Məhkəmə qərarları › İş №2-1(104)-426/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-426/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-426/2023 25.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayənəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-680/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya məxsus xx.xx.1981-ci il tarixli 297 nömrəli kolxozçunun əmək kitabçasının təsdiqlənmiş surəti ilə təsdiq olunur ki, o, xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilədək kolxozda işləmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam rayon Filialının xx.xx.2014-cü il tarixli, 425 nömrəli arxiv arayışında bildirilir ki, Ağdam Rayon Dövlət Arxivində saxlanılan Ağdam Rayon Mərzili kənd ərazi nümayəndəliyinin arayış xarakterli arxiv sənədlərinə əsasən İddiaçı nümayəndəlikdə mühasib işləmiş və əmək haqqı almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, iddiaçının ümumi iş stajının 16 il 10 ay 13 gün olmasına görə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi illərin sosial sığorta stajına hesablanaraq əmək pensiyasına əlavə olunmasını cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il təvəllüdlüdür. Orta məktəbi bitirdikdən sonra 1975-ci ildə S.Ağamalıoğlu adına “Şərəf nişanı” ordeni Azərbaycan Kənd Təsərrüfatı İnstutunun “zoomühəndis” fakültəsinə qəbul olmuş və xx.xx.1980-ci ildə həmin fakultəni bitirmişəm. Bu barədə ona 282401 saylı diplom da verilmişdir. İnstitutu bitirdikdən sonra ehtiyatda olan zabit kimi xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə kursda olmuşdur. O, cümlədən xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilədək Xocavənd rayonunda “tumanyan” adına kolxozda müxtəlif vəzifələrdə çalışmışdır. Bundan sonra xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Ağdam rayon Mərzili Kənd Ərazi Nümayəndəliyində Mühasib Köməkçisi, xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci tarixədək Ağdam rayon İcra Hakimiyyəti Başçısının ərazi inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsində çalışmışdır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi illərin sosial sığorta stajına hesablanaraq dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə kimi qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərardad ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-680/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1989-cu il tarixədək Xocavənd rayonu Tumanyan kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı gündən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə X3 üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür və xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Bununla yanaşı iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1989-cu il tarixədək Xocavənd rayonunda Tumanyan kolxozunda işlədiyi dövr (9 il) də daxil edilməklə, ümumilikdə (cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 16 il 10 ay 13 gün sığorta stajı nəzərə alınmaqla) 25 il 10 ay 13 gün sığorta stajı tamam olur və bu cavabdeh orqanının imtina və məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktublarında öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1989-cu il tarixədək Xocavənd rayonunda Tumanyan kolxozunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı xx.xx.2004-xx.xx.2005-ci il və xx.xx.2006-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər olmaqla 16 il 10 ay 13 gün təşkil edir. Həmçinin iddiaçıya məxsus 15 fevral 1981-ci il tarixli 297 nömrəli kolxozçunun əmək kitabçasında göstərilən məlumatlar araşdırılarkən həmin əmək kitabçasının “işlənmiş adam günləri” və “pul” sütunlarında olan qeydlərə sonradan düzəliş edildiyi aşkar edilib. Bununla əlaqədar sözügedən əmək kitabçasında 1980-1989- cu il tarixləri arasındakı dövr ərzində əmək fəaliyyətinin olduğunu göstərən müddətin sığorta stajının hesablanması zamanı nəzərə alınması mümkün hesab edilmir. Beləliklə iddiaçıya dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qedə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Cavabdehin nümayənəsi X2 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 16 il 10 ay 13 gün olmasına görə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Halbuki iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli 297 nömrəli kolxozçunun əmək kitabçasının təsdiqlənmiş surəti ilə təsdiq olunur ki, o, xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilədək kolxozda işləmişdir. Əmək kitabçasında gösərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən hesab edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Beləliklə də, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür və xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Bununla yanaşı iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1989-cu il tarixədək Xocavənd rayonunda Tumanyan kolxozunda işlədiyi dövr (9 il) də daxil edilməklə, ümumilikdə (cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 16 il 10 ay 13 gün sığorta stajı nəzərə alınmaqla) 25 il 10 ay 13 gün sığorta stajı tamam olur və bu cavabdeh orqanının imtina və məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktublarında öz təsdiqini tapmışdır. Bundan başqa apellyator şikayətində qeyd etmişdir ki, iddiaçı tərəfindən əməkhaqqı arayışları və əmrlərdən çıxarışlar təqdim edilməmişdir. Başqa sözlə əmək haqqı cədvəlləri və işdən azad olunma əmrlərinin müəyyən edilməməsi və Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin illərlə bağlı təhvil verilməyən əmək haqqı cədvəlləri və işdən azad olunma əmrlərinə görə iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan- sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar. Bundan başqa, pensiya qanunvericiliyində əmək stajını təsdiq edən sənədlər üzrə əmək haqqı cədvəllərinin mütləq təqdim edilməsi ilə bağlı müddəa da nəzərdə tutulmamış, yalnız əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçası və qeydləri təqdim edilmədiyi halda əlaqəli məlumat kimi əmək haqqı cədvəllərinin və s. sənədlərin nəzərə alınmasının mümkünlüyü müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işəgötürən müəssisənin sənədlərinin tərtibinin tamlığı və düzgünlüyü halının mübahisələndirilməsi işçinin yaranmış və gələcəkdə yaranacaq hər hansı hüquqlarının realizəsinin məhdudlaşdırılmasına əsas ola bilməz. Yuxarıda qeyd edilən maddi normalardan göründüyü kimi əmək kitabçası şəxsin əmək stajını müəyyən edən mənbələr sırasındadır. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Belə ki, mötəbər hesab edilmiş sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Hazırki tələb üzrə cavabdeh iddiaçıya məxsus əmək kitabçasının özünün və oradakı qeydlərinin mötəbərliyini istisna edən hər hansı bir sənəd təqdim etməmişdir. Göründüyü kimi toplanmış sübutlarla iddiaçının əmək kitabçasından qeyd olunan iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1989-cu il tarixədək Xocavənd rayonunda Tumanyan kolxozunda işləməsi sübut olunmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yaşa görə əmək pensiyası iki şərt: 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda; 2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Beləliklə də, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür və xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-680/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar