Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-430/2024 15.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə qarşı yas mərasiminin təşkili üçün müəyyən edilmiş 3.000 manat məbləğində maliyyə yardımının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1147/2024 saylı qərarından iddiaçı X1 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1147/2024 saylı qərarı ilə (hakim F.Hüseynov) iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə qarşı yas mərasiminin təşkili üçün müəyyən edilmiş 3.000 manat məbləğində maliyyə yardımının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı X1 nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1147/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək yas mərasiminin təşkili üçün müəyyən edilmiş 3.000 manat məbləğində maliyyə yardımının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, əri X4 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. Mərhum ərinin dəfn mərasiminin təşkil edilməsi üçün 3000 manat maliyyə yardımı ona verilməmişdir. Belə olan halda aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə müraciət edərək maliyyə yardımının ödənilməsini xahiş etmiş, lakin sonuncu müavinətin ödənilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsi ilə əvəz edilmişdir Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinin fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməsi tələblərini nəzərə almamışdır. İddiaçı tərəfin kifayətdən də artıq sübutlarını nəzərə almadan iddiaçı tərəfin tam əsaslı və qanuni iddia tələblərini təmin etməmişdir. Belə ki, iddiaçının yoldaşı X4 1992-ci ilin iyul ayının 25-də Ağdərə rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə həmxidmətlilərinin gözləri qarşısında erməni işğalçıları tərəfindən açılmış atəşlər nəticəsində aldığı çoxsaylı güllə yaralarından həlak olmuş, meyidi Müdafiə Nazirliyinin hərbi hospitalının ölüm sənədi əsasında Daşkəsən rayonunda ictimayyətin və eyni zamanda, həmxidmətlililərinin iştirakları ilə şəhid kimi yalnız iddiaçının, yəni onun şəxsi vəsaiti hesabına dəfn edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinin “Fiziki va hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.” tələblərinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş 3000 (üç min) manat dəfn pulunun ödənilməsi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə isə ona bu vaxta kimi şəhid həyat yoldaşına görə keçmiş illərin şəhid pullarının verilməsi üçün müvafiq göstərişlər verilməsini xahiş etmişdir. İddiaçının müraciətinin mahiyyətini və tamamilə qanuni olmasını dərindən anlayan cavabdeh tərəf müraciətçinin iddiasının təmin edilməsi, yəni dəfn pulunun iddiaçıya verilməsi üçün məhkəmə qərarının olmasını lazım bilmiş və bununla yanaşı iddiaçının öz iddialarında faktiki tamamilə haqlı olmasını da etiraf etmişdir. Lakin məhkəmə nədənsə cavabdeh tərəfin iddiaçının haqlı olması barədə olan yuxarıda qeyd olunan fikirlərini tamamilə əksinə şərh etmiş və iddianın təmin olunmamasının yeganə əsası kimi iddia verilən vaxta kimi dəfn mərasiminin artıq keçirilmiş olması ilə izah etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, dəfn mərasiminin keçirilməsi Dövlətin hesabına deyil, iddiaçının hesabına keçirilmişdir. Odur ki, iddia məhkəmə tərəfindən təmin edilməli idi. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə sədrlik edənin məruzəsini və iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-1(114)-1147/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan iddiaçıya məxsus 007579 nömrəli vəsiqədən görünür ki, X2 şəhid ailəsi statusu verilmişdir. İş materiallarında olan AR SHXÇDX-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə istinad edilərək həmin maddənin Vİİ hissəsində fiziki və hüquqi şəxslərin maddi vəziyyətini deyil, hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi təsbit olunduğundan müvafiq qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ərinin dəfn mərasimi artıq keçirilmiş və iddiaçının tələb etdiyi 3000 manat maliyyə yardımı isə məhz yas mərasimlərinin təşkili üçün nəzərdə tutulmuşdur. Digər tərəfdən də, həmin vəsaitin təyin edilməsi ilə bağlı normativ hüquqi aktlar 2016-cı il 29 sentyabr tarixdə qüvvəyə minmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 886 saylı Qanunu ilə təsdiq edilmiş və 01 yanvar 1995-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 333-cü maddəsinə əsasən hərbi qulluqçuların dəfn mərasimi üçün təyin edilmiş qoşunlar fəxri mühafizə dəstəsi adlanır. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçular adətən onların axırıncı xidmət yerlərində dəfn edilirlər. Sülh vaxtı əsgəri (mülki) vəzifələrini yerinə yetirərkən həlak olmuş, yaxud ümumi xəstəliklərdən vəfat etmiş hərbi qulluqçuların cənazəsi başqa dəfnetmə (yenidən dəfnetmə) yerinə müstəsna hallarda müdafiə nazirinin qərarı ilə dövlət hesabına aparılır. Həmin Nizamnamənin 334-cü maddəsinə əsasən fəxri mühafizə dəstəsi həqiqi hərbi xidmət vaxtı vəfat etmiş hərbi qulluqçuların, toplanışda olan əsgərlərin, çavuşların, gizirlərin (miçmanların) və ehtiyatda olan zabitlərin, eləcə də dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərin dəfni üçün təyin edilir. 18 dekabr 2015-ci il tarixdə yuxarıda qeyd olunan normalara dəyişiklər edilərək aşağıdakı redaksiyası qüvvəyə minmişdir: Aşağıdakı şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir (maddə 333) Həmin Nizamnamənin 334-cü maddəsinə əsasən bu Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi qaydaları bu Nizamnamənin 16 saylı əlavəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul xidmətləri Nizamnaməsi”nə 16 nömrəli Əlavənin 1.6-cı maddəsinə əsasən Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin bu Qaydalara uyğun dəfn mərasiminin təşkili və keçirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən müvafiq icra hakimiyyəti orqanının saxlanılması üçün ayrılmış vəsait hesabına ödənilir. Əlavənin 1.7-ci maddəsinə əsasən Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımı göstərilir. “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barəsində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 727 nömrəli Fərmanının 1.1.4-cü bəndi: -həmin Nizamnamənin 16 saylı Əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımı göstərilməsi qaydasını və həmin yardımın məbləğini müəyyən etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 374 nömrəli Qərarının 1-ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı müəyyən edilmişdir. Qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi həmin 3000 manat maliyyə yardımı xx.xx.2016-cı ildən sonra sırf dəfn və yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuşdur. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi də qanunvericiliyin məhz yuxarıda istinad olunan normalarının tələblərinə əsaslanaraq və iddiaçının ərinin 1992-ci ildə şəhid olmaqla dəfn edildiyini nəzərə alaraq iddia tələbini təmin etməmiş, cavabdehin həmin maliyyə yardımının ödənilməsindən imtina etməsini qanuni saymışdır. Birinci iinstansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 374 nömrəli Qərarına uyğun olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı isə həmin qərarda başqa qayda nəzərdə tutulmayıbsa, dərc edildiyi gündən qüvvəyə minir. Nəzərə alınsa ki, iddiaçının əri 1992-ci ildə şəhid olmuşdur və həmin ildə də dəfn edilmişdir, onda iddiaçının iddia tələbinin, həmçinin apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmur. Kollegiya iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə istinad etməsini də əsassız sayır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə aktının ləğv edilməsi üçün əsas ola ola bilməz, ona görə də şikayətlə mübahisələndirilən qərar dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1147/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-430/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-430/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver