Məhkəmə qərarları › İş №2-1(104)-419/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-419/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-419/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı2 və İddiaçı1n nümayəndəsi (vəkili) X4, üçüncü şəxs Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublikası Komitəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, “əmlakın əvvəlki vəziyyətə qaytarılaraq təhvil verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-85/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.086 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 məxsusdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 məxsusdur. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Gəncə X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 2152 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən üç yaşayış otağından ibarət yaşayış evi xx.xx.2005-ci il tarixdə X3 adına qeydə alınmışdır. “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması” haqqında 003872 nömrəli, xx.xx.2005-ci il tarixli şəhadətnamədən görünür ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən ümumi sahəsi 407,9 kv.m. olan hamam İddiaçı2 tərəfindən alınmışdır. JN-8444 (KOD ********) nömrəli torpağın müvəqqəti istifadə hüququna dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhər İHB-nin xx.xx.2005-ci il tarixli 315 nömrəli sərəncamı xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsi ilə Gəncə şəhəri Hacıkənd Bələdiyyəsinin torpaq sahəsindən beşulduzlu mehmanxana tikintisi üçün 99 il müddətinə, 0.33 hektar torpaq sahəsi verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsinin xx.xx.2009-cu il tarixli, 269 nömrəli məktubunda qeyd edilmişdir ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 315 saylı sərəncamına əsasən Hacıkənd qəsəbəsindəki hamamın yerində və ona bitişik 0.33 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa olunan beşulduzlu mehmanxananın 24 vərəqədən ibarət eskiz layihəsi Memarlıq və Şəhərsalma idarəsi ilə razılaşdırılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsi və Hacıkənd bələdiyyəsi) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında, ümumi sahəsi 0.086 ha olan torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərindəki sökülmüş 3 otaqlı fərdi yaşayış evinin (tikilib bərpa edilərək), həmin torpağın qonşuluğunda, Azərbaycan küçəsi 31 ünvanında, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin, bundan əlavə ümumi sahəsi 407,9 kv.m olan qeyri-yaşayış sahəsi - hamamın yerləşdiyi torpaq sahəsinin olduğu kimi İddiaçı2 qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 315 saylı, 19 sentyabr 2005-ci il tarixli sərəncamı ilə Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində 0.33 ha torpaq sahəsi otel tikintisi üçün İddiaçı1 MMC-yə ayrılmışdır. Əvvəllər həmin ünvanda İddiaçı2 mülkiyyətində torpaq sahəsi, onun üzərində isə yaşayış və qeyriyaşayış sahələri olmuşdur. xx.xx.2005-ci il tarixdə JN8444 saylı şəhadətnamə ilə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən 0.33 ha torpaq sahəsi İddiaçı1 MMC-nin istifadəsinə verilmişdir. Daha sonra layihə sənədləri hazırlanmış və eskiz layihəsi 269 saylı, 15 may 2009-cu il tarixli məktubla Gəncə şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən razılaşdırılmış, ərazi hasara alınmış və tikinti işləri başlanılaraq otelin özül çalası qazılmışdır. Sonradan Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev qanunsuz tapşırığı ilə mülkiyyətlərində və istifadələrində olan torpaq sahəsi zəbt edilmişdir. Belə ki, qanunsuz olaraq İddiaçı2 məxsus olan və Azərbaycan küçəsi 35 ünvanında yerləşən 3 otaqlı ev uçurulmuş və altındakı torpaq zəbt edilmişdir. Eyni zamanda tikinti obyektinin hasarı sökülərək özül çalası doldurulmuş və torpağın bir hissəsi qonşuluqda yerləşən parkın ərazisinin genişləndirilməsi üçün parka qatılmışdır. Cavabdeh tərəfindən törədilən qeyri-qanuni hərəkətlər: 1) xx.xx.2005-ci il tarixdə JN-8444 saylı şəhadətnamə ilə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən 0.33 ha torpaq sahəsi İddiaçı1 MMC-nin istifadəsinə verilsə də, hazırda cavabdeh tərəfindən ərazi zəbt edilmişdir, 2) Eskiz layihəsi 269 saylı, 15 may 2009-cu il tarixli məktubla cavabdehin icra orqanı olan Gəncə şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən razılaşdırılsa da hazırda ərazinin əhəmiyyətli qisminin zəbt edilməsinə görə, layihəni icra etmək qeyrimümkün olmur, ümumiyyətlə cavabdeh buna imkan vermir, 3) Gəncə şəhər İcra hakimiyyəti və Hacıkənd bələdiyyəsi ilə razılaşdırılaraq, onlara ayrılmış ərazinin qarşısındakı Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan abidə tərəflərindən yenidən inşa edilərək, ətrafı abadlaşdırılsa da, hazırda dağıdılmış və Böyük vətən müharibəsi iştirakçılarına, eləcə də onların ailələrinə hörmətsizlik edilmişdir. 4) Gəncə şəhər İcra Hakimiyyətinin əvvəlki başçısı Elmar Vəliyevin qanunsuz tapşırığı ilə Azərbaycan küçəsi 35 ünvanında yerləşən 3 otaqlı ev uçurulmuş və altındakı torpaq zəbt edilmişdir. Mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar cavabdehə çoxsaylı müraciətləri olsa da heç birinə dolğun, ətraflı və işin mahiyyətinə uyğun cavablar verilməmişdir. Konkret olaraq xx.xx.2022-ci il tarixli ərizə ilə (eyni məzmunlu müraciət ilə İddiaçı1 MMC də xx.xx.2022-də cavabdehə müraciət etmişdir) İddiaçı2 cavbdeh Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova müraciət edərək, ünvan 4 ünvanında, ümumi sahəsi 0.086 ha olan torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərindəki sökülmüş 3 otaqlı fərdi yaşayış evinin tikilərək qaytarılması, həmin torpağın qonşuluğunda, Azərbaycan küçəsi 31 ünvanında, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin, bundan əlavə ümumi sahəsi 407,9 kv.m olan qeyri-yaşayış sahəsi — hamamın yerləşdiyi torpaq sahəsinin olduğu kimi qaytarılması və abidənin olduğu kimi bərpa edilməsini xahiş etmişdir. Həmin müraciətə cavabdeh xx.xx.2022-ci il tarixdə cavab vermişdir ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı1 MMC-yə mülkiyyət hüququ ilə məxsus olan hər hansı bir torpaq sahəsi zəbt edilməmiş, mülkiyyətində olan tikinti sökülməmişdir. Göründüyü kimi cavabdehin bu cavabı da işin həqiqi halından yayınmaq və ümumiyyətlə pozulmuş hüququn bərpa edilməsində maraqlı olmamaq anlamına gəlir. Belə ki, ərizəçi İddiaçı1 MMC deyil, İddiaçı2 olmuşdur və öz mülkiyyətində olan torpağın zəbt edilməsini və mülkiyyətində olan yaşayış evinin sökülməsini bildirmişdir. Lakin, cavabdeh bilərəkdən İddiaçı1 MMC-nin mülkiyyətində olan torpağın zəbt edilməməsinə dair cavab vermiş, İddiaçı2 mülkiyyətində olan torpağın zəbt edilməməsinə münasibət bildirməmişdir. Həmçinin, sökülən fərdi yaşayış evi də İddiaçı2 mülkiyyətində olmuşdur. Cavabdeh bilərəkdən İddiaçı2 mülkiyyətində, həmçinin,İddiaçı1 MMC-nin qanuni istifadəsində olan torpağın zəbt edilməsindən yayınmağa cəhd etmişdir. Lakin, bu yayınma da uğursuz olmuşdur. Belə ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində 0.33 ha torpaq sahəsi İddiaçı1 MMC-yə 4 mərtəbəli otel binasının tikintisi üçün ayrılmış və layihəsi razılaşdırılmışdır. Həmçinin, həmin torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyətində olmuşdur. Bu barədə rəsmi sənədlər dəfələrlə icra hakimiyyətinə təqdim edilmiş, qanuni əsasların olmasına baxmayaraq, otel binasının tikintisi mümkün olmamış, cavabdeh buna maneələr yaratmış, 2009-2010-cu illərdə otel binasının tikintisi üçün qazılan özül çalası cavabdehin göstərişi ilə doldurulmuş, mülkiyyətdə olan torpaq sahəsinin üzərindəki özəl şəxsi yaşayış evi sökülmüş, eləcə də, şəxsi mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsi, həm də otel tikintisi üçün İddiaçı1 MMC-nin istifadəsinə verilən torpaq sahəsi zəbt edilərək, qonşuludakı parkın tərkibinə qatılmışdır. Bununla bağlı şəxsən İddiaçı2 3 dəfə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qəbulunda olmuşdur. Həmin görüşlər zamanı müayinə tapşırılmışdır ki, İddiaçı2 pozulan hüquqları bərpa edilsin. Həmçinin şəhərin baş memarı Hacıkənd qəsəbəsinə, zəbt edilən torpaq sahəsinə yerində baxış etməyə göndərilmiş, eyni zamanda həmin baxış zamanı reyestr xidmətinin əməkdaşı da dəvət edilmişdir. Bütün bunlara baxmayaraq bu günə kimi pozulan mülkiyyət hüquqları bərpa edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1818/2022 nömrəli qərardadı ilə Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsi və Hacıkənd bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-85/2023 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbində qeyd etdiyi mülkiyyət obyektlərinin sökülməsi ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir göstəriş verilməsi məhkəmə qaydasında öz təsdiqini tapmamış, iddiaçılar bu barədə sübut təqdim edə bilməmişdir. İddiaçılar qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, konkret olaraq xx.xx.2022-ci il tarixli ərizə ilə (eyni məzmunlu müraciət ilə İddiaçı1 MMC də xx.xx.2022-də cavabdehə müraciət etmişdir) İddiaçı2 cavbdeh Gəncə şəhər İcra Hakimiyyətinin başçısına müraciət edərək, ünvan 4 ünvanında, ümumi sahəsi 0.086 ha olan torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərindəki sökülmüş 3 otaqlı fərdi yaşayış evinin tikilərək qaytarılması, həmin torpağın qonşuluğunda, Azərbaycan küçəsi 31 ünvanında, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin, bundan əlavə ümumi sahəsi 407,9 kv.m olan qeyri-yaşayış sahəsi hamamın yerləşdiyi torpaq sahəsinin olduğu kimi qaytarılması və abidənin olduğu kimi bərpa edilməsini xahiş etmişdir. Həmin müraciətə cavabdeh xx.xx.2022-cil tarixdə cavab vermişdir ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı1 MMC-yə mülkiyyət hüququ ilə məxsus olan hər hansı bir torpaq sahəsi zəbt edilməmiş, mülkiyyətdə olan tikinti sökülməmişdir. Göründüyü kimi cavabdehin bu cavabı da işin həqiqi halından yayınmaq və ümumiyyətlə pozulmuş hüququn bərpa edilməsində maraqlı olmamaq anlamına gəlir. Belə ki, ərizəçi İddiaçı1 MMC deyil, İddiaçı2 olmuşdur və öz mülkiyyətində olan torpağın zəbt edilməsi və mülkiyyətində olan yaşayış evinin sökülməsini bildirmişdir. Lakin, cavabdeh bilərəkdən İddiaçı1 MMC-nin mülkiyyətində olan torpağın zəbt edilməməsinə dair cavab vermişdir. İddiaçı2 mülkiyyətində olan torpağın zəbt edilməməsinə münasibət bildirməmişdir. Həmçinin, sökülən fərdi yaşayış evi də İddiaçı2 mülkiyyətində olmuşdur. Cavabdeh bilərəkdən İddiaçı2 mülkiyyətində, həmçinin, İddiaçı1 MMC-nin qanuni istifadəsində olan torpağın zəbt edilməsindən yayınmağa cəhd etmişdir. Lakin, bu yayınma da uğursuz olmuşdur. Belə ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində 0.33 ha torpaq sahəsi İddiaçı1 MMC-yə 4-mərtəbəli otel binasının tikintisi üçün ayrılıb və layihəsi razılaşdırılıb. Həmçinin, həmin torpaq sahəsinin qonşuluğundakı torpaq da İddiaçı2 xüsusi mülkiyyətində olub. Bu barədə rəsmi sənədlər dəfələrlə icra hakimiyyətinə təqdim edilib. Qanuni əsasların olmasına baxmayaraq otel binasının tikintisi mümkün olmamış, cavabdeh buna maneələr yaratmış, 2009-2010-cu illərdə otel binasının tikintisi üçün qazılan özül çalası cavabdehin göstərişi ilə doldurulmuş, mülkiyyətdə olan torpaq sahəsinin üzərindəki özəl şəxsi yaşayış evi sökülmüş, eləcə də, şəxsi mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsi, həm də otel tikintisi üçün İddiaçı1 MMC-nin istifadəsinə verilən torpaq sahəsi zəbt edilərək, qonşuluqdakı parkın tərkibinə qatılmışdır. Bununla bağlı şəxsən İddiaçı2 3 dəfə Gəncə şəhər İcra Hakimiyyətinin başçısının qəbulunda olmuşdur. Həmin görüşlər zamanı müavinə tapşırılmışdır ki, İddiaçı2 pozulan hüquqları bərpa edilsin. Həmçinin şəhərin baş memarı Hacıkənd qəsəbəsinə, zəbt edilən torpaq sahəsinə yerində baxış etməyə göndərilmiş, eyni zamanda həmin baxış zamanı reyestr xidmətinin əməkdaşı da dəvət edilmişdir. Bütün bunlara baxmayaraq bu günə kimi pozulan mülkiyyət hüquqları bərpa edilməmişdir. xx.xx.2023-cü il tarixli qərarda qeyd edilmişdir ki şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı1 MMC-yə, üçüncü şəxslərə və cavabdehə lazimi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştiraklarını təmin etməmiş, sahələri barədə məlumat verməmişlər. Halbuki, həm İddiaçı2 nümayəndəsi və vəkili X7, həm də İddiaçı1 MMC-nin nümayəndəsi və işçisi X6 baş tutan bütün məhkəmə iclaslarında iştirak etmişdir. Hətta bir dəfə nümayəndə və vəkilin Bakı şəhərindən Gəncə şəhərinə gəlməsinə baxmayaraq, proses təxirə salınmışdır. Məhkəmə qərarının təsviri və əsaslandırıcı hissəsində ümumiyyətlə heç bir nəticəyə gəlməmişdir. Belə ki, qərarda məhkəmənin müəyyən etdiyi heç bir hal və ya mövqeyi yoxdur. Məhkəmə kollegiyasının iclasında iddiaçıların vəkili (nümayəndəsi) X7 izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, S.Rəhimovun və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsində mövcud olan tikililərin sökülməsi nəticəsində müvafiq kompensasiya ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana dəfələrlə müraciət edilmiş, lakin təmin olunmamışdır. Bundan başqa iş materiallarında olan hüquqmüəyyənedici sənədlərə əsasən şəxsin mülkiyyət hüququ tanınsa da, cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin bir hissəsində park inşa edilmiş, həmçinin fərdi yaşayış evi sökülmüşdür. Üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi məhkəmə kollegiyası iclasında izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəflər hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndələri iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia və iddia tələbinin dəyişdirilməsinə dair ərizələrində 1. ünvan 4 ünvanında, ümumi sahəsi 0.086 ha olan torpaq sahəsinin, 2. sökülmüş 3 otaqlı fərdi yaşayış evinin (tikilib bərpa edilərək), 3. Azərbaycan küçəsi 31 ünvanında, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin, 4. ümumi sahəsi 407,9 kv.m olan qeyri-yaşayış sahəsi - hamamın yerləşdiyi torpaq sahəsinin İddiaçı2 qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.086 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 məxsusdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 məxsusdur. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Gəncə X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 2152 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən üç yaşayış otağından ibarət yaşayış evi xx.xx.2005-ci il tarixdə İddiaçı2 adına qeydə alınmışdır. “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması” haqqında 003872 nömrəli, xx.xx.2005-ci il tarixli şəhadətnamədən görünür ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən ümumi sahəsi 407,9 kv.m. olan hamam İddiaçı2 tərəfindən alınmışdır. JN-8444 (KOD ********) nömrəli Torpağın müvəqqəti istifadə hüququna dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhər İHB-nin xx.xx.2005-ci il tarixli 315 nömrəli sərəncamı xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsi ilə Gəncə şəhəri Hacıkənd Bələdiyyəsinin torpaq sahəsindən beşulduzlu mehmanxana tikintisi üçün 99 il müddətinə, 0.33 hektar torpaq sahəsi verilmişdir. Göründüyü kimi iddia tələbində qeyd olunan əmlaklar ünvan 1 ünvanında yerləşən 0.086 ha torpaq sahəsi, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi, ünvan 5 ünvanında yerləşən üç yaşayış otağından ibarət yaşayış evi İddiaçı2 xüsusi mülkiyyətidir və onun hüquqları dövlət reyestrində qeydiyyata alınmış, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən ümumi sahəsi 407,9 kv.m. olan hamam isə “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması” haqqında 003872 nömrəli, xx.xx.2005-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı2 satılmışdır. Digər 0.33 hektar torpaq sahəsi isə Gəncə şəhəri Hacıkənd Bələdiyyəsinin torpaq sahəsindən beşulduzlu mehmanxana tikintisi üçün 99 il müddətinə İddiaçı1nə verilmiş və buna dair JN-8444 (KOD ********) nömrəli Torpağın müvəqqəti istifadə hüququna dair şəhadətnamə tərtib edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29. madələri). Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1. maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İddia tələbindən məlum olur ki, iddiaçılar iş üzrə hüquqmüəyyənedici sənədlər təqdim edərək cavabdeh tərəfindən zəbt edildiyi və söküldüyünü iddia etdikləri tikilinin bərpa olunmasını və torpaq sahəsinin geri qaytarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi isə iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların tələbində qeyd etdikləri mülkiyyət obyektlərinin sökülməsi ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir göstəriş verilməsi məhkəmə qaydasında öz təsdiqini tapmamış, iddiaçılar bu barədə sübut təqdim edə bilməmişdir. İlkin olaraq məhkəmə kollegiyası qeyd olunan tikililərin sökülməsi və torpaq sahəsinin alınaraq park salınması dəlilinə qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən hər hansı söküntü işlərinin həyata keçirilmədiyi və ya buna dair hər hansı bir qərar qəbul edilmədiyi bildirilsə də, aşağıda qeyd olunan əsasnamənin müddəalarına əsasən rayon ərazisində abadlıq və yaşıllaşdırılmaların aparılması yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. 1.3. yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. Qeyd olunan Əsasnamənin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi işə baxan zaman müvafiq ekspertiza təyin etmədən, iş materiallarında olan hüquqmüəyyənedici sənədlər əsasında iddiaçılara məxsus əmlakların yerini, hazırki vəziyyətini müəyyən etmədən nəticəyə gəlmişdir. Halbuki İPM-in 12-ci maddəsinə əsasən bu məhkəmə araşdırırlmasının əsas predmeti olmuşdur. Bundan başqa iddia tələbində qeyd olunan əmlakların, ümumilikdə İddiaçı2 mülkiyyətinə qaytarılması xahiş olunmuş, məhkəmə tərəfindən 0.33 hektar torpaq sahəsinin İddiaçı1nə verilməsi də dəqiqləşdirilməmişdir. Belə olan halda məhkəmə tərəfindən İPM-in 12-ci maddəsində nəzərdə tutulan obyektiv və hərtərəfli araşdırmanın aparılması, İPM-in 13-cü maddəsinə əsasən yardım etmək vəzifəsi ilə bağlı tələblər pozulmuşdur. Nəzərə almaq lazımdır ki, işə baxan məhkəmə obyektiv araşdırma prinsipinin tələbləri baxımından mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları araşdırmağa və bu məqsədlə müvafiq sübutları öz təşəbbüsü ilə toplamağa borcludur. Bu zaman həmçinin tərəflərin sübutları təqdimetmə imkanları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə ilkin olaraq hüquqmüəyyənedici sənədlər əsasında mövcud olan əmlakların (torpaq sahələrinin və tikilinin) yerləşmə yerini müəyyən etməli, həmin ərazinin park ərazisi ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməli, bundan sonra iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq dəqiqləşdirilməsi təklif olunmalı idi. Odur ki, işə yenidən baxılan zaman torpaq sahəsinin və sökülməsi iddia edilən əmlakların parkın ərazisi ilə üst-üstə düşüb-düşməməsi müvafiq prosessual hərəkətlər vasitəsi ilə - mütəxəssis dəvət etmək və ya ekspertiza təyin etmək yolu ilə araşdırılmalı, əmlakların yerləşmə yeri və vəziyyəti müəyyən edilməli, bundan sonra iddia tələbi dəqiqləşdirilməklə işə baxılması davam etdirilməlidir. Məhkəmə tərkibi onu da qeyd edir ki, torpaq sahəsi və ya sökülmüş əmlakın yerləşdiyi sahə ilə parkın ərazisi üst-üstə düşdüyü təqdirdə onun bərpası mümkün olmayacaqdır. Lakin torpaq sahələri və ya sökülməsi iddia edilən əmlak alınmaya məruz qaldığı təqdirdə iddiaçılar həmin əmlakların dəyərinin ödənilməsi hüququna malikdirlər. Başqa sözlə, iddiaçılar cavabdeh orqana qarşı daşınmaz əmlakın inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair deyil, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində göstərilmiş qaydada, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-85/2023 nömrəli nömrəli qərarı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar