Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-43/2023 15.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, “mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1568/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********72 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı tərəfindən cavabdehə müraciət edilərkən hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən Goranboy rayonu, Qarasülüymanlı kəndində yerləşən 00.8 ha torpaq sahəsi üzərində anası X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Goranboy rayonu Qarasülüymanlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi iddiaçının anası X2 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Həmin qərar əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü verilmişdir və bu barədə dövlət torpaq kadastrı kitabında xx.xx.2008-ci il tarixli 77 saylı uçot aparılmıışdır. İddiaçının anası X3 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İddiaçı anasının vərəsəsi kimi həmin torpaq sahəsi və digər əmlakları adına rəsmiləşdirmək üçün notariat kontoruna və cavabdehə müraciət etmişdir. Goranboy rayon Notariat ofisi tərəfindən iddiaçıya anasından miras qalmış Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən 0.06 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən digər 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və çıxarış verilmədiyi üçün həmin əmlaka dair vərəsəlik şəhadətnaməsi əldə edə bilməmişdir. İddiaçı cavabdehə həmin torpaq sahəsi üzərində anasının mülkiyyət hüququnun qeydə alınması və onun adına çıxarış verilməsinə dair ərizə ilə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1568/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1568/2022 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsini elektron kadastr bazasına daxil edərkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi tərəfindən hazırlanmış AN 046293 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilmiş torpaq sahəsinin texniki göstəriciləri (yerləşdiyi ərazi) ərazinin torpaq islahatı zamanı hazırlanmış kompleks yerquruluşu xəritəsində göstərilmiş sahə ilə faktiki istifadə arasında konfiqurasiya uyğunsuzluğu vardır. Eyni zamanda müəyyən olunmuşdur ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən də torpaq sahəsi ilə bağlı ərizənin icrasından imtina olunmuşdur. Bələdiyyə qərarı əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə qərarı, torpaq sahəsinin təsdiq olunmuş yerquruluşu sxemi, torpaq sahəsinin baş plandan çıxarışı, torpaq sahəsinin plan və ölçüləri sənədləri tələb olunur. Lakin sənədlər toplusu vətəndaş tərəfindən tam təqdim olunmamış, bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Üçüncü şəxs Goranboy bələdiyyəsinin nümayəndəsi Şəmsi Əliyev məhkəmə kollegiyasının iclasında izahat verərək bildirmişdir ki, bələdiyyənin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı arxivdə mövcud deyildir. Tərfindən araşdırılma aparılmış həmin qərar və ya qeydiyyat jurnalı arxivdə aşkarlanmamışdır. Odur ki, nəzərə alınmasını xahiş etdi. İş üzrə digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həmin qərarın 4.2-ci bəndinə əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddiaçı Goranboy bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı ilə mərhum anası X2 Goranboy rayonu, Qarasüleymanlı kəndində 0.08 ha torpaq sahəsi verildiyini, X3 xx.xx.2015-ci ildə öldüyündən anasının vərəsəsi kimi sözügedən torpaq sahəsi üzərində anasının mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi barərə cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncunun isə bundan imtina etdiyini qeyd etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli, **********72 nömrəli imtina bildirişi ilə torpaq sahəsinə dair hüquqmüəyyən edici sənədlər təqdim olunmaması əsası ilə torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 25 iyul 2022ci il tarixli, **********91 nömrəli məktubunda qeyd olunmuşdur ki, X1 adına verilmiş AN- 046293 seriya və nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin işlənməsinə əsas olmuş ilkin sənədlər Mərkəzin arxivində aşkarlanmamışdır. Goranboy rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli, 33 nömrəli məktubunda qeyd edilmişdir ki, Goranboy bələdiyyəsinin arxiv sənədləri mühafizə olunmaq üçün arxivə təhvil verilməmişdir. Bu səbəbdən də Qarasüleymanlı kənd sakini X2 0,08 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən arxiv arayışının verilməsi mümkün deyildir. Goranboy bələdiyyəsinin xx.xx.2023-cü il tarixlə məlumatında qeyd olunur ki, Goranboy bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı bələdiyə arxivində aşkar olunmamışdır. Həmçinin həmin dövr üzrə qərarların və protokolların qeydiyat kitabı da saxlanılmamışdır. Apellyasiya icraatı zamanı təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, iddiaçının iştirakı ilə onun faktiki istifadə etdiyi həyətyanı torpaq shaəsinin koordinatları naturada təyin edilərək torpaqların elektron məlumat bazasında mövcud Goranboy bələdiyyəsinin 25 dekabr 2006-cı il tarixli, 12 saylı qərarı ilə AN 046293 “Torpaq sahəsinin plan və ölçüsü” sənədindəki koordinatlar ilə müqayisələndirildi. İddiaçının faktiki istifadə etdiyi 0,1460 ha həyətyanı torpaq sahəsinin 0,0286 ha hissəsi AN 046293 “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki 0,08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Faktiki istifadə etdiyi 0,1460 ha həyətyanı torpaq sahəsinin 0,0574 ha hissəsi bələdiyyə mülkiyyətinə, 0,06 ha hissəsi isə ********** qeydiyyat nömrəli çıxarışla xüsusi mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsi ilə, 0,0286 ha hissəsi isə AN 046293 “Torpaq sahəsinin plan və ölçüsü” sənədindəki torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd olunan həyətyanı torpaq sahəsi yaşayış məntəqəsi torpaqlarına aiddir, həyətyanı məqsədlə istifadə olunur, iddiaçının faktiki istifadə etdiyi həyətynaı torpaq sahəsindən yüksək gərginlikli elektrik xətti keçir. Göründüyü kimi məhkəmə araşdırmasına təqdim olunan “Torpaq sahəsinin plan və ölçü” sənədinin tərtib olunmasına əsas olan bələdiyyə qərarı, plan və ölçü sənədinin arxiv nüsxəsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, plan və ölçü sənədi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən hüquqların qeydə alınması əsaslarından biri kimi nəzərdə tutulmamışdır və iddiaçı tərəfindən mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan bələdiyyə qərarı inzibati orqana təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da qeyd olunan inzibati akt, qərar müəyyən olunmamışdır. Habelə, məhkəmə iclasında Goranboy bələdiyyəsinin sədri Şəmsi Əliyev yazılı məlumat təqdim edərək bildirmişdir ki, Goranboy bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı bələdiyyə arxivində aşkar edilməmiş, qərar və protokolların qeydiyyatı kitabında saxlanılmamışdır. Belə olduqda iddiaçının tələb üzrə subyektiv hüququnun dəyərləndirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası 27 avqust 2012-ci il tarixli qərarına əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1568/2022 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(104)-43/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-43/2023
15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver