Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-416/2025 04.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 35-60% aralığında pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 339/2025 saylı qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 449 nömrəli qərarda “Budun çanaq nahiyyəsinin və onurğa sütununun travması” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçının əlillik vəziyyəti ilkin olaraq xx.xx.2015-ci il tarixdə qiymətləndirilmiş və “Budun çanaq nahiyyəsinin və onurğa sütununun travmasından s. qalıq əlamətləri. TH12- S1 fəqərə cismində 5.0x6.0 mm ölçüdə hemogiomaları. L1-S1 fəqərələrinin degenerativ dəyişikliyi. Spinal kanalda araxnoidal kista” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcə (Meyar:=> Digər 2.3) əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti xx.xx.2016-cı il tarixdə təkrar qiymətləndirilmiş və “Budun çanaq nahiyyəsinin və onurğa sütununun travmasından s. qalıq əlamətləri. TH12- S1 fəqərə cismində 5.0x6.0 mm ölçüdə hemogiomaları. L1-S1 fəqərələrinin degenerativ dəyişikliyi. Spinal kanalda araxnoidal kista” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə (Meyar:=> Digər 2.3) əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti növbəti dəfə xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyyələrini əhatə edən digər travmalar; Bud-çanaq nahiyyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri. L4-L5 və L5-S1 fəqərəarası disklərin protruziyası. TH12, S1 fəqərələrinin hemangioması. L1-S1 fəqərəarası diskin Şmorl düyünləri. L1-S1 fəqərələrin degenerativ dəyişikliyi. S2 vəsiyyəsində sağalan spinal kanalda arixnaidal kista (ölçüsü 6.0x7.0). Dayaq-hərəkət və yeriş funksiyasının pozulması, daimi davamlı ağrı sindromu ilə. İki tərəfli bel-oma redikulit. Asteno-nevrotik hal. Xroniki hepatosteatoz” diaqnozunun əlillik əlamət təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – “S74.1 Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Bud-çanaq nahiyyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri”; Ağırlaşma – “M51.1 Bel və digər şöbələrin fərəqəarası disklərinin radikulopatiya ilə, L4-L5 və L5-S1m fəqərəarası diskin protruziyası. Th12, S1 fəqərələrinin hemangioması. L1-S1 fəqərəarası diskin Şmorl düyünləri. L1-S1 fəqərələrin degenerativ dəyişikliyi. S2 səviyyəsində sağalan spinal kanalda arixnaidal kista (ölçüsü 6,0x7,0); Ağırlaşma – “R26 Hərəkətin və yerişin pozulmaları, Dayaq-hərəkət və yeriş funksiyasının pozulması”; Ağırlaşma – “R52 Başqa rubrikalarda təsnif olunmayan ağrı, Daimi ağrı sindromu ilə”. İddiaçının əlillik vəziyyəti həmin göndəriş əsasında yenidən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Budçanaq nahiyyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri” diaqnozunun əlillik əlamət təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə **********5 nömrəli qərar qəbul edilmişdir. Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli göndərişindən görünür ki, İddiaçı “S74.1 Bud sinirinin budçanaq oynağı və bud səviyyəsində travması” diaqnozu üzrə xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1993-cü il tarixdə X4, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixədək xx.xx.2022-ci il tarixədək X3, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Müharibə veteranları Respublika Xəstəxanasında, “M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdə Gürcüstan Universiteti Klinikasında stasionar müalicələr almışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli göndərişə əsasən 3-cü dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 19 avqust 1992-ci il tarixdə hərbi xidmət dövründə Qarabağ müharibəsində döyüşlərə qatılmışdır. 1992-ci ildə döyüş müddətində iki dəfə ağır yaralanmışdır. Qubadlı rayon Xanlıq kəndində 1 ay hərbi xəstəxanada müayinə və müalicə olunmuşdur. Bakı şəhərində Daxili İşlər Nazirliyində Qospitalında (Ayna Sultanova) və 3 ay Bayıl qəsəbəsi infeksiyonnu xəstəxanada müalicə almışdır. Hərbi xəstəxanada yaralanması ilə bağlı sənədlərini Bərdə rayon 21 saylı tibbi sosial ekspertiza komissiyasına təqdim etmişdir. Ona 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Lakin ona təyin olunan əlillik müddəti qurtardıqdan sonra növbəti əlillik təyin olunmamışdır. Uzun müddət dəfələrlə müraciət olunmasına baxmayaraq ona əlillik təyin etmirlər. Ona 2004-cü ildən 2009-cu ilə qədər İİİ qrup əlillik təyin edilmişdir. 2009-cu ildən 2021-ci ilə qədər olan müddət ərzində isə ona İİ dərəcəli əlillik təyin edilmişdir. Dəfələrlə 088 nömrəli xəstəlik forması ilə əlilliyin təyin edilməsi üçün Dövlət Tibbi Sosial Ekspert Komissiyasına sənədləri göndərilməsinə baxmayaraq ona əlillik təyin etmirlər. Süründürməçiliyə düşmüşdür. İş qabiliyyətini itirmişdir. Heç bir yerdə işləmir. Çətinlik çəkir. Maddiyyat ucbatından dərmanlarını ala bilmir. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Ona əlillik təyin etmirlər. Dəfələr imtina göndərilmişdir. Bundan sonra İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarının ləğv olunmasını və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” üçüncü dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamış, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-863/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4214/2023 nömrəli qərardadı ləğv edilmiş, iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 35-60% aralığında pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-339/2025 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 1 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması, iddianın əlilliyin müddətsiz təyin edilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklərdən “S74.1 Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Bud-çanaq nahiyyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri” onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 40 faiz aralığında ozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. iddiaçı iddia tələbində əlilliyin müddətsiz təyin olunmasını tələb etsə də, iddiaçının göndərişdə əks olunmuş “S74.1 Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Bud-çanaq nahiyyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri” xəstəliyinin qiymətləndirməsi iddiaçının orqanizminin funksiyalarının pozulması müddəti 1 il müəyyən edilmişdir. Eyni zamanda, iddiaçının əlillik stajının (İİ dərəcəli əlillik üzrə 10 il, İİİ dərəcəli əlillik üzrə 15 il ardıcıl və fasiləsiz əlillik təyin olunması halı) cəmi 6 il olması müəyyən edilməklə, bu hal ona əlilliyin müddətsiz təyin edilməsini istisna edir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 339/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının təsviri hissəsində qeyd olunanlarla təkrarlanmışdır. Həmçinin bildirilmişdir ki, məhkəmə iddia müddətini əsassız olaraq bərpa etmişdir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini, cavabdehin şikayətinin rədd edilməsini , xx.xx.2022-ci il tarixli göndərişə əsasən 3-cü dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:
6. Sinir sistemi xəstəlikləri 6.10. Bud-çanaq oynağı və bud səviyyəsində sinirlərin travması - S74 Qiymətləndirmə: 6.10.2. bud siniri – 40% - 1 il
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 449 nömrəli qərara əsasən İddiaçı mövcud olan “Budun çanaq nahiyyəsinin və onurğa sütununun travması” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçının əlilliyi ilk dəfə 2015-ci il tarixdə qiymətləndirilmiş və ona qoyulmuş diaqnoza əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar iddiaçıya 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti xx.xx.2016-cı il tarixdə təkrar qiymətləndirildikdən sonra müvafiq diaqnoz ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyin növbəti müddətə təyin edilməsi məqsədilə Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndərişdə iddiaçıya qoyulmuş əsas diaqnoz – “S74.1 Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Bud-çanaq nahiyyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri”. Ağırlaşma – “M51.1 Bel və digər şöbələrin fərəqəarası disklərinin radikulopatiya ilə, L4-L5 və L5-S1m fəqərəarası diskin protruziyası. Th12, S1 fəqərələrinin hemangioması. L1-S1 fəqərəarası diskin Şmorl düyünləri. L1-S1 fəqərələrin degenerativ dəyişikliyi. S2 səviyyəsində sağalan spinal kanalda arixnaidal kista (ölçüsü 6,0x7,0); Ağırlaşma – “R26 Hərəkətin və yerişin pozulmaları, Dayaq-hərəkət və yeriş funksiyasının pozulması”; Ağırlaşma – “R52 Başqa rubrikalarda təsnif olunmayan ağrı, Daimi ağrı sindromu ilə” əks olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 6.10. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “Bud-çanaq oynağı və bud səviyyəsində sinirlərin travması” XBT-10 kodu “S74” kimi təsbit olunmuş və həmin Əlavənin 6.10. bəndin 6.10.2. yarımbəndinə əsasən “bud siniri” ilə orqanizminin funksiyalarının pozulması faizi 40 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 1 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. Yuxarıda göstərilən hallardan və normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapmışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, əlilliyin hansı müddətə təyin edilməsinə münasibətdə isə birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya təyin ediləcək əlilliyi 1 il müddətinə müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 4.2-ci bəndinə əsasən üçüncü dərəcə əlillik 15 il müddətinə vasiləsiz təyin edildiyi təqdirdə növbəti dəfə müddətsiz təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi əlilliyin səbəbli əlaqəsini düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın 1.5.2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin səbəbli əlaqəsindən biri də Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müəyyən edilmişdir. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunmasının qanunsuz və əsassız sayılması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi haqlı olmuşdur. Beləliklə də, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Bununla yanaşı, iddiaçı apellyasiya şikayətinə dair etirazında birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini, cavabdehin şikayətinin rədd edilməsini və cavabdeh inzibati orqanın üzərinə xx.xx.2022-ci il tarixli göndərişə əsasən 3-cü dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin qoyulmasını tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, etiraz mahiyyət etibarilə yalnız cavabdehin apellyasiya şikayətində irəli sürülmüş tələblərə münasibəti əks etdirməli və onların əsassızlığını əsaslandırmalıdır. Etiraz çərçivəsində birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsi və ya dəyişdirilməsi barədə yeni tələbin irəli sürülməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Əgər iddiaçı birinci instansiya məhkəməsinin qərarından narazı olmuşdursa, o halda müvafiq qaydada həmin qərardan apellyasiya şikayəti verməli idi. Birinci instansiya məhkəməsinin qərarının qismən ləğvi məsələsi yalnız iddiaçının müstəqil apellyasiya şikayəti əsasında apellyasiya məhkəməsinin araşdırma predmeti ola bilərdi. Nəticə etibarlı ilə iddiaçının təqdim etdiyi etiraz yalnız cavabdehin apellyasiya şikayətinə münasibət kimi qiymətləndirilə bilər və orada irəli sürülmüş əlavə tələblərin apellyasiya məhkəməsi tərəfindən araşdırılması mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-339/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.