Məhkəmə qərarları › İş №2-1(104)-413/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-413/2025

12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-413/2025 12.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarların ləğv edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Məmmədova Günel Zakir qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1156/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2024-cü il tarixli, **********1830 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən, İddiaçı məxsus olan “Tombik Kafe” adlı obyektdə 1. Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.

2. xx.xx.2024-cü il tarixli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı məxsus olan obyektdə Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə - vergi orqanlarının Vergi Məcələsinin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasın olmasına əsasən cari fəaliyyətlə əlaqədar plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

3. xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 022974 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktdan görünür ki, 22 may 2024-cü il tarixdə saat 11:30-da ünvan 1 ünvanında yerləşən və İddiaçı istifadəsində olan “Tombik Kafe”də müştəri tərəfindən alınmış 1 (bir) ədəd lavaşda toyuq dönəri və 1 (bir) ədəd ayran üçün ödənilmiş 2.80 (iki manat səksən qəpik) manat nağd pulun müqabilində NKA-ya çekin vurulmadığı, müştəriyə təqdim olunmadığı, bununla da əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydasının pozulması müəyyən olunmuş, uçotdan yayındırılmış məbləğ NKA-ya bərpa olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3-cü bəndinin tələblərini pozmuş və buna görə onun barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

4. “Tombik Kafe” barəsində olan xx.xx.2024-cü il tarixli 11:37 vaxtlı X hesabatına əsasən, hesabat dövrü xx.xx.2024, dövriyyə 0.00; xx.xx.2024-cü il tarixli 11:39 vaxtlı Satış 723 nömrəli çekə əsasən, 1 mala görə 2.80 manat nağd ödənilib, gün ərzində vurulmuş 1ci çekdir.

5. xx.xx.2024-cü il tarixli vergi ödəyicisinin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə protokola əsasən, ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinə (obyektinə) baxış keçirilmiş, baxış 11:40-da başlamış, baxış zamanı əmək müqaviləsiz işlərə cəlb edilmiş 1 (bir) nəfər, Şahid aşkar edilmişdir.

6. Şahid 12 saylı Ərazi Vergilər Baş İdarəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, xx.xx.2024-cü il tarixdən “Tombik Kafe”də fırınçı vəzifəsində çalışır. İşə daxil olarkən müdriyyətlə danışmış, müdriyyətə özünə aid olan heç bir sənəd təqdim etməmiş, işə girərkən ona əmək müqaviləsi ilə bağlı heç bir sənəd verilməmiş, kafenin rəhbəri kimi İddiaçı tanımışdır. Gündəlik nağd qaydada 20 manat ödəniş alır, gündəlik iş saatı səhər saat 09:00-dan 21:00-a qədərdir.

7. xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 002114 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktdan görünür ki, 22 may 2024-cü il tarixdə saat 11:45-də ünvan 1 ünvanında yerləşən “Tombik Kafe”də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur.

8. xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 002114 nömrəli Akta əlavədən görünür ki, “Tombik Kafe”də aparılmış operativ vergi nəzarəti nəticəsində Şahid aşbaz (fırınçı) kimi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuşdur.

9. Əmək müqaviləsi bildirişləri barədə məlumat qrafiklərindən görünür ki, Şahid xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək əmək müqaviləsi əsasında aşbaz işləmişdir.

10. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şahid vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin elektron informasiya sisteminin məlumat bazasına əsasən, Şahid əmək müqaviləsi əsasında hər hansı bir yerdə işləmədiyi müəyyən edilmişdir.

11. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********2059 nömrəli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2024-cü il tarixədək 2000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

12. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********3011 nömrəli qərarı ilə X12 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2024-cü il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********2059 saylı və xx.xx.2024-cü il tarixli, **********3011 saylı qərarlarının ləğv ediməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

14. Tələb onunla əsaslandırılmışdır ki, o, ailəsinin maddi vəziyyəti ağır olduğundan Gəncə şəhərində obyekt götürüb işlətmək qərarına gəlmişdir. Bu məqsədlə Gəncə şəhəri, Nizami prospekti, 2A ünvanında yerləşən “Tombik dönər” adlı obyekti 15 fevral 2024-cü il tarixdən etibarən icarəyə götürmüş və kafe-dönərxana kimi işlətməyə başlamışdır. Onun kafesində 3 nəfər işçi var: kassir, dönərçi və aşpaz. Hər bir işçi ilə ilk gündən əmək müqaviləsi bağlamış və obyekti kassa aparatı ilə və post terminalla təchiz etmişdir. İddiaçı hər ay vaxtlı-vaxtında vergilərini və digər ödənişlərini edir. xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 3 nəfər əməkdaşı onun işlətdiyi obyektə gələrək baxış keçirmişlər. Kafedə dönər (fırın) aparatının naqilləri xarab olduğu üçün işçilər həmin gün usta-elektrik çağırmışlar. Vergi İdarəsinin əməkdaşları gələn vaxt usta-elektrik fırın aparatını təmir edirmiş. Verginin əməkdaşları heç bir araşdırma aparmadan elektrik ustasını fırınçı kimi qəbul etmiş, əmək müqaviləsi olmadan işçi işlədilməsi barədə Akt tərtib etmişlər. İddiaçı həmin vaxt müalicəsi ilə bağlı Bakı şəhərində olmuşdur. Bundan başqa elə həmin gün Verginin digər bir əməkdaşı içəriyə daxil olaraq bir ədəd dönər sifariş verərək, dönərin pulunu kassirə vermiş, həmin vaxt obyektdə başqa müştərilər olduğu üçün kassir pulu kassaya vurmağı bir az gecikdirmiş, şərti müştəri isə çekini gözləməyib obyekti tərk etmişdir. Bundan sonra Verginin əməkdaşları dərhal obyektə daxil olmuş və bu barədə Akt tərtib etmişlər. Nəticədə iki Akta görə iddiaçıya obyekt sahibi kimi 3000 (üç min) manat, 1000 (bir min) manat qəbzə görə, 2000 (iki min) manat isə əmək müqaviləsiz işçiyə görə cərimə yazılmışdır. O, hər iki qərarla razı deyil. Buna görə hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

15. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və iddianın rədd edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********) cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********2059 nömrəli və xx.xx.2024-cü il tarixli, **********3011 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən qərar İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddianın predmetini təşkil edir. xx.xx.2024-cü il tarixli, **********2059 nömrəli qərar Vergi Məcəlləsinin 58.10-cü maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsi iddiaçının işə cəlb etdiyinə görə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmişdir. Sözügedən qərarla 2000 manat maliyyə sanksiyası olmaqla İddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli, **********3011 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən isə İddiaçı Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1000 manat məbləğində maliyyə sanksiyası olmaqla vergi məsuliyyətinə cəlb olunmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsaslı və qanuni formada qəbul edilmişdir. Həm işin faktiki halları, həm də hüquqi əsaslarına görə qeyd edilməlidir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. İşin faktiki halları ilə bağlı qeyd edilir ki, cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində hazırkı iş üzrə iddiaçının Gəncə şəhəri, Nizami 2A ünvanında fəaliyyət göstərdiyi təsərrüfat subyektində (“Tombik” kafedə) operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. xx.xx.2024-cü il tarixli, **********1830 nömrəli qərar Vergi Məcəlləsinin 50.1.7-ci maddəsində əks olunmuş Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və Vergi Məcəlləsinin 50.1.3-cü maddəsində əks olunmuş pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə operativ vergi nəzarətini əhatə etmişdir. Operativ vergi nəzarəti tədbiri KY242110747 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi həvalə olunmuş Baş İdarənin (cavabdeh inzibati orqan) əməkdaşları- S.Cənnətov, T.Əliyev, İ.Kusayev barədə məlumatlar müvafiq reyestrə daxil edilmişdir. Vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatda olan hazırkı işdə İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi kafedə (Obyektin kodu:**********-23001) xx.xx.2024-cü il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Həyata keçirilmiş yoxlama nəticəsində 1 (bir) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb edilməsi faktı aşkar edilmiş və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 002114 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Vergi nəzarəti tədbiri aparılan zaman vergi ödəyicisi obyektdə olmamış, onunla mobil telefon vasitəsilə əlaqə saxlanılmış və Bakı şəhərində olduğu bildirilmişdir. Bu səbəbdən onun əmək müqaviləli işçisi X6 qərar və çıxarışla tanış edilmişdir. Vergi ödəyicisi yoxlama keçirilən zaman Gəncə şəhərində olmadığından aktları imzalaması mümkün olmamışdır. Qeyd olunan məlumatları iddiaçı iddia ərizəsində də qeyd etmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı həmçinin o da müəyyən edilmişdir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən cəlb edilmiş işçi ünvan 4 ünvanında qeydiyyatda olan Şahid (FİN KOD: xxxxxxx) fırınçı işinə cəlb edilmişdir. İddiaçı iddia ərizəsində Şahid fırınçı deyil, dönər aparatının naqilləri xarab olduğundan çağırılan elektrik ustası olduğunu iddia etsə də, iş materiallarına əlavə olunmuş Şahid izahatından aydın olur ki, o heç də elektrik ustası deyil, fırınçı olaraq “Tombik Kafe”də işləyir. Belə ki, onun izahatından aydın olur ki, Şahid xx.xx.2024- cü il tarixindən “Tombik Kafe”də fırınçı olaraq çalışır. Gündəlik olaraq 20 manat əməkhaqqı alır. İş saatları 09:00-21:00 arası təşkil edir. Müəssisənin rəhbəri olaraq İddiaçı tanıyır. Hər hansı səbəbdən (ailə, şəxsi və s) işə gəlmədikdə bununla bağlı müdiriyyətdən icazə alır. Qeyd olunan halları iş materiallarına əlavə edilmiş Şahid izahatı və fotoşəkillər də sübut edir. Aydın olur ki, İddiaçı ilə Şahid arasındakı münasibətlər əmək münasibətləri olmuşdur. Həmçinin iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2024-cü il tarixli, **********3011 nömrəli qərara əsasən vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, **********1830 nömrəli qərar əsasında yoxlanılan digər bir məsələ Vergi Məcəlləsinin 50.1.3-cü maddəsində əks olunmuş pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması ilə bağlı olmuşdur. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli, 022974 nömrəli Akta əsasən xx.xx.2024-cü il tarixdə saat 11:30-da Gəncə şəhəri, Nizami 2A ünvanda yerləşən və fərdi sahibkar İddiaçı istifadəsində olan “Tombik Kafe”də müştəri tərəfindən alınmış 1 (bir) ədəd lavaşda toyuq dönəri və 1 (bir) ədəd ayran üçün ödənilmiş 2.80 (2 manat 80 qəpik) manat nağd pulun müqabilində NKA-ya çek vurulmamış və müştəriyə təqdim olunmamışdır. Bununla da əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Uçotdan yayındırılmış məbləğ operativ vergi nəzarəti zamanı NKA-ya bərpa olunmuşdur. 723 nömrəli bərpa çeki iş materiallarına əlavə edilir. İddia ərizəsində dönərin pulunun kassaya verildiyi, lakin həmin vaxt obyektdə müştərilər çox olduğundan kassirin məbləği kassaya daxil etməyi gecikdirdiyi və müştəri isə çeki gözləmədən obyekti tərk etdiyi qeyd edilmişdir. Bununla bağlı bildirilmişdir ki, nağd ödənilmiş məbləğin kassaya mədaxil edilməməsi vergi hüquq pozuntusunun törədilməsi əsasını təşkil edir. Həmçinin Mülki Məcəllənin 614.1-ci maddəsinə əsasən pərakəndə alğısatqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 615-ci maddəsinə əsasən əgər pərakəndə alğı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alğı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. Hazırki işin hallarından aydın olur ki, satıcı alıcıya məhsulu təqdim etsə də, nağd ödənilmiş məbləği kassaya mədaxil etməmiş və alıcıya kassa çekini təqdim etməmişdir. Beləliklə, o, törədilmiş əmələ görə 1000 manat məbləğində maliyyə sanksiyasına cəlb olunmuşdur. İddiaçı iddia ərizəsində hər iki məsuliyyət qərarını mübahisələndirsə də, yuxarıda sadalanan dəlillərdən aydın olur ki, qərarların hər ikisi tam əsaslı və qanunidir.

16. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişlər.

17. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, Gəncə şəhərində yaşayır. “Tombik dönər” adlı kafedə işləyir. İddiaçı onun xalasının yoldaşı, həmçinin müdiridir. Şahid kafeyə fırında yaranan problemlə bağlı onu düzəlmək üçün usta kimi gəlmişdir. İddiaçı həmin vaxt Bakıdan gəlirdi. Usta bir müddət İddiaçı gözlədikdən sonra fırını düzəltmədən çıxıb getmişdir. Obyektdə həmişə müştəridən alınan pul kassa aparatına vurulur. O, müştəridən alınan 2.80 manat pulu kassaya vurmuş, lakin müştəri çeki gözləmədən çıxıb getmişdir. Daha sonra həmin müştəri təkrar həmin obyektə qayıdaraq özünü vergi əməkdaşı kimi təqdim etmişdir.

19. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, Gəncə şəhərində yaşayır. “Tombik dönər” adlı kafedə işləyir. İddiaçı onun müdiridir. “Tombik dönər” adlı obyektdə fırın çox istifadə olunmur deyə fırınçıya ehtiyac olmur. Şahid kafeyə fırın xarab olduğu üçün onu düzəlməyə görə usta kimi gəlmişdir. O, həmin şəxsi tanımır və obyektdə birinci dəfə idi ki, görmüşdür. Kafedə hər müştəriyə münasibətdə alınan pul kassaya vurulur. Həmin gün də alınan pul kassaya vurulmuş, lakin müştəri çeki almadan çıxıb getmişdir. Obyektdə hər şey qanuni şəkildədir.

20. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, Gəncə şəhərində yaşayır. “Tombik dönər” adlı kafedə işləyir. İddiaçı onun müdiridir. O, fırında işləyir və 300 manat əmək haqqı alır. Şahid kafeyə fırın xarab olduğu üçün usta kimi onu düzəltməyə gəlmişdir. Usta kafeyə bir gün gəlmiş, fırını düzəltmiş və çıxıb getmişdir. Müştəridən alınan pulun kassa aparatına vurulması ilə bağlı məlumatı yoxdur.

21. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, İddiaçı tanımır. “Tombik dönər” adlı obyektdə fırınçı kimi işləməmişdir, orada olan fırın xarab olduğu üçün ona zəng olunmuş və o, kafeyə fırını təmir etmək üçün getmişdir. Əvvəlcədən 20 manat məbləğində zəhmət haqqı tələb etmişdir. O, usta kimi həmin obyektə gələrək fırına baxış keçirmiş və fırını 2-3 gün ərzində düzəldə biləcəyini demişdir. Daha sonra ona 25 manat ödəniş edilmişdir. Onun qızı xəstə olduğu üçün günəmuzd işlərdə çalışır. Əvvəllər fəhlə və dönərçi kimi işləmişdir. Son 1 ildir və halhazırda ustalıqla məşğul olur. Obyektdə olan zaman vergi orqanının əməkdaşları gəlmiş, ona izahatında obyektdə fırınçı işlədiyini yazmağı bildirmiş, o etiraz etdikdə isə yazmayacağı təqdirdə, cərimə olunacağını bildirmişlər. O, isə məcbur olub o cür izahat vermişdir.

22. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, vergi orqanında işləyir. İddiaçı tanımır və obyektdə görməmişdir. Digər əməkdaşla birgə müvafiq qərarla operativ vergi nəzarətini həyata keçirmişlər. İlk öncə onlar obyekti kənardan müşahidə etmişlər. Bir müştəri obyektdən çıxdıqdan sonra onlar müştəriyə yaxınlaşıb vəsiqələrini təqdim edərək suallar vermişlər. O, müştəridən nə aldığını və ona çek təqdim edilib-edilmədiyini soruşmuş, müştəri isə cavabında təqdim edilmədiyini bildirmişdir. Bundan sonra obyektə daxil olub opertiv vergi nəzarətinin keçirilməsi barədə qərarı təqdim etmişlər. Qərarı alan X8 idi və çıxarışla da o, tanış olmuşdur. İşçi bildirmişdir ki, vergi ödəyicisinin özü obyektdə yoxdur. Ona görə də onunla telefonla əlaqə saxlanılmış və obyektdə nöqsanların mövcud olduğu nəzərə çatdırılmışdır. O, Şahid obyektdə nə işlədiyini görməmiş, sonuncunun izahatı digər əməkdaş tərəfindən alınmışdır. Ümumiyyətlə tərəflərindən heç vaxt güc tətbiq etməklə izahat alınmamışdır.

23. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, digər əməkdaşla birlikdə müvafiq qərara əsasən operativ vergi nəzarətini həyata keçirmişlər. İlk öncə obyekti müşahidə etmişlər. Obyektdə müştəri olmuş, bir dönər və bir ayran almış, lakin çek müştəriyə təqdim olunmamışdır. Həmin müştəri adi vətəndaş olmuşdur. Sonra obyektə daxil olmuş, orda da bir nəfər əmək müqaviləsiz işçi aşkar edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Şahid izahatını o almış, izahatı alınarkən Əbülfəzə heç bir güc tətbiq olunmamış, o cür izahatı özü vermişdir. Əbülfəz adi geyimdə olmuş, əynində hər hansı forma olmamışdır.

24. Gəncə İnzibati Məhkəməsinin (hakim R.Tağıyeva) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1156/2025 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməməsi qərara alınmışdır.

25. Məhkəmə hesab etmişdir ki, Şahid usta kimi fəaliyyət göstərdiyini bildirsə də, iş materiallarına əsasən sonuncunun hal-hazırda əmək müqaviləsi əsasında hər hansı bir yerdə işləmədiyi, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək isə əmək müqaviləsi əsasında aşbaz işlədiyi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, Şahid artıq usta kimi fəaliyyət göstərməsi həqiqətə uyğun deyil. Eyni zamanda “Tombik Kafe” barəsində olan xx.xx.2024cü il tarixli 11:37 vaxtlı X hesabatında müəyyən olunmuşdur ki, hesabat dövrü üzrə xx.xx.2024-cü il tarixdə dövriyyə 0.00 olmuş, vergi orqanı tərəfindən bərpa edilmiş məbləğ üzrə xx.xx.2024-cü il tarixli 11:39 vaxtlı Satış 723 nömrəli çekə əsasən, 1 mala görə 2.80 manat nağd ödənilmiş və həmin çek gün ərzində vurulmuş 1-ci çek olmuşdur. Göründüyü kimi xx.xx.2024-cü il tarixdə nəzarət kassa aparatına sonradan vurulmuş 2.80 manat məbləğ üzrə çek gün ərzində vurulmuş 1-ci çek olmuşdur. Belə olan halda məhkəmə iddiaçının cavabdehin qeyd olunan qərarının ləğv olması tələbi ilə bağlı gətirdiyi əsasını həqiqətə uyğun hesab etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

26. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1156/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati Məhkəməsinin şikayət edilən qərarı ilə məhkəmə vergi orqanının əsassız qərarlarının ləğv edilməsi haqqında iddia tələbini rədd etmişdir. Haqlı olduğu halda, şəhid atası olmağı belə nəzərə alınmadan iddia təmin edilməmişdir. xx.xx.2024-cü ildə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi şəhid atası olaraq onun istifadəsinə verilmiş “Tombik dönər” adlı obyektə gələrək əsassız protokollar tərtib etmişlər və nəticədə biri 1000 manat, digər isə 2000 manat olmaqla iki sayda əsassız cərimələr yazmışlar. Qərarda qeyd edilib ki, guya vergi əməkdaşları gələrkən obyektdə əmək müqaviləsi bağlanmadan fırınçı işləyən şəxsin obyektdə olması aşkar olunmuşdur. Halbuki həmin şəxs fırını təmir etmək üçün orada olmuşdur. Cavabdehin əməkdaşları fırını təmir edən şəxsi cərimə edəcəkləri ilə qorxudaraq ondan guya fırınçı kimi işləməsi bardə izahat almışlar. Həmçinin cavabdehin öz əməkdaşı dönər və ayran alaraq dərhal obyekti tərk etmiş və ardınca da dərhal cavabdehin digər əməkdaşları obyektə daxil olaraq guya ödənişin NKA-na vurulmadığını müəyyən etmiş kimi davranaraq akt tərtib etmişlər. Məhkəmə fırın ustası kimi dəvət olunmuş şəxsin izahatını alsa da, onun məhkəmədəki izahatını deyil, vergi əməkdaşlarının qorxudaraq aldığı izahatını və onun nə vaxtsa başqa yerdə fırınçı işləməsini əsas götürmüşdür. Məhkəmə obyektdən dönər alıb dərhal oranı tərk edən şəxsin şəxsiyyətini müəyyən etmək üçün heç bir addım atmadı. İşin bu faktiki halını aydınlaşdırmadı. Bu şəxs müəyyən edilsəydi, onun verginin öz əməkdaşı olması sübut olunacaqdı. Obyektdəki fırının təmir edilməsi üçün dəvət edilmiş şəxsin guya fırınçı olaraq müqaviləsiz işə cəlb edilməsi sübut edilməmişdir. Məhkəmə sorğu verərək cavabdehdən həmin şəxsin nə vaxtsa başqa yerdə fırınçı kimi işləməsi barədə məlumatı sübut kimi qəbul etmişdir. Halbuki bir şəxsin nə vaxtsa başqa yerdə fırınçı işləməsi ona məxsus obyektdə fırınçı işləməsini sübut etmirdi. Sadəcə nə vaxtsa fırınçı işləmiş şəxsin fırını təmir etmək qabiliyyəti olmasına görə o həmin obyektə məhz fırını təmir etmək üçün dəvət olunumuşdur. Həmçinin məhkəmə həmin vaxt həqiqətən də fırının işləməməsini və təmirə ehtiyac olmasını da aydınlaşdırmadı. Bu hal aydınlaşsaydı, cavabdehin cərimələrinin əsassız olması sübut olunardı. Qərarın məzmunundan belə çıxır ki, əslində fırını təmir etmək üçün dəvət olunmuş şəxs guya burada fırınçı kimi işləyirmiş. Halbuki belə deyil, Şahid usta kimi dəvət olunmuşdu, fırınçı kimi işləmirdi. Dönər və ayran alan şəxs isə vergi orqanının öz əməkdaşı olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarının tamamilə ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b). Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətindən göründüyü kimi, şikayətdə birinci instnasiyası məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normasının pozulması göstərilməmiş və iddiaçının dəlilləri maddi və prosessual hüquq normalarının tələbləri çərçivəsində əsaslandırılmamışdır. Apellyasiya şikayətində iddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, fırınçı kimi onun obyektində əmək fəaliyyətinə cəlb edilmiş Şahid tərəfindən hər hansı əmək fəaliyyətinə cəlb edilməmiş, usta kimi obyektə dəvət edilmiş, guya vergi orqanının əməkdaşları həmin şəxsi qorxudaraq izahat almışlar. İşin faktiki hallarından görünür ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyil. Vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatda olan hazırkı işdə İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi kafedə (Obyektin kodu:**********-23001) xx.xx.2024-cü il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Həyata keçirilmiş yoxlama nəticəsində 1 (bir) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb edilməsi faktı aşkar edilmiş və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 002114 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Vergi nəzarəti tədbiri aparılan zaman vergi ödəyicisi obyektdə olmamış, onunla mobil telefon vasitısilə əlaqə saxlanılmış və Bakı şəhərində olduğu bildirilmişdir. Bu səbəbdən onun əmək müqaviləli işçisi X9 qərar və çıxarışla tanış edilmişdir. Vergi ödəyicisi yoxlama keçirilən zaman Gəncə şəhərində olmadığından aktları imzalaması mümkün olmamışdır. Qeyd olunan məlumatları iddiaçı iddia ərizəsində də qeyd etmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı həmçinin o da müəyyən edilmişdir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən cəlb edilmiş işçi- ünvan 5 ünvanında qeydiyyatda olan Şahid (FİN KOD: xxxxxxx) fırınçı işinə cəlb edilmişdir. İddiaçı iddia ərizəsində, eləcə də apellyasiya şikayətində Şahid fırınçı deyil, dönər aparatının naqilləri xarab olduğundan çağırılan elektrik ustası olduğunu iddia etsə də, iş materiallarına əlavə olunmuş Şahid izahatından aydın olur ki, o heç də elektrik ustası deyil, fırınçı olaraq “Tombik Kafe”də işləyir. Belə ki, onun izahatından aydın olur ki, Şahid xx.xx.2024-cü il tarixindən “Tombik Kafe”də fırınçı olaraq çalışır. Gündəlik olaraq 20 manat əməkhaqqı alır. İş saatları 09:00-21:00 arası təşkil edir. Müəssisənin rəhbəri olaraq İddiaçı tanıyır. Hər hansı səbəbdən (ailə, şəxsi və s) işə gəlmədikdə bununla bağlı müdiriyyətdən icazə alır. Qeyd olunan halları iş materiallarına əlavə edilmiş Şahid izahatı və fotoşəkillər də sübut edir. Həmçinin bildiririk ki, məhkəmə icraatı çərçivəsində tərəfimizdən guya Şahid məcburi izahat alınması ilə bağlı dəlil sübuta yetirilməmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, mübahisələndirilən qərarlar üzrə tətbiq olunan maliyyə sanksiyası tam ödənilmişdir. Həmçinin iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2024-cü il tarixli, **********3011 nömrəli qərara əsasən vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, **********1830 nömrəli qərar əsasında yoxlanılan digər bir məsələ Vergi Məcəlləsinin 50.1.3-cü maddəsində əks olunmuş pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması ilə bağlı olmuşdur. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli, 022974 nömrəli Akta əsasən xx.xx.2024-cü il tarixdə saat 11:30-da Gəncə şəhəri, Nizami 2A ünvanda yerləşən və fərdi sahibkar İddiaçı istifadəsində olan “Tombik Kafe”də müştəri tərəfindən alınmış 1 (bir) ədəd lavaşda toyuq dönəri və 1 (bir) ədəd ayran üçün ödənilmiş 2.80 (2 manat 80 qəpik) manat nağd pulun müqabilində NKA-ya çek vurulmamış və müştəriyə təqdim olunmamışdır. Bununla da əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Uçotdan yayındırılmış məbləğ operativ vergi nəzarəti zamanı NKA-ya bərpa olunmuşdur. 723 nömrəli bərpa çeki iş materiallarına əlavə edilir. İddia ərizəsində dönərin pulunun kassaya verildiyi, lakin həmin vaxt obyektdə müştərilər çox olduğundan kassirin məbləği kassaya daxil etməyi gecikdirdiyini və müştəri isə çeki gözləmədən obyekti tərk etdiyi qeyd edilmişdir. Artiq iddia ərizəsində pul hesablaşmalarının aparılması qaydasının pozulması iddiaçının özü tərəfindən etiraf edildiyindən apellyasiya şikayətində **********3011 nömrəli qərarın ləğv edilməsi ilə bağlı dəlili əsaslı hesab edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı apellyasiya şikayətinin mümkün sayılmaması, mümkün sayıldığı halda təmin edilməməsi xahiş edilir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1156/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə kollegiyasından cərimə məbləğinin azaldılması istiqamətində müəyyən güzəştlərin edilməsini xahiş edir.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X10 apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1156/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları

31. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Maddə 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 11. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Maddə 15.1.3. Vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək, 15.1.7. Vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək vergi ödəyicisinin hüquqlarıdır. Maddə 16.1.1 və 16.1.3. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Maddə 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Maddə 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir Maddə 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39–49cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X21); 50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; Maddə 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

34. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

35. İPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

36. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

37. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

38. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

39. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

40. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

41. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

42. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

43. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

44. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.

45. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. İşin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh vergi orqanının xx.xx.2024-cü il tarixli, **********1830 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, İddiaçı məxsus olan “Tombik Kafe” adlı obyektdə, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) cari fəaliyyətlə əlaqədar növbədənkənar operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Həmin qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 22 may 2024cü il tarixdə saat 11:45-də ünvan 1 ünvanında yerləşən “Tombik Kafe”də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuş və bu hal xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 002114 nömrəli aktla rəsmiləşdirilmişdir. Bundan sonra vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********2059 nömrəli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir.

49. Həmçinin, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı ünvan 1 ünvanında yerləşən və İddiaçı istifadəsində olan “Tombik Kafe”də müştəri tərəfindən alınmış 1 (bir) ədəd lavaşda toyuq dönəri və 1 (bir) ədəd ayran üçün ödənilmiş 2.80 (iki manat səksən qəpik) manat nağd pulun müqabilində NKA-ya çekin vurulmadığı, müştəriyə təqdim olunmadığı müəyyən olunmuş və bu hal xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 022974 nömrəli aktla rəsmiləşdirilmişdir. Bundan sonra vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********3011 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı isə inzibati orqan tərəfindən qəbul edilmiş qərarlarla razılaşmadığı üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

50. Odur ki, hazırkı iş üzrə məhkəmə araşdırmasının predmetini cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********2059 nömrəli və xx.xx.2024-cü il tarixli, **********3011 nömrəli qərarlarının qanuniliyinin yoxlanılması təşkil edir.

51. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasından ibarətdir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını dəqiq tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərarlar qəbul edilən zaman cavabdeh inzibati orqanın qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərindən düzgün istifadə etməsi, qəbul etdiyi qərarlarını əsaslandırması, ümümiyyətlə müvafiq yoxlama tədbirini həyata keçirərkən qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə əməl etməsi iş materialları ilə öz təsdiqini tapır.

52. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********2059 nömrəli qərarının ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində, eləcə də apellyasiya şikayətində Şahid fırınçı deyil, dönər aparatının naqilləri xarab olduğundan çağırılan elektrik ustası olduğunu iddia etsə də, iş materiallarına əlavə olunmuş inzibati icraat zamanı Şahid verdiyi izahatından aydın olur ki, o heç də elektrik ustası deyil, fırınçı olaraq “Tombik Kafe”də işləyir. Belə ki, onun izahatından aydın olur ki, Şahid xx.xx.2024-cü il tarixindən “Tombik Kafe”də fırınçı olaraq çalışır. Gündəlik olaraq 20 manat əməkhaqqı alır. İş saatları 09:00-21:00 arası təşkil edir. Müəssisənin rəhbəri olaraq İddiaçı tanıyır. Hər hansı səbəbdən (ailə, şəxsi və s) işə gəlmədikdə bununla bağlı müdiriyyətdən icazə alır. Qeyd olunan hallar iş materiallarına əlavə edilmiş Şahid izahatı və fotoşəkillər də sübut edilır.

53. Buna baxmayaraq, birinci instansiya məhkəməsində aparılan məhkəmə tədqiqatı zamanı Şahid qeyd olunan obyektdə fırınçı kimi işləmədiyini, orada olan fırın xarab olduğu üçün təmir etmək üçün getdiyini, fırını 2-3 gün ərzində düzəldərək 25 manat ödəniş aldığını, operativ vergi nəzarəti tədbiri zamanı verdiyi izahatı vergi orqanının əməkdaşları tərəfindən məcbur edilməklə verdiyini qeyd etmişdir. Göründüyü kimi Şahid operativ vergi nəzarəti çərçivəsində verdiyi izahatla məhkəmdə verdiyi ifadə arasında ziddiyyətlər mövcuddur.

54. Bununla belə, məhkəmə kollegiyası Şahid kafedə fırınçı kimi işləməməsi, kafeyə fırını düzəltmək üçün usta kimi gəlməsi ilə bağlı iddiaçının dəlillərini əsaslı saymır.

55. Belə ki, Şahid məhkəmə iclasında verdiyi ifadəsi ilə birinci insatansiya məhkəməsinin iclasında dindirilmiş digər şahidlərin ifadələri də bir-biri ilə ziddiyyət təşkil etmişdir. Belə ki, Şahid və “Tombik Kafe”nin işçiləri olan, şahid qismində dindirilən şəxslər Şahid kafeyə fırında yaranan nazsazlıqla bağlı onu təmir etmək üçün usta kimi gəldiyini bildirsələr də, X7 öz ifadəsində Şahid fırını düzəltmədən çıxıb getdiyini bildirmiş, bunun əksinə X4 isə Şahid fırını düzəltiyini bildirmişdir. Həmçinin Şahid kafedə 2-3 gün olduğunu qeyd etmiş, lakin şahid Kəmalə Tağıyeva öz ifadəsində Şahid kafeyə cəmi bir gün gəldiyini göstərmişdir.

56. Bundan başqa, Şahid elektrik ustası kimi fəaliyyət göstərdiyini bildirsə də, bu hal hər hansı sübutla öz təsdiqi tapmamışdır, əksinə iş materiallarından müəyyən olunur ki, sonuncu hal-hazırda əmək müqaviləsi əsasında hər hansı bir yerdə işləmir, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi əsasında aşbaz işləmişdir. Digər tərəfdən, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şahid vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Şahid elektrik ustası kimi fəaliyyət göstərməsi həqiqətə uyğun deyil.

57. Beləliklə məhkəmə kollegiyası tərəfindən iddia ərizəsinin, eləcə də apellyasiya şikayətinin dəlillərinin araşdırılması nəticəsində müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın, eləcə də vergi orqanı əməkdaşlarının hərəkətlərinin qanunsuzluğunu sübut edəcək heç bir əsas yoxdur. Belə ki, iddiaçı ona məxsus obyektdə operativ vergi nəzarəti aparılan zaman Şahid usta qismində obyektdə olduğunu iddia etsə də, iddiaçı tərəfindən bu halı sübut edəcək hər hansı mənbəyi bəlli məlumatlar məhkəmələrə təqdim edilməmiş, eyni zamanda birinci instansiya məhkəməsinindəki icraat zamanı şahid qismində ifadə vermiş şəxslərin ifadələrində olan ziddiyyətli fərqlər bu halı inkar etmişdir.

58. Digər tərəfdən, iddiaçı tərəf Şahid vergi orqanının əməkdaşları tərəfindən məcbur edilməklə onun iradəsinə zidd izahatının alınması ilə bağlı aidiyyəti hüquq mühafizə orqanlarına müraciət edə bilərdilər ki, lakin iş materialları ilə belə bir müraciətin edildiyi müəyyən olunmur. İşin bu halı iddiaçının əsassız mülahizələr əsasında tətbiq edilmiş maliyyə sanksiyasından yayınmaq cəhdlərini təsdiq edən amil kmi qiymətləndirilir.

59. Məhkəmə kollegiyası cavabdehin mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********3011 nömrəli qərarı ilə bağlı da hesab edir ki, cavabdeh inzibati orqan həmin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə qəbul etmişdir.

60. Belə ki, cavabdeh tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı həmçinin 22 may 2024-cü il tarixdə saat 11:30-da ünvan 1 ünvanında yerləşən və İddiaçı istifadəsində olan “Tombik Kafe”də müştəri tərəfindən alınmış 1 (bir) ədəd lavaşda toyuq dönəri və 1 (bir) ədəd ayran üçün ödənilmiş 2.80 (iki manat səksən qəpik) manat nağd pulun nəzarət kassa aparatına vurulmadığı, müştəriyə çekin təqdim olunmadığı müəyyən olunmuşdur.

