Məhkəmə qərarları › İş №2-1(104)-421/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-421/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-421/2025 19.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin bərpa edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin “əlillik təyinatı barədə qüvvədə olan qərarın ləğv edilməsi” barədə xx.xx.2023cü il tarixli və “tam reabilitasiya olunmasına dair” xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsi və ona xx.xx.2013-cü il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1181/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2003-cü il tarixdə İİ dərəcəli, xx.xx.2004-cü il, xx.xx.2005-ci il, xx.xx.2006-cı il tarixlərdə İİİ dərəcəli, xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il tarixlərdə İİ dərəcəli 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar, “travmatik xəstəliyi intellektin enməsi ilə” diaqnozu ilə əlillik təyin edilmişdir.

2. İddiaçı xx.xx.2013-cü il tarixdən müddətsiz ümumi xəstəlik ilə əlaqədar, “Baş beyin travmatik x-yi yaddaşın və intellektin enməsi ilə” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir.

3. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-cü il tarixli bildirişdən görünür ki, o, 17 yanvar 2023-ci il tarixdə saat 13:10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmuş, əyani müayinəyə gələrkən özüylə mövcud xəstəliyinə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (məs: qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə “İZ” formalı akt, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməsi xahiş olunmuş, əyani müayinəyə gəlmədiyi halda iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur.

4. Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı barəsində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir.

5. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, o, xx.xx.2024-cü il tarixdə saat 13:10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmuş, əyani müayinəyə gələrkən özüylə mövcud xəstəliyinə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (məs: qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə “İZ” formalı akt, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməsi xahiş olunmuş, əyani müayinəyə gəlmədiyi halda iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur.

6. Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə əyani müayinəsi keçirilmiş İddiaçı barəsində xx.xx.2024-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir.

7. Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Tam reabilitasiya olması.

8. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə Agentlikdə əyani müayinədə iştirak etmiş və ona ümumi xəstəlik səbəbindən xx.xx.2013cü il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğvi barədə qərar qüvvədə saxlanılmışdır.

9. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli “vətəndaşın əlillik vəziyyəti haqqında” məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2013-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Belə ki, vətəndaş X2 daxil olmuş xx.xx.2022-ci il tarixli, **********9 nömrəli müraciət ərizəsində yaşadığı Gədəbəy rayonu üzrə bəzi vətəndaşların adlarını qeyd edərək əlillik vəziyyətlərinin saxta olduğunu bildirmişdir. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2022-ci il tarixli, **********0 nömrəli bildiriş məktubu əsasında xx.xx.2023-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Qərardan narazı olan vətəndaş müraciəti əsasında xx.xx.2024-cü il tarixli, 3-17-4/2-1-7465/2024 nömrəli məktubla yenidən xx.xx.2024-cü il tarixində komissiyaya dəvət edilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.

10. X8 ərizəsində bir neçə vətəndaşın əlilliklərinin saxta olması qeyd olunmuşdur.

11. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 193/25 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, İddiaçı Komissiya tərəfindən müayinə olunub. Diaqnoz: F07.0 Üzvi (keçirilmiş kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, yaddaş və intellektin zəifləməsi ilə. Anemnizində özünə xəsarət yetirmələri ilə.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” Publik hüquq şəxsin xx.xx.2025-ci il tarixli, 6296 nömrəli məktubundan görünür ki, İddiaçı həkim-psxiatrlar tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, yaddaş və intellektin zəifləməsi ilə anemnizində özünə xəsarət yetirmələrlə F07.0.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının qərarının ləğv edilməsi və 2-ci qrup əlillik dərəcəsinin dayandırıldığı vaxtdan bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Tələb onunla əsaslandırılmışdır ki, o, 2003-cü ildən növbəli şəkildə ikinci dərəcə əlilliklə əlaqədar pensiya almışdır. Daha sonra müayinə əsasında xx.xx.2013-cü il tarixdən ona 2-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Ona baş beyin travmatik x-yi yaddaşın və intellektin enməsi diaqnozu qoyulmuş və həmin xəstəlikdən əziyyət çəkir. Əlillik dərəcəsi təyin edildikdən sonra əmək pensiyası təyin edilmişdir. Daha sonra ikinci dərəcəli əlilliyi ləğv edilmiş və əlilliyə görə verilən ödəniş də 2023-cü ilin may ayından dayandırılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Agentlikdə əyani müayinədə iştirak etmiş və ümumi xəstəlik səbəbindən xx.xx.2013-cü il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ləğvi barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı 23 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsində, şəxsən tibb elmləri doktoru, professor Fuad İsmayılovun müayinə üçün qəbulunda olmuşdur. Müayinənin nəticəsi olaraq 15 yanvar 2024-cü il tarixli, 233 nömrəli məktubdan görünür ki, ona üzvi (keçirilmiş kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, yaddaş və intellektin zəifləməsi ilə F07.0. Anamnezində özünə xəsarət yetirmələri ilə diaqnozu qoyulmuşdur. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışdan məlum olur ki, o, Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində də müayinə olunmuş və orada da eyni yəni, üzvi mənşəli şəxsiyyət pozunluğu F07.0 diaqnozu qoyulmuşdur. Əvvəlki müayinə zamanı ona əlillik “müddətsiz” olaraq verilmiş və onun səhhəti ağır vəziyyətdədir. İddiaçı müharibə iştirakçısı olmuş və travma almışdır. O, hələ də xəstəliyi ilə əlaqədar xəstəxanadan dərmanlar alır və mütəmadi olaraq dərmanlar qəbul edir. Mütəmadi olaraq dərman qəbulu həkim müayinələri nəticəsində məsləhət görülmüşdür. Göründüyü kimi, iddiaçıya verilmiş əlillik dərəcəsi müddətsiz verildiyi halda heç bir əsas olmadan o, təkrar müayinədən keçirilmiş və səhhətində heç bir yaxşılaşma olmadığı halda, əksinə vəziyyəti daha da pisləşərək əlillik təyin edilməsinə əsas olmuş xəstəliyi daha da ağırlaşdığı halda təkrar müayinə nəticəsi olaraq onun müddətsiz 2-ci dərəcə əlilliyi ləğv edilmiş və nəticədə hüquqları cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1181/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin “əlillik təyinatı barədə qüvvədə olan qərarın ləğv edilməsi” barədə xx.xx.2023-cü il tarixli və “tam reabilitasiya olunmasına dair” xx.xx.2024cü il tarixli qərarlarının ləğv edilməsi və ona xx.xx.2013-cü il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1181/2025 nömrəli qərardadı ilə İddiaçı vəsatəti təmin edilmiş, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin “əlillik təyinatı barədə qüvvədə olan qərarın ləğv edilməsi” barədə xx.xx.2023-cü il tarixli və “tam reabilitasiya olunmasına dair” xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsi və ona xx.xx.2013-cü il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.

17. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ümumi xəstəlik səbəbindən bronxial astma xəstəliyindən mütəmadi olaraq əziyət çəkmiş, 2016-cı ildən etibarən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Lakin, sonraki Əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 0278003AAJ7E nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. “Diaqnozun mətni: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və dəqiqləşdirilməmiş travmaları => S09.9 - Başın dəqiqləş... X3: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40- J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı qəbul edilmişdir. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən - XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və dəqiqləşdirilməmiş travmaları => S09.9 - Başın dəqiqləş... müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. Əlavə müayinə və müalicəsinin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etmişdir.

19. Gəncə İnzibati Məhkəməsinin (hakim R.Tağıyeva) xx.xx.2025-ci il tarixli, 2- 1(114)-1181/2025 saylı qərarı ilə iddianın təmin edilməsi, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının “əlillik təyinatı barədə qüvvədə olan qərarın ləğv edilməsi” barədə xx.xx.2023-cü il tarixli və “tam reabilitasiya olunmaya dair” xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi, İddiaçı xx.xx.2013-cü il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

20. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, iş üzrə cavabdeh orqan TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi iddiaçı ilə eyni bölgədə yaşayan X8 ərizəsinin olmasını, həmin ərizədə iddiaçı da daxil olmaqla bir neçə şəxslərin əlilliklərinin saxta olmasının bildirməsini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, göstərilən ərizə əlilliyin müəyyən olunması barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi qəbul edilə bilməz. Məhz əlilliyin saxta olması qanunda nəzərdə tutulan qaydada təsdiq edilmədən belə əsası olmayan məlumatlar əsasında qüvvədə olan əlillik barədə qərarın yoxlanılmasını məhkəmə qanuni hesab etmir. Həmçinin iddiaçının əyani müayinəsi keçirilmədən mövcud sənədlər əsasında əlillik ləğv edilərkən cavabdeh tərəfindən məhz hansı əsaslara görə əlilliyin ləğv edilməsi əsaslandırılmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1181/2025 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəlik əlillik üçün əsas olan xəstəliklərdən deyil. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən İddiaçı (FİN:xxxxxxx) əyani müayinəyə dəvət üçün sifarişli xəbərnaməli məktub göndərilsə də əyani müayinədə iştirak etməmişdir. Bu səbəbdən mövcud sənədlər araşdırılaraq əlillik təyinatının ləğv edilmiş və müvafiq protokollarla rəsmiləşdirilmişdir. Bundan sonra əlillik təyinatı barədə qərarı ləğv edilmiş vətəndaşın müraciəti əsasında Agentlik tərəfindən yenidən xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət edilmiş, təqdim edilən tibbi sənədləri də nəzərə alınmaqla əyani müayinəsini həyata keçirilmiş, əlillik vəziyyəti yenidən qiymətləndirmiş və aşağıdakıları müəyyən etmişdir: Gədəbəy rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2013-cü il tarixində əyani müayinə əsasında təkrar olaraq qiymətləndirilmiş və ona Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir (Diaqnoz: Baş beyin travmatik xəstəliyi yaddaşın və intellektin enməsi ilə.) Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2023-cü il tarixində **********0 nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində 3-17-4/3-3-2101/2023 nömrəli qərar əsasında tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək ‘‘Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən xx.xx.2024-cü il tarixində 3-17-4/2-İ-7465/2024 nömrəli məktub əsasında komissiyaya dəvət edilmişdir. Müayinə zamanı kəllə-beyin travması aldıqdan sonra özünü xəstə hesab etdiyini, daimi baş ağrıları, yuxusuzluq, əsəbilik, gərginlik, özünə qapanma, yaddaş zəifliyi kimi şikayətləri olduğunu, mütəmadi olaraq psixiatrik xəstəxanada müalicə aldığını bildirmiş, müalicə və müayinə sənədlərini təqdim etmişdir. Təqdim etdiyi sənədlər arasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi”nin xx.xx.2024-cü il tarixli, 233 nömrəli tibbi rəyində: xx.xx.2023-cü il tarixində t.e.d.professor Fuad İsmaylov tərəfindən müayinə olunub kimi qeyd edilmiş və diaqnoz “ Üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, yaddaş və intellektin zəifləməsi ilə, anamnezində özünə xəsarət yetirmələri ilə” şəklində göstərilmiş, Bakı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12051869 nömrəli çıxarışına əsasən diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir. Gəncə şəhər Psixiatriya Xəstəxanasınin xx.xx.2021-xx.xx.2021-ci il tarixli 001602 nömrəli çıxarışında diaqnoz “Baş beyin travmatik xəstəliyi, yaddaş və intellektin enməsi ilə” kimi qeyd edilmiş; xx.xx.2023-xx.xx.2023-cü il tarixli 22/23 nömrəli çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları“ kimi qeyd edilmiş; Respublika Psixiatriya Xəstəxanasınin xx.xx.2024-xx.xx.2024-cü il tarixli 919/24 nömrəli çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi ilə” kimi göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” də aparılmış EEQ müayinəsinin nəticəsi : Rezidural orqanik tipli EEQ irradiasiya ləngiməyə meyillidir, fonal yayılır, diffuz ləngdir, tipik epileptik aktivlik yoxdur, damar siqnalları inkar edilmir, fonda paroksizmal aktivlik inkar edilmir kimi qeyd edilmişdir. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Gəncə İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş etdi.

25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

26. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

27. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 29.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

31. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

32. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

33. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

34. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

35. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

36. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

37. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

38. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

39. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

40. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

41. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2003-cü il tarixdə İİ dərəcəli, xx.xx.2004-cü il, xx.xx.2005-ci il, xx.xx.2006-cı il tarixlərdə İİİ dərəcəli, xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il tarixlərdə İİ dərəcəli 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar, “travmatik xəstəliyi intellektin enməsi ilə” diaqnozu ilə əlillik təyin edilmişdir. Sonuncu dəfə iddiaçıya xx.xx.2013-cü il tarixdən ümumi xəstəlik ilə əlaqədar, “Baş beyin travmatik x-yi yaddaşın və intellektin enməsi ilə” diaqnozu ilə İİ dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş, sonuncu müayinədə iştirak etməmişdir. xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı barəsində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Daha sonra müraciəti əsasında iddiaçı xx.xx.2024-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş, İddiaçı əyani müayinəsi keçirilmiş və barəsində xx.xx.2024-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir.

45. İddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı cavabdehin “əlillik təyinatı barədə qüvvədə olan qərarın ləğv edilməsi” barədə xx.xx.2023-cü il tarixli və “tam reabilitasiya olunmasına dair” xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsi və ona xx.xx.2013-cü il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsidir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya təyin edilmiş əlilliyin sonradan, yəni hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarla ləğv edilməsi səbəbi kimi iddiaçı ilə eyni bölgədə yaşayan X8 ərizəsinin olmasını, həmin ərizədə iddiaçı da daxil olmaqla bir neçə şəxslərin əlilliklərinin saxta olmasını bildirməsi qeyd edilmişdir.

47. Qeyd edilməlidir ki, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir. Sözügedən Qaydaların 3.7-ci bəndinə görə, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

48. Kollegiya xüsusi olaraq vurğulayır ki, istinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Şəxsin əyani müayinəyə cəlb edilməsi üçün ən əvvəl inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına olan əsasların mövcudluğunu sübut etməlidir. Hazırki halda iddiçının əlilliyi ilə bağlı vətəndaş müraciətinin olması Tibbi Sosial Ekspert Komissiyasının iddiaçı barəsində qəbul edilmiş qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi qiymətləndirilə bilməz.

49. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən, cavabdeh orqan şəxslə bağlı yeni qərar qəbul edərkən, müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir.

50. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçının əyani müayinəsini keçirmədən sonuncu barəsində xx.xx.2013-cü il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz qüvvədə olan əlilliyin ləğvi haqqında xx.xx.2023-cü il tarixdə qərar qəbul etmişdir ki, bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə zidd olmuşdur. Həmçinin iddiaçının əyani müayinəsi keçirilmədən mövcud sənədlər əsasında əlillik ləğv edilərkən cavabdeh tərəfindən məhz hansı əsaslara görə əlilliyin ləğv edilməsi əsaslandırılmamışdır.

51. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, iddiaçıya xx.xx.2013-cü il tarixdə təyin edilmiş əlillik bu barədə onun xeyrinə əlverişli inzibati aktın (İİ dərəcə müddətsiz əlilliyinin təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqanın öz təşəbbüsü ilə araşdırma aparılaraq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraat lazımi qaydada aparılmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxs- iddiaçı inzibati icraata dəvət edilmədən, onun dinlənilmə hüququ təmin edilmədən, qəbul etdiyi akt yazılı inzibati akt olduğu üçün yazılı şəkildə əsaslandırılmadan şəxsin məzmununa etimad göstərdiyi əlillik təyinatı ilə bağlı inzibati akt ləğv edilmiş və bununla da iddiaçının qanunla qorunan sosial təminat hüququna qanunsuz olaraq müdaxilə edilmişdir.

52. “İnzibati icraat haqqında” Qanunda inzibati orqanlar üçün müəyyən edilmiş qeyd olunan məhdudiyyətlər ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır.

53. İş materiallarından görünür ki, daha sonra isə iddiaçının özünün müraciəti əsasında xx.xx.2024-cü il tarixdə o, əyani müayinəyə dəvət olunmuş, əyani müayinəsi keçirilmiş və barəsində xx.xx.2024-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən əsaslara görə qeyd olunan qərarı da qanunsuz hesab edir.

54. Beləliklə, mübahisəyə dair işin məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuş hallarına görə cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

55. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.

56. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh orqan apellyasiya şikayətində işin mövcud hallarını sadalamış və yekunda iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmənin qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozduğunu bildirsə də, yuxarıda qeyd olunan hallar əslində cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğunu təsdiq etməklə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu deməyə əsas verir.

57. Bundan başqa, hazırkı iş üzrə məhkəmə qərarının ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

58. Məhkəmə kollegiyası bütün sadalanan halları nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə hüquqi mövqeyi əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1181/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar