/2024

31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-411/2024 31.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-199/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 05 may 2022-ci il tarixli, 5706 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı aldığı travma “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 26 fevral 2015-ci il tarixli qərarı ilə İddiaçı 1993-cü il tarixdə kəskinləşmiş xəstəliyi, aldığı travma və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi 2 saylı Tərtər Hərbi Səhra Cərrahiyyə hospitalında müayinə və müalicə olunduğu xəstəlik və travma diaqnoz “Xroniki bronxitin kəskinlənləşməsi. Barotravma” “Hərbi travmadır, Azərbaycan Respublikasnın müdafiəsi zamanı alınmışdır”. Tibbi Sosial Ekspert Komissiyasının müayinə sənədlərindən görünür ki, İddiaçı 2015-2016-cı və 2016-2021-ci illərdə « kəllə daxili travma, kəllə beyin travmasının qalıq əlamətləri ensefalopatiya kəllə daxili hipertenziya kəskin asteno nevrotik sindrom t-t baş verən krizlərlə. Dəqiqləşdirilməmiş ensefalopatiya postravmatik ensefolopatiya 2 mər. » diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. 0495003AAK6T nömrəli Forma 88-dən görünür ki, Gəncə şəhər X3 adına xəstəxananın xx.xx.2021-ci il tarixli göndərişi əsasında İddiaçı əsas diaqnoz S06.2-baş beynin diffuz travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin kontuziyasından sonrakı vəziyyət. Silahı Qüvvələrin Baş Klinik hospitalı tərəfindən verilmiş 18 avqust 2014cü il tarixli 2/13057 saylı arayış, MN MHHK həkin mütəxəssislərinin rəyi ilə təsdiq edilir. “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” qeyd edilmişdir. 0495003AALCR nömrəli Forma 88-dən görünür ki, Gəncə şəhər X3 adına xəstəxananın xx.xx.2021-ci il tarixli göndərişi əsasında İddiaçı əsas diaqnoz Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələmələr, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin kontuziyasından 1993 sonrakı vəziyyət. Silahı Qüvvələrin Baş Klinik hospitalı tərəfindən verilmiş 18 avqust 2014-cü il tarixli 2/13057 saylı arayış, MN MHHK həkin mütəxəssislərinin rəyi ilə təsdiq edilir. “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” qeyd edilmişdir. 0479003AACA4 nömrəli Forma 88-dən görünür ki, Gəncə şəhər X3 adına xəstəxananın xx.xx.2022-ci il tarixli göndərişi əsasında İddiaçı əsas diaqnoz F07.0-üzvi mənşəli şəxsiyyət pozğunluğu, MSS-nin üzvi xəstəliyi 9hərbi KBT) nəticəsində şəxsiyyət və davranış pozuntuları. Koqnitiv funksiyaların enməsi, depressiv sindromla; ağırlaşma F06.3-əhvalın üzvi mənşəli 9affektiv0 pozğunluğu, MSS üzvi xəstəliyi nəticəsində şəxsiyyət və davranış pozuntuları, koqnitiv funksiyaların enməsi, depressiv sindromla qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdə və sonrakı müayinələr nəticəsində (o cümlədən mübahisələndirilən qərarla) «əlillik əlaməti təyin edilmir» səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/3- 3-1788/2023 qərarının məzmunundan görünür ki, İddiaçı əlillik təyinatından imtina edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin T 710/2023 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı X1 tərtib edilmiş xx.xx.2023-cü il tarixli D00069642UFB saylı Forma 088 göndərişində qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi mənşəli şəxsiyyət pozğunluğu MSS-nin üzvi xəstəliyi (hərbi kəllə-beyin travması) nəticəsində şəxsiyyət və davranış pozuntuları, koqnitiv funksiyaların enməsi, depressiv sindromla. İntihar cəhdlərilə. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu.Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” xəstəliklərinə düçar olmuşdur. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə əlillik təyinatına əsas verən əlamətlər aşkar edilmədiyindən ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"nın aid etmək mümkün olmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi TQS 027, 12405319 saylı çıxarşdan görünür ki, İddiaçı XBT 10 kodu, əsas xəstəlik F07.0-üzvü mənşəli şəxsiyyət pozğunluğu diaqnozu qoyulmuşdur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1992-ci il tarixdə Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuş, 1993-cü il tarixdə hərbi xidmətdə olan zaman tramva almışdır. Sonradan 2015-ci il tarixdə 3-cü qrup əlillik dərəcəsi almış, həmin vaxtdan 2021ci il tarixədək əlil kimi pensiya almışdır. Sonradan cavabdeh tərəfindən heç bir əsaslı səbəb olmadan, yəni səhhətində əvvəlki illərə nisbətən heç bir yaxşılaşma olmadığı halda əllillik ilə bağlı pensiya dayandırılmış, əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. Əlillik verilməsindən imtina edilməsi ilə bağlı cavabdehin vermiş olduğu imtinanı əsaslı hesab etmir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının vermiş olduğu xx.xx.2015-ci il tarixli qərarına əsasən iddiaçıya "Xroniki Bronxitin kəskinləşməsi və Barotravma diaqnozu qoyulmuşdur. Məhz həmin diaqnoz əsasında ona 3-cü qrup əllik verilmişdir. 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Psixi Sağlamlıq Mərkəzində müayinədən keçən zaman MSS üzvü xəstəliyi (hərbi KBT) nəticəsində xəsiyyət pozuntusu davranış pozuntuları, koqnitiv funksiyaların enməsi sindiromu F07,0 diaqnozu qoyulmuşdur. İddiaçının müvafiq müraciətinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-1788/2023 nömrəli qərarın qismən ləğv edilməsi və 3-cü dərəcə əlilliyin təyin edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etiraz dəlillərində qeyd olunur ki, İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2021 ve xx.xx.2021-ci il tarixlərində DİSERA-da qiymətləndirilmiş və “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli, 3 nömrəli qərar verilmişdir. Həmin Qərarda "Xroniki bronxitin kəskinləşməsi Barotravma diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır,Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, gərginlikdən şikayət etmişdir. Müayinə zamanı xəstə zahirən səliqəli, verilən suallara adekvat cavablar vermiş, emosional stabil olmuş, qavrama, yaddaş, davranış pozuntusu, şəxsiyyət dəyişikliyi əlamətləri aşkarlanmamış, kognitiv funksiyaları, bələdliyi və tənqidi qorunmuşdur. İntellektual funksiyaları yaşam tərzinə və təhsilinə uyğun olmuşdur. Hal-hazırda medikamentoz preparatlardan "Cycladole", "Risperidone" qəbul etdiyini bildirmişdir. Kəllə-beyin travmasını təsdiq edən MRT müayinəsi təqdim etməmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2021-ci il tarixli, 11001 nömrəli "MSS üzvi xəstəliyi (hərbi KBT) nəticəsində şəxsiyyət pozuntusu davranış pozuntuları, kognitiv funksiyaların enməsi depressiv sindromla" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər ve davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasamə” yə müvafiq olaraq “Diaqnoz əlilik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Respublika Psixiatriya Xəstəxanası PHS xx.xx.2021-xx.xx.2022-ci il tarixli, 11771/21 nömrəli çıxarışda diaqnoz "MSS üzvi xəstəliyi (hərbi KBT) nəticəsində şəxsiyyət pozuntusu davranış pozuntuları, kognitiv funksiyaların enməsi depressiv sindromla" kimi qeyd edilmişdir. X2 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu, MSS-nin üzvi xəstəliyi (hərbi KBT) nəticəsində şəxsiyyət və davranış pozuntuları" kimi qeyd edilmişdir. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-199/2024 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.4.2.1 bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla əlillik təyin edilməli olduğu halda cavabdeh orqan bir neçə dəfə müxtəlif səbəblərə istinad edərək, əlillik təyinatından imtina etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə etiraz ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi ekspert rəyinə zidd qərar verərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırki vəziyyətini əks etdirməklə yanaşı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamənin, istərsə də 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarla təqdim edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər hansı bir bəndini aid etmək mümkün olmadı. Yüzlərlə bu formalı analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məöhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin: 4.2. bəndinə görə “göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. -3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6.2.üzvi mənşəli şəxsiyyət pozuntusu-F07.0 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60 faiz olmaqla orqanizmin funksiyalarının pozulması müddəti 2 ildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İşin hallarından məlum olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 26 fevral 2015-ci il tarixli qərarı ilə İddiaçı 1993-cü il tarixdə kəskinləşmiş xəstəliyi, aldığı travma və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi 2 saylı Tərtər Hərbi Səhra Cərrahiyyə hospitalında müayinə və müalicə olunduğu xəstəlik və travma diaqnoz “Xroniki bronxitin kəskinlənləşməsi. Barotravma” “Hərbi travmadır, Azərbaycan Respublikasnın müdafiəsi zamanı alınmışdır”. Bu əsasla İddiaçı 2015-2016-cı və 2016-2021-ci illərdə « kəllə daxili travma, kəllə beyin travmasının qalıq əlamətləri ensefalopatiya kəllə daxili hipertenziya kəskin asteno nevrotik sindrom t-t baş verən krizlərlə. Dəqiqləşdirilməmiş ensefalopatiya postravmatik ensefolopatiya 2 mər. » diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə və sonrakı müayinələr nəticəsində (o cümlədən mübahisələndirilən qərarla) « əlillik əlaməti təyin edilmir » səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/3- 3-1788/2023 qərarının məzmunundan görünür ki, iddiaçıya əlillik təyinatından imtina edilmişdir. İş materiallarında olan 0495003AAK6T nömrəli Forma 88-dən görünür ki, Gəncə şəhər X3 adına xəstəxananın xx.xx.2021-ci il tarixli göndərişi əsasında İddiaçı əsas diaqnoz S06.2-baş beynin diffuz travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin kontuziyasından sonrakı vəziyyət. Silahı Qüvvələrin Baş Klinik hospitalı tərəfindən verilmiş 18 avqust 2014-cü il tarixli 2/13057 saylı arayış, MN MHHK həkin mütəxəssislərinin rəyi ilə təsdiq edilir. “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” qeyd edilmişdir. 0495003AALCR nömrəli Forma 88-dən görünür ki, Gəncə şəhər X3 adına xəstəxananın xx.xx.2021-ci il tarixli göndərişi əsasında İddiaçı əsas diaqnoz Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələmələr, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin kontuziyasından 1993 sonrakı vəziyyət. Silahı Qüvvələrin Baş Klinik hospitalı tərəfindən verilmiş 18 avqust 2014-cü il tarixli 2/13057 saylı arayış, MN MHHK həkin mütəxəssislərinin rəyi ilə təsdiq edilir. “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” qeyd edilmişdir. 0479003AACA4 nömrəli Forma 88-dən görünür ki, Gəncə şəhər X3 adına xəstəxananın xx.xx.2022-ci il tarixli göndərişi əsasında İddiaçı əsas diaqnoz F07.0-üzvi mənşəli şəxsiyyət pozğunluğu, MSS-nin üzvi xəstəliyi 9hərbi KBT) nəticəsində şəxsiyyət və davranış pozuntuları. Koqnitiv funksiyaların enməsi, depressiv sindromla; ağırlaşma F06.3-əhvalın üzvi mənşəli 9affektiv0 pozğunluğu, MSS üzvi xəstəliyi nəticəsində şəxsiyyət və davranış pozuntuları, koqnitiv funksiyaların enməsi, depressiv sindromla qeyd edilmişdir. Göründüyü kimi iddiaçının 2015-ci il tarixdən ona əlilliyin təyin edilməsinə səbəb olan xəstəliyinin dərəcəsi və ağırlığı dəyişməmiş, müntəzəm olaraq stasionar müalicələrə cəlb olunmuşdur. 02 iyun 2021-ci il tarixdən sonrakı ardıcıl əlilliyin qiymətləndirilmələrində şəxsin psixi pozğunluğu, depressiv vəziyyəti inkar edilməmişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-1788/2023 qərarında "Üzvi mənşəli şəxsiyyət pozğunluğu, MSS-nin üzvi xəstəliyi (hərbi KBT) nəticəsində şəxsiyyət və davranış pozuntuları" diqnozu inkar edilməmiş, anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə əsasən əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60 faiz olmaqla orqanizmin funksiyalarının pozulması müddəti 2 ildir. Əlavənin 7.6.2-ci bəndində üzvi mənşəli şəxsiyyət pozuntusu-F07.0 kodu ilə qeyd edilmişdir. Belə olan halda İddiaçı təyin edilmiş əsas diaqnoz F07.0-üzvü mənşəli şəxsiyyət pozğunluğu olduğundan ona qeyd olunan dioqnoz əsasında əlilliyin təyini üçün əsas yaranmışdır. Cavabdeh orqan apellyasiya şikayətinin dəlili kimi şəxsin müayinəsinin onun diskresion səlahiyyətlərində olması ilə əsaslandırmış, məhkəmə qərarının müdaxilə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Belə olan halda birinci instansiya məhkəməsinin qərarı əlillik dərəcəsini əks etdirən hissədə dəyişdirilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-199/2024 nömrəli qərarı- İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.4.2.1-ci bəndinə əsasən əlilliyin təyin olunması hissəsində dəyişdirilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1.-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, xx.xx.2023cü il tarixdən 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-199/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar