Məhkəmə qərarları › İş №2-1(104)-418/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-418/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-418/2025 05.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı onun xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrü üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının nəzərə alınmaqla, hüququ yarandığı tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-757/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçıya məxsus sığortaolunan haqqında məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrü üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqı 2019-cu ildə ödənilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixindən proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17- 1/2-14-67745/2024 nömrəli imtina cavabı verilərək, bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən İddiaçı ümumi sığorta stajı 6 ay təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək hesablanmış 6 ay sığorta stajına uyğun) 204,58 manat olmaqla pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2023-cü il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Həmçinin İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrü üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqı xx.xx.2018-ci il tarixindən sonra ödənildiyi üçün Qanunun 22-1.1-ci maddəsini tətbiq etməklə ona (avtomatlaşdırılmış qaydada) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixindən proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. Məlumat üçün bildirir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra İddiaçı sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-4/2-149913/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) hüquqi ünvanın ünvan 1ması barədə məlumat müəyyən edilmişdir. Məhkəmənin sorğusuna Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialın 15 oktyabr 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filialın xx.xx.2025-ci tarixli 3-17-1/3-1-87059/2025 nömrəli xidməti məktubuna əsasən, iddiaçının təqdim etdiyi 037903 nömrəli diplomun surətində qeyd olunan məlumata əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək olan təhsil dövrü, X4 Filialının xx.xx.2022-ci il tarixli 1241(831)/4 nömrəli arayışına və X1 xx.xx.2022-ci il tarixli aktına əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək Zərdab Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 126 nömrəli arayışının surətində qeyd olunan məlumata əsasən 2 il 6 ay kolxozdakı əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 9 il 8 ay 1 gün, xx.xx.2006-cı il tarixindən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən 6 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən ümumi iş stajı 10 il 2 ay 1 gün təşkil edir. Ucar Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 66 nömrəli arayışına əsasən Ucar rayon "xxxx" MMC fəaliyyət göstərmədiyi və əmr kitabları, əmək haqqı cədvəlləri Ucar rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün xx.xx.1989-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrü üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqı xx.xx.2018-ci il tarixdən sonra ödənildiyi üçün ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Məhkəmə sorğusuna Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin (VÖEN: **********) iş qovluğunda 2017-2018-ci illərə dair “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” məlumatları aşkarlanmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının nəzərə alınması, iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Zərdab rayonunda anadan olmuşdur və hal-hazırda ünvan 2 ünvanında yaşayır. O, yaşa görə əmək pensiyasına çıxmaq üçün bir neçə dəfə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında təqdim etdiyi sənədlərə baxılaraq ona fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək hesablanmış 6 ay sığorta stajına uyğun) 204,58 manat olmaqla pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından az olmasını və əmək pensiyasının minimum məbləğdən (200 manat ) az olmayan pensiya təminatına imkan verməməsi barədə imtina verilmişdir. Bundan başqa həmin məktubda onun ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmaması qeyd olunmuşdur. Bundan başqa digər imtina məktubunda əmək kitabçasının doldurulması qaydalarının pozulduğuna görə xx.xx.1989-cu il tarixindən xx.xx.2004-cü il tarixinədən olan dövrlərin sığorta stajıma daxil edilməməsi qeyd olunmuşdur. Həmin əmək kitabçasının düzgün doldurulmaması onun günahı deyil və halhazırda onun hüquqlarını kobud şəkildə pozur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi ““iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrü üzrə ödənilmiş məcburi dövlət sığorta haqqının nəzərə alınmaqla, hüququ yarandığı tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-cİ il tarixli, 2-1(114)-757/2025 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrü üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqı həmin dövrdə deyil, 2019-cu ildə ödənilmişdir. Bu da o deməkdir ki, iddiaçının xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək "xxxx" MMC-də işlədiyi dövrə görə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmamışdır. Qeyd edilənlərin yekunu olaraq, məhkəmə qeyd edir ki, iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyinatı üçün onun şəxsi fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır, lakin İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ona proaktiv qaydada əmək pensiyası təyin edərkən əmək stajını və pensiya kapitalını (əmək kitabçalarını, sığorta şəhadətnaməsini), əsasən xx.xx.2017-ci tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrünü nəzərə almamış və nəticədə ona düzgün olmayan pensiya təyin etməklə maddi ziyan vurmuşdur. Cavabdeh apellyasiya şikayətinə dair etiraz göndərərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmə müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd edir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-757/2025 nömrəli qərarı Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalına xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, iddiaçı tərəfindən isə həmin qərardan xx.xx.2025-ci il apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi, qərardan 30 günlük apellyasiya şikayəti verilmə müddəti ötürülmüşdür. İşin mahiyyəti ilə bağlı bildirir ki, Əmək pensiyaları haqqında Qanunun 22-1.1-ci maddəsinin tələbinə əsasən həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana avtomatlaşdırılmış qaydada pensiya təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. Belə ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır, lakin İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bildirir ki, İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrü üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqı xx.xx.2018-ci il tarixindən sonra ödənildiyi üçün Qanunun 22-1.1-ci maddəsini tətbiq etməklə ona (avtomatlaşdırılmış qaydada) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Göründüyü kimi hazırki iş üzrə iddiaçının hüquqi marağı onun xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrü üzrə ödənilmiş məcburi dövlət sığorta haqqının nəzərə alınmaqla, hüququ yarandığı tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Cavabdeh orqan isə iddiaçının xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrü üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqı xx.xx.2018-ci il tarixindən sonra ödənildiyi üçün Qanunun 22- 1.1-ci maddəsini tətbiq etməklə ona (avtomatlaşdırılmış qaydada) yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrü üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqı xx.xx.2018-ci il tarixindən sonra 2019-cu ildə ödənilmişdir. Buna görə də “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsini tətbiq etməklə ona (avtomatlaşdırılmış qaydada) yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Belə ki, məhkəmə sorğusuna Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin (VÖEN: **********) iş qovluğunda 2017- 2018-ci illərə dair “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” məlumatları aşkarlanmamışdır. Bundan başqa Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 3 noyabr 2025-ci il tarixli, 3-17-1/2-265022/2025 nömrəli “Məlumatların təqdim edilməsi haqqında” məktuba qoşma olaraq göndərilmiş Sığorta olunanın hesab məlumatından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrü üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarının ödəniş ili 2019-cu ildə olmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyinatı üçün onun şəxsi fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır, lakin İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Ona görə də, cavabdeh orqan iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrü üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqı xx.xx.2018-ci il tarixdən sonra ödənildiyi üçün Qanunun 22-1.1-ci maddəsini tətbiq etməklə ona (avtomatlaşdırılmış qaydada) yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası birinci instansiyanın əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-757/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar