Məhkəmə qərarları › İş №2-1(104)-429/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-429/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-429/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi) qarşı “vahid aylıq müavinətin bərpa edilməsi və dayandırıldığı tarixdən hesablanaraq verilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1048/2023 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları AA seriyalı 127049 nömrəli xx.xx.2005-ci il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. “Nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, X2 ilə X5 arasında bağlanmış nikah xx.xx.2004-cü il tarixdə pozulmuşdur, nikah pozulduqdan sonra qadına “Həsənova” soyadı verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 3463 nömrəli məktubundan görünür ki, iddiaçının müraciəti müsbət həllini tapmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona ödənilən vahid aylıq müavinətin bərpa edilməsi və dayandırıldığı tarixdən hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. 1993-cü ildə X5 ilə ailə qurmuş və nikahdan 3 övladları doğulmuş, sonradan boşanmışlar və uşaqlar onun himayəsində qalmışdır. Məcburi köçkün statusu əldə etdiyi vaxtdan özünə və uşaqlarına yemək xərci müavinəti fasiləsiz olaraq verilmişdir. Lakin sonradan müavinətin ödənilməsi dayandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3820/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə göndərilmiş etirazda bildirilmişdir ki, aparılmış araşdırma zamanı İddiaçı məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan və ünvan 1i ünvanında daimi qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü X6 ilə ailə münasibətlərinə daxil olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası"nın 2.4cü bəndinə uyğun olaraq, İddiaçı vahid aylıq müavinət verilə bilməz. Xüsusilə vurğulamaq lazımdır ki, qadının sonradan boşanması halı belə ona vahid aylıq müavinət verilməsini istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1048/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı verilən vahid aylıq müavinətin ödənilməsi bərpa edilməklə dayandırıldığı tarixdən hesablanaraq verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının X5 ilə nikah münasibətləri 1993-cü ildə yaranmış, 2004-ci ildə isə xitam verilmişdir. Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara müvafiq müavinətin verilməməsi ilə bağlı göstəriş isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” ilə müəyyən edilmişdir. İddiaçıya məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət verilən zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2744 nömrə ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" qüvvədə olmuşdur. Yuxarıda istinad olunan və həmin dövrdə qüvvədə olmuş qanunvericilik normalarından göründüyü kimi məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara, eləcə də ər və ya arvaddan birinin "məcburi köçkün" statusuna malik olduğu ailələrdə onlardan birinin vəfat etməsindən sonra "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində olan uşaqlara yemək xərci üçün aylıq müavinət verilməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisə üzrə iddiaçının yemək xərci üçün aylıq müavinət alan zaman sözügedən Təlimat qüvvədə olduğundan həmin dövrün qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Başqa sözlə iddiaçıya həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətin ödənilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 2- 1(114)-1048/2023 saylı qərarında qüvvədən düşmüş akta istinad edərək iddia tələbinin təmin olunmasını əsaslandırması yolverilməzdir. Belə ki, "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 nömrəli əmri ilə təsdiq olunmuş, sonradan Komitənin 2010-cu il 10 dekabr tarixli, 127 nömrəli əmri ilə yeni redaksiyada verilmişdir. Daha sonra isə, Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2014cü il 10 dekabr tarixli 1 nömrəli qərarı ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2010-cu il 10 dekabr tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2010-cu il 17 dekabr tarixli 4076 nömrəli şəhadətnamə verilməklə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" ləğv edilərək, "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" yeni redaksiyada təsdiq edilmişdir. "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı ilə dövlət büdcəsindən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət təyin edilmiş və həmin Fərmanın 2.1-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar tarixli 11 nömrəli qərarı ilə "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası" təsdiq edilmişdir. Aparılmış araşdırma zamanı, İddiaçı məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan və ünvan 1i ünvanında daimi qeydiyyatda olan xx.xx.1970 ci il təvəllüdlü X6 ilə ailə münasibətlərinə daxil olduğu müəyyən olunmuşdur. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası"nın 2.4-cü bəndinə uyğun olaraq, İddiaçı vahid aylıq müavinət verilə bilməz. Xüsusilə vurğulamaq lazımdır ki, qadının sonradan boşanması halı belə ona vahid aylıq müavinət verilməsini istisna etmir. Xüsusilə qeyd etmək istəyirik ki, Gəncə İnzibati Məhkəməsinin qərarında qeyd etdiyi mövqedən məhkəmə mübahisəsinə baxdığımız zaman da görürük ki, Qaydalar qəbul edilənədək qüvvədə olan "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 6.1.4-cü bəndinə əsasən məcburi köçkün olduqdan sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə yemək xərci üçün aylıq müavinət verilmir və ya dayandırılır. Nəticədə, həm Qaydalar, həm də qüvvədən düşmüş Təlimat iddiaçıya müavinətin ödənilməsinin dayandırılmasını şərtləndirir. Hazırda məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir. Bildiririk ki, qüvvədən düşmüş Təlimatlarla yalnız məcburi köçkünlərə yemək xərci üçün müavinətin ödənilməsi nəzərdə tutulurdusa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Qayda ilə isə nəinki yemək xərci, həmçinin kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, yeni vahid aylıq müavinətin ödənilməsi nəzərdə tutulur. Məzmunundan da göründüyü kimi, hal-hazırda məcburi köçkünlərə verilən vahid aylıq müavinət, məcburi köçkünlərə yemək xərci üçün verilən ödənişlərin xələfi, davamçısı qismində çıxış etmir. Məcburi köçkünlərə ödənilən vahid aylıq müavinət yemək xərci üçün ödənişlərdən müstəqil. yeni bir müavinət növü - yeni bir sosial müdafiə tədbiridir və onun verilmə şərtləri müəyyən olunan zaman yemək xərcinə görə ödənişlərin verilməsinə dair Təliata deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaya istinad olunmalıdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxamayaraq iddiaçı məhkəmə iclasında gəlməmiş, iş üzrə cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası onların iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair» Qaydalar əsas anlayışlar: - məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) –Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydaların 4.1-ci bəndində göstərilmişdir ki, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası" Bənd 2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş; Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" İV. Yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.1. "Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə; 4.4. Ər və ya arvaddan biri "məcburi köçkün" statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara; 4.6. Faktiki nikahdan doğulmuş, "məcburi köçkün" statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə); Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi: Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. İddiaçı əvvəllər aldığı məcburi köçkünlər üçün nəzərdə müavinətin bərpa edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu tərəfindən iddiaçının müraciəti müsbət həllini tapmamışdır. Belə ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.4. maddəsinə uyğun olaraq məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeyddiyatdan çıxmayan şəxslərə aylıq müavinətin verilməsinin şamil edilmədiyi bildirmişdir. Həmin Qayda təsdiq edilməzdən əvvəl İddiaçı X5 ilə ailə qurmuş və 2004-cü ildə onların nikahları pozulmuşdur. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçı 2005-ci ildə məcburi köçkün statusu almışdır. Bununla bağlı kollegiya qeyd edir ki, həmin dövrdə iddiaçı məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinət verilərkən qüvvədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2744 nömrə ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 № əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat” olmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, tərəflər arasında yaranmış mübahisə sözügedən Təlimata istinad edilərək həlli yolunu tapmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı məcburi köçkün statusuna malikdir. Sonradan iddiaçı 1993-cü ildən məcburi köçkün statusu olmayan şəxslə faktiki nikaha daxil olmuş, həmin faktik nikahdan onun üç uşağı doğulmuşdur. Bununla əlaqədar olaraq ona ödənilən müavinət dayandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın hərəkəti qanunsuz olmuşdur. Göründüyü kimi iddiaçının Kəlbəcər rayonundan məcburi köçkün olduğuna görə əvvəllər yemək xərci alması, məcburi köçkün olmayan şəxslə nikaha daxil olduqdan sonra yemək xərcinin verilməsinin dayandırılması, nikahın pozulması, həmçinin hazırda məcburi köçkün statusu olması işin mübahisə olunmayan hallarıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyası göstərir ki, iddiaçıya məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət verilən zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2744 nömrə ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" qüvvədə olmuşdur. "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 4.1, 4.4 və 4.6-cı bəndlərində qeyd olunmuşdur ki, "Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə, ər və ya arvaddan birinin "məcburi köçkün" statusuna malik olduğu ailələrdə onlardan birinin vəfat etməsindən sonra "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində olan uşaqlara və faktiki nikahdan doğulmuş, "məcburi köçkün" statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə) yemək xərci üçün aylıq müavinət verilir. Lakin cavabdeh tərəfin əsas gətirdiyi “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, bu qərar 2017-ci il 1 yanvar tarixindən qüvvəyə minmişdir. Həmin Qaydaların 2.4 və 2.6-cı bəndlərinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara və valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara məcburi köçkün statusu olan şəxslər üçün nəzərdə tutulan aylıq müavinət verilmir. Həm iddiaçının nikahda olduğu vaxt, həm də nikahı pozulduqdan sonra qüvvədə olan hər üç qaydalarda qeyd edilmişdir ki, məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş şəxsə yemək xərci üçün aylıq müavinət ödənilmir. Hər üç sənədin məzmunundan görünür ki, məcburi köçkün qadının məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olduqdan sonra işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxıb-çıxmaması ona yemək xərci ilə bağlı aylıq müavinətin ödənilməməsinə təsiri yoxdur. Yəni məcburi köçkün qadın məcburi köçkün statusu olmayan şəxslə nikah bağladıqdan sonra onun harada qeydiyyatda olmasından, əvvəlki qeydiyyatın saxlanıb-saxlanılmamasından, həmçinin nikahın pozulmasından asılı olmayaraq ona yemək xərci ilə bağlı aylıq müavinətin ödənilməsi dayandırılır. Məhkəmə kollegiyası nəzərə alır ki, sonucu qaydalarda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinət müəyyən edilmişdir. İddiaçı həm nikaha qədər, həm nikah dövründə, həm də nikahdan sonra Kəlbəcər rayonunda qeydiyyatda qalmışdır. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanunun 6-cı maddəsinin tələbinə görə məcburi köçkün statusunu almış şəxsə müəyyən edilmiş qaydada dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaqla bağlı təminatlar verilmişdir. İddiaçının məcburi köçkün statusu itirilməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin istinad etdiyi qaydaların heç birində məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan qadınla ailə qurmuş, həmçinin sonradan boşanmış məcburi köçkün statusu olan kişilər aylıq müavinət almayan şəxslər sırasına şamil edilməmişdir. Lakin istinad edilən qaydaların tələbinə görə məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlar aylıq müavinət almayan şəxslər sırasına şamil edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən ayrı-seçkiliyə yol verilərək hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, "Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 01 dekabr 2010-cu il tarixli Qərarı). "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra - Konvensiya) 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)". İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları işığında mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1048/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar