Məhkəmə qərarları › İş №2-1(104)-414/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-414/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-414/2025 24.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2771/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2011-ci il tarixdən etibarən Hərbi xidmət dövrü ilə əlaqədar Onurğa sistemi, bel-onurğası.punks poz-ması, sol aşağı ətrafın neonoparezi. Daimi ağn sindr. Hiperteniya xəstəlik diaqnozu ilə ilkin olaraq bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdən etibarən Hərbi xidmət dövrü ilə əlaqədar Onurğa sistemi, bel-onurğası.punks poz-ması, sol aşağı ətrafın neonoparezi. Daimi ağrı sindr. Hiperteniya xəst diaqnozu ilə təkrar olaraq bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən etibarən Hərbi xidmət dövrü ilə əlaqədar L 4-L 5. L5- S1 fəqərəarası disk yırtığı c/ə sonrakı vəziyyət onurğa sütunun funksiyasının pozğunluğu.Sol a/ə monoparezi.Hipertoniya x-yi İİ b ürək beyin forma.Ensefalopatiya İİ mər. Xr.”B” virus hepatiti diaqnozu ilə təkrar olaraq bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən etibarən Hərbi xidmət dövrü ilə əlaqədar L 4-L 5. L5- S1 fəqərəarası disk yırtığı c/ə sonrakı vəziyyət onurğa sütunun funksiyasının pozğunluğu.Sol a/ə monoparezi.Hipertoniya x-yi İİ b ürək beyin forma.Ensefalopatiya İİ mər. Xr.”B” virus hepatiti diaqnozu ilə təkrar olaraq beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti xxxxxxx0009 nömrəli göndərişə əsasən “Onurğa sütunun beloma L4-L5, L5-S1 fəqərəarası disk yırtığına görə disketomiyadaıı sonrakı vəziyyət (2005, 2021, xx.xx.2023, xx.xx.2023). Aşağı ətrafların paraparezi. Yeriş və çanaq orqanlarının funksiyasının pozulması. Bel-oma radikulopatiyası daimi kökcük ağrı sindromu ilə. Ürəyin xroniki işenvk xəstəliyi. Sol mədəciyin arxa-yan divarının Q dişsiz miokard infarktı. xx.xx.2022-ci il tarixdə Koronar angioqrafiya (selektiv sağ-sol koronar). xx.xx.2024 Üç koronar arteriyanın şuntlama əməliyyatı. Arterial hipertenziya İİİ mərhələ” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş üçüncü dərəcə əliliyin dayandırıldığı tarixdən bərpa edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli müvafiq qərarına əsasən ona “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, onurğa sütununun bel-oma L4-L5, L5-S1 fəqərəarası disk yırtığına görə diskektomiyadan sonrakı vəziyyət (2005, xx.xx.2021). Sol aşağı ətrafın parezi. Yeriş funksiyasının pozulması. Bel-oma radikulopatiya, daimi davamlı kökcük ağrı sindromu ilə. Bel osteoxondroz. Spondilioz” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir. Ona təyin edilmiş 5 illik əlillik müddətinin müddəti başa çatmadan cavabdeh orqan tərəfində heç bir əsas olmadan qanunsuz olaraq əlilliyi dayandırılmışdır. Belə ki, onun əliliyinin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına ala biləcək heç bir əsaslı sübutun olmadığı halda, həmçinin onu əyani müayinəyə cəlb etmədən əlilliyinin dayandırılması barədə qərar qəbul edilmişdir. Bununla yanaşı qeyd edir ki, əlilliyinin dayandırılması dair qəbul edilmiş qərar cavabdeh tərəfindən hazıradək ona təqdim edilməmişdir. Bu hal ona pensiyanın ödənilməsi dayandırılması ilə məlum olmuşdur. Hesab edir ki, cavabdeh orqanın bu cür praktika nümayiş etdirməsi inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun tələblərini də pozmuşdur. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin müddətli üçüncü dərəcə əlilliyin təyinatı barədə verilmiş qərarının ləğv edilməsinə səbəb olan 22 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini və üçüncü dərəcə müddətli əlilliyin etibarsız hesab olunduğu müddətdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclası zamanı iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək, iddia müddətini sağlamlığı ilə əlaqədar üzrlü səbəbdən buraxdığını bildirərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2771/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı üçüncü dərəcə müddətli əlilliyin etibarsız hesab olunduğu müddətdən bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Hərbi xidmət dövrü ilə əlaqədar Onurğa sistemi, belonurğası.punks poz-ması, sol aşağı ətrafın neonoparezi. Daimi ağn sindr. Hiperteniya xəstəlik diaqnozu ilə ilkin olaraq bir il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixində Hərbi xidmət dövrü ilə əlaqədar Onurğa sistemi, belonurğası.punks poz-ması, sol aşağı ətrafın neonoparezi. Daimi ağn sindr. Hiperteniya xəst diaqnozu ilə təkrar olaraq bir il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2016-cı il tarixdə Hərbi xidmət dövrü ilə əlaqədar L 4-L 5. L5-S1 fəqərəarası disk yırtığı c/ə sonrakı vəziyyət onurğa sütunun funksiyasının pozğunluğu.Sol a/ə monoparezi.Hipertoniya x-yi İİ b ürək beyin forma.Ensefalopatiya İİ mər. Xr.”B” virus hepatiti diaqnozu ilə təkrar olaraq beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə sorğusu ilə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, iddiaçı XBT 10 kodu İ25 Ürəyin xroniki işemik xəstəliyi diaqnozu ilə xx.xx.2022-ci il tarixdə, İ20 Stenokardiya (döş inağı_ diaqnozu ilə xx.xx.2022,xx.xx.2024-cü il tarixində, M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikuloptiya ilə zədələmələri diaqnozu ilə xx.xx.2012, xx.xx.2021, xx.xx.2004, xx.xx.2013, xx.xx.2015, xx.xx.2019, xx.xx.2010, 10.01. 2005, xx.xx.2021, xx.xx.2011, xx.xx.2010, xx.xx.2024, xx.xx.2023, xx.xx.2023 tarixlərində stasionar müalicə almışdır. Məhkəmə qeyd edir ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-ci il tarixdə qiymətləndirilmiş, qiymətləndirmə zamanı İddiaçı diaqnozu nəzərə alınmadan tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2011-cı il tarixdən etibarən səbəbli əlaqəsi Hərbi xidmət dövrü ilə əlaqədar ilə əlaqədar əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə daxildir ki, bu da iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunur. Həmçinin xx.xx.2016-cı il tarixli müayinənin nəticəsi olaraq cavabdeh tərəfindən qərarla iddiaçıya münasibətdə 5 il müddətinə eyni diaqnozla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 842 saylı protokolu əsasında qəbul edilmiş 919 nömrəli qərarı mövcuddur ki, həmin qərar mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Qərarda xəstəliyin səbəbi olaraq “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin 01.05 .2022-ci il tarixli nömrəli qərarı qanunsuz olmuş, ona münasibətdə verilmiş imtina əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 2771/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə tibbi ekspertiza təyin olunmadan məhkəmə müvafiq qərara gəlmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28.1.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinəsi aparılıb və icraat təzələnmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. d) Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı ilkin olaraq xx.xx.2011-cı il tarixdə 1 il müddətinə səbəbli əlaqəsi Hərbi xidmət dövrü ilə əlaqədar, üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2014-cü il tarixdə Hərbi xidmət dövrü ilə əlaqədar, 1 il müddətinə, ikinci dərəcə əlillik, xx.xx.2015-ci il tarixdə Hərbi xidmət dövrü ilə əlaqədar, 1 il müddətinə, ikinci dərəcə əlillik, xx.xx.2016-cı il tarixdə Hərbi xidmət dövrü ilə əlaqədar, 5 il müddətinə, ikinci dərəcə əlillik və sonuncu dəfə xx.xx.2022ci il tarixdə Hərbi xidmət dövrü ilə əlaqədar, 5 il müddətinə, üçüncü dərəcə əlillik təyin edilmişdir. Bundan sonra Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında iddiaçının əlilliyi qiymətləndirilərək xx.xx.2024-cü il tarixdə iddiaçının “tam reabilitasiya” olunması barədə qərar qəbul edilmiş və bunun nəticəsində də ona xx.xx.2022-ci il tarixdə 5 il müddətinə təyin edilmiş üçüncü dərəcə əlillik ləğv edilmişdir. Hazırda iddiaçının tələbi cavabdehin müddətli üçüncü dərəcə əlilliyin təyinatı barədə verilmiş qərarının ləğv edilməsinə səbəb olan xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və üçüncü dərəcə müddətli əlilliyin etibarsız hesab olunduğu müddətdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməi Qaydaları”na uyğun həyata keçirilir. Sözügedən Qaydaların 3.7-ci bəndinə görə, əlilliyin qiymətləndirilməsi barədə TSEKin qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçıya 5 il müddətinə əlillik dərəcəsinin təyin edilməsinə dair TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübüt olmamış və cavabdeh orqan Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında əlilliyini qiymətləndirmiş və onun “tam reabilitasiya” olunması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Kollegiya xüsusi olaraq vurğulayır ki, iddiaçının barəsində olan xx.xx.2024-cü il tarixli göndəriş əsasında əlilliyinin qiymətləndirilməsinin nəticəsi Tibbi Sosial Ekspert Komissiyasının iddiaçı barəsində əvvəl qəbul edilmiş qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi qiymətləndirilə bilməz. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli olsa da, cavabdeh nəinki əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu müəyyən etmiş, heç əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlamamışdır. Həmçinin məhkəmə iclasında iddiaçının verdiyi izahatdan müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixli göndəriş əsasında əlilliyinin qiymətləndirilməsi zamanı nail olmaq istədiyi ona ikinci dərəcə əlilliyin təyin olunması olmuşdur. Hazırda cavabdeh orqan isə tibb müəssisəsinin göndərişi əsasında iddiaçının əlilliyini qiymətləndirmiş və müvafiq qərar qəbul edərək iddiaçının tam reabilitasiya olunması barədə qərar qəbul etmişdir. Göründüyü kimi cavabdeh orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən iddiaçı barəsində əlilliyin təyin edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə olmamışdır. Məhkəmə kollegiyası, eyni zamanda, qəbul edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçıya 5 il müddətinə üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya əlilliyin təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə və etibarlıdır. Təyin olunmuş əlilliyin ləğvini və ya əlillik təyin olunmuş şəxsin tam reabilitasiya olunmasını şərtləndirən qanunvericilikdə nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun müvafiq bəndində qeyd olunmuş qaydada davranmağa borcludur. Fərqli yanaşma, eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Beləliklə, inzibati orqan özünün əvvəlki qüvvədə olan əlverişli inzibati aktının ləğvi ilə bağlı məsələyə münasibətdə inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələblərinə riayət etmədiyindən iddianın təmin edilməli olduğuna dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2771/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar