Məhkəmə qərarları › İş №2-1(104)-429/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-429/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-429/2024 01.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz söküntüyə görə dəymiş zərərin ödənilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 66/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş tikilinin cavabdehin hesabına tikilərək bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1711/2022 nömrəli qərarı ilə (hakim Fikrət Hüseynov) iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(104)-576/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1711/2022 nömrəli qərarı ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən qanunsuz sökülmüş tikilinin cavabdehin hesabına bərpa edilməsi tələbinə dair inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında məhkəmənin hüquqi yardımından sonra iddiaçının nümayəndəsi (oğlu) X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən icra zamanı hasar və darvazanın sökülməsinə görə dəymiş 5000 manat zərərin ödənilməsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-66/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilməmişdir. Həmin qərarla razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğvi onun ərizəsinin təmin olunmamasına dair məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X8 ona və ailə üzvlərinə məxsus Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə iddiaçının və həmin iş üzrə digər cavabdeh X5 tərəfindən zəbt edilmiş 9 metr enində gediş-gəliş yolunun cavabdehlər tərəfindən açılmasına və onların qanunsuz müdaxiləsinə son qoyulmasına dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-941/2018 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, daha sonra qətnamənin icrası üçün Tovuz İcra və Probasiya şöbəsinə xx.xx.2018-ci il tarixli icra vərəqəsi göndərilmişdir. Bundan sonra Tovuz İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə həyətdə yerləşən darvaza sökülərək gediş-gəliş yolu açılmış, lakin Cavabdeh qətnamənin icrasından kənara çıxmışdır. Belə ki, məhkəmə qətnaməsində zəbt olunmuş ərazinin boşaldılması qeyd olunmuşdur. Eləcə də onun evinə dair verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan və xx.xx.2019-cu il tarixli texniki pasportdan da görünür ki, qətnamənin icrası məqsədi ilə sökülmüş tikili onun əmlakı ilə bağlı verilmiş çıxarış və texniki pasportda göstərilən yerdə tikilmişdir. O, cavabdehə qanunsuz olaraq sökülmüş tikilinin bərpası barədə müraciət etsə də sonuncu bu müraciəti cavablandırmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, X8 ona və ailə üzvlərinə məxsus Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə iddiaçının və həmin iş üzrə digər cavabdeh X5 tərəfindən zəbt edilmiş 9 metr enində gediş-gəliş yolunun cavabdehlər tərəfindən açılmasına və onların qanunsuz müdaxiləsinə son qoyulmasına dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-941/2018 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, daha sonra qətnamənin icrası üçün Tovuz İcra və Probasiya şöbəsinə xx.xx.2018-ci il tarixli icra vərəqəsi göndərilmişdir. Bundan sonra Tovuz İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə həyətdə yerləşən darvaza sökülərək gediş-gəliş yolu açılmış, lakin Cavabdeh qətnamənin icrasından kənara çıxmışdır. Belə ki, məhkəmə qətnaməsində zəbt olunmuş ərazinin boşaldılması qeyd olunmuşdur. Belə olan halda ilk növbədə Tovuz İcra və Probasiya Şöbəsi tərəfindən zəbtdən azad etdiyi yolun mənə məxsus olan Çıxarışda qeyd olunan torpaq sahəsində yerləşib-yerlışməməsi müəyyən olunmalı idi. Birinci instansiya məhkəməsi isə onun iddianın təmin olunmamasına dair qərar qəbul etmişdir. Yəni Tovuz İcra və Probasiaya şöbəsinin əməkdaşları qanunsuz olaraq onun mülkiyyətinə daxil olmuşlar və onun mülkiyyətinə daxil olaraq onların yol çəkilməsinə əsas verən heç bir sənəd mövcud deyil. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü, Cavabdeh nümayəndəsi və üçüncü şəxs X8 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən, işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (oğlu) X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası əvvəlcə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümükün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavabdeh orqanın əməkdaşları tərəfindən ona məxsus darvaza və hasarın söküldüyünü iddia etsə də, Cavabdeh icra məmurları icra qanunvericiliyinin tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başladıqdan sonra tələbin könüllü şəkildə icrası üçün borcluya müvafiq bildiriş göndərmiş, lakin borclu tərəfindən tələb könüllü şəkildə icra edilmədiyindən icra tədbirlərinin həyata keçirilməsi üçün icra məmuru tərəfindən müvafiq vaxt təyin edilmiş, lakin könüllü icra baş tutmadığından icra məmuru qətnamənin icrasını özü həyata keçirmiş, heç bir hasar sökülməmiş, lakin borclular (hazırkı iş üzr iddiaçı və nümayəndəsi) açılması qət olunan gediş-gəliş yoluna darvaza qoyduqları üçün həmin icra sənədinin tam icrasını təmin etmək məqsədilə darvaza çərçivəsindən çıxarılaraq borcluların özünə təhvil verilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, icra məmuru icraatına daxil olmuş icra sənədi üzrə qanuni icra hərəkətlərini yerinə yetirərək, icra sənədini təmin etmiş və icradan kənara çıxan hər hansı hərəkətlərə yol verməmişdir. Ona görə də iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.0679 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 131 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin evlə bağlı xx.xx.2019-cu il tarixdə texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda hasar və darvazanın yeri (müvafiq olaraq İİ və İİİ) öz əksini tapmış, lakin tikildiyi il qeyd edilməmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X6 və ailə üzvlərinin istifadəsində olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə gedən və cavabdehlər tərəfindən zəbt edilmiş 9 metr enində gediş-gəliş yolunun cavabdehlər X5 və İddiaçı tərəfindən açılması, həmin yoldan iddiaçının və ailə üzvlərinin istifadə etməsinə cavabdehlərin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)- 883/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4378/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-883/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə icra işindən görünür ki, - Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə xx.xx.2020-ci il tarixdə icra vərəqəsi verilərək, icra edilməsi üçün Cavabdehnə göndərilmiş, şöbənin 08 oktyabr 2020ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılaraq, borclular X5 və İddiaçı tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və könüllü icra üçün 10 (on) gün müddət verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X6 və ailə üzvlərinin istifadəsində olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə gedən və cavabdehlər tərəfindən zəbt edilmiş 9 metr enində gediş-gəliş yolunun cavabdehlər X5 və İddiaçı tərəfindən açılması, həmin yoldan iddiaçının və ailə üzvlərinin istifadə etməsinə cavabdehlərin qanunsuz müdaxiləsinə son qoyulmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli qərarı ilə Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi xx.xx.2020-ci il tarixdə icra olunduğundan icra işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X8 şikayət verərək, icra işinə xitam verdikdən sonra cavabdehlərin həmin yola darvaza qoyduqlarını və onların gediş-gəlişinə maneçilik törətdiklərini bildirmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Cavabdeh icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və icra sənədi yenidən icraya yönəldilmişdir. İş materiallarında olan İddiaçı və X5 icra sənədinin icrasını təmin etmədiyindən barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmələrinə görə xx.xx.2021-ci il tarixdə inzibati protokol tərtib olunmuş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(062)-477/2021 nömrəli qərardadları ilə X5 10 gün müddətinə inzibati həbs edilmiş, İddiaçı isə 500 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, X6 və ailə üzvlərinin istifadəsində olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə gedən və cavabdehlər tərəfindən zəbt edilmiş 9 metr enində gediş-gəliş yolunun cavabdehlər X5 və İddiaçı tərəfindən açılması, həmin yoldan iddiaçının və ailə üzvlərinin istifadə etməsinə cavabdehlərin qanunsuz müdaxiləsinə son qoyulmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli qərarı ilə tələbkarın ərizəsi əsasında Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********663 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2018-ci il tarixli 446 nömrəli arxiv arayışında 0.25 ha torpaq sahəsi və 1970-ci ildə daşdan tikilmiş fərdi yaşayış evinin olması qeyd edilmişdir. Həmin fərdi yaşayış evi X1 adına Əlibəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 856 nömrəli arayışı və keçmiş DTİ və MHQİ-si tərəfindən tərtib edilmiş xx.xx.1988-ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportun əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixində Tovuz rayonu, Əlibəyli kəndində fərdi yaşayış evi qeydiyyata alınmışdır, lakin həmin fərdi yaşayış evi Qazax rayon DNK-nın 2V-39 reyestr nömrəli xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********62 nömrəli məktubunda bildirilmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(62)- 941/2018 saylı qətnaməsi 15 saylı Tovuz Ərazi İdarəsinə daxil olmamışdır. Habelə, Tovuz Rayon Məhkəməsinin sözügedən qətnaməsinin icrası barədə Cavabdeh tərəfindən 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət olunmamışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mütəxəssis rəyinin alınması qərara alınaraq, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-941/2018 nömrəli qətnaməsinin icrası ilə əlaqədar sökülmüş darvaza və hasarın X6 və ailə üzvlərinin istifadəsində olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə gedən 9 metr enində gediş-gəliş yolunda tikilib-tikilməməsi, yəni qətnamənin icrası zamanı zəbtdən azad edilmiş ərazidə yerləşib-yerləşməməsinin müəyyən edilməsi barədə sual qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-941/2018 nömrəli qətnaməsinin icrası ilə əlaqədar sökülmüş darvaza və hasarın X6 və ailə üzvlərinin istifadəsində olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə gedən 9 metr enində gediş-gəliş yolunda tikilib-tikilməməsi, yəni qətnamənin icrası zamanı zəbtdən azad edilmiş ərazidə yerləşib-yerləşməməsinin müəyyən edilməsi ilə bağlı qərardadda qoyulmuş suala cavab olaraq bildirilir ki, yol kimi iddia olunan ərazidə darvaza və hasar mövcud deyildir. İş materialları ilə müəyyən edilir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-941/2018 nömrəli qətnaməsi ilə iddiaçı X6 və ailə üzvlərinin istifadəsində olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə gedən və cavabdehlər tərəfindən zəbt edilmiş 9 metr enində gediş-gəliş yolunun cavabdehlər X5 və İddiaçı tərəfindən açılması, həmin yoldan iddiaçının və ailə üzvlərinin istifadə etməsinə cavabdehlərin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Cavabdeh tərəfindən icra hərəkətləri xx.xx.2020-ci il tarixdə həyata keçirilərək, X6 və ailə üzvlərinin istifadəsində olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə gedən 9 metr enində gediş-gəliş yolu açılmış və bu əsasla Cavabdeh xx.xx.2021-ci il tarixli qərarı ilə Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi icraata xitam verilmişdir. X4 Cavabdeh xx.xx.2021-ci il tarixli qərarından şikayət verərək, icra işinə xitam verildikdən sonra cavabdehlərin həmin yola darvaza qoyduqlarını və onların gediş-gəlişinə maneçilik törətdiklərini bildirmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Cavabdeh icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və icra sənədi yenidən icraya yönəldilmişdir. İddiaçı və X5 icra sənədinin icrasını təmin etmədiyindən barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmələrinə görə xx.xx.2021-ci il tarixdə inzibati protokol tərtib olunmuş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(062)-477/2021 nömrəli qərardadları ilə X5 10 gün müddətinə inzibati həbs edilmiş, İddiaçı isə 500 manat cərimə edilmişdir. xx.xx.2021-ci il tarixdə X6 və ailə üzvlərinin istifadəsində olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə gedən və cavabdehlər tərəfindən zəbt edilmiş 9 metr enində gediş-gəliş yolunun cavabdehlər X5 və İddiaçı tərəfindən açılması, həmin yoldan iddiaçının və ailə üzvlərinin istifadə etməsinə cavabdehlərin qanunsuz müdaxiləsinə son qoyulmuş və bundan sonra tələbkar ərizə ilə Cavabdehnə müraciət edərək, icra sənədinin icraatına xitam verilməsini xahiş etmiş və Cavabdeh xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-941/2018 nömrəli qətnaməsini icra edən zaman icradan kənara çıxdığını və ona məxsus hasar və darvazanın qanunsuz söküldüyünü əsas gətirərək, hasar və darvazanın sökülməsinə görə dəymiş 5000 manat zərərin ödənilməsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-941/2018 nömrəli qətnaməsi icra etmiş, darvaza yolun üzərində olmuş, icra məmuru gediş-gəliş yolunun açmaq üçün darvazanı iddiaçıya təhvil vermiş və yol açılmış, o barədə müvafiq akt tərtib edilmiş, həmin akt hazırkı iş üzrə iddiaçının özü və oğlu tərəfindən imza edilmiş, aktda icra məmuru tərəfindən hər hansı qanunsuz hərəkətə yol verildiyi göstərilməmişdir. İddiaçı apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə qətnaməsində zəbt olunmuş ərazinin boşaldılması qeyd olunmuşdur. Lakin Tovuz İcra və Probasiya şöbəsi tərəfindən zəbtdən azad etdiyi yolun ona məxsus olan Çıxarışda qeyd olunan torpaq sahəsində yerləşib-yerləşməməsi müəyyən olunmalı idi. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən X6 evinə gedən yolun qanunsuz olaraq bağlandığı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiqini tapdığına görə apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Çünki iş materiallarındakı sənədlərdən də görünür ki, hazırkı iş üzrə iddiaçı darvaza qoymaqla X6 evinə gedib-gələn yolu kəsmişdir. Ona görə də həmin darvaza çərçivəsindən çıxarılaraq iddiaçının özünə təhvil verilmiş, orada digər hər hansı söküntü işi aparılmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı zərərin vurulması müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etmiş, məhkəmənin qərarında göstərdiyi nəticələr işin hallarına uyğun olmaqla, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-66/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-66/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan məhkəmə icraatının iştirakçılarına təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar