Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-43/2025 10.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-359/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli JN-316A KOD 50702018 nömrəli şəhadətnaməyə əsasən Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədilə 0.08 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı yuxarıda göstərilən sənədi təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş və cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005- ci il tarixli JN-316A KOD 50702018 nömrəli şəhadətnamənin Ərazi İdarəsinin elektron baza və arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı müvafiq iddia tələbilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, dövlət tərəfindən ona verilən JN-316 saylı torpaq sahəsinin 3 saylı Gəncə Ərazi İdarəsinin elektron bazasına salınaraq çıxarış verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ona Samux rayonu, İnstitut qəsəbəsində Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 saylı qərarı ilə 0.08 hektar torpaq sahəsi mülkiyyətinə verilib. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilərək JN-316A nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüsxəsi ona verilərək JN-316A Kod 50702018 qeyd edilmişdir. Sonra bir çox torpaq sahələri Samux rayonunun balansından çıxarılaraq Gəncə şəhərinə birləşdirilmişdir. O da Gəncə şəhərində hər il torpaq vergisini ödəmişdir. Ödənilən torpaq vergisinin qəbzləri işin içərisindədir. O, 3 saylı Gəncə Ərazi İdarəsinə çıxarış almaq üçün ərizə ilə müraciət etmişdir. Onlar da gəlib JN- 316 A torpaq sahəsini ölçdülər. Amma 3 saylı Gəncə Ərazi idarəsi 3 ay onu get-gələ saldıqdan sonra JN-316 saylı torpaq sahəsi ücün ona verilən şəhadətnamənin 3 saylı Gəncə Ərazi İdarəsinin elektron bazasında olmağını söylədilər və daşınmaz əmlak üzərində hüquqların dövlət qetdiyyatına alınmasından imtina etdilər. Ancaq o, İddiaçı hər il 230 111 A 47 95 B kodu vasitəsi ilə torpaq vergisini ödəyir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, JN-316 saylı 0.08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-359/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən müxtəlif orqanlara sorğular verilmiş və alınmış cavab məktubları ilə müəyyən edilmişdir ki, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin arxivində Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı, eləcə də Samux rayonu, İnstitut qəsəbəsi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə də təhvil verilməmişdir. Həmçinin, Samux rayon İnstitut qəsəbə icra nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında İddiaçı adına rast gəlinməmiş, nümayəndəliyin 2018-2023-cü illəri əhatə edən və istifadə olan təsərrüfatbaşına kitablarda İddiaçı adlı şəxs və onun adına təsərrüfat qeydə alınmamışdır. Nümayəndəlik ərazisində İddiaçı adlı şəxs yaşamır. Göründüyü kimi, İddiaçı Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı ilə 0.08 ha torpaq sahəsinin ayrıldığı göstərilməklə, ona bu barədə Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli JN-316A KOD 50702018 nömrəli şəhadətnamə verilsə də, Samux rayonu İnstitut qəsəbəsində torpaq islahatı keçirilən zaman İddiaçı həmin ərazidə yaşayaraq, təsərrüfatının və təsərrüfatında torpaq sahəsinin olması müəyyən edilmir. Həmçinin, islahat zamanı Samux rayonu İnstitut qəsəbəsində yerləşən torpaqlardan pay alacaq şəxslərin siyahısında da İddiaçı adı aşkar edilməmişdir. Halbuki, islahatla əlaqədar həmin ərazidə yaşayan (təsərrüfatı olan) vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin və həyətyanı sahələrin altındakı torpaq sahələri aqrar islahat komissiyalarının qərarı ilə onların mülkiyyətinə verilmiş, məhz bu əsasla vətəndaşlara Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr işlənilmişdir. İddiaçıya verilmiş şəhadətnamədə onun verilməsinə hüquqi əsas qismində qeyd edilmiş Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı nə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivində, nə də Samux rayon Dövlət Arxivində aşkar edilməmişdir. Göründüyü kimi, Torpağın mülkiyyətə verilməsinə dair JN 317A saylı şəhadətnamədə göstərilən məlumatların həqiqiliyi, yəni həqiqətən də aqrar islahat zamanı iddiaçıya Samux rayonu İnstitut qəsəbəsində torpaq sahəsinin ayrılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu hal isə həmin şəhadətnamənin hüquqların qeydiyyatı üçün etibarlı əsas qismində qəbul edilməsini istisna edir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsini və onun adına olan JN-316 A saylı torpaq sahəsinin daşınmaz əmlakın reyestrində adına qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarındandan göründüyü kimi JN-316 A nömrəli torpaq sahəsi 20 ilə yaxındır ki, İddiaçı adındadır. İndiyə qədər də hər il JN-316 A nömrəli torpaq sahəsinin torpaq vergisini ödəyir. Ödənilən həmin torpaq vergisinin qəbzləri işin içərisindədir. O dövrdə torpaqlar paylananda Samux rayonu İnstitut qəsəbə bələdiyyəsinin vasitəsi ilə paylanmışdır. Hətta Samux rayon İnstitut qəsəbə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 13 nömrəli verdiyi arayışda da həmin JN-316 A nömrəli torpaq şəhadətnaməsi İddiaçı adına olaraq Samux rayonu İnstitut qəsəbə bələdiyyəsinin qeydiyyat kitabında qeydə alınmışdır. X3 Məhkəməsi düzgün araşdırma aparmayaraq İddiaçı iddiasını rədd etmişdir. Samux rayon İnstitut qəsəbəsinə aid olan torpaq sahələrinin bir hissəsi bir qədər sonra Gəncə şəhərinə verilmişdir. İndi də JN-316 A nömrəli torpaq sahəsi Gəncə şəhəri Kəpəz rayon bələdiyyəsinin qeydiyyatındadır. İddiaçı yenədə həmin torpaq sahəsinin torpaq vergisini Kəpəz rayon bələdiyyəsinin hesabına ödəyir. Həmin ödəmə qəbzləri işin içərisindədir. Gəncə İnzibati Məhkəməsi belə hesab edir ki, İddiaçı adına olan JN-316 A nömrəli torpaq sahəsi 3 saylı Ərazi idarəsinin elektron baza və arxiv məlumatlarında öz əksini tapmamışdır. Bəs belə olduqda onda İddiaçı adına verilmiş həmin JN-316 A şəhadətnaməsini kim vermişdir? Bu yuxarıda qeyd olunanlara əsasən Apellyasiya Məhkəməsi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- (114)-359/2024 saylı qərarını təmami ilə ləğv edə bilər. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. İddiaçı məhkəmə kollegiyasına iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək mütəxəssis rəyində qeyd olunana uyğun olaraq iddia tələbinin həcmini azaldaraq JN-316 saylı 800 kv.m torpaq sahəsinin 677 kv.m hissəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizəyə uyğun olaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakın təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-316A KOD 50702018 nömrəli şəhadətnaməyə əsasən Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədilə 0.08 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli JN-316A KOD 50702018 nömrəli şəhadətnamənin Ərazi İdarəsinin elektron baza və arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilməsini bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsinə əsas məhkəmə tərəfindən müxtəlif orqanlara sorğular verilmiş olması və alınmış cavab məktubları ilə iddiaçıya verilmiş şəhadətnamədə onun verilməsinə hüquqi əsas qismində qeyd edilmiş Samux Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarının nə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivində, nə də Samux rayon Dövlət Arxivində aşkar edilməməsi olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə əldə edilmiş mütəxəssis rəyindən görünür ki, "Torpağın mülkiyyətə verilməsinə dair" JN- 316A nömrəli Şəhadətnaməyə əsasən İddiaçı verilmiş Samux rayonu İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi. Samux rayonu İnstitut qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində və mülkiyyətçilərin adlı siyahısında öz əksini tapmamışdır. Bu səbəbdən də, həmin sualın cavablandırılması mümkün olmamışdır. Lakin, JN-316A nömrəli Şəhadətnamənin (miqyas 1:1000) cizgi sxemində göstərilən 315A və 317A nömrəli torpaq sahələrinin Samux rayonu İnstitut qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmışdır. Beləliklə həmin 315A və 317A nömrəli torpaq sahələrinin həmsərhədliyində yerləşən JN-316A nömrəli 0.08 ha torpaq sahəsi, ərazinin kompleks yerquruluşu layihəsində yerləşmə mövqeyi müəyyən edildi. Bildirilir ki, müəyyən edilən JN-316A nömrəli 0.08 ha torpaq sahəsi, əraziyə baxış keçirilərkən, iddiaçının həyat yoldaşı X1 naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.08 ha torpaq sahəsi ilə tam hissədə üst-üstə düşdüyü müəyyən olundu. JN-316A nömrəli 0.08 ha torpaq sahəsi, ərazinin kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyəti, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında isə xüsusi mülkiyyəti olaraq qeyd edilmişdir. JN-316A nömrəli 0.08 ha torpaq sahəsi, ərazinin kompleks yerquruluşu layihəsinə və torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUlS və AZCAD) məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsidir. Həmin 0.08 ha torpaq sahəsi üzərində tikili aşkarlanmadı. JN- 316A nömrəli 0.08 ha (800.0 kv.m) torpaq sahəsinin 123.0 kv.m hissəsi, elektron kadastr sistemi məlumatlarına əsasən **********52 reyestr nömrəli Çıxarış ilə üst-üstə düşdüyü müəyyən olundu. JN-316A nömrəli 0.08 ha (800.0 kv.m) torpaq sahəsinin şimal-şərq istiqamətində yerləşən JN-315A nömrəli torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUls və AZCAD) məlumatlarında **********52 reyestr nömrəli çıxarış göstərilmişdir. JN-315A nömrəli torpaq sahəsi, (TEKUlS və AZCAD) məlumatlarında **********52 reyestr nömrəli çıxarış ilə eynilik təşkil etmir. JN-316A nömrəli 0.08 ha torpaq sahəsi, JN-315A və JN-317A nömrəli Şəhadətnamədə göstərilən torpaq sahələri ilə yuxarıda qeyd edildiyi kimi, həmsərhəd olduğu aşkarlandı. Qeyd olunan mütəxəssis rəyindən müəyyən edildiyi kimi, JN-316A nömrəli Şəhadətnamənin cizgi sxemində göstərilən 315A və 317A nömrəli torpaq sahələrinin Samux rayonu İnstitut qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmış və həmin 315A və 317A nömrəli torpaq sahələrinin həmsərhədliyində yerləşən JN-316A nömrəli 0.08 ha torpaq sahəsinin ərazinin kompleks yerquruluşu layihəsində yerləşmə mövqeyi müəyyən edilmişdir. Həmçinin JN-316A nömrəli 0.08 ha torpaq sahəsinin mütəxəssislər tərəfindən əraziyə baxış keçirilərkən naturada təqdim edilən faktiki istifadədə olan 0.08 ha torpaq sahəsi ilə tam hissədə üst-üstə düşməsi müəyyən edilmişdir. Bununla yanaşı rəyə əsasən JN-316A nömrəli 0.08 ha (800.0 kv.m) torpaq sahəsinin 123.0 kv.m hissəsinin elektron kadastr sistemi məlumatlarına əsasən **********52 reyestr nömrəli Çıxarış ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Bundan sonra iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək mütəxəssis rəyində qeyd olunana uyğun olaraq iddia tələbinin həcmini azaldaraq JN-316 saylı 800 kv.m torpaq sahəsinin 677 kv.m hissəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, JN-316 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə iddiaçıya məxsus olan 800 kv.m torpaq sahəsinin 677 kv.m hissəsi üzərində başqa şəxsin xüsusi mülkiyyəti qeydə alınmadığından həmin 677 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz Dövlət reyestrində qeydə alınmasından cavabdeh orqan tərəfindən imtina edilməsi yol verilməzdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələgəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Belə əsaslardan biri kimi, həmin qanunun 8.0.5-ci maddəsində, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri nəzərdə tutulmuşdur. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan, JN-316A KOD 50702018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 800 kv.m torpaq sahəsinin 677 kv.m hissəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi cavabdeh inzibati orqanın birbaşa səlahiyyətindədir. Mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan normaların mənasına və təfsirinə görə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan hüquqmüəyyənedici sənədin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, həmin şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Həmçinin, yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində iddiaçı hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Kollegiya qeyd edir ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçıya aid şəhadətnamənin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpaq sahəsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-359/2024 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. JN-316A KOD 50702018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə müəyyən edilmiş 800 kv.m torpaq sahəsinin 677 kv.m hissəsinin daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.