Məhkəmə qərarları › İş №2-1(104)-422/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-422/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-422/2023 04.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq sənədlərin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-654/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin rəyindən görünür ki, Söylən bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikilməsi məqsədilə 0.10 ha torpaq sahəsinin hərracı və müsabiqəsinə çıxarılmadan İddiaçı satılmasına etiraz etmir və həmin torpaq sahəsi üzrə müvafiq sənədləşmə aparılması qanunamüvafiq hesab edir.

2. Tərtər rayon Söylən bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 89 nömrəli rəyindən görünür ki, ayrılıb verilməsi nəzərdə tutulan torpaq sahəsi 0.10 ha olmaqla Söylən bələdiyyəsinin perspektiv inkişaf fondunda olan torpaq sahəsinə aiddir və alqı-satqı predmetidir, ayrılmış torpaq sahəsinin həyətyanı məqsədi üçün satılması arxitektura normalarına uyğundur.

3. Tərtər rayon Söylən bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Söylən bələdiyyəsinin kəndin perspektiv inkişaf fondunda olan torpaq sahəsindən 0.10 ha torpaq sahəsi ayrılıb həyətyanı məqsədilə İddiaçı satılması qərara alınmışdır.

4. xx.xx.2012-ci il tarixli, 81 nömrəli “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Söylən bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 12 nömrəli qərarı ilə bələdiyyə ərazisindən Tərtər rayonu, Söylən kəndində yerləşən 0.10 ha torpaq sahəsinin satılması müqabilində İddiaçı tərəfindən 220 (iki yüz iyirmi) manat pul ödənilmişdir.

5. xx.xx.2012-ci il tarixli, 1 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən alqı-satqı edilmiş torpaq sahəsinə görə 220 (iki yüz iyirmi) manat pul Söylən bələdiyyəsinin müvafiq bank hesabına ödənilmişdir.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********33 nömrəli məktubundan görünür ki, “torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılması” ilə bağlı iddiaçının ərizəsinin icrasından bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan torpaq sahəsinə dair birbaşa vətəndaşın adına sənədlər tərtib olunması səbəbindən imtina edilmişdir.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-3587/2023 nömrəli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur ki, iddiaçı tərəfin nümayəndəsinin iştirakı ilə mübahisələndirilən və naturada göstərdiyi həyətyanı torpaq sahəsinin sərhədləri GPS aləti vasitəsilə ölçülərək TEKUİS məlumat bazası ilə müqayisələndirildi, iddiaçı tərəfin nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi 0,0921 hektardır. Tərtər rayonu Söylən bələdiyyəsinin 28 dekabr 2012-ci il tarixli, 12 nömrəli qərarına əsasən İddiaçı verilən 0,10 ha torpaq sahəsinə dair koordinatları əks etdirən sənədlər (şəhadətnamə, çıxarış və “Torpaq sahəsinə dair plan və ölçü”) olmadığından üst-üstə düşüb-düşmədiyi təyin etmək mümkün olmamışdır. İddiaçı tərəfin nümayəndəsinin naturada göstərdiyi 0,0921 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı tərəfin nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, həyətyanı təyinatlı torpaq sahəsidir. İddiaçı tərəfin nümayəndəsinin naturada göstərdiyi 0,0921 ha həyətyanı torpaq sahəsinin yerin təkindən rabitə, nəqliyyat,qaz,su,kanalizasiya və digər kommunikasiya xətləri mövcud deyil, mühafizə zolağına və ya sürüşmə zonasına düşmür.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər rayon Söylən bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 12 nömrəli qərarına əsasən Tərtər rayon Qapanlı (indiki Alışarlı) kəndində yerləşən onun adına verilmiş 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq sənədlərin (torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və.s) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayon Söylən bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 12 nömrəli qərarına əsasən Tərtər rayon Qapanlı (indiki Alışarlı) kəndi ərazisindən iddiaçının adına 0.10 ha həyətyanı torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. Buna uyğun olaraq iddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək istəyir. Lakin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması səbəbindən iddiaçı torpaq üzərindəki gözlənilən mülkiyyət hüquqlarından səmərəli istifadə edə bilməmişdir. Bu səbəbdən də qanuni istifadəsində olan 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq sənədlərin (torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və.s) verilməsi məqsədilə cavabdehə müraciət etsə də cavabdeh bundan imtina etmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-654/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda müvafiq dövlət reyestrində qeydiyyatdan keçirmədən) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-654/2023 nömrəli qərarının ləğv olunmasını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Tərtər rayon Söylən bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 12 nömrəli qərarı ilə ona ayrıİmış 0.10 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması məqsədi ilə xx.xx.2022-ci il tarixli ərizəyə əlavə olunan sənədlərlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında əmlak Məsəlləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 sayli Bərdə Ərazi darəsinə müraciət oİunmuşdur. Ərizəyə əlavə olunan ilkin torpaqayırma sənədləri tərəflərindən araşdırıİaraq müəyyən oİunmuşdur ki, həmin sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib oİunmamışdır. Belə ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun İİ fəsli bələdiyyə torpaqlarının mülkiyyəti, istifadəyə icarəyə verilməsinin xüsusiyyətləri müəyyən edir. Lakin Qanunda dəyişiklik edilməsinə baxmayaraq torpaq sahəsi üzərində bələdiyyənin mulkiyyət hüququ dövlət qeydiyyatına alınmadan, torpaq sahəsinə dair birbaşa vətəndaşın adına sənədlər tərtib oİunmuşdur. Bu səbəbdən də ərizənin icrasından imtina oİunmuşdur.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyası iclasında izahat verən iddiaçı apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında cavabdehin və üçüncü şəxsin nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

21. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə:

10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.

23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

24. İş materialları ilə müəyyən olunur ki, Tərtər rayon Söylən bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 12 nömrəli qərarı ilə həyətyanı məqsədilə İddiaçı Tərtər rayonu, Söylən kəndində yerləşən 0.10 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin müvafiq rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerquruluşu planı və alqı-satqı aktı əldə edilmişdir.

25. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. İddiaçının tələbi birinci instansiya məhkəməsi tərəfindən əsaslı hesab edilərək təmin olunmuşdur.

26. Apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək istifadəsində olan 0,0921 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş olunmuş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, yuxarıda qeyd olunan maddi normalara əsasən bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.

28. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilər.

29. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1. maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.

30. Bununla yanaşı, apellyasiya icraatı zamanı təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur ki, iddiaçı tərəfin nümayəndəsinin iştirakı ilə mübahisələndirilən və naturada göstərdiyi həyətyanı torpaq sahəsinin sərhədləri GPS aləti vasitəsilə ölçülərək TEKUİS məlumat bazası ilə müqayisələndirildi, iddiaçı tərəfin nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi 0,0921 hektardır. Tərtər rayonu Söylən bələdiyyəsinin 28 dekabr 2012-ci il tarixli, 12 nömrəli qərarına əsasən İddiaçı verilən 0,10 ha torpaq sahəsinə dair koordinatları əks etdirən sənədlər (şəhadətnamə, çıxarış və “Torpaq sahəsinə dair plan və ölçü”) olmadığından üst-üstə düşüb-düşmədiyi təyin etmək mümkün olmamışdır. İddiaçı tərəin nümayəndəsinin naturada göstərdiyi 0,0921 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı tərəfin nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, həyətyanı təyinatlı torpaq sahəsidir. İddiaçı tərəfin nümayəndəsinin naturada göstərdiyi 0,0921 ha həyətyanı torpaq sahəsinin yerin təkindən rabitə, nəqliyyat,qaz,su,kanalizasiya və digər kommunikasiya xətləri mövcud deyil, mühafizə zolağına və ya sürüşmə zonasına düşmür.

31. Göründüyü kimi iddiaçının faktiki istifadəsində 0,0921 ha torpaq sahəsi vardır, həmin sahə bələdiyyənin mülkiyyətində olmaqla həyətyanı təyinatlı torpaq sahəsidir, üçüncü şəxslərin sahələri ilə üst-üstə düşmə halı yoxdur, iddiaçı da tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək mütəxəssis rəyinə uyğun olaraq faktiki ölçülər üzrə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması xahiş etmişdir.

32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “0,0921 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması”hissəsində əsaslıdır və şikayətin qeyd olunan hissədə təmin edilməsi üçün heç bir hüquqi və ya faktiki əsaslar müəyyən olunmamışdır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

34. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.18. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-654/2023 nömrəli qərarı «0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması» hissəsində dəyişdirilsin. Tərtər rayon Söylən bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 12 nömrəli qərarı ilə kəndin perspektiv inkişaf fondunda olan torpaq sahəsindən İddiaçı satılmış 0.0921 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq sənədlərin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar