Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-413/2024 12.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə şəhəri Kəpəz Bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-142/2024 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: X3 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın məzmunundan görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 3859 saylı sərəncamı ilə Gəncə şəhər X1 xx.xx.1992-ci il tarixli, 21/70 nömrəli qərarına əsasən 3 nömrəli Tikinti Quraşdırma Trestinə, X4 iştirakçılarına və 3 nömrəli rayonlararası təmir tikinti trestinə bağ yeri üçün 8.8 ha torpaq sahəsi ayrılmışdır. “İnşaatçı” bağçılıq yoldaşlıq birliyinin qərarından çıxarışından görünür ki, xx.xx.1992ci il tarixli, 04 nömrəli protokolu əsasında Avtozavod ərazisində bağçılıq üçün birliyin üzvü İddiaçı 400 kv.m torpaq sahəsi bağ evi üçün ayrılmışdır. A368715 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, həmin sənəd ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 3859 saylı sərəncamı və “İnşaatçı” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1992-ci il tarixli, 04 nömrəli protokol qərarına əsasən iddiaçıya verilmiş 400 kv.m torpaq sahəsinin texniki göstəriciləri İddiaçı adına işlənmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-10563/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı faktiki istifadəsində olan 433.0 kv.m torpaq sahəsinin 365.0 kv.m hissəsi xx.xx.2011-ci il tarixli A 368715 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən sahə ilə üst-üstə düşür. xx.xx.2011-ci il tarixli A 368715 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü" sənədində göstərilən sahə, elektron baza materillarına istinadən başqa şəxslərin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən hüquq müəyyənedici sənədlərdə göstərilən sahələrlə üst-üstə düşmür. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahəsidir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Elşad oğlu məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.2011-ci il tarixli, AN368715 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsinin onun adına dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhər İHB-nın xx.xx.1992-ci il tarixli 3859 saylı Sərəncamına və "İqtisadçı" BYB-nın xx.xx.1992-ci il tarixli 04 saylı protokolundan çıxarış qərarına əsasən iddiaçıya bağ evi tikmək üçün 400 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi X6 kitabında xx-xx-2011-ci il tarixdə 2443 nömrə ilə uçota alınıb A №368715. Ayrılmış torpaq sahəsində lahiyə əsasında ev tikdirmişdir. Ona görə də hüquqlarının daşınmaz əmlakın Dövlət Reyestrində Qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçülər arasında uyğunsuzluq olması müəyyən edilmiş, həmçinin "İnşaatçı" bağçılıq yoldaşlığı tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-142/2024 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 3859 saylı sərəncamı və “İnşaatçı” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1992-ci il tarixli, 04 nömrəli protokol qərarına əsasən Avtozavod ərazisindən İddiaçı verilmiş 400 kv.m torpaq sahəsi üzərində A 368715 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən koordinatlara uyğun İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, iddiaçıya qanuni əsaslarla torpaq sahəsi ayrılmışdır. Göstərilənlərə əsasən cavabdehin imtinasına münasibətdə qeyd edilməlidir ki, təşkilatlar tərəfindən öz əməkdaşlarına paylanmış torpaq sahəsi ilə bağlı arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas vermir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. İstinad olunan Sərəncamdan göründüyü kimi ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin edilməsi bu sahədə müvafiq səlahiyyətli quruma həvalə edilmişdir. Bu səbəbdən də, “bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinə dair sənədlərin təqdim edilməməsini əsas gətirərək cavabdeh tərəfindən iddiaçının hüquqlarının məhdudlaşdırılması qanunsuz olmuşdur. Həmçinin qeyd edilməlidir ki, mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan 433.0 kv.m torpaq sahəsinin 365.0 kv.m hissəsi xx.xx.2011-ci il tarixli A 368715 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən sahə ilə üst-üstə düşür. "Torpaq sahəsinin plan və ölçüsü" sənədində göstərilən sahə, elektron baza materillarına istinadən başqa şəxslərin mülkiyyət istifadə və yaxud icarə hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərdə göstərilən sahələrlə üst-üstə düşmür. Belə olduğu təqdirdə cavabdeh orqan həmin "Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə müəyyən edilmiş koordinatlar daxilində torpaq sahəsinin qeydə alınmasını təmin edə bilərdi. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2-1(114)-142/2024 saylı qərarının tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olan torpaq sahəsinə, bir hissəsinin isə Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan torpağa düşdüyü aşkar edilmişdir. Həmçinin “İnşaatçı” bağçılıq yoldaşlığı tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Hesab edir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qərar ləğv olunmalıdır. İddiaçı hazırda 400 kv.m torpaq sahəsinin məhz ona bağ sahəsi kimi ayrılmış torpaq sahəsi olduğunu iddia etsə də bu faktı təsdiq edən hər hansı sübut Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmamışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli, 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Gəncə şəhəri üzrə ləğv edilmiş bağ təsərrüfatı idarələrinin arxivləri təhvil verilmədiyi üçün vətəndaşa bağ evi tikmək üçün verilmiş torpaq sahəsinə dair sənədlərlə bağlı araşdırma aparılması tərəflərindən mümkün olmamışdır. Həmçinin, faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olan torpaq sahəsinə, bir hissəsinin isə Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan torpağa düşdüyü aşkar edilmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında və işin bütün halları tam araşdırılmadan işə baxmış və iş üzrə ekspertiza təyin etməmişdir. Lakin məhkəmə bu hallara qiymət verməmişdir. Buna baxmayaraq, ərizəçi tərəfindən hüquqların dövlət qeydiyyatı üçün həmin əsaslarlardan torpaq sahəsinə dair “İnşaatçı” bağçılıq cəmiyyətinin protokoldan çıxarışı, cəmiyyətin adlı siyahısı və torpaq sahəsinin təsdiq edilmiş plan sxemi İdarəyə təqdim edilməmişdir. Bu da Mülki Məcəllənin 139-1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9 və 10-cu maddələrinin tələblərinə ziddir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakın təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-). Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-).
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 3859 saylı sərəncamı və “İnşaatçı” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1992-ci il tarixli, 04 nömrəli protokol qərarına əsasən Avtozavod ərazisində bağçılıq üçün birliyin üzvü İddiaçı 0.04 ha torpaq sahəsi bağ evi üçün ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçülər arasında uyğunsuzluq olması, həmçinin “İnşaatçı” bağçılıq-yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilməməsi olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan X3 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın məzmunundan görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 3859 saylı sərəncamı ilə Gəncə şəhər X1 xx.xx.1992-ci il tarixli, 21/70 nömrəli qərarına əsasən 3 nömrəli Tikinti Quraşdırma Trestinə, X4 iştirakçılarına və 3 nömrəli rayonlararası təmir tikinti trestinə bağ yeri üçün 8.8 ha torpaq sahəsi ayrılmışdır. İşə surəti əlavə edilmiş “İnşaatçı” bağçılıq yoldaşlıq birliyinin qərarından çıxarışından görünür ki, xx.xx.1992-ci il tarixli, 04 nömrəli protokolu əsasında Avtozavod ərazisində bağçılıq üçün birliyin üzvü İddiaçı 400 kv.m torpaq sahəsi bağ evi üçün ayrılmışdır. A368715 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, həmin sənəd ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 3859 saylı sərəncamı və “İnşaatçı” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1992-ci il tarixli, 04 nömrəli protokol qərarına əsasən iddiaçıya verilmiş 400 kv.m torpaq sahəsinin texniki göstəriciləri İddiaçı adına işlənmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin hallarından göründüyü kimi iddiaçıya münasibətdə mübahisəli daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsində təsbit edilmiş əsaslar mövcud olmuşdur. Məhkəmə kollegiyası cavabdeh orqanın “İnşaatçı” bağçılıq-yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilməməsi əsası ilə imtinasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Bu səbəbdən də sözügedən torpaq sahəsinin “İnşaatçı” bağçılıq-yoldaşlıq birliyi tərəfindən iddiaçıya ayrılması ilə bağlı arxiv sənədlərinin İdarənin arxivinə təhvil verilməsə belə, nəzərə alınmalıdır ki, həmin sənədlərin aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və bu səbəb onu torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının reallaşdırılmasından məhrum edə bilməz. Bundan başqa məhkəmə kollegiyası cavabdeh orqanın imtinasının əsası kimi qeyd etdiyi “faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçülər arasında uyğunsuzluq olması” faktına münasibətdə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 10563/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan 433.0 kv.m torpaq sahəsinin 365.0 kv.m hissəsi xx.xx.2011-ci il tarixli A 368715 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən sahə ilə üst-üstə düşür. xx.xx.2011-ci il tarixli A 368715 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü" sənədində göstərilən sahə, elektron baza materillarına istinadən başqa şəxslərin mülkiyyət istifadə və yaxud icarə hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərdə göstərilən sahələrlə üst-üstə düşmür. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahəsidir. Rəydən göründüyü kimi iddiaçının faktiki istifadəsində olan 433.0 kv.m torpaq sahəsinin 365.0 kv.m hissəsi xx.xx.2011-ci il tarixli A 368715 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən sahə ilə üst-üstə düşür. Həmçinin həmin torpaq sahəsi, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahəsi olmaqla üçüncü şəxslərin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərdə göstərilən sahələrlə üst-üstə düşmür. Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Gəncə şəhər Kəpəz Bələdiyyəsinin nümayəndəsi X5 qeyd olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmədiyini bildirdi. İddiaçının hüquqi marağının da xx.xx.2011-ci il tarixli, AN368715 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsinin onun adına dövlət reyestrində qeydə alınmasından ibarət olmasını nəzərə aldıqda birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Yuxarıdan göründüyü kimi iş materiallarında olan sənədlərlə xx.xx.2011-ci il tarixli, AN368715 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsi ilə bağlı ilkin hüquq müəyyənedici sənədlərin mövcudluğu təsdiq edilir. Nəzərə alınmalıdır ki, işin müəyyən olunmuş hallarından iddiaçıya torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu görünür. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədlərin hər hansı subyekt, o cümlədən üçüncü şəxs tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Kollegiya qeyd edir ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-142/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.