Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-431/2024 31.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı inzibati iş üzrə QƏRARİ Açar sözlər: Mənzil növbəsinə götürülmə Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı “mənzil növbəsinə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)- 906/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli, A/41 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixədək Sərhəd Qoşunlarının əvvəlki 2008 № (hazırki 2003) və xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Sərhəd Qoşunlarının 2006 №-li (hazırki “Naxçıvan” əlahiddə sərhəd diviziyası) hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmiş və hərbi qeydiyyatla alınması üçün xx.xx.1998-ci il tarixdə Bərdə rayon hərbi komissarlığına göndərilmişdir.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Vətəndaşın həqqi hərbi xidmət keçməsinə dair” xx.xx.2022-ci il tarixli, **********422 nömrəli elektron arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1994xx.xx.1998, xx.xx.2002-xx.xx.2002, xx.xx.2002-xx.xx.2021-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir.
3. Müdafiyə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2023-cü tarixli, 3078 nömrəli məktubundan görünür ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi mənzil təminatına baxılmasından imtina edilmişdir.
4. Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5- 38/2/220 saylı məktubdan görünür ki, İddiaçı Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən mənzillə təmin olunanadək hər ay 187.50 manat kirayə pulu ödənilir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-2424/2024 saylı məktubundan görünür ki, İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində əmlak qeydiyyata alınmamışdır.
6. Elektron məhkəmə informasiya sistemində İddiaçı aid əmlak məlumatlarından görünür ki, iddiaçının mülkiyyətində daşınmaz əmlakın olması müəyyən olunmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Sərhəd Qoşunlarındakı xidmət illəri nəzərə alınmaqla onun mənzil növbəsinə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ilin noyabr ayından 1998-ci ilin fevral ayınadək müddətli həqiqi hərbi xidmətdə olmuş, həmçinin xx.xx.2002-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox xidmət etdiyinə görə yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi mənzil növbəsinə alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia müdafiə etmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin (hakim F.Hüseynov) xx.xx.2024-cü tarixli, 2-1(114)- 906/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı dövlət vəsaiti hesabına mənzillərlə təmin olunacaq hərbi qulluqçuların siyahısına salınmaqla mənzil növbəsinə götürülməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli, A/41 nömrəli arxiv arayışı, eləcə də, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********422 nömrəli elektron arayışı ilə müəyyən olunur ki, iddiaçı həqiqətən xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək müddətli hərbi xidmət keçmişdir. Həmçinin onun xx.xx.2002-xx.xx.2002 və xx.xx.2002-xx.xx.2021-ci il tarixlərindəki həqiqi hərbi xidmət müddəti də nəzərə alındıqda, ümumilikdə 20 (iyirmi) təqvim ilindən çox xidmət etməsi öz təsdiqi tapır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)- 906/2024 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunun tələblərini pozmuşdur. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı ilə Azərbaycan ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, fərmana əsasən 3 şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: hərbi qulluqçu ən azı 20 təqvim ili və daha çox xidmət etməli, Azərbaycan ordusunda xidmət etməli və xidməti qüsursuz olmalıdır. İddiaçının göstərilən şərtlərdən ikisi müvafiq siyahıya daxil olması üçün yetərli olsa da, ən əsası 20 təqvim ili olması şərti mövcud deyildir. Aparılan araşdırılmalardan məlum olur ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixinədək Dövlət Sərhəd Xidmətində xidmət keçmişdir. xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə Azərbaycan ordusunda tağım komandirinin müavini vəzifəsinə təyinat alaraq həqiqi hərbi xidmətə başlamışdır. xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə Azərbaycan Ordusundan ehtiyata buraxılaraq şəxsi heyətin siyahısından çıxarılmışdır. Adı çəkilən hərbi qulluqçunun Azərbaycan ordusunda xidmət müddəti 19 il 8 ay 6 gündür. İddiaçı həqiqi hərbi xidmət dövrü həmin fərmanın 20 il tələbi ilə üst-üstə düşmür. Bu səbəbdən həmin hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranmır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasn 3 şərt mövcud olduqda hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: hərbi qulluqçu ən azı 20 təqvim ili və daha çox xidmət etməli, Azərbaycan ordusunda xidmət etməli və xidməti qüsursuz olmalıdır. İddiaçının göstərilən şərtlərdən ikisi müvafiq siyahıya daxil olması üçün yetərli olsa da, ən əsası 20 təqvim ili olması şərti mövcud deyildir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və Gəncə İnzibati Məhkəməsinin hazırkı qərarının ləğv edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini və Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 149. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
18. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Maddə 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Maddə 87.3. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.
19. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011ci il tarixli, 569 nömrəli Fərmanı:
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır.
2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə müvafiq tərkibdə Komissiya yaradılsın.
3. Siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti Komissiya tərəfindən nəzərə alınsın. Bu fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. Həmin Fərmanın 3-2-ci hissəsində qeyd olunmuşdur ki, aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
21. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
23. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
24. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
25. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
26. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
27. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
28. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
29. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
30. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
31. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
32. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ümumilikdə 20 ildən artıq qüsursuz hərbi xidmətdə olduğu nəzərə alınaraq mənzilə ehtiyacı olduğu üçün “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi məqsədilə mənzil növbəsinə alınmasını tələb etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir.
36. Cavabdeh orqanın imtinasının dəlilləri ondan ibarət olmuşdur ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanında hərbi qulluqçuların mənzillə təmin edilməsi üçün 3 şərt nəzərdə tutulmuşdur: Azərbaycan Ordusunda xidmət etməsi; 20 təqvim ili və daha çox xidmət etməsi; qüsursuz xidmət etməsi. İddiaçının Azərbaycan Ordusunda xidmət illərinin 20 ildən az olması əsası ilə onun müraciətindən imtina edilmişdir. Göründüyü kimi, hazırda cavabdeh orqan tərəfindən iddiaçının Azərbaycan Ordusunda xidmət illəri mübahisləndirilir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli, A/41 nömrəli arxiv arayışı, eləcə də, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********422 nömrəli elektron arayışı ilə müəyyən olunur ki, iddiaçı həqiqətən xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək müddətli hərbi xidmət keçmişdir. Həmçinin onun xx.xx.2002-xx.xx.2002 və xx.xx.2002-xx.xx.2021-ci il tarixlərindəki həqiqi hərbi xidmət müddəti də nəzərə alındıqda ümumilikdə 20 (iyirmi) təqvim ilindən çox xidmət etməsi öz təsdiqi tapır.
38. Məhkəmə kollegiyası cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Dövlət Sərhəd Xidmətində xidmət etdiyi illərin Azərbaycan Ordusunda xidmət illərinə aid edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının əvvəlki redaksiyasının (xx.xx.2021-ci il tarixədək) preambulanın üçüncü abzasında Azərbaycan Respublikasnın Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələri dedikdə isə Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat nəzərdə tutulur. Preambulanın qeyd edilən abzasına xx.xx.2021-ci il tarixli dəyişiklik ilə “Silahlı Qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Ordusundan ehtiyata buraxılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına yuxarıda qeyd edilən dəyişiklik iddiaçı ehtiyata buraxıldıqdan sonra qüvvəyə minmişdir. Qanunvericiliyin tələbinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Əksinə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Odur ki, Fərmana edilmiş dəyişiklik iddiaçının vəziyyətini ağırlaşdırdığından, hazırkı mübahisəyə münasibətdə tətbiq edilməsi konstitutsion prinsiplər baxımından ziddir.
39. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanında siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı ilə yanaşı yaşayış şəraitinin nəzərə alması göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Gəncə Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-2424/2024 saylı cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində əmlak qeydiyyata alınmamışdır. Həmçinin, Elektron məhkəmə informasiya sistemində iddiaçıya aid əmlak məlumatlarından görünür ki, onun adına daşınmaz əmlak qeydə alınmamışdır.
40. Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5- 38/2/220 saylı məktub ilə də İddiaçı Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən mənzillə təmin olunanadək hər ay 187.50 manat kirayə pulunun ödənildiyi müəyyən edilir.
41. Məhkəmə kollegiyası iddiaçının Azərbaycan Ordusunda 20 ildən artıq qüsursuz xidmət illərini, yaşayış şəraitini, həmçinin adına daşınmaz əmlakın olmadığını və işin bütün hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
42. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
43. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-906/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.