Məhkəmə qərarları › İş №2-1(104)-418/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-418/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-418/2024 16.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-319/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Samux rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dairtibb müəssisəsinin 0315003AAF76 nömrəli göndərişi DTSERA- da əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20-ci bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi, iki tərəfli koxliar nevrit. Neyrosensor ağır eşitmə lll-İV dərəcə.Hər iki tərəfli sağ (İV), Sol (İİİ) dərəcəli sensonevral ağır eşitmə müəyyən edilib.." olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinin xx.xx.2019-cu il tarixli 2393 nömrəli tibbi nəticəsində İddiaçı “İkitərəfli koxlear nevrit. Neyrosensor ağıresitmə lll-İV dərəcəli” diaqnozu qoyulmuşdur. Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 9267 nömrəli tibbi rəyində İddiaçı “İkitərəfli koxlear nevrit. Neyrosensor ağıresitmə lll-İV dərəcəli” diaqnozu qoyulmuşdur. Azərbaycan Tibb Universitetinin X1 xx.xx.2022-ci il tarixli təbii yuxu altında aparılmış BERA testində “Sağ qulaqda 70 db nHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 70 db nHL intensivlikdə V dalğa əldə edildi:" müəyyənləşdirilmiş və bunun nəticəsi “Hər iki qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 04 fevral 2022ci il tarixli PHŞ/1-2-2022-3196 nömrəli məktubunda qeyd edilir ki, məktubda qeyd edilən məəslənin araşdırılması ilə əlaqədar Agentlik tərəfindən siyahıda adları qeyd olunan vətəndaşların tibbi sənədlərinin təqdim olunması üçün “Respublika Eşitmə, Səs, Nitq Patologiyaları” Mərkəzinə sorğu verilmiş, siyahıda adları qeyd olunan şəxslərdən yalnız 138 nəfərə aid Agentliyə təqdim olunmuş məlumat və zəruri təsdiqedici tibbi sənədlər onlara rəsmiləşdirilmiş göndərişlərin əsaslı olduğunu təsdiq edir. Göstərilənləri nəzərə alaraq, qulaq xəstəlikləri ilə əlaqədar əlillik təyinatlarının aparıldığı 1268 nəfər şəxsə tibb müəssisələri təərfindən verilmiş göndərişlər əsassız hesab olunmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən Tibbi-sosial ekspert komissiyalarının 14 nəfərə dair əlillik təyinatı barədə qərarların qüvvədə saxlanılması, 47 nəfərə dair qüvvədə olan əlillik təyinatı qərarlarının ləğv edilməsi barədə qərar (qərarın rekvizitləri qeyd edilməmişdir) qəbul edilmişdir. Cavabdeh Agentlik tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-4/2-B14080/2023 saylı bildiriş göndərilərək, xx.xx.2022-ci il tarixdə əyani müayinəyə dəvət olunmasına baxmayaraq, xx.xx.2023-cü il tarixdə əyani müayinədə iştirak etdiyi, qeyd edilənlərə əsasən ona xx.xx.2021-ci il tarixində təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyinin ləğvi barədə qəbul edilmiş qərarın qüvvədə saxlanıldığı bildirilmişdir. Cavabdeh Agentlik tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçının əyani müayinəsi həyata keçirilmiş və yanvar 2023-cü il tarixli qərarla "Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə **********9 nömrəli qərar dəyişdirilərək “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Birinci instansiya məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-29951/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Samux Rayon Mərkəzi Xəstəxanasının 0315003AAF76 nömrəii göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə araşdırması çərçivəsində eşitmə xəstəliklərinə dair şübhə doğuran əliliik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Vətəndaşın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün qeydiyyat ünvanına xx.xx.2022-ci ii tarixli, **********5 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmişdir. Lakin həmin tarixdə əyani müayinəyə gəlmədiyi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2022-ci il tarixində ləğv olunaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaş Samux Rayon Mərkəzi Xəstəxanasının 0315003AAF76 nömrəii göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin ləğv edilməsi barədə qərarının ləğv edilməsi, ona müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1966-cı il tarixdə Samux rayonunun Qovlarsarı kəndində anadan olmuşdur. Hal-hazırda Samux rayonunun Qovlarsarı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. O, həqiqi hərbi xidmətdə olarkən hərbçi hamamında çimdikdən sonra komandirin göstərişi ilə soyuq havada hərbçi yoldaşları ilə birlikdə təlimə çıxmışlar. Həmin vaxtı soyuqlamadan onun eşitməsində problemlər yaranmağa başlamışdır. Hərbi xidmətini başa vurduqdan sonra mütəmadi olaraq eşitməsilə bağlı müalicə olunmuşdur. 2019-cu ilin fevral ayının 19-da X3 Mərkəzində bel yırtığından cərrahiyyə əməliyyatı olunmuşdur. 2021-ci il tarixdə həmin xəstəxanada sağ diz yırtığından da cərrahiyyə əməliyyatı olmuşdur. xx.xx.2019-cu il tarixdə Eşitmənin, səsin və nitqin patalogiyası üzrə Respublika Mərkəzində eşitmə qabiliyyəti yoxlanılmış və ona müayinənin nəticəsi olaraq İİİ-İV dərəcəli eşitmə qüsurlu yazılmışdır. xx.xx.2021-ci il tarixdə poliklinikadan onu stasionar müalicəyə göndərmişlər. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi Gəncə şəhər X4 Xəstəxanasının burun-qulaq şöbəsində stasionar müalicə almışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Tibb Universitetinin X2 müayinədən keçmiş və medikamentoz yuxu altında VERA testi aparılmışdır. 33.1 rate 2000 SWEER clisk şiddətində aparıllan vera testi zamanı sağ qulaqda 70 dBnHL intensivlikdə V dalğa əldə edildi. Nəticə: Hər iki qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. Bundan əlavə M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında xx.xx.2022-ci il tarixdə müayinədən keçmişdir. Orada da ona “İki tərəfli koxleear nevrit neyrosensor ağır eşitmə İİİ-İV-cü dərəcəli diqnozu qoyulmuşdur. Onun xəstəlikləri ilə bağlı Samux rayon Mərkəzi Xəstəxanasından tərəfindən 2021-ci ilin əvvəllərində Forma-88 sistemə vurulmuş və xx.xx.2021-ci il tarixdə eşitmə qabiliyyətinin ağır olması ilə bağlı ona müddətsiz 3-cü qrup əlillik təyin olunmuşdur. Ona müddətsiz 3-cü qrup əlillik təyin edilməsinə baxmayaraq, onu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən hansısa səbəbdən yenidən xx.xx.2022-ci il tarixdə əyani müayinəyə çağırmışlar. Xəstə olduğundan həmin vaxtı müayinəyə gedə bilməmişdir. Rayon poliklinikası ilə əlaqə saxlamış və xx.xx.2023-cü il tarixdə əyani müayinədə olmuşdur. Əyani müayinə zamanı həkimlərin ona qoyduqları diaqnoz təsdiqlənməsinə baxmayaraq, heç bir əsas və səbəb olmadan sonradan ona imtina gəlmişdir Müayinə vaxtı həkimlər ona müayinənin nəticəsi barədə heç bir məlumat vermədilər, yalnız onu dedilər ki, eşitmə qabiliyyətinin ağır olduğu təsdiq olunur. Cavab gələndə isə imtina gəlmişdir. Bildirir ki, o, cəmi 7 ay əlilliklə bağlı pensiya almış, sonra dayandırılmışdır. Hazırda da qeyd olunan xəstəliklərdən əziyyət çəkir və müalicə olunur. Cavabdehin onun xəstəliyini tam reabilitasiya olunub kimi qiymətləndirməsini qanunsuz və əsasız hesab edir. Narazı qaldığına görə o, yenidən şikayət etsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-4/2-B-14080/2023 nömrəli imtina vermişdir. Cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın onun “Tam reabilitasiya olunması”na dair yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi, ona xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin ləğv edilməsi barədə cavabdeh orqanın faktiki xarakterli hərəkətlərinin qanunsuz hesab edilməsi və üçüncü dərəcə müddətsiz əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-314/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı “Tam reabilitasiya olunması”na dair yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin ləğv edilməsi barədə cavabdeh orqanın faktiki xarakterli hərəkətlərinin qanunsuz hesab edilməsi və onun üçüncü dərəcə müddətsiz əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, Göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Cavabdeh orqan 42 nəfərin, o cümlədən iddiaçının əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünə şübhə yaranmasına əsas kimi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 04 fevral 2022-ci il tarixli PHŞ/1-2-2022-3196 nömrəli məktubunu göstərmişdir. Məhkəmə hesab edir ki, prinsipcə həmin məktub “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin bu zaman həmin məktub məhz iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni həmin məktub iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada həmin məktuba istinad edə bilməz, həmin məktubda iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Həmin məktuba Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli PHŞ/1-2-2022-3396 saylı məktubu əlavə edilmişdir ki, həmin məktubda qeyd edilir ki, qeyd edilən məsələnin araşdırılması ilə əlaqədar Agentlik tərəfindən siyahıda adları qeyd olunan vətəndaşların tibbi sənədlərinin təqdim olunması üçün “Respublika Eşitmə, Səs, Nitq Patologiyaları” Mərkəzinə sorğu verilmiş, siyahıda adları qeyd olunan şəxslərdən yalnız 138 nəfərə aid Agentliyə təqdim olunmuş məlumat və zəruri təsdiqedici tibbi sənədlər onlara rəsmiləşdirilmiş göndərişlərin əsaslı olduğunu təsdiq edir. Göstərilənləri nəzərə alaraq, qulaq xəstəlikləri ilə əlaqədar əlillik təyinatlarının aparıldığı 1268 nəfər şəxsə tibb müəssisələri təərfindən verilmiş göndərişlər əsassız hesab olunmuşdur. Lakin həmin məktubda məhz iddiaçının adının olması, iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişlərin əsassız sayılması barədə məlumat olmadığndan həmin məktubun iddiaçıya aidiyyatı müəyyən edilmir. Azərbaycan Tibb Universitetinin X1 xx.xx.2022-ci il tarixli təbii yuxu altında aparılmış BERA testində “Sacı qulaqda 70 db nHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 70 db nHL intensivlikdə V dalğa əldə edildi:" müəyyənləşdirilmiş və bunun nəticəsi “Hər iki qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur.” kimi müəyyənləşdirilmişdir. Cavabdeh orqan özünün yanvar 2023-cü il tarixli qərarında həmin rəylə yanaşı, həmçinin Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 9267 nömrəli tibbi rəyinə də istinad edərək, həmin sənədlərdə də müvafiq olaraq iddiaçının diaqnozunun “İkitərəfli koxlear nevrit. Neyrosensor agıresitmə lll-İV-cü dərəcəli” kimi göstərilmişdir ki, bu da iddiaçının xəstəliyi üzrə diaqnozunun ixtisaslaşmış müəssisələr tərəfindən də eynilə müəyyən edildiyini göstərir. Cavabdeh orqan isə xəstənin 5 metr məsafədən ünvanlanan nitqi eşitdiyini və anladığını, nitqi qüsurlu olsa da, qulağında cihaz olmadan da ünsiyyətə girdiyini əsas gətirərək “İddiaçı xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə verilmiş qərarın ləğv edilməsi və diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul etmişdir ki, məhkəmə həmin qərarı yuxarıda qeyd edilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilərərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab edir ki, iddiaçının barəsində qəbul edilmiş yanvar 2023-cü il tarixli qərarın qanuniliyi və əsaslılığı yoxlanılan zaman müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmış və təyinat zamanı ona qoyulmuş diaqnoz "Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi, iki tərəfli koxliar neviit. Neyrosensor ağır eşitmə İİİ-İV dərəcə.Hər iki tərəfəli sağ (İV), Sol (İİİ) dərəcəli sensonevral ağır eşitmə" olmuşdur. Hansı ki, həmin diaqnoz iddiaçının sonuncu dəfə göndəriş əsasında qiymətləndirildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin (2022-ci il iyulun 1-dək qüvvədə olmuş) 2.5.20-ci bəndinə əsasən müddətsiz üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli PHŞ/1-2-2022-3396 saylı məktubu əlavə edilmişdir ki, həmin məktubda qeyd edilir ki, qeyd edilən məsələnin araşdırılması ilə əlaqədar Agentlik tərəfindən siyahıda adları qeyd olunan vətəndaşların tibbi sənədlərinin təqdim olunması üçün "Respublika Eşitmə, Səs, Nitq Patologiyaları" Mərkəzinə sorğu verilmiş, siyahıda adları qeyd olunan şəxslərdən yalnız 138 nəfərə aid Agentliyə təqdim olunmuş məlumat və zəruri təsdiqedici tibbi sənədlər onlara rəsmiləşdirilmiş göndərişlərin əsaslı olduğunu təsdiq edir. Göstərilənləri nəzərə alaraq, qulaq xəstəlikləri ilə əlaqədar əlillik təyinatlarının aparıldığı 1268 nəfər şəxsə tibb müəssisələri tərfindən verilmiş göndərişlər əsassız hesab olunmuşdur. Lakin həmin məktubda məhz iddiaçının adının olması, iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişlərin əsassız sayılması barədə məlumat olmadığndan həmin məktubun iddiaçıya aidiyyatı müəyyən edilmir. Bildirilir ki, məhkəmənin yuxarıda qeyd edilən halları ilə razılaşılmır. Belə ki, məhkəmə inzibati işi səhv araşdıraraq əsassız nəticəyə gəlmişdir. Həmçinin aşkar surətdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli PHS/1-2-2022-3396 saylı məktubuna əlavə edilən excel siyahısında iddiaçının adının olmasına baxmayaraq, hakim nədənsə siyahıda iddiaçının olmadığını bildirir. Bundan əlavə hakim tərəfindən iddianın növü də düzgün müəyyən edilməmişdir. Belə ki, sözügedən iddiada iddiaçı "Tam reabilitasiya olunması"na dair yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi" ni tələb edir. Bu isə öhdəliyin icrası yox, mübahisələndirmə haqqında iddiadır. AR iPM-nin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qeyd etmək istəyirik ki, Agentliyin həkim-ekspertlərinin obyektiv müayinəsi zamanı xəstənin eşitmə cihazı sağ qulağındadır. Cihazın batareyasını xəstədən xəbərsiz çıxartdıqda 5 metr məsafədən suallara cavab vermişdir. Buradan da vətəndaşın tam reabilitasiya olunduğu aşkar edilərək qərar qəbul edilmişdir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin:- - 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. - 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. - 2.5-ci bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: - 2.5.20-ci bəndinə əsasən anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı,3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: 9.1. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri: 9.1.4. bəndinə əsasən, eşitmə zəifliyi İV dərəcə, ikitərəfli xəstəliklər zamanı orqanizmin funksiyasının pozulması 50 faiz olmaqla müddətsiz müəyyən edilimişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Samux Rayon Mərkəzi Xəstəxanasının 0315003AAF76 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Bundan sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə araşdırması çərçivəsində "eşitmə xəstəliklərinə dair” şübhə doğuran əliliik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. İddiaçının “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün qeydiyyat ünvanına xx.xx.2022-ci ii tarixli, **********5 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2022-ci il tarixinə Agentliyə dəvət edilmişdir. Lakin həmin tarixdə əyani müayinəyə gəlmədiyi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2022-ci il tarixində ləğv olunaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Daha sonra iddiaçının müraciətinə əsasən xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinəsi həyata keçirilmiş və “Tam reabilitasiya olması” barədə yanvar 2023-cü il tarixli qərar qəbul edilmişdir. Sadalanan hallarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ilkin əlillik təyinatına dair qərar ləğv edilərkən “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, cavabdeh tərəfindən "eşitmə xəstəliklərinə dair” şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində başlanılmış inzibati icraat zamanı iddiaçının araşdırmada iştirak etməsi üçün ona müvafiq bildiriş göndərilmiş olsa belə, həmin icraatın başlanılmasına əsas Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 04 fevral 2022-ci il tarixli PHŞ/1- 2-2022-3196 nömrəli məktubunu göstərmişdir. Apellyatorun şikayətinin dəlillərində də, göstərildiyi kimi həmin məktuba əlavə edilmiş “Excel” siyahısından çıxarışda iddiaçının adı qeyd edilmişdir. Lakin buna baxmayaraq kollegiya xüsusi olaraq bildirir ki, nə həmin məktub, nə də “Excel” siyasında iddiaçının adının qeyd edilməsi ona ilkin əlillik təyinatının aparılmasına dair qəbul edilmiş qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübüt kimi qiymətləndirilə bilməz. Obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində qeyd olunan məsələnin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Başqa sözlərlə cavabdeh inzibati orqan sözügedən məktuba və “Excel” siyahısında iddiaçının adının olmasına istidan edərək onlara əsaslı sübüt kimi qiymət verməklə əlillik təyinatına dair qərarı ləğv etməklə düzgün inzibati icraat aparmamışdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə görə, TSEK-in əvvəlki qərarının düzgünlüyü şübhə altına alan əsaslı sübütların mövcud olduğu təqdirdə Agentlik tərəfindən əlilliyi müəyyən edilmiş şəxs əyani müayinəyə cəlb olunması müəyyən edilmişdir. Qeyd olunan normanın məzmunundan aydın olur ki, əlilliyi müəyyən edilmiş şəxsin yenidən əyani müayinəyə cəlb olunması üçün yalnız TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan sübütlar mövcud olması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası həmçinin bildirir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmasına əsas olmuş diaqnoz “Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi, iki tərəfli koxliar nevıit. Neyrosensor ağır eşitmə lll-İV dərəcə.Hər iki tərəfəli sağ (İV), Sol (İİİ) dərəcəli sensonevral ağır eşitmə” olmuşdur ki, həmin diaqnozda əlilliyin qiymətləndirildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20-ci bəndinə əsasən iddiaçıya üçüncü dərəcə əlillyin müddətsiz təyin edilməsinə əsas olmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə iddiaçı əyani müayinəyə cəlb olunaraq əlilliyin qiymətləndirilməsi zamanı onun barəsində cavabdeh tərəfindən həmin tarixli qərar qəbul edilmişdir. Sözügedən qərarda cavabdeh tərəfindən iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Tibb Universitetinin X1 xx.xx.2022-ci il tarixli təbii yuxu altında aparılmış BERA testinə və Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022ci il tarixli 9267 nömrəli tibbi rəyinə istinad etmişdir. Sözügedən testin nəticəsi “Sacı qulaqda 70 db nHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 70 db nHL intensivlikdə V dalğa əldə edildi:” müəyyənləşdirilmiş və bunun nəticəsi “Hər iki qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur.” kimi olmuşdur. Həmçinin Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 9267 nömrəli tibbi rəydə iddiaçının diaqnozunun “İkitərəfli koxlear nevrit. Neyrosensor agıresitmə lll-İV-cü dərəcəli” kimi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları” Əlavənin 9.1.4. bəndinə əsasən, eşitmə zəifliyi İV dərəcə, ikitərəfli xəstəliklər zamanı orqanizmin funksiyasının pozulması 50 faiz olmaqla müddətsiz müəyyən edilimişdir. Göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz ilkin əlillik təyinatı zamanı, həmçinin sonradan keçirilmiş əyani müayinə zamanı da eynilik təşkil etmişdir. Həmin diaqnoz isə orqanizmin funksiyasının pozulması 50 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi üçün əsasdır. Lakin cavabdeh inzibati orqan isə xəstənin eşitmə cihazının sağ qulağında olmasını və cihazın batareyasının xəstədən xəbərsiz çıxartdıqda 5 mert məsafədən suallara cavab verə bilməsini əsas gətirərək “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə **********9 nömrəli qərarı dəyişdirərək “Tam reabilitasiya olunması”na dair qərar qəbul etmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən “Tam reabilitasiya olunması”na dair qəbul edilmiş qərara əsas olmuş əyani müayinə proseduru şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verməyən şəkildə aparılmışdır. Belə ki, iddiaçıya qoyulmuş diaqnozun əyani müayinəsi zamanı onun qulağındakı eşitmə cihazının batareyasının iddiaçıdan xəbərsiz çıxarılaraq keçirilməsi düzgün müayinə üsulu kimi qiymətləndirilməsi yol verilməzdir. Bununla bağlı məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, əyani müayinə proseduru müvafiq diaqnostiq müayinə metodları əsasında aparılmalı, həmin metodologiya şəxsin sağlamlığının real və obyektiv vəziyyətinin düzgün qiymətləndirilməsinə xidmət etməlidir. Məhkəmə kollegiyası bütün sadalanan halları nəzərə alaraq qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə “Tam reabilitasiya olunması”na dair qəbul etdiyi qərar qanuni və əsaslı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-319/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar