Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-415/2025 23.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1938/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı əlilliyi Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişdəki diaqnozlar üzrə qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
İşdə olan sənədlər:
2. İddiaçı xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016- cı il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir.
3. xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-ci il tarixlərdə İddiaçı əlilliyi qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
4. İddiaçı əlilliyinin sonuncu dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə göndəriş rəsmiləşdirilmiş, qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: - Əsas diaqnoz – T90 – Başın travmalarının nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri; - Ağırlaşma - F07.0 – Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Koqnitiv yaddaş pozulması; - Ağırlaşma – G93.4 – Dəqiləşdirilməmiş ensefalopatiya, Postravmatik ensefalopatiya İİ dərəcə; - Ağırlaşma – G90 – Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Vegetativ damar paroksizmləri ilə gedən; - Yanaşı xəstəliklər – Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Qəlpə yaralanmalarından sonra baş, sağ burun və sol baldırın orta 1/3 - nin ön səthində köhnə çapıq toxumaları.
5. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli, xxxxxxxQ00001 nömrəli qərarı ilə İddiaçı “Qəlpə yaralanmalarından sonra baş, sağ burun və sol baldırın orta 1/3-nin ön səthində köhnə çapıq toxumaları” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
6. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 11125 nömrəli tibbi rəyində İddiaçı təyin edilmiş diaqnoz “F06.6 Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) emosional labil pozuntu kəkələmə ilə” kimi qeyd edilmişdir.
7. X5 üçün Sosial Müalicə Poliklinikasının 236 nömrəli Stasionar reabilitasiya kartasından çıxarışda İddiaçı təyin edilmiş diaqnoz “Odlu silah yaralanmasından sonrakı vəziyyət. Kəllə daxili travma, keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Kəllə daxili hipertenziya. Tez-tez qıcolma tutmaları ilə. Aşağı bədənin müxtəlif nahiyyələrinin qəlpə yaralanmasından sonrakı vəziyyət. Xroniki bronxit” kimi qeyd edilmişdir.
8. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 294 nömrəli Həkim Psixiatr Komissiyasının rəyində İddiaçı təyin edilmiş diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma) şəxsiyyət pozuntusu, epileptik tutmalar və nitq qüsuru ilə F07.0” kimi qeyd edilmişdir.
9. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin 1846 nömrəli Ambulator xəstənin tibbi vərəqində İddiaçı təyin edilmiş diaqnoz “Qəlpə yaralanmasından sonakı (baş, sağ burun və sol baldırın orta 1/3-nin ön səthində çapıq toxumaları) vəziyyət (1992, 1993, 1994) T90.5. Posttravmatik ensefalopatiya” kimi qeyd edilmişdir.
10. “X3” publik hüquqi şəxsinin Ambulator kitabçadan (xəstəlik tarixindən) 1175/2022 nömrəli çıxarışında İddiaçı təyin edilmiş əsas diaqnoz “F07.0 Partlayış nəticəsində keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri” kimi qeyd edilmişdir.
11. Xəstəlik tarixindən çıxarışlardan və xx.xx.2023-cü il tarixli göndərişdən görünür ki, İddiaçı “T90 Başın travmalarının nəticələri” diaqnozu ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək X4, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2022-ci il tarixdə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X1 stasionar müalicələr almışdır.
Birinci instansiya məhkəməsində birinci icraat:
12. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarının ləğv olunmasını və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” üçüncü dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1991-ci ildə Şəmkir Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 1993-cü ildə Ulu öndər tərəfindən döyüşlərdə göstərdiyi şücaətə görə ona leytenant hərbi rütbəsi verilmiş, 1992, 1993 və 1994-cü illərdə döyüşlərdə müxtəlif travma və xəsarətlər almış, sonra aldığı xəsarətlərə görə sağlamlığında problemlər yaranmışdır. Ərizəsinə əlavə etdiyi xx.xx.2015-ci il tarixli, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 520 nömrəli qərarından görünür ki, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi və Pataloji Anatomiya Mərkəzində canlı müayinədə olmuşdur. Müayinə zamanı "Qəlpə yaralanmalarından sonra baş, sağ burun və sol baldırın orta 1/3-nin ön səthində köhnə çapıq toxumalarının olması” diaqnozu qoyulmuş, həmin qərar əsasında ikinci dərəcə əlillik dərəcəsi almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin elektron informasiya sistemindən əldə edilmiş xx.xx.2015-ci il tarixli TSEK-in diaqnozunda göstərilmiş qeydlərə əsasən “Odlu silah yaralanmasından sonrakı vəziyyət, Kəllədaxili travma, Keçirilmiş qapalı kəllə-beyin travmasından qalıq əlamətləri, Xoşxassəli kəllədaxili hipertenziya, Hipertenzion sindrom, Dəqiqləşdirilməmiş ensefakopatiya, Posttramvatik ensefalopatiya İİ dərəcə, Dəqiqləşdirilməmiş epilepsiya, Tez-tez qıcolma tutmaları” onun həqiqətən ikinci dərəcəli əlil olduğu müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixindən etibarən xx.xx.2021-ci il tarixinədək əlilliyinə görə pensiya almışdır. 6 il müddətinə hər il tibbi həkim komissiyasının müayinəsindən keçmiş, hər dəfəsində əlilliyi təsdiqlənmiş, lakin 2021-ci ildə müayinədən keçən zaman onun əlil olmadığı qərarına gəmişlər. Halbuki onun xəstəliyi hər il daha da ağırlaşır. 2021-ci ildən etibarən 3 dəfə yenidən əlilliyinin bərpa edilməsi üçün Respublika Əlillərin Bərpa mərkəzinə müraciət etmiş, lakin hər dəfəsində səbəb göstərmədən əlilliyinin bərpa edilməsindən imtina etmişlər.
14. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 03 dekabr 2023- cü il tarixli qərarın ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.6-ci bəndində əsasən göndərişin imzalandığı 23 noyabr 2023-cü il tarixindən orqanizmin funksiyalarının 50-60 faiz aralığında pozulmasına görə əlilliyin səbəbli əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” qeyd edilməklə 2 il müddətinə əlillik təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul olunmuşdur.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2449/2024 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 03 dekabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.6-ci bəndində əsasən göndərişin imzalandığı 23 noyabr 2023-cü il tarixindən orqanizmin funksiyalarının 50-60 faiz aralığında pozulmasına görə əlilliyin səbəbli əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” qeyd edilməklə 2 il müddətinə əlillik təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
16. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-2449/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
17. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il, tarixli 2-1(104)-704/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2449/2024 nömrəli qərarı ləğv edilmiş, iş materialları mümkünlük məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
18. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia müddətinə əməl olunub-olunmadığı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Müddətin ötürüldüyünü müəyyən edən məhkəmə İPM-in 13 və 48-ci maddələrinin tələblərinə əsasən iddiaçıya hüquqi yardım göstərilməklə bu halın mövcudluğunu onun diqqətinə çatdırmalı, müddətin bərpa edilməsi üçün müvafiq prosessual hüquqlarının olduğunu izah etməli və bunun üçün müvafiq vaxt təyin etməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu istiqamətdə heç bir prosessual hərəkətlər edilməmişdir.
Birinci instansiya məhkəməsində ikinci icraat:
19. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə iddia qaldırmaq üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edərək, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində iddia qaldıra bilməməsi, buna səbəbin isə daim müayinə və müalicələrdə olması ilə əsaslandırmış, xəstə olmasının nəzərə alınaraq, ötürülmüş müddətin bərpasına dair qərardad qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir.
20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2023-cü il tarixdən orqanizminizin funksiyalarının pozulması faiz və müddətinə uyğun olaraq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
21. Cavabdeh tərəfindən iddiaya qarşı təqdim edilən etiraz onunla əsaslandırılmışdır ki, vətəndaşın Əlillik AS-də forma 88, sms-bildirişi mövcud olmadığından şüphəli əsaslar gətirilərək X2 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq X5in təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli X5in vaxtından əvvəl əyani müayinəyə, müddətsiz X5in təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 2 (iki) nəfərə dair müxtəlif tarixlərdə əyani müayinəyə çağırılmaları barədə ünvanına sifarişlixəbərnaməli məktub göndərilmişdir. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “X5in hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar.
22. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1938/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia qismən təmin edilərək, İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizminin funksiyalarının 50-60 faiz pozulması ilə bağlı 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.
23. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnoz “T90 – Başın travmalarının nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri”, ağırlaşma - “F07.0 – Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Koqnitiv yaddaş pozulması” və “G90 – Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Vegetativ damar paroksizmləri ilə gedən” diaqnozları üzrə orqanizminin funksiyalarının pozulması faizi 35-60 faiz aralığındadır və bu da iddiaçıya üçüncü dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
24. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, göndəriş və tibbi rəylərdə iddiaçı barəsində təyin edilmiş diaqnozlar klinik olaraq öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
26. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi.
28. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
29. “X5in hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. X5in hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “X5in hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 6.1. Başın travmalarının nəticələri - T-90 Vegetativ (avtonom) sinir sisteminin pozuntuları – G90 Qiymətləndirmə 6.1.6. Vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə - 50-60% - 2 il; 6.7. Epilepsiya - G40 Qiymətləndirmə 6.7.2. Gündə 3-4 yüngül tutma, yaxud ayda 1-2 ağır tutma, yaxud ayda 1 kobud disforiya halları aşağıdakılarla nəticələnən: 2 ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, epileptik status, epileptik tutma seriyası 3 ayda 1 dəfə, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları - 50-60% - 2 il;
7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. - üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)- 35-60% - 2 il.
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
33. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. İşin hallarından görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə 1 il, xx.xx.2016- cı il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmiş, əlillik vəziyyəti xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-ci il tarixlərdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmiş, sonuncu dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə göndəriş rəsmiləşdirilmiş, həmin göndərişdə təyin edilmiş diaqnozlar “Əsas diaqnoz – T90 – Başın travmalarının nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri; Ağırlaşma - F07.0 – Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Koqnitiv yaddaş pozulması; Ağırlaşma – G93.4 – Dəqiləşdirilməmiş ensefalopatiya, Postravmatik ensefalopatiya İİ dərəcə; Ağırlaşma – G90 – Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Vegetativ damar paroksizmləri ilə gedən; Yanaşı xəstəliklər – Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Qəlpə yaralanmalarından sonra baş, sağ burun və sol baldırın orta 1/3 - nin ön səthində köhnə çapıq toxumaları” kimi olmuş və göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirərək “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul etmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli göndərişdə qeyd olunan diaqnozlardan əsas diaqnoz “T90 – Başın travmalarının nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri”, ağırlaşma - “F07.0 – Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Koqnitiv yaddaş pozulması” və “G90 – Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Vegetativ damar paroksizmləri ilə gedən” diaqnozları iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
37. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 6.1. Başın travmalarının nəticələri - T-90 Vegetativ (avtonom) sinir sisteminin pozuntuları – G90 Qiymətləndirmə 6.1.6. Vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə - 50-60% - 2 il; 6.7. Epilepsiya - G40 Qiymətləndirmə 6.7.2. Gündə 3-4 yüngül tutma, yaxud ayda 1-2 ağır tutma, yaxud ayda 1 kobud disforiya halları aşağıdakılarla nəticələnən: 2 ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, epileptik status, epileptik tutma seriyası 3 ayda 1 dəfə, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları - 50-60% - 2 il;
7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. - üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)- 35-60% - 2 il.
38. Həmçinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli, 294 nömrəli Həkim Psixiatr Komissiyasının rəyində iddiaçıya təyin edilmiş diaqnoz “Üzvi( İ Qarabağ müharibəsi zamanı alınmış travma) şəxsiyyət pozuntusu, epileptik tutmalar və nitq qüsuru ilə F07.0” kimi, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin 1846 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Qəlpə yaralanmasından sonakı (baş, sağ burun və sol baldırın orta 1/3-nin ön səthində çapıq toxumaları) vəziyyət (1992, 1993, 1994) T90.5. Posttravmatik ensefalopatiya” kimi, “X3” publik hüquqi şəxsinin Ambulator kitabçadan (xəstəlik tarixindən) 1175/2022 nömrəli çıxarışında diaqnoz “F07.0 Partlayış nəticəsində keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri” kimi qeyd edilmişdir.
39. Bundan başqa məhkəmə kollegiyası iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olması hissəsində də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli, xxxxxxxQ00001 nömrəli qərarı ilə İddiaçı “Qəlpə yaralanmalarından sonra baş, sağ burun və sol baldırın orta 1/3-nin ön səthində köhnə çapıq toxumaları” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “X5in hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
41. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
43. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
44. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
45. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.
46. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir.
Nəticəvi hissə:
47. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1938/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov