Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-418/2023 19.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1158/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2012-ci il tarixdə X2 (bundan sonra XBT) üzrə “İ sinif – Bəzi infeksion və parazitar xəstəliklər = A15-A19 –Vərəm = A18 – Digər orqanların vərəmi = A18.3 – Bağırsağın, peritonun və müsariqə limfa düyünlərinin vərəmi”. Diaqnozun mətni: “kəskin bağırsaq keçməməzliyi və vərəm peritonitinə görə aparılmış laparatomiya. Bitişmələrin ayrılması c/ə sonrakı vəziyyət” diaqnozuna əsasən 1 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmişdir. Eyni diaqnoza əsasən xx.xx.2013-cü il tarixdə 1 il müddətinə 2-ci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə 2-ci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə 2ci dərəcə, xx.xx.2016-cı il tarixdə isə XBT üzrə kodlar və diaqnozun mətni baxımından eyni diaqnozla 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixli müayinəsi nəticəsində XBT üzrə ““İ sinif – Bəzi infeksion və parazitar xəstəliklər = A15-A19 –Vərəm = A18 – Digər porqanların vərəmi = A18.3 – Bağırsağın, peritonun və müsariqə limfa düyünlərinin vərəmi””, Diaqnozun mətni: “A18.3 Bağırsağın, peritonun və müsariqə limfa düyünlərinin vərəmi, Vərəm mənşəli mezodenit. Yayılmış peritonitə görə (2011) aparılmış laporatomiya. Ağırlaşma K67.3 Vərəm peritoniti(A18.3), Relaparotomiya bitişmələrinin ayrılması” diaqnozu qoyulsa da göndərişin natamam doldurulması səbəbi ilə əlillik dərəcəsinin təyinindən imtina edilmişdir. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 2-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya vərəm xəstəliyi ilə bağlı 2011-ci ildən İİ qrup əlillik dərəcəsi verilmişdir. 2020-ci ildə əlillik dərəcəsi dayandırılmışdır. Dəfələrlə həkim müayinəsindən keçməklə, stasionar müalicə almışdır. Buna baxmayaraq ona dəfələrlə formal cavablar verilərək, əlillik təyinatından imtina edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, həmçinin ərizə təqdim edərək “xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 09 mart 2023cü il tarixli qərardadı ilə iddia həmin tələbi dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1158/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, iddiaçıya 2012-ci ildən 2021-ci il tarixədək qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eyni olmasına, habelə 413 nömrəli qərarın 2.2.3-cü bəndinə əsasən əlillik təyinatına əsas verməsinə baxmayaraq ona verilmiş imtina qanunsuz və əsassız olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilərərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqaməntində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakı təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi q0iymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : - - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9) 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş “kəskin bağırsaq keçməməzliyi və vərəm peritonitinə görə aparılmış laparatomiya. Bitişmələrin ayrılması c/ə sonrakı vəziyyət” diaqnozuna əsasən 1 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmiş, daha sonra həmin diaqnoza əsasən xx.xx.2013-cü il tarixdə 1 il müddətinə 2-ci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə 2-ci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə 2-ci dərəcə, xx.xx.2016-cı il tarixdə isə XBT üzrə kodlar və diaqnozun mətni baxımından eyni diaqnozla 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmiş, əlillik müddəti başa çatdığı üçün əlillik vəziyyətinə yenidə baxılmış, lakin cavabdehə göndərilmiş və müxtəlif əsaslarla əlilliyin təyin edilməsindən imtina edilmişdir. Kollegiya hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iddiaçının kəskin bağırsaq keçməməzliyi və vərəm peritonitinə görə aparılmış laparatomiya. Bitişmələrin ayrılması c/ə sonrakı vəziyyət diaqnozu ilə xəstə olması iş materialları ilə öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlliyin müddəti bitdikdən sonra iddiaçı yenidən əlilliyin qiymətləndirilməsinə dair inzibati orqana müraciət etmiş, sonuncu əlillik əlamətinin təyin olunmaması barədə qərar qəbul etmişdir. Bundan sonra iddiaçı tələbinin təmin olunması üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən iddia tələbi təmin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıqimkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9) İş materiallarında olan T 548/2023 saylı ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən sonuncu müayinədə qeyd edilən diaqnozla əlaqədar onun hazırda əlavə bərpa müalicəsini davam etdirməyə zərurət yoxdur. Həmin rəyə kollegiya tənqidi yanaşaraq qeyd edir ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasının 88 saylı arayışını rəyin nəticə hissəsinə köçürmüş və məhkəmənin eskpertiza qərardadında ekspert qarşısında qoyulan suallara cavab verilməmişdir. Yəni ekspert mahiyyət üzrə əhatəli tədqiqat aparmamışdır. Göründüyü kimi təqdim olunmuş sənədlərlə iddiaçının xəstə olması təsdiqlənir və qeyd olunan Əsasnamənin 2.2.3-cü bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (A15-A16.9,J96-J96.9) üst-üstə düşür. Belə olduğu təqdirdə iddiaçıya ikinci dərəcə əlillik təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, əlillik qiymətləndirilən zaman təqdim edilən sənədlər daha mötəbər hesab olunmalı və nəzərə alınmalıdır. Beləliklə də, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1158/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-418/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-418/2023
19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver