Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-428/2025 20.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və X1 ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı ona 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-237/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı "xxxx" QSC-nin X5nda xx.xx.1988-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1998-cı il tarixinədək, xx.xx.2005-ci il tarixindən 16 05.2005-ci il tarixinədək və xx.xx.2007-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək yol montyoru peşəsində çalışmışdır. Bu peşə üzrə İddiaçı iş stajı 12 il 7 ay 2 gün təşkil edir. İşlədiyi yol montyoru peşəsinin əsas xüsusiyyətləri yolun üst tikililərinin, konstruksiyalarının və dəmir yolu xətlərinin quraşdırılması, sökülməsi və təmiri üzrə işlərinin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 22-ci abzasına uyğundur. X5 magistral dəmir yolları üzrə xidmət göstərmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, 1 yanvar 2006-cı il tarixindən bu günədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində 2011-ci ilin iyul ayı üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (1 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 5 ay 21 gün (xx.xx.1988-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1998-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2007-xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta X7 X3 xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin (bundan sonra -Əsasnamə) 1.1-ci bəndinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əsasnamənin 107-ci bəndinə əsasən ödənilmiş və ödənişə aid edilməyən xəstəlik vərəqələri, o cümlədən müavinət ödənilməsi üçün təqdim edilmiş bütün başqa sənədlər (arayışlar, aktlar, yollayışların geri qayıtma talonları və s.) pul sənədləri ilə birlikdə müəssisənin mühasibatlığında saxlanılır. İddiaçı sığortaedən "Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin 5 №-li müəssisəsində (bundan sonra - Müəssisə) (SUN: **********7;VÖEN: **********) 2011-ci ilin iyul ayında əmək fəaliyyəti ilə məşğul olub-olmaması, həmçinin sığortaolunanın sözügedən il üzrə xəstəlik vərəqəsini təqdim edib-etməməsi ilə bağlı məlumatın əldə edilməsi üçün Müəssisənin hüquqi varisi olan sığortaedən "Azərbaycan Dəmir Yolları” QSC-yə (SUN: **********8;VÖEN: **********) xx.xx.2024-cü il tarixli 3-17-1/2-46914/2024 və xx.xx.2024-cü il tarixli 3-17-1/2-105673/2024 nömrəli məktublarla müraciət olunmuşdur. "Azərbaycan Dəmir Yolları” QSC Filiala ünvanladığı xx.xx.2024-cü il tarixli 13-1-24/2- 126/2024 və xx.xx.2024-cü il tarixli 13-1/2-5136/2024 nömrəli cavab məktublarında, İddiaçı 2011-ci ildə Müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğunu, həmçinin sözügedən ildə xəstəlik səbəbilə işdə olmaması ilə bağlı tərtib olunmuş uçot cədvəllərində müvafiq qeydlərin aparıldığını, lakin İddiaçı tərəfindən sözügedən dövr üzrə təqdim olunmalı əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı sənədlərin surətlərinin təşkilatda aşkarlanmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işlədiyi 2011-ci ilin iyul ayının güzəştli sosial sığorta stajına daxil edilməklə, 60 yaşı tamam olduğu vaxtda 25 ildən artıq ümumi stajı olmaqla, həmin stajın 12 il, 6 aydan artığını güzəştli peşədə işlədiyi nəzərə alınıb, 04 aprel 2022-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Türkmənistan Respublikasının Marı vilayətində anadan olmuş, hal-hazırda Goranboy rayonunun Qazançı kəndində yaşayır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbinə görə 25 il ümumi əmək stajı olan, həmin stajın 12 il, 6 ayını zərərli, ağır işdə işləyən kişilər 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranır. Onun əmək kitabçasının notariusda təsdiqlənmiş surətindən, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin barəsində şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmağına dair verdiyi xx.xx.2023-cü il tarixli 13-1 /2-M-1458/2/2023 saylı rəsmi arayışdan, eləcə də digər rəsmi sənədlərdən təsdiq olunur ki, onun 60 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Ona görə ki, 60 yaşı tam olduğu vaxt onun 25 ildən artıq sosial sığorta stajı, həmin stajın 12 il, 6 aydan artığını isə güzəştli peşə hesab olunan ADY 6 saylı Yol distansiyasının Kürəkçay məntəqəsində yol ustası və yol montyoru vəzifələrində işləmişdir. Onun 40 il yaxın ümumi əmək stajı vardır. Bundan 12 il 7 ay 2 günü güzəştli şərtlər qrupuna aid olan peşədə işləmişdir. (Qeyd etdikləri əmək kitabçasının surətindən, eləcə də güzəştli staj barədə rəsmi arayışdan da təsdiq olunur). O, 60 yaşı tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən ötrü Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də sonuncu tərəfindən imtina cavabı verilmişdir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Mərkəzi Filiala təqdim edilən sənədlərə əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 5 ay 21 gün ((xx.xx.1988-xx.xx.1992-ci il, xx.xx.1993xx.xx.1998-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2007-xx.xx.2011-ci il, xx.xx.2011xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-237/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat X3 üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2023-ci il tarixli, 3-17-1/3- 1-91608/2023 nömrəli məktubda qeyd edilmişdir ki, 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində 2011-ci ilin iyul ayı üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (1 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 5 ay 21 gün (xx.xx.1988-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1998-ci il, xx.xx.2005- xx.xx.2005-ci il, xx.xx.2007- xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İnzibati orqan tərəfindən təqdim edilmiş məktubda güzəştli stajın 12 il 5 ay 21 gün olaraq qəbul edildiyi, Qanunun 21.2.9-cu maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət sığortaolunanın güzəştli iş stajına deyil, sığorta stajına daxil edilməsi qeyd olunaraq mübahisələndirilən illərin iddiaçının ümumi iş sığorta stajına daxil edildiyi bildirilmişdir. Başqa sözlə cavabdeh orqan iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddəti onun sığorta stajına daxil etsə də, güzəştli iş stajına daxil etməmişdir. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı "xxxx" QSC-nin X5nda xx.xx.1988-ci il tarixindən xx.xx.1992-ci li tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1998-cı il tarixinədək, xx.xx.2005-ci il tarixindən 16 05.2005-ci il tarixinədək və xx.xx.2007-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək yol montyoru peşəsində çalışmışdır. Bu peşə üzrə İddiaçı iş stajı 12 il 7 ay 2 gün təşkil edir. İşlədiyi yol montyoru peşəsinin əsas xüsusiyyətləri yolun üst tikililərinin, konstruksiyalarının və dəmir yolu xətlərinin quraşdırılması, sökülməsi və təmiri üzrə işlərinin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 22-ci abzasına uyğundur. X5 magistral dəmir yolları üzrə xidmət göstərmişdir. Məhkəmə inzibati orqanın imtinası ilə razılaşmır və qeyd edir ki, hər bir dövr üzrə sosial sığorta ödənişlərinin olub-olmaması, həmin dövr üçün qüvvədə olan qanunvericilik normalarına münasibətdə konkret hüquqi nəticəyə səbəb olur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.9-cu maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət sığortaolunanın sığorta stajına daxil edilir. Əmək Məcəlləsinin 132.1 maddəsinin c) bəndinin məzmununda əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrün işçinin əmək stajına daxil edilməsi müəyyən edilmişdir. Başqa sözlə qanunvericilik əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddətin ümumi və ya güzəştli iş stajına daxil edilməsini fərqləndirməmiş, həmin müddətin sığorta stajına daxil edilməsi qeyd edilmişdir. Bu cür fərqli münasibətin tətbiq edilməsi qanunvericiliklə dəqiq müəyyən edilməlidir. Bu cür müəyyənləşdirilmə olmadığı halda inzibati orqanın öz mülahizəsinə əsasən mübahisəli dövrün güzəştli staj kimi nəzərə almaması qəbuledilməzdir. Bununla yanaşı, cavabdeh orqan mübahisələndirilən dövrlərin iddiaçının ümumi iş stajına daxil edilməsi, lakin güzəştli iş stajına daxil edilməməsi ilə bağlı mövqeyinin hansı zərurətdən irəli gəldiyini əsaslandıra bilməmiş, buna dair heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, qeyd olunan hal iddiaçının hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)237/2025 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Mərkəzi Filiala təqdim edilən sənədlərə əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 5 ay 21 gün ((xx.xx.1988-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1998-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2007-xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Yasin Zeynalov apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən 01 yanvar 2006-cı il tarixdən bu günədək ona münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2011-ci ilin iyul ayı üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamış, beləliklə qeyd edilənlərə əsasən güzəştli iş stajı 12 il 6 (12 il 5 ay 21 gün )aydan az olduğundan müraciətin müsbət icrasından imtina edilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulan müvafiq pensiya yaşına çatmış və tələb olunan minimum ümumi əmək stajı mövcuddur. Həmçinin güzəştli iş stajı kimi qəbul edilməyən 2011-ci ilin iyul ayı da cavabdeh tərəfindən iddiaçının ümumi stajı olaraq qəbul edilmişdir. İşdə olan sənədlərdən də görünür ki, inzibati orqan tərəfindən güzəştli staj kimi nəzərə alınmayan dövr iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddətinə təsadüf edir. Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi də mübahisələndirilən dövrün ümumi iş stajına daxil edildiyini, lakin güzəştli iş stajı kimi nəzərə alınmadığını bildirmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı da güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdehin sərgilədiyi mövqeyə əsasən iddiaçı 2011-ci ilin iyul ayı üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən işdə olmadığından həmin dövr onun güzəştli stajına daxil edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin qeyd etdiyi hüquqi mövqeyi qanunvericiliyin tələblərinə ziddi hesab edərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.9cu maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət sığortaolunanın sığorta stajına daxil edilir. Qanunvericiliyə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət ödənilən müddət sığortaolunanın sığorta stajına daxil edilir. Bəhs olunan normaya görə müavinət alınan dövrün təkcə ümumi sığorta stajına aid edilməsi barədə, yaxud həmin dövrün güzəştli staja daxil edilməməsi barədə ayrıca müddəa nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının mübahisə edilən dövrünün yalnız ümumi sığorta stajına daxil edilməsi barədə cavabdehin dəlili əsaslı sayıla bilməz. Ona görə də kollegiya hesab edir ki, cavabdeh tərəfindən mübahisə olunan dövr iddiaçının ümumi sığorta stajına daxil edildiyindən və həmin dövrün güzəştli staj hesab edilməməsinə dair cavabdeh orqan tərəfindən başqa əsasla mübahisə olmadığından iş üzrə birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Kollegiya hesab edir ki, qeyd olunanlara əsasən iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-237/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.