Məhkəmə qərarları › İş №2-1(104)-413/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-413/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-413/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Hüseynzadə Afiq Hüseyn oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “məcburi köçkün statusunun verilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-910/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 Üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, məcburi köçkün kimi imtiyazlardan istifafə edir, lakin bununla bağlı müvafiq sənədi yoxdur. Dəfələrlə cavabdeh inzibati orqana müraciət etsə də ona məcburi köçkün statusu verilməsindən imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-910/2023 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-910/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1574/2022 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 Üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-486/2022 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1574/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli məktubundan qeyd olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(104)-486/2022 nömrəli qərarını iddiaçı xx.xx.2022-ci il tarixdə almış, kassasiya şikayəti verilməmiş və inzibati iş xx.xx.2022-ci il tarixli məktub ilə (xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur) məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2-1(114)-1574/2022 nömrəli inzibati iş üzrə baxılmış iddia tələbində “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi tələbini irəli sürsə də, mahiyyət etibarı ilə hər iki iddia tələbi iddiaçının məcburi köçkün statuslu subyekt olmasınn təmin edilməsinə yönəlmişdir və hər iki iddia tələbi üzrə iddiaçının hüquqi marağı eynidir. Belə olan halda eyni iddia tələbi üzrə eyni tərəflər arasında yenidən iddia qaldırılaraq məhkəmə qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərkibi qeyd edir ki, qanuni qüvvə hüquqi sülhün bərqərar olmasına xidmət edir və müəyyən bir andan etibarən məhkəmə qərarlarının mübahisələndirilməsini artıq mümkünsüz edir. İPM-də qanuni qüvvənin iki növü var: 1) formal-hüquqi qanuni qüvvə; 2) maddi-hüquqi qanuni qüvvə. Maddi-hüquqi qanuni qüvvəyə minmə qərarın məzmun baxımından məcburiliyini nəzərdə tutur və İPM-in 78-ci maddəsində əksini tapmışdır. Belə ki, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmə, bir tərəfdən qərarın onun əsasında dayanan faktiki hallara və mübahisə predmetinə təsirini əhatə edir. Digər tərəfdən, o, qərarın hansı şəxslərə münasibətdə hansı məcburi qüvvəyə malik olması məsələsini tənzimləyir. Maddi-hüquqi qanuni qüvvəyə minmə qərarın mübahisələndirilə bilməsi mümkün olmadıqdan sonra hüquqi sülhün bərqərar olmasına xidmət edir. Göründüyü kimi İPM-in 78-ci maddəsində maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmə yalnız proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyi nəzərdə tutulsa da, faktiki olaraq, bu məcburilik məhkəməyə də şamil olunur. Çünki o, tərəflərin və mübahisənin eyni olduğu hallarda mahiyyət üzrə yeni qərar qəbul edə bilməz. Əksinə, o, artıq bir qərarın mövcud olması və buna görə də yeni bir qərarın qəbul edilə bilməməsi vəziyyətinə riayət etməlidir. Bu kimi hallarda yeni iddia yalnız o halda mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni mübahisə predmeti yaranmış olsun. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 15.5 və 15.6-cı bəndlərində də göstərilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə kollegiyası işdə olan sənədləri və qüvvədə olan məhkəmə aktını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35, 78 və 80-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-910/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Afiq Hüseynzadə, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar