Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-416/2023 05.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qarşı “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1132/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının TSE-1 064100 saylı arayışından görünür ki, 18 aprel 2000ci il tarixdə İddiaçı üçüncü qrup əlillik təyin edilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının TSE-0 204790 saylı müayinə aktından görünür ki, 27 fevral 2001-ci ildə İddiaçı üçüncü qrup əlillik yenidən təyin edilmiş, növbəti müayinə tarixi 27 fevral 2002-ci il müəyyən edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının TSE-0 453235 saylı müayinə aktından görünür ki, İddiaçı növbəti müayinə tarixi 02 mart 2003-cü il olmaqla üçüncü qrup əlillik qeyd edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının TSE-0 564057 saylı müayinə aktından görünür ki, İddiaçı üçüncü qrup əlillik növbəti müayinə tarixi 07 mart 2004-cü il olmaqla təyin edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının TSE-0 796951 saylı müayinə aktından görünür ki, İddiaçı üçüncü qrup əlillik növbəti müayinə tarixi 30 mart 2005-ci il olmaqla təyin edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının TSE-1 003458 saylı müayinə aktından görünür ki, İddiaçı üçüncü qrup əlillik növbəti müayinə tarixi 31 mart 2006-cı il olmaqla təyin edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSE-01 125097 saylı müayinə aktından görünür ki, İddiaçı üçüncü qrup əlillik növbəti müayinə tarixi 15 mart 2007-ci il olmaqla təyin edilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSE-01 315573 saylı müayinə aktından görünür ki, İddiaçı üçüncü qrup əlillik növbəti müayinə tarixi 30 mart 2008-ci il olmaqla təyin edilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSE-01 489541 saylı müayinə aktından görünür ki, İddiaçı üçüncü qrup əlillik növbəti müayinə tarixi 19 mart 2009-cu il olmaqla təyin edilmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSE-01 635704 saylı müayinə aktından görünür ki, İddiaçı üçüncü qrup əlillik növbəti müayinə tarixi 31 mart 2010-cu il olmaqla təyin edilmişdir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSE-01 877251 saylı müayinə aktından görünür ki, İddiaçı ikinci qrup əlillik növbəti müayinə tarixi 08 yanvar 2011-ci il olmaqla təyin edilmişdir.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSE-02 037337 saylı müayinə aktından görünür ki, İddiaçı ikinci qrup əlillik növbəti müayinə tarixi 28 yanvar 2012-ci il olmaqla təyin edilmişdir.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSE-02 221837 saylı müayinə aktından görünür ki, İddiaçı ikinci qrup əlillik növbəti müayinə tarixi 01 fevral 2013-cü il olmaqla təyin edilmişdir.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSE-01 127076 saylı müayinə aktından görünür ki, İddiaçı ikinci qrup əlillik növbəti müayinə tarixi 01 fevral 2014-cü il olmaqla təyin edilmişdir.
15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSE-01 307188 saylı müayinə aktından görünür ki, İddiaçı ikinci qrup əlillik növbəti müayinə tarixi 07 yanvar 2015-ci il olmaqla təyin edilmişdir.
16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSE-01 520383 saylı müayinə aktından görünür ki, İddiaçı ikinci qrup əlillik növbəti müayinə tarixi 01 fevral 2016-cı olmaqla təyin edilmişdir.
17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının “sonuncu müayinəyə dair məlumatı”ndan görünür ki, İddiaçı 06 yanvar 2016-cı il tarixdən 5 il müddətinə əlillik səbəbi:ümumi xəstəlik, diaqnoz: peritonitə mədə xorasına görə laparatomiyadan sonrakı vəziyyət. Qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi, qidalanmanın pozulması, xroniki bağırsaq keçməzliyi, sol baldır sümüyünün 1/3 yerdəyişmiş sınığı, ətraf funksiyanın pozulması diaqozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.
18. 03 dekabr 2022-ci il tarixli, 19QDF22 Forma-88 üzrə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı K60 laprotomiyadan sonrakı vəziyyət, qarın boşluğunun bitişmə xəstəliyi, hissəvi bağırsaq keçməzliyi, K26 xroniki qastrit 12 barmaqbağırsaq xora xəstəliyi diqnozu qeyd edilmişdir.
19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasında “sonuncu müayinəyə dair məlumat”dan görünür ki, 18 avqust 2022-ci il qiymətləndirmə tarixində əlavə müalicəyə ehtiyac olmasıxəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmış stasionar müalicə kursu yetərli deyil səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmiş, İddiaçı əsas diaqnoz kimi K25.4 mədə xorası, xoroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə mədə çıxacağının perforativ xorasının tikilməsi əməliyyatından sonrakı vəziyyət. 12 barmaq bağırsaq tez-tez residivləşən, qanaxma verən xorası, ağırlaşma D62 kəskin posthemorragik anemiya, ağırlaşma K31 mədə və oniki bağırsağın digər xəstəlikləri, 12 barmaqbağırsaq sərt çapıq deformasiyası, yanaşı xəstəliklər H52.1 miopiya, sağ gözdə miopiya yüksək dərəcəli dioqnozu qoyulmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
20. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, artıq 20 ildir əlilliyi ilə bağlı müvafiq sosial müavinət və 2-ci qrup əlillik pensiyası almışdır. Son bir il ərzində son diaqnozun ağırlıq dərəcəsinə ixtisaslaşmış stasionar müalicə kursu yetərli olmaması səbəbindən ona əlillik təyin edilməsindən imtina edilmişdir.
22. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək “xx.xx.2016-cı il tarixdən 2-ci dərəcə ömürlük əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 13 fevral 2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir.
23. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1132/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.
24. Məhkəmə hesab etmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixədək artıq 16 il müddətinə fasiləsiz əlillik dərəcələri təyin edildiyindən növbəti, yəni həmin tarixli müayinə zamanı ona müddətsiz (ömürlük) təyin edilməli idi.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri.
25. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
26. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2000-ci il tarixdə X1 (bundan sonra XBT) üzrə “Xİ sinif - həzm siteminin xəstəlikləri = K55-K63 -Bağırsağın digər xəstəlikləri= K56 - Bağırsaq bitişmələri”, Diaqnozun mətni: Perforativ mədə xorasına görə laparatomiyadan sonrakı vəziyyət(xx.xx.1996)Mədə çıxacağının stenozu. Qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi. Xroniki bağırsaq keçməməzliyi diaqnozuna əsasən 1 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmişdir. Eyni diaqnoza əsasən xx.xx.2010-cu il tarixdə 1 il müddətinə 2-ci dərəcə əlillik, 07.01,2014-cü il tarixdə 1 il müddətinə 2-ci dərəcə əlillik, 06,01.2015-ci il tarixdə 1 il müddətinə 2-ci dərəcə əlillik, 06.01,2016-cı i! tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik, təyin edilmişdir, -surəti işə əlavə edilmiş alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2021 -ci il tarixli müayinəsi nəticəsində XBT üzrə Xİ Sinif - həzm siteminin xəstəlikləri = K65-K67 -Periton xəstə!ikləri= K66 - Peritonun digər zədələnmələri = K66.0 - Periton bitişmələri”, Diaqnozun mətni: Periton bitişmələri, laparatomiyadan sonrakı vəziyyət(1996) Qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi diaqnozu qoyulsa da əlillik dərəcəsinin təyinindən imtina edilmiş, sonrakı mərhələlərdə 2 dəfə əlavə müalicəyə ehtiyacın olması, 3 dəfə isə göndərişin natamam doldurulması əsasları ilə formal imtinalar verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci ii tarixli, 2-1 (102)-912/2022 nömrəli qərarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiyasının göndərişi olmadan müddətsiz müəyyən olunmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunmasını üçün əlilliyin mövcudluğu labüddür. Belə ki norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
27. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.
c) tərəflərin izahatları
28. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
29. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
30. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir 3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
31. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
32. “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə: 5.1.Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2.Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir. 5.3. əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əliliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət ( indiki Agentlik) tərəfindən aparılır.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunsa da, əlliyin təyin edilməsi müddətində səhvə yol verilmişdir.
37. İşin hallarından görünür ki, iddiaçıya 18 aprel 2000-ci il tarixindən əvvəlcə üçüncü dərəcə, 31 mart 2010-cu il tarixdən isə ikinci dərəcə əlillik təyin edilmiş və iddiaçı fasiləsiz olaraq 16 il müddətinə hər il müayinədən keçmişdir. Daha sonra ona 06 yanvar 2016-cı il tarixdən 5 il müddətinə peritonitə mədə xorasına görə laparatomiyadan sonrakı vəziyyət. Qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi, qidalanmanın pozulması, xroniki bağırsaq keçməzliyi, sol baldır sümüyünün 1/3 yerdəyişmiş sınığı, ətraf funksiyanın pozulması diaqozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.
38. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasında “sonuncu müayinəyə dair məlumat”dan görünür ki, 18 avqust 2022-ci il qiymətləndirmə tarixində İddiaçı K25.4 mədə xorası, xoroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə mədə çıxacağının perforativ xorasının tikilməsi əməliyyatından sonrakı vəziyyət. 12 barmaq bağırsaq tez-tez residivləşən, qanaxma verən xorası, ağırlaşma D62 kəskin posthemorragik anemiya, ağırlaşma K31 mədə və oniki bağırsağın digər xəstəlikləri, 12 barmaqbağırsaq sərt çapıq deformasiyası, yanaşı xəstəliklər H52.1 miopiya, sağ gözdə miopiya yüksək dərəcəli dioqnozu qoyulmuş və əlavə müalicəyə ehtiyac olması, xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmış stasionar müalicə krsu yetərli deyil səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir.
39. İddiaçı 2000-ci il tarixdən onun əlilliyinin qiymətləndirildiyini və fasiləsiz olaraq 16 il müddətinə ikinci və üçüncü dərəcəli əlil olmasını əsas gətirərək ona müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir.
40. Cavabdeh inzibati orqanın təqdim etdiyi etiraz ərizəsində və apellyasiya şikayətində İddiaçı əlilliyinin yenidən qiymətləndirilməsinin müvafiq qanunvericlik normalarına uyğun olması, eyni zamanda əlillik yenidən qiymətləndirilib, əlilliyin dərəcəsinin təyin edilməsindən sonra 10 illik müddətsiz axımın hesablanmasının mümkün olması qeyd edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.
42. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır.
44. İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə təyin edilmiş əlilliyin müddəti bitdikdən sonra tibbi göndəriş rəsmiləşdirilmiş, lakin inzibati orqan əlavə müalicəyə ehtiyacın olması əsası əlilliyin təyin olunmasından imtina etmişdir.
45. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil olub-olunmamasının qiymətləndirilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
46. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan sözügedən diskresion səlahiyyətindən istifadə edərkən qanunun tələblərini gözləməli, mütənasiblik, qanunçuluq, qanun qarşısında bərabərlik və məqsədəuyğunluq kimi prinsiplərə riayət etməlidir. Burada qeyd etmək lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. İnzibati orqan diskresion səlahiyyətindən istifadə edərək qərar qəbul etdikdə, məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır.
47. “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “İnzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir.
48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-yə əsasən ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda müddətsiz təyin edilir.
49. İşin halları ilə müəyyən olunmuşdur ki, İddiaçı 2000-2010-cü illərdə üçüncü, 2010-2021-ci illər üzrə ikinci qrup əlillik təyin edilmişdir.
50. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının “sonuncu müayinəyə dair məlumatı”ndan görünür ki, İddiaçı 06 yanvar 2016-cı il tarixdən 5 il müddətinə əlillik səbəbi:ümumi xəstəlik, diaqnoz: peritonitə mədə xorasına görə laparatomiyadan sonrakı vəziyyət. Qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi, qidalanmanın pozulması, xroniki bağırsaq keçməzliyi, sol baldır sümüyünün 1/3 yerdəyişmiş sınığı, ətraf funksiyanın pozulması diaqozu ilə ikinci dərəcəli əlillik təyin edilmiş, əlilliyin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Qeyd olunan qərar qüvvədə olmaqla icra olunmuşdur.
51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndində hazırki halda iddiaçıda olan xəstəlik qeyd edilmişdir: ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9).
52. İş materiallarında olan 03 dekabr 2022-ci il tarixli, 19QDF22 Forma-88 üzrə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı K60 laprotomiyadan sonrakı vəziyyət , qarın boşluğunun bitişmə xəstəliyi, hissəvi bağırsaq keçməzliyi, K26 xroniki qastrit 12 barmaqbağırsaq xora xəstəliyi diqnozu qeyd edilmişdir.
53. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
54. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əlilliyin təyin edilməsi tarixininin xx.xx.2016-cı il tarixdən müəyyən edilməsinə dair səhv nəticəyə gəlinmiş, iddiaçı tərəfindən müddəti bitdikdən sonra xx.xx.2021-ci il tarixli, 0250003AAFSM nömrəli Forma 88, xx.xx.2021-ci il tarixli, 0250003AAÖ39 nömrəli Forma 88, xx.xx.2021-ci il tarixli, 0495003AAMÖS nömrəli Forma 88, xx.xx.2022-ci il tarixli, 0495003AAN3N nömrəli Forma 88, xx.xx.2022-ci il tarixli, D00006597VFÖ nömrəli Forma 88 dair imtinalar mübahisələndirilməmiş, yalnız xx.xx.2022-ci il tarixli, R0001100BES nömrəli Forma 88 üzrə verilmiş imtina mübahisələndirilərək əlilliyin təyin edilməsi xahiş olunmuşdur.
55. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı qismən- İddiaçı müddətsiz ikinci dərəcə əlilliyin xx.xx.2016-cı il tarixdən təyin edilməsi hissəsində ləğv edilməli, iddiaçıya 18 avqust 2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1132/2023 nömrəli qərarı qismən - İddiaçı xx.xx.2016-cı il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, İslam Həsənov