Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-417/2025 16.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1016/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli 235 nömrəli qərarına əsasən İddiaçı "Ağır dərəcəli kəllə-beyin travması, qəlpə yaraları" diaqnozu, xəstəliyin səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir.
2. İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında X5 və Reabilitasiya Agentliyində əyani müayinə zamanı qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar qəbul edilmişdir (ESDAS: **********2).
3. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin R00007743VFX nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********3).
4. Sonuncu dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün X4 tərəfindən xx.xx.2024-cü il tarixli yeni göndəriş rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir.
5. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz - F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər - G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindormlar, Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 8-10 dəfə).
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin vətəndaşın əyani müayinə olunması haqqında xx.xx.2025-ci il tarixli 3-17-4/2-1909/2025 nömrəli məktubunda bildirilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həri Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 88/176 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş İddiaçı barəsində xx.xx.2020-ci il tarixli 235 nömrəli qərar vardır və hal-hazırda qüvvədədir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-383/2025 nömrəli qərarından görünür ki, vətəndaşın xx.xx.2025-ci il tarixdə həyata keçirilmiş əyani müayinəsinin nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik dərəcəsinin verilməsi və pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq mənfur düşmənə qarşı Qazax rayonu ərazisində gedən döyüşlərdə iştirak etmiş, həmin döyüşlər zamanı yaralanmışdır və hazırda həmin travmadan əziyyət çəkir. xx.xx.1992-ci ildə döyüşdə yaralandıqdan sonra travmalar nəticəsində ölkənin bir çox psixatrik xəstəxanalarında yatmış və müalicə olunmuşdur. Ondan sonra rəsmi qaydada televiziya və digər sahələrdə çaılaşaraq əmək haqqı alıb ailəsini saxlamışdır. Özü ali təhsilli jurnalistdir və Qərb bölgəsinin müxbiri kimi və s. sahələrdə fəaliyyət göstərmişdir. Belə ki, elektron sistem çıxandan sonra onunla əmək müqaviləsi bağlanılmasından imtina edilmişdir ki, onu rəsmi qaydada işə götürə bilmirlər, ona görə ki, elektron bazada portalda o işə yararsız gedir. Onda belə olan halda DSMF-yə müraciət etmişdir ki, ona həmin xəsarətlərə və əmək qabilyətsizliyinə görə əlillik dərəcəsinin təyin olunmasını və pensiyaya çıxarılması barədə müraciət etmişdir. Müdafiə nazirliyinin hərbi həkim komissiyasının arayışında da qeyd edilmişdir ki, ağır dərəcəli kəllə beyin travması və qəlpə yaraları almışdır. Belə ki, cavabdeh tərəfindən 13 iyun 2024-cü il tarixli SMS-lə bildirlmişdir ki, K.T.Almədəov üçün verilmiş xx.xx.2024 tarixli gönderişə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığı təqdirdə ərazi üzrə TSEK-ə və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilər » qeyd edilmişdir (göndərilmiş SMS sürəti işə əlavə olunur). Belə ki, yaralanmağı barədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Kommisiyasının xx.xx.2020-ci il tarixli müvafiq sənədini o cümlədən Qazax rayon psixatriq xətəxanalarda müalicə olunmağı və Maştağa xəstaxanasında müalicə olunmağı barədə müvafiq eydiyyat sənədlərini komissiyaya təqdim etməyinə baxmayaraq komissiyanın yaratmaz və əsassız cavabı belə olmuşdur. Ona görə də hazırda ona əlillik dərəcəsinin təyin olunması və pensiya verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması zərurəti yaranmışdır.
11. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, hazırki iddia tələbi “ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
12. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35- 60% aralığında pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
13. Cavabdeh tərəfindən göndərilmiş etirazda qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir (ESDAS: **********2). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin R00007743VFX nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********3). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixli 235 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Ağır dərəcəli kəllə-beyin travması, qəlpə yaraları" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edilməlidir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı özünün vərdiyi məlumata əsasən 3-4 ildir ki, xəstəlikdən əziyyət çəkdiyini ifadə etmiş, nevroloji ocaqlı patologiya aşkarlanmamış, ünsiyyətə adekvat qoşulmuş, zahirən səliqəli, bələdliliyi saxlanılmış, aktiv psixoproduktiv əlamətlər və davranış pozuntusu askar edilməmişdir kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı 1992-ci ildə kəllə beyin travması aldığını, başında qəlpə yaraları olduğunu bildirmiş, beynində müxtəlif ssenarilər qurduğunu, qıcolma tutmalarından əziyyət çəkdiyini, bu səbəbdən 3 dəfə ailə qurub ailəsinin dağıldığını söyləmişdir. Anamnestik məlumatlarında 2001-ci ildə 1-ci həyat yoldaşını çaya atdığını, 2004-cü ildə 2-ci həyat yoldaşından ayrıldığını bildirmişdir. Alt dodaqdan aşağı nahiyədə çapıq izlənilmişdir. Psixi statusu: Bələdliyi bütün istiqamətlərdə saxlanılmışdır. Zahirən geyimi səliqəli, mimikası canlı, ünsiyyətə həvəslə daxil olmuşdur. Verilən suallara dolğun, adekvat cavablar vermişdir. Aparlan müalicə barədə məlumat verə bilməmişdir. Emosional labil müşahidə edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2020-xx.xx.2020-ci il tarixli Çıxarışında diaqnoz "Baş beynin travmatik xəstəliyi, psixopatabənzər davranışla Anamnezində cəngolma tutmaları" kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Qazax Müalicə və Diaqnostika Mərkəzinin xx.xx.2022-ci il tarixli Baş beyin KT müayinəsinin nəticəsi "Baş beynin hər iki yarımkürələrinin periventikulyar ağ maddəsində, sentrum semiovalelerində hipodens strukturlu sahələr aşkar edilir (ensefalopatiya əlamətləri). Baş beyin yarımkürələrində patoloji həcm, struktur dəyişikliyi aşkar edilmir" kimi qeyd edilmiş, norma daxilində olmuşdur. Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozuntusu. Psixopatabənzər davranışla Şəxsiyyətin tez-tez təkrarlanan dekompensasiyalarla. Şəxsiyyətin emosional davranış pozuntusu" kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 11256 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozuntusu" kimi qeyd edilmiş, öz təsdiqini tapmamışdır. X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10512633 nömrəli Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11778720 nömrəli Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Şəxsiyyətin emosional davamsız pozğunluğu" kimi qeyd edilmiş, öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bildirir ki, şəxsin əlilliyi qiymətləndirilərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları" Qaydalarına uyğun qiymətləndirilir və xəstəliyin ağırlaşmaları nəzərə alınır. Nəzərə çatdırılır ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq qurumların hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi əsas götürülür. Hazırki vəziyyətdə xəstəliyin hərbi xidmət dövrü ilə əlaqədar olub-olmamasını müəyyən etmək üçün əyani müayinənin həyata keçirilməsi zərurəti mövcuddur. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Məlumat üçün bildirilir ki, əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda geyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək gabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1016/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıda əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması müəyyən olunmadığından ona göndərişin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci yarımbəndində göstərilən müddətlər (şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması) gözlənilməlidir. Xəstəliklər və onun ağırlaşmaları ilə əlaqədar iddiaçının müalicə müddətinin az olması ona əlillik dərəcəsinin təyini üçün yetərli deyildir. İddiaçının özü tərəfindən yuxarıda qeyd olunan müddətlərdə ambulator və stasionar müalicə alması barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarını əsas tutmaqla qərar qəbul etmiş, iddia tələbində göstərdiyi xüsusatlar məhkəmə tərəfindən araşdırılmamışdır. Hətta ekspertizanın nəticələri və rəyinə də məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Belə ki, həmin qərarın bəndinə əsasən hərbi həkim ekspertizası zamanı onun həqiqətən hərbi xidmət zamanı travma alması və onun nəticəsində qeyd olunan xəstəliklərin baş verməsi öz əksini tapdığı halda, yəni şəxsiyyət pozuntusu və sairə xoşəgəlməz hallar baş verdiyi halda məhkəmə həmin qərarda göstərilənlərin tam əskinə iş aparmış və qeyd etdiyi maddi hüquq normasını pozaraq onun hərbi həkim ekspertizasının və digər qurumların müvafiq sənədləri olduğu halda onlara əsaslanmayaraq səhv nəticəyə gələrək ümumiyyətlə Nazirlər Kabinetinin həmin qərarı üzrə heç bir araşdırma aparmamış və həmin normalar kobud şəkildə pozulmuşdur. Məhkəmə işinə əlavə etdiyi sənədlərin heç biri məhkəmə tərəfindən araşdırılmamış və təqdim etdiyi travma almağı barədə sənədlərə ümumiyyətlə qiymət verilməmiş, işə qərəzli baxılmışdır.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c)apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğün izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, onda olan xəstəliyə dair kifayət qədər tibbi sənədləri olsa da, məhkəmə tələbini əsassız olaraq təmin etməmişdir. O, neçə illərdir xəstəlikdən əziyyət çəkir, sonuncu dəfə də xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək X3 stosionar müalicə almışdır.
20. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq: 21.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiy orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir 3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
22. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”: 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu– F07 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)– 35-60% - 2 il;
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.1. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir.
28. İşin hallarından müəyyən onunur ki, İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixli 235 nömrəli qəbul edilmiş qərarda "Ağır dərəcəli kəllə-beyin travması, qəlpə yaraları" diaqnozu, xəstəliyin səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. xx.xx.2021-ci il tarixli göndəriş əsasında İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir (ESDAS: **********2). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin R00007743VFX nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə (ESDAS: **********3), növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir.
29. İddiaçının əlilliyin təyin olunmasına dair tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, onunla əsaslandırılmışdır ki, barəsində rəsmiləşdirilmiş göndərişə nəzər saldıqda iddiaçının ambulator müalicəsinin olmaması, stasionar müalicəsinin isə son 12 ay ərzində “F07.0” diaqnozu üzrə cəmi 103 gün olması müəyyən edilir ki, bu da 6 aydan azdır. Hansıki qanunvericinin həmin normanın (“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci yarımbəndi) müəyyən edilməsində məqsədi ondan ibarət olmuşdur ki, şəxs reabilitasiya (yaxşılaşma, sağalma) üçün müalicə imkanlarından istifadə etmiş və tükətmiş olsun, yəni həmin xəstəlik üzrə uzun müddət müalicə olunmasına baxmayaraq, həmin xəstəlik onda sağalmamış və davam edən vəziyyətdə olsun. Lakin hazırkı vəziyyətdə iddiaçının barəsində göndəriş rəsmiləşdirilərkən həmin şərtə əməl edilmədiyi, başqa sözlə bütün müalicə imkanlarından istifadə etməsi və tükətmiş olması müəyyən edilmir.
30. Məhkəmə kollegiyası gəlinən hüquqi nəticə ilə razılaşmır və qeyd edir ki, hazırki Qərarın 23-cü bəndlərində göstərilən normaların təhlilindən məlum olur ki, şəxsə əlilliyin təyin edilməsi: 1) tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən göndərişin rəsmiləşdirilməsi; 2) göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirərək, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edilməsi mərhələsini əhatə edir.
31. Hazırki işin halları ilə müəyyən olunur ki, iddiaçı barəsində bir neçə dəfə göndəriş rəsmiləşdirilmiş və sonuncu dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin rəsmiləşdirilmiş yeni göndərişi qərar qəbul edilməsi üçün Agentliyə göndərilmiş və sonuncu tərəfindən qiymətləndirilmə aparılmaqla “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
32. Göründüyü kimi cavabdeh orqan iddiaçı barəsində rəsmiləşdirilmiş sonuncu göndərişdə qeyd olunmuş məlumatlar əsasında “əlavə müalicəyə ehtiyacın olması” və ya “müalicə müddətinin yetərli olmaması” səbəbi ilə deyil, “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbindən barəsində imtina qərarı qəbul etmişdir. Bundan başqa iş materialları ilə göndərişin yalnış doldurulması, ümumiyyətlə göndəriş rəsmiləşdirilərkən müəyyən edilmiş tələblərə riayət edilməməsi səbəbindən müvafiq qeyd aparmaqla bu barədə bildirişin altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərilmə halı da müəyyən edilməmişdir.
33. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK-in altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərmək səlahiyyəti mövcuddur. Normanın məzmunundan aydın olur ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatı sonlandıra bilməz.
34. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin vətəndaşın əyani müayinə olunması haqqında xx.xx.2025-ci il tarixli 3-17-4/2-1909/2025 nömrəli məktubunda da bildirilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
35. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi işə baxarkən şəxsə qoyulmuş diaqnoz əsasında barəsində qəbul edilmiş imtinaya dair qərarın əsaslı olub-olmamasını yoxlamaq əvəzinə, şəxs barəsində rəsmiləşdirilmiş göndərişin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərtlərə əməl edilmədiyini əsas gətirərək iddianı rədd etmişdir. Başqa sözlə, hazırki işin faktiki hallarına görə mübahisə əlilliyin təyin edilməsindən imtinaya dair inzibati aktdan verilmiş şikayət olmaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyinin qiymətləndirilərək imtinaya dair qərar qəbul edilməsi ilə bağlı olmuşdur.
36. Bundan başqa əlilliyin təyin edilməsindən imtinaya dair inzibati aktda ümumiyyətlə məhkəmənin əsaslandığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1ci maddəsinə istinad olunmamış, iddia tələbinə dair verilmiş etirazda isə norma kimi qeyd edilsə də, iddiaçıya aid edilməsi və ya iddia tələbinin rədd edilməsinə dair əsaslandırılma qeyd edilməmişdir.
37. İddia tələbinin əsaslılığına münasibətdə iş materiallarında olan aşağıdakı sənədlərlə müəyyən edilir ki:- -xx.xx.2020-ci il tarixli Komputerli EEQ-müayinəsinin nəticəsi “Orqanizə olunmuş Eeq-fon yazısı normal alfa aktivlik 7-8 Hs tezlikli reqular orta modulyasiya olunmuş təpəənsə payında dominantdır. Dalğaların paylanması norma daxilində. Yarımkürələrarası assimmetriya izlənilmədi. Baş beynin bioelektrik aktivliyi artmışdır. Hipoksiya müşahidə olunur. Sol frontal payda tezliyi 2-3 amplitudası 100-150 mkv epiaktivlik müşahidə olunur” kimi qeyd edilmişdir. -Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2020-xx.xx.2020-ci il tarixli Çıxarışında diaqnoz "Baş beynin travmatik xəstəliyi, psixopatabənzər davranışla. Anamnezində cəngolma tutmaları" kimi qeyd olunmuşdur. -Qazax Müalicə və Diaqnostika Mərkəzinin xx.xx.2022-ci il tarixli Baş beyin KT müayinəsinin nəticəsi "Baş beynin hər iki yarımkürələrinin periventrikulyar ağ maddəsində, sentrum semiovalelərində hipodens strukturlu sahələr aşkar edilir (ensefalopatiya əlamətləri). Baş beyin yarımkürələrində patoloji həcm, struktur dəyişikliyi aşkar edilmir" kimi qeyd edilmişdir. -Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozuntusu. Psixopatabənzər davranışla. Şəxsiyyətin tez-tez təkrarlanan dekompensasiyalarla. Şəxsiyyətin emosional davranış pozuntusu" kimi qeyd olunmuşdur. -Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 266/22 nömrəli tibbi rəyində diaqnoz “F07.0-F23.3-F32.3 – Baş beynin travmatik xəstəliyinin (aprel 1992-ci il) qalıq əlamətləri nəticəsində şəxsiyyətin pozunsutu, davamlı davranış pozuntusu tez-tez baş verən psixotik hallar, (ayda 8-10 dəfə) epileptik tipli qıcolma tutmaları. Ağır dərəcəli depressiya susidal dəfələrlə yerinə yetirilməyən cəhdlərlə” kimi müəyyənləşdirilmişdir. -Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 11256 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0" kimi qeyd edilmişdir. -X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10512633 nömrəli çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi qeyd olunmuşdur. - Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11778720 nömrəli çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Şəxsiyyətin emosional davamsız pozğunluğu" kimi qeyd edilmişdir. -X1 xx.xx.2024-cü il tarixli Forma 88 arayışında əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu”, yanaşı xəstəliklər “G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindormlar, Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) kimi müəyyənləşdirilmişdir. -X2 xx.xx.2024-cü il xx.xx.2024-cü il tarixli 13450800 nömrəli çıxarışında diaqnoz “əsas xəstəlik – F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2020, yanaşı xəstəliklər – F60.3 Şəxsiyyətin emosional davamsız pozğunluğu xx.xx.2020” kimi qeyd edilmişdir. -X1 15037507 nömrəli xəstəlik tarixindən çıxarışdan məlum olur ki, əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” müəyyənləşdirilmiş, İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək stasionar mülaləcədə olmuşdur.
38. Məhkəmə tərkibi hesab edir ki, iddiaçı barəsində rəsmiləşdirilmiş göndərişdə ona qoyulmuş diaqnozlar “F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu (əsas diaqnoz)” və “G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindormlar, Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) (yanaşı xəstəlik)” olmuşdur. Həmin xəstəliklər iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
39. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
40. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
41. İnzibati orqan sözügedən diskresion səlahiyyətindən istifadə edərkən qanunun tələblərini gözləməli, mütənasiblik, qanunçuluq, qanun qarşısında bərabərlik və məqsədəuyğunluq kimi prinsiplərə riayət etməlidir. Burada qeyd etmək lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. İnzibati orqan diskresion səlahiyyətindən istifadə edərək qərar qəbul etdikdə, məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
43. “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “İnzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir.
44. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.
45. Göründüyü kimi iddiaçının əsas diaqnozu (üzvi mənşəli şəxsiyyət pozuntusu) onda psixi təzahür edən pozuntulara səbəb olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş digər tibbi sənədlərdə iddiaçıda qeyd edilən diaqnozun əlamətlərinin olması öz təsdiqini tapmışdır.
46. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
47. Belə olan halda məhkəmə kollegiyası nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməklə yeni qərar qəbul edilməlidir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1016/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60% aralığında pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Müşfiq Məmmədov