61. Məhkəmə kollegiyası iddiaçının tələbinin müştəri tərəfindən alınmış 1 ədəd dönər və 1 ədəd ayran üçün ödənilmiş 2.80 manat pulun nəzarət kassa aparatına vurulacağını, lakin digər müştərilərin olması və vergi orqanı əməkdaşlarının obyektə daxil olmasından sonra pulun vurulmasının mümkün olmaması, yəni vaxtın çatmaması əsası ilə də razılaşmır. Belə ki, vergi qanunvericiliyinin tələbinə görə, müştəri tərəfindən mal alınıb pulun təqdim olunmasından sonra vergi ödəyicisi tərəfindən həmin pul nəzarət kassa aparatına vurulmaqla müştəriyə çek təqdim edilməlidir. Məhkəmə hesab edir ki, müştəri malı alıb kafedən çıxana və vergi orqanının əməkdaşları obyektə daxil olana qədər ödənilmiş pulun nəzarət kassa aparatına vurulması üçün kifayət edən vaxtın olması ehtimal edilir. Çünki vergi ödəyicisinə məxsus iaşə obyektində müştərilərin olması, hətta sayının çoxluğu bu fəaliyyətin mahiyyətindən irəli gəlir və bu hallar vergi ödəyicisinin qanunauyğun tələblərə əməl etməsinə mane olmamalıdır. Başqa sözlə, kafedə digər müştərilərin olması vergi ödəyicisi tərəfindən qanunvericiliyin tələbinə riayət etməklə ödənilmiş nağd pulun nəzarət kassa aparatına vurulmasını istisna etməməlidir.

62. Eyni zamanda qeyd olunmalıdır ki, “Tombik Kafe”yə məxsus nəzarət kassa aparatına vurulmuş xx.xx.2024-cü il tarixli 11:37 vaxtlı X hesabatından görünür ki, hesabat dövrü üzrə xx.xx.2024-cü il tarixdə dövriyyə 0.00 olmuş, vergi orqanı tərəfindən bərpa edilmiş məbləğ üzrə xx.xx.2024-cü il tarixli 11:39 vaxtlı Satış 723 nömrəli çekə əsasən, 1 mala görə 2.80 manat nağd ödənilmiş və həmin çek gün ərzində vurulmuş 1-ci çek olmuşdur.

63. Göründüyü kimi xx.xx.2024-cü il tarixdə nəzarət kassa aparatına sonradan vurulmuş 2.80 manat məbləğ üzrə çek gün ərzində vurulmuş 1-ci çek olmuşdur. Saat 11:30 radələrinin günortaya yaxın vaxt olduğu nəzərə alınsa həmin iaşə obyekti üçün ilk müştərinin məhz 2.80 manatlıq mal alan sözügedən müştərinin olması inandırıcı deyil. Bütün bunlar həmin obyektdə mal alışına görə təqdim olunan pulların ümumiyyətlə vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatına vurulmadığını və müştəriyə çek təqdim edilmədiyini deməyə əsas verir.

64. Həmçinin, işin faktiki halları ilə məhkəmə iclasında dindirilmiş şahid ifadələri arasında yaranmış ziddiyyətli məqamlardan biri də o olmuşdur ki, şahid X7 və X3 müştəridən alınan 2.80 manat pulun kassaya vurulduğunu, lakin müştərinin çeki gözləmədən çıxıb getdiyini bildirsə də, əslində qeyd olunan pul məbləği vergi orqanın əməkdaşlarının obyektə daxil olmasından sonra onlar tərəfindən kassaya bərpa edilmişdir. Göründüyü kimi həqiqətdə olan vəziyyətlə şahidlərin ifadələri arasında ziddiyyət mövcuddur. Belə olan halda məhkəmə iddiaçının cavabdehin qeyd olunan qərarının ləğv olması tələbi ilə bağlı gətirdiyi dəlilləri həqiqətə uyğun hesab etmir.

65. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə, yəni obyektdən 2.80 manat məbləğində dönər və ayran alan şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamasına münasibətdə qeyd edir ki, həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsinin və həmin şəxsin vergi orqanının öz əməkdaşı (və ya vergi orqanının əməkdaşları tərəfindən bilərəkdən həmin obyektə göndərilmiş şəxs) olması işin mahiyyəti üzrə heç bir əhəmiyyət daşımır, çünki müştərinin kim olmasından asılı olmayaraq hər bir halda alınan mala görə təqdim edilmiş pul məbləği nəzarət kassa aparatına vurulmalı və çek təqdim edilməli idi, həmin çekin müştəri tərəfindən götürülüb-götürülməməsi isə hazırki işin mübahisə predmeti hesab edilmir. Yuxarıda da qeyd edildiyi kimi, həmin mal alınan zaman müştəri tərəfindən təqdim edilən pul məbləği obyektin işçiləri tərəfindən deyil, məhz vergi orqanının əməkdaşları tərəfindən bərpa edilmişdir.

66. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilinə, yəni birinci instansiya məhkəməsi qərar qəbul edərkən Şahid məhkəmə iclası zamanı verdiyi ifadəsini deyil, vergi orqanı tərəfindən həmin şəxsdən alınmış izahatı əsas götürməsinə münasibətdə qeyd edir ki, Şahid məhkəmə icraatı zamanı verdiyi ifadə iş üzrə toplanmış digər sübutlarla təsdiq edilmədiyindən, birinci instansiya məhkəməsi qeyd edilən şahid ifadəsini mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmuşdur.

67. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət vermişdir. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və müvafiq normativ aktlarla təsdiq olunmadığından birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1156/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar