Məhkəmə qərarları › İş №2-1(104)-414/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-414/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-414/2024 30.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin direktoru Nümayəndə iştirakı ilə, İddiaçılar "xxxx" MMC-nin direktoru Nümayəndə və X1 Cavabdehnə qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və "xxxx" ASC) “torpaq sahəsinə dair verilmiş çıxarışın qismən ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1873/2024 saylı qərardadından iddiaçılar "xxxx" MMC-nin direktoru Nümayəndə və X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar "xxxx" MMC-nin direktoru Nümayəndə və X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl (Xanlar) rayon Quşqara kəndində Gəncə Daşkəsən yolunun sağ tərəfində mülkiyyətlərində olan 1.70 ha torpaq sahəsinə dair "xxxx" ASC-nin adına verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın qismən ləğv edilməsi, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar xx.xx.2008-ci il tarixdli 08050632 saylı kredit müqaviləsi ilə 441 kv.m daş sexini girov qoyaraq 190000 manat, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən fərdi evlərini 250000 manat qiymətləndirilərək 60000 manat əlavə kredit "xxxx" ASC-dən götürmüşdürlər. "xxxx" ASC-yə ümumi 222220 manat əsas borc, 12020 manat faiz borcları vardır. Kredit borcunun 170000 manatı iddiaçılar tərəfindən ödənilmişdir. "xxxx" ASC-nin iddia tələbinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2 (043)-166/2011 saylı qətnaməsi ilə kredit müqavilələri ləğv edilmiş, tutma iddiaçılara məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə, X2 məxsus Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 441 kv.m olan əmlak kompleksi, daş sexinə yönəldilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, əsasən ödənişlər həyata keçirildikdən sonra ipoteka qoyanlara qaytarılsın. Satışdan əldə olunan vəsait borcun qaytarılması üçün kifayət etmədikdə məbləğin qalan hissəsi təmin edilməsin. İstifadə sərəncam hüquqlarına xitam verilməklə boşaldılması hissəsi təmin edilməsin. Mülkiyyətlərində olan 441 kv.m daş sexi 360 min manata Göygöl rayon İcra İdarəsinin icra məmuru Taryel Qəhrəmanov tərəfindən xx.xx.2013-cü ildə hərraca çıxarılmışdır. X4 Məhkəməsində, Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasında icra məmuru Taryel Qəhrəmanov sözü gedən 1.70 ha torpaq sahəsinə dair hərraca çıxarmaq üçün heç bir sifariş olmadığını bildirmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04 mart 2011-ci il tarixli, 2(102)-3734/11 saylı qətnaməsində daş sexinin həraca çıxarılması qeyd edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ülvi Əlizadə 21 iyun 2019-cu ildə akt əsasında 441 kv.m sahədə yerləşən daş sexini "xxxx" ASC-yə təhvil vermişdir. Torpaqlarının 1 sotu 3000 manatdır, yəni qiyməti cəmi 510000 manatdır. İcra məmuru 1.70 ha torpaq sahəsini hərraca çıxarmaqda haqlı olmamışdır. Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə 441 kv.m sahədə yerləşən daş sexi hərraca çıxarılmışdır. Maliyyə Bazarlarına Nəzarət Palatasına 03 avqust 2016-cı ildə onlara göndərdikləri məktublarında, eyni zamanda ASAN Xidmət Mərkəzindən aldıqları cavab məktubunda bildirmişlər ki, Nümayəndə kredit öhdəlikləri üzrə ödənişləri vaxtında icra etmədikləri üçün qüvvəyə minmiş qətnaməyə əsasən girovda olan əmlaklar hərrac vasitəsilə satılaraq banka olan öhdəlik tam ödənilmişdir. Hal-hazırda müştərinin heç bir kredit öhdəliyi mövcud deyildir. 1.70 ha torpaq sahəsinə dair "xxxx" ASC-nin adına verilmiş çıxarış qismən ləğv edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1873/2024 saylı qərardadı ilə (hakim F.Hüseynov) iddiaçılar "xxxx" MMC-nin direktoru Nümayəndə və X1 Cavabdehnə qarşı torpaq sahəsinə dair verilmiş çıxarışın qismən ləğv edilməsi barədə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçılar "xxxx" MMC-nin direktoru Nümayəndə və X3 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-1873/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi birbirinə bağlılığı olmayan iki tələb irəli sürüldüyünü qeyd edərək iddianı mümkün hesab etmişdir. İddia ərizəsində adı çəkilən təşkilatlar bir-birilə bağlı olduğundan iddiada qeyd edilmişdir. Cavabdeh icra məmuru Taryel Qəhrəmanov bizə qarşı düzgün hərəkət etməmişdir. Belə ki, qeyd edildiyi kimi Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2 (005- 531)2013 saylı, xx.xx.2012-ci tarixli icra sənədi ilə Gəncə- Daşkəsən yolunda 1,70 ha torpaq sahəsində yerləşən 441 kv/m daş sexinin 360 min manata hərraca çıxarmışdır. 06.05. 2013-cü ildə icra məmuru 441 kv/m sahədə yerləşən daş sexini 360 min manata hərraca çıxarmış, əmlak alınmadığından yenidən Cavabdehnə qaytarılmışdır. İcra məmuru əmlakı hansı formada hərraca çıxarmaq üçün yenidən Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 04 mart 2011-ci il tarixli, 2(102)-3734/2011 saylı qətnaməsinə düzəliş alaraq xx.xx.2014-cü ildə "xxxx" MMC-yə göndərmişdir. Əmlak satılmadığından "xxxx" ASC öz mülkiyyətinə götürmüş və qeyd edildiyi kimi çıxarış almışlar. Yəni onlar "xxxx" ASC-nin adına verilmiş çıxarışın 1,70 ha torpaq sahəsinə dair qismən ləğvini qoymaqda hesab edirlər ki, Cavabdeh düzgün hərəkət etməmişdir. Ona görə də 21.10. 2014-cü ildə hərracın keçirilməsi üçün icra məmurun 1,70 torpaq sahəsinə dair "xxxx" MMC-yə göndərdiyi sifarış məktubu ləğv edilməlidir. Ona görə ki, Gəncə şəhər Kəpəız rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə sifarişdən sonra 18 dekabr 2014-cü il tarixdə iş JV2 8(043)-296/2014 saylı qərardadı ilə qətnaməyə düzəliş almışdır. Hesab edirlər ki, iddia ərizəsi mümkün sayılmalı, şikayətləri təmin olunmalı, iddiaları Cavabdeh xx.xx.2014-cü ildə hərrac keçirilməsi üçün "xxxx" MMC-yə göndərdiyi sifariş məktubu ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin direktoru Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1873/2024 saylı qərardadının ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçılar Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC-nin adına verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın qismən ləğv edilməsini və icra məmurunun hərəkətlərini mübahisələndirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən çıxarışın qismən ləğv edilməsinə dair tələb Cavabdeh səlahiyyətləri sferasına aid deyildir. Bu hissədə tələbə cavab verməli inzibati orqan 3 saylı Gəncə Ərazi İdarəsidir və tələb də ona qarşı yönəlməli idi. Bu tələblə bağlı iddiaçının sözügedən orqana ilkin müraciətinin olması da iş materialları ilə müəyyən edilmir. Odur ki, bu hissədə iddia tələbini mümkün saymamaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası tələbin ikinci hissəsi ilə bağlı Cavabdeh bildirişinin qanunsuz hesab edilməsinə münasibətdə qeyd edir ki, başqa sözlə, iddiaçılar icra məmurunun hərəkətlərini mübahisələndirir. İcra idarəsinin mübahisələndirilən hərəkəti isə icra sənədinin icrası prosesi zamanı yaranmış hərəkətdir. Belə ki, İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli (İş № 2-1(102)-2042/2017) və xx.xx.2019-cu il tarixli (İş № 2- 1(102)- 2242/2019) nömrəli qərarlarında qeyd edilmişdir ki, “İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır.” Kollegiya qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Hazırki iddia tələbindən görünür ki, iddiaçı icra qurumunun hərəkət və hərəkətsizliyini mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Göründüyü kimi, icra orqanın müvafiq bildirişin hərraca təşkilatına göndərilməsi üüçn əsas icra sənədinin olmasıdır. Məhkəmə kollegiyası izah edir ki, iddiaçı işə ümumi əsaslarla baxılmasını istədiyi halda icra məmurunun hərəkətini mülki qaydada mübahisələndirməlidir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İddiaçılar Cavabdeh hərəkətinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, o, sözügedən hərəkətin qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət və ya iddia verməklə mübahisələndirə bilər. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1873/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar