Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-412/2025 05.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-415/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə etdiyi müraciətin müsbət həllindən xx.xx.2023-cü il tarixli, 2/2-/2447 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş sənədlərdə 27.09-xx.xx.2022-ci il tarixlərdə işlədiyi ərazidə döyüş əməliyyatları aparılmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
İşdə olan sənədlər:
2. xx.xx.2015-ci il tarixli, ******* nömrəli əmək kitabçasında aparılmış qeydlərə əsasən, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin əsgər yeməkxanasında yeməkxana xidmətçisi vəzifəsində işləmişdir.
3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 167 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat bölməsinin yeməkxanasında qabyuyan vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən Müharibəsi”ndə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat bölməsinin yeməkxanasının tərkibində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatları zamanı maddi-texniki təminatın təşkili üzrə hərbi hissənin dislokasiya məntəqəsində tapşırıqları yerinə yetirib.
4. N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüşlərdə bilavasitə iştirak etmiş və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) yerinə yetirmiş mülki şəxs barəsində arayış-məlumatında İddiaçı barəsində qeyd edilmişdir ki, döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) işlədiyi hərbi hissə (müəssisə) - N nömrəli hərbi hissə, rütbəsi – mülki, vəzifəsi – qabyuyan, işlədiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə) - xx.xx.2016-Əmr №79, xx.xx.2021-Əmr №78, döyüş əməliyyatlarına cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə) - maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirib, iştirak etdiyi ərazilər - döyüş əməliyyatları zamanı hərbi hissənin daimi dislokasiya məntəqəsində qalıb, hansı qismdə iştirak edib - həmin dövrdə döyüş üzrə tapşırıqlar ilə bağlı hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin) - maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirib, xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi - xəsarət almayıb, işdən azad olması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi) - hal-hazırda işləyir, göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı - hal-hazırda işləyir, döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı) – yoxdur.
5. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 2448 nömrəli və xx.xx.2024-cü il tarixli 2877 nömrli məktublarında qeyd edilmişdir ki, vətəndaş İddiaçı N nömrəli hərbi hissədə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək maddi-texniki təminat taqımının yeməkxanasında qabyuyan vəzifəsində mülki işçi kimi işləmişdir.
6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 169 nömrəli və xx.xx.2024-cü il tarixli 186 nömrəli arayışlarında qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixdək N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat bölməsinin yeməkxanasında qabyuyan vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən "Vətən müharibəsi"ndə N nömrəli hərbi hissənin madditexniki təminat bölüyünün təsərrüfat bölməsinin yeməkxanasının tərkibində xidməti vəzifə borclarını yerinə yetirirək döyüş əməliyyatları zamanı maddi-texniki təminatın təşkili üzrə hərbi hissənin dislokasiya məntəqəsində tapşırıqları yerinə yetirib.
7. N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 181 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin tərkibində mülki işçi qismində Talış və Suqovuşan kəndləri istiqamətində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir.
8. N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli, 3-25-140/2-1077/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “Vətən müharibəsi”ndə N nömrəli hərbi hissənin daimi dislokasiya yeri Tərtər rayonu, Səhlabad yaşayış məntəqəsi olmuşdur.
9. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3-25-140/2-2402/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün yeməkxanasının yeməkxana xidmətçisi vəzifəsində çalışmışdır. Onun N nömrəli hərbi hissədə döyüş əməliyyatlarına cəlb olunması ilə bağlı hərbi hissə komandirinin əmrlər və sərəncamlar kitabında heç bir qeydiyyat olmadığından madditexniki təminat üzrə tapşırıqları yerinə yetirməsi barədə məlumat vermək mümkün olmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci ildə anadan olmuş, 13 mart 2016-cı ildən 16 mart 2021-ci ilədək N №-li hərbi hissədə yeməkxanada yeməkxana xidmətçisi vəzifəsində işləmiş, N №-li hərbi hissədə işləyərkən Vətən müharibəsi dövründə o da digər mülki işçilərlə yanaşı hərbi hissənin xidmətində olmuşdur. O, N gün ərzində N №-li hərbi hissənin maddi-texniki təminat təsərrüfat taqımında təsərrüfat işçisi kimi xidməti vəzifə borcunu yerinə yetirərək döyüş əməliyyatları zamanı maddi-texniki təminatının təşkili üzrə verilən bütün tapşırıqları yerinə yetirmiş, hərbi hissənin dislokasiya məntəqəsində işləmiş və ev üzü görməmişdir. Qeyd olunanlara əsasən o, N №-li hərbi hissənin maddi-texniki təminat bölüyünün xidmətində olmuş və maddi-texniki təminat üzrə verilən bütün tapşırıqları yerinə yetirdiyi üçün hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin həmin vaxt qüvvədə olan 10 və 11-ci abzaslarına əsasən müharibə veteranı sayılır. Lakin o, faktiki olaraq müharibə veteranı sayılsa da, rəsmi olaraq vəsiqə almadığı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də o, qeyd olunan halları nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, AR MN-nə etdiyi son müraciətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının katibi polkovnikleytenant Elburus Mehdixanovun imzası ilə ona göndərilmiş xx.xx.2023-cü il tarixli 2/2- 12447 №-li məktubla (bu məktub ona xx.xx.2023-cü ildə çatdırılmışdır) imtina cavabı verilmiş və imtina məktubunda onun barəsində təqdim olunmuş sənədlərdə 27.09xx.xx.2022-ci il tarixlərdə işlədiyi ərazidə döyüş əməliyyatları aparılmadıgına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuygun hesab edilməmişdir.
12. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
13. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-25-4/2-661/2024 nömrəli etiraz onunla əsaslandırılmışdır ki, , iddiaçının əmək kitabçasından görünür ki, o, 13 mart 2016-cı ildən 17 mart 2021-ci ilədək N nömrəli hərbi hissənin tərkibində əsgər yeməkxanasında yeməkxana xidmətçisi vəzifəsində işləmişdir. Qanunun tələblərinə əsasən hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən müvafiq adı verilir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı mülki şəxs kimi N nömrəli hərbi hissəyə ezam olunmamış o, həmin hərbi hissənin tərkibində daimi işçi kimi işləmişdir. Təqdim edilmiş sənədlərdə iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissələrə (bölmələrinə) və orqanlarına ezam olunması müəyyən edilmir. İddiaçı N nömrəli hərbi hissənin tərkibində əsgər yeməkxanasında xidmətçi kimi işləyərkən gündəlik əmək funksiyasını icra etmişdir. 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2022-ci il tarixlərdə işlədiyi ərazidə döyüş əməliyyatları aparılmamışdır və bu əsaslarla da komissiyanın 23 dekabr 2022-ci il tarixli iclasında iddiaçının ərizəsinə baxılmış və müsbət qərar qəbul edilməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarına uyğun olmadığından ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-415/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının N saylı hərbi hissənin mülki işçisi kimi Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının maddi-texniki təminat növü üzrə tapşırıqları yerinə yetirməsi olunması müəyyən edilmir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-415/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.
b)Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c)Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.
20. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
21. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2020- xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin yeməkxanasında qabyuyan (mülki qulluqçu) kimi döyüş əməliyyatlarının maddi-texniki təminatında iştirak etdiyini əsas gətirərək hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətin müsbət həllindən imtina olunaraq qeyd olunan tarixlərdə onun işlədiyi ərazidə döyüş əməliyyatları aparılmaması ilə əsaslandırılmışdır.
26. Birinci instansiya məhkəməsi cavabdeh orqanın imtina dəlilləri ilə razılaşaraq iddiaçının tələbinin təmin edilməməsinə dair qərar qəbul etmiş, hazırda iddiaçı birinci instansiya məhkəməsinin qərarını apellyasiya qaydasında mübahisələndirmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, imtina dəlilinə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun araşdırılıb hüquqi qiymət verilməlidir.
28. Belə ki, adıçəkilən Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
29. Göründüyü kimi “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün başlıca şərt iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirməsi, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etməsi və ya döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması tələb olunur ki, iş materiallarında buna dair hər hansı bir sübut mövcud deyildir.
30. Belə ki, həmin şəxslərin döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlər - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir.
31. Hazırki iş üzrə isə iddiaçının N saylı hərbi hissənin mülki işçisi kimi Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının maddi-texniki təminat növü üzrə tapşırıqları yerinə yetirməsi müəyyən edilmir.
32. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 167 nömrəli, xx.xx.2024-cü il tarixli 169 nömrəli və xx.xx.2024-cü il tarixli 186 nömrəli arayışları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən Müharibəsi”ndə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat bölməsinin yeməkxanasının tərkibində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatları zamanı maddi-texniki təminatın təşkili üzrə hərbi hissənin dislokasiya məntəqəsində tapşırıqları yerinə yetirib.
33. N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 181 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin tərkibində mülki işçi qismində Talış və Suqovuşan kəndləri istiqamətində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir.
34. N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli, 3-25-140/2-1077/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “Vətən müharibəsi”ndə N nömrəli hərbi hissənin daimi dislokasiya yeri Tərtər rayonu, Səhlabad yaşayış məntəqəsi olmuşdur.
35. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3-25-140/2-2402/2025 nömrəli məktubu ilə müəyyən edilir ki, iddiaçının döyüş əməliyyatlarına cəlb olunması ilə bağlı hərbi hissə komandirinin əmrlər və sərəncamlar kitabında heç bir qeydiyyat yoxdur.
36. Başqa sözlə, iddiaçı N saylı hərbi hissənin mülki işçisi – qabyuyan olmaqla, hərbi hissənin daimi dislokasiya yeri olan Tərtər rayonu Səhlabad kəndində N nömrəli hərbi hissədə əsgər yeməkxansasında qabların yuyulması üzrə fəaliyyət göstərmişdir. Başqa sözlə, əsgər yeməkxansasında qabların yuyulması iddiaçının əmək funksiyası (vəzifəsi) olmuş və bunu Tərtər rayonu Səhlabad kəndində - işğaldan azad edilmiş olmayan ərazidə icra etmişdir.
37. Bundan başqa N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 181 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin tərkibində mülki işçi qismində Talış və Suqovuşan kəndləri istiqamətində madditexniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir.
38. Göründüyü kimi iddiaçı maddi-texniki təminat üzrə tapşırıqları Talış və Suqovuşan kəndlərində deyil, “Talış və Suqovuşan kəndləri istiqamətində” yerinə yetirmişdir ki, bu da həmin ərazilərdə qeyd olunan tapşırıqları yerinə yetirmə kimi qiymətləndirilə bilməz.
39. Məhkəmə tərkibi hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilməsini arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmçinin iş materialları ilə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etmiş, belə şərtlərin mövcudluğunu sübut edə bilmişdir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3cü maddəsi).
40. Odur ki, iddianın təmin olunmaması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-415/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov