Məhkəmə qərarları › İş №2-1(104)-416/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-416/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-416/2024 05.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və X1 ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, “mülkiyyət hüququnun qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(114)-69/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardаdı qəbul etdi. İşin halları:

1. Kirovobad şəhəri X7 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 nömrəli prokoluna əsasən X8 zavodu ərazisindən ayrılmış yoldaşlıq-bağçılıq təsərrüfatından sahəsi 400 kv.m olan 182 nəfərə torpaq sahəsi ayrılmışdır.

2. “X9” MMC-nin direktoru F.Ə.Əhmədov tərəfindən verilmiş xx.xx.2014-cü il 64 nömrəli arayışa əsasən İddiaçı M.D.Hüseynov adına X8 zavodu ərazisindən sahəsi 400 kv.m olan KO-13 torpaq sahəsi verilmişdir.

3. İddiaçı 400 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, sonuncunun xx.xx.2022-ci il tarixli, **********47 nömrəli məktubu ilə müraciətin təmin olunmasından imtina edilmiş və onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi, həmçinin bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 27 may 2022-ci il tarixli, **********04 nömrəli məktubunda qeyd olunur ki, İcra Xalça Kombinatı müdriyyət və həmkarlar komitəsinin yoldaşçılıq bağçılıq təsərrüfatının üzvləri ilə birgə yığıncağının 30 iyul 1992-ci il tarixli, 36 nömrəli protokolundan çıxarışdan 67 nəfərlik siyahıda İddiaçı Qənbər qızının daxil edildiyi qeyd olunmuşdur. Habelə, İcra Xalça Kombinatı müdriyyət və həmkarlar komitəsinin yoldaşçılıqbağçılıq təsərrüfatının üzvləri ilə birgə yığıncağının 36 nömrəli protokoldan çıxarışın tarixi 16 dekabr 1992-ci il kimi göstərilmişdir. “X9” MMC tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialına ünvanlanmış 16 dekabr 2013-cü il tarixli, 62 nömrəli arayışda X3 Soveti İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli, 11 saylı protokoluna əsasən M.D.Hüseynov adına X8 zavodu ərazisindən ayrılmış yoldaşlıqbağçılıq təsərrüfatından İddiaçı Qənbər qızına sahəsi 400 kv metr olan K-13 torpaq sahəsi verilmişdir. Bununla belə bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir ki, bu da torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Məhsəti qəsəbəsi Xalçaçı BYB ərazisində yerləşən 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Məhsəti qəsəbəsi Xalçaçı BYB ərazisində yerləşən 400 kv.m torpaq sahəsi verilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. xx.xx.2022-ci il tarixli imtina cavabında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi, həmçinin bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçıda torpaq sahəsinin ayrılmasına dair bütün sənədlər var və əgər arxivdə onun surəti tapılmırsa bu artıq vətəndaşın deyil inzibati orqanın məsuliyyətidir.

7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-69/2023 nömrəli nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi müvafiq protokol-qərar əsasında ona torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və iddia ərizəsinin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir və üzərində fərdi yaşayış evi də inşa etdirmişdir. Özü uzun müddət X4 işləmiş, həmin torpaq sahəsi işçi kimi ona verilmişdir.

12. Cavabdeh orqanın nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi, həmçinin bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir.

Tətbiq edilən hüquq:

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış... 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

16. İşin hallarından məlum olur ki, Kirovobad şəhəri X7 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 nömrəli prokoluna əsasən X8 zavodu ərazisindən ayrılmış yoldaşlıq-bağçılıq təsərrüfatından İddiaçı sahəsi 400 kv.m olan torpaq sahəsi ayrılmışdır.

17. İddiaçı ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etmişdir.

18. İmtinanın əsası kimi qeyd edilmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi, həmçinin bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir.

19. Birinci instansiya məhkəməsi iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar olmadığından iddianı mümkün saymamışdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair ilkin hüquqmüəyyənedici sənədlərin nəzərə alınmaması və ya digər əsasla mübahisələndirilməsi mübahisənin həllinin əsaslılığına dair müəyyən edilməli haldır.

21. Hazırki halda Gəncə şəhəri Məhsəti qəsəbəsi Xalçaçı BYB ərazisində yerləşən 400 kv.m torpaq sahəsi üzərində İddiaçı Qənbər qızının mülkiyyət hüququnun qeydə alınmasına dair məhkəmə araşdırılmasına sənədlər təqdim edilmişdir.

22. İşdə olan Kirovobad şəhəri X7 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 nömrəli prokoluna əsasən X8 zavodu ərazisindən ayrılmış yoldaşlıq-bağçılıq təsərrüfatından sahəsi 400 kv.m olan 182 nəfərə torpaq sahəsi ayrılmışdır.

23. “X9” MMC-nin direktoru F.Ə.Əhmədov tərəfindən verilmiş xx.xx.2014-cü il 64 nömrəli arayışa əsasən iddiaçıya M.D.Hüseynov adına X8 zavodu ərazisindən sahəsi 400 kv.m olan KO-13 torpaq sahəsi verilmişdir.

24. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, Kirovobad şəhəri X7 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11 nömrəli qərarı ilə verilmiş torpaq sahələri müəssisə və təşkilatların yerli Həmkarlar İttifaqlarının qərarı ilə paylanmışdır. Heç bir təşkilatın torpaq sahələrinin ayrılması haqqında adlı siyahıları filiala təhvil verilməmişdir.

25. Məhkəmə tərkibi hesab edir ki, hazırki tələb üzrə məhkəmə tərəfindən İPMnin 12 və 58-ci maddələrinin tələblərinə uyğun olaraq müvafiq araşdırılma aparılmalı iddianın əsaslılığına hüquqi qiymət verilməlidir.

26. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 1.2, 4.2-ci bəndləri) Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın əsaslılığına dair müəyyən edilməli əsas üzrə iddianın mümkün sayılmaması nəticəsinə gəlməkdə səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməklə iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-69/2023 nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